Qarabağın flora və faunası
Qarabağın flora və faunası — Qarabağ və ətraf ərazilərindəki biomüxtəliflik. Ümumiyyətlə, Qarbağ zonası özünün flora və fauna müxtəlifliyinə görə həmişə zəngin olmuşdur. Vaxtilə həmin ərazilərdə səhra, yarımsəhra, quru bozqır, bozqır, eləcə də dağ kserofit bitkilik tipi üstünlük təşkil edirdi. Ərazinin orta dağ qurşağında, dəniz səviyyəsindən 300-350 m yüksəklikdə yarımsəhra bitki növləri, 1800 m yüksəkliklərdə enliyarpaqlı meşələr, kolluqlar, çox yüksəkliklərdə isə tundra növləri geniş yayılmışdır.
Qarabağın florası
Torpaq örtüyü
Torpaq örtüyü-şabalıdı, açıq şabalıdı, dağ-tünd şabalıdı, qəhvəyi dağ-meşə, qonur dağ-meşə, qaramtıl dağ-çəmən və s. torpaqlar geniş yayılmışdır. Ağdam rayonu ərazisinin torpaqları əsasən şabalıdı, açıq şabalıdı və qəhvəyi dağ-meşə torpaqlarıdır.
Bitki örtüyü
Zəngin bitki örtüyünə malik olan ərazidə 2 000-dən çox bitki növünə rast gəlinir. Düzən yerlərdə yovşan, yovşanlı-şoranotlu yarımsəhra, dağ ətəklərində daşdayan, şibyə, yovşanlı-darağotlu bozqır və yarımbozqır bitkiləri, dağ yamaclarında kolluqlar, enliyarpaqlı meşələr (fıstıq, palıd və s. ) geniş yer tutur. Dəniz səviyyəsindən 2000-2300 m-dən yüksəklikdə subalp və alp çəmənlikləri mövcuddur. Landşaft müxtəlifliyi baxımından əlverişli olan bu ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir, onlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir Bundan əlavə, son 30 ildə Azərbaycan Respublikasının “Qırmızı kitabı”na salınan ayıfındığı növündən ibarət meşələri və relikt bitki sayılan, Laçın Dövlət Təbiət Yasaqlığı ərazisində yayılan qırmızı palıd ağacları kütləvi surətdə qırılaraq mebel istehsalı üçün istifadə olunur və xaricə satılır. Meşələrdə ağac və kol bitkiləri ilə yanaşı, bənövşə, lalə, qızılgül, zanbaq, qərənfil, böyürtkən və s. cinslərə daxil olan birillik, ikiillik, çoxillik və soğanaqlı növlər təbii halda bitirdi. Xüsusəndə Ağdərə, Əsgəran, Xocavənd rayonları palıd, vələs, fıstıq və ağcaqayın meşələri ilə zəngin idi. Yüksək dağlıq hissələrdə şərq palıdına (Quercus majranthera), trautveter ağcaqayınına (Acer trautvetteri), tozağacının 4 növünə (Betula sp. Div), Şərq fıstığına (Fagus orientalis) rast gəlinirdi. Bu tip meşələrdə qeyd edilən bitkilik tipləri ilə yanaşı, bəzi yerlərdə su-bataqlıq bitkiliyinə də təsadüf edilirdi. Otlaq, meşə və kol massivləri arasında isə yerli əhali əsasən taxıl, bostan və texniki bitkilər becərirdilər.
Qarabağın faunası
Zəngin fauna müxtəlifliyinə malik bu ərazilərdə Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilən məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növü yayılıb. Onlardan bəziləri Beynəlxalq Qırmızı Siyahıya daxildir. Qarabağ ərazilərində Avropadan Afrikaya, Asiyaya və əks istiqamətdə quşların vacib transqafqaz miqrasiya yollarından birini təşkil edir. Baş vermiş proseslə əlaqədar olaraq, torpağın üst münbit qatının sıradan çıxmasından əlavə burada məskunlaşan heyvanların yanması, quş yumurtalarının, balalarının tələfatına və həmin növlərin yaşayış yeri ilə əlaqəsinin birdəfəlik itirilməsinə, sayının kəskin azalmasına səbəb olur. Qarabağın 70 faizi sürünən heyvanların növ müxtəlifliyinin geniş yayıldığı ərazilərdir. Zoosenozların qida zəncirində əhəmiyyətli mövqe tutan amfibilər və reptililər ekosistemin fauna biomüxtəlifliyinin stabilliyində mühüm rol oynayırlar. Qarabağ ərazilərində zəhərli ilan növü olan Levantin gürzəsi də geniş yayılıb. Burada floranın zənginliyi heyvandarlığın inkişafına da səbəb olmuşdur. Qış dövründə (altı ay ərzində) yüz minlərlə heyvan Kiçik Qafqazın aran rayonlarında otarılar, yayda isə heyvanlar 3-4 ay müddətində yay otlaqlarına köçürülərdilər. Belə bir sistem heyvanları bütün mövsümlərdə (qışda - səhra, yarımsəhra, bozqır, yayda - çəmən) yemlə təmin etməyə imkan verirdi. Göründüyü kimi vaxtı ilə Qarabağın florası və onun bitkiçiliyinin biomüxtəlifliyi dünyada analoqu olmayan rəngarəng şaquli zonallığı ilə fərqlənirdi. Qarabağ, həmçinin Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilən safsar, çay samuru, qonur ayı, zolaqlı kaftar, qamışlıq pişiyi, çöl pişiyi, vaşaq, Qafqaz bəbiri, nəcib maral, cüyür, Bezoar keçisi kimi nəsli tükənmək təhlükəsində olan orta və iri ölçülü nadir məməlilər də az deyil.
Qarabağ atları
Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesab olunur. Araşdırıcılar güman edirlər ki, Qarabağ atları Manna, Midiya, Atropatena, və Albaniya atlarının nəsillərindəndir. Qarabağ atlarının sümüyünün hündürlüyü 148,5 sm, döş qucumu 165,8 sm, əl darağının çevrəsi 18,3 sm-dir. Əsasən qızılı-kürən və kəhər atlardır. 1946 - cı ildən başlayaraq Ağdam atçılıq zavodunda cinslə damazlıq iş aparılır. Qarabağ atları əsrlər boyu Roma, Sasani, Ərəb, Səlcuqi, Monqol, İran və s. atlar ilə qarşılıqlı təsir nəticəsində müəyyən dəyişikliyə uğrasa da, öz əsli-kökünü saxlaya bilmişdir. XVIII-XIX əsrlərdə Qarabağ atlarının cinsi xeyli yaxşılaşdırılmışdır. Qarabağ atları Türkiyə, İran, Gürcüstan, Şimali Qafqaz, Rusiya, Qazaxıstan, və eləcə də, Qərbi Avropa atçılığa böyük təsir göstərmişdir. “At haqqında kitab” da deyilir ki, müasir don atları qızılı rəngdə olmalarına görə birinci növbədə Qarabağ atlarına borcludur. Qarabağ atları bir sıra beynəlxalq sərgi və müsabiqələrdə fəxri yer tutmuş, mükafatlar və medallar qazanmışdır. Müsabiqələrdə Qarabağ atları “Meymun”, “Toxmax”, “Ağalar”, “Bayram”, “Zaman”, “Qaragözlü”, “Qafqaz gözəli” və s. adlar altında iştirak etmiş və dəfələrlə qalib gəlmişdir. Hazırda “Ərəb”, “Don”, “Budyonnı” kimi məşhur at cinsləri arasında Qarabağ atları da xüsusi yer tutur. Qarabağ atının adi yerişi saatda 8 kilometrdən çoxdur.
Qarabağ ərazisindəki Dövlət Qoruq və Yasaqlıqları
Qarabağ münaqişəsindən əvvəl Qarabağın ümumi ərazisinin 36%-i və ya 160 min ha sahəsi ancaq meşəliklərdən ibarət idi. Azərbaycanın Kiçik Qafqazda yerləşən Qarabağ ərazisi respublikanın ümumi sahəsinin 1/6 hissəsini (düzən, dağlıq və yüksək dağlıq) təşkil edir. Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarının 30 il nəzarətsiz qalması nəticəsində nadir flora və fauna növləri məhv olmaq təhlükəsi ilə üz-üzədir. Xocavənd rayonu ərazisində yerləşən Azıx mağarası nadir yarasa növlərinin sığınacağıdır. Onlar BMT-nin Ətraf Mühit Proqramı çərçivəsində beynəlxalq statusla mühafizə olunurlar. 70-ci illərdə həmin ərazilərdə floranın zəngin və qiymətli olmasını nəzərə alaraq, o vaxtlar Azərbaycan Respublikasının rəhbəri, Heydər Əliyev Qarabağ zonasında bir sıra yeni qoruqların salınması haqda qərar qəbul etdi. Azərbaycan Elmlər Akademiyasının Biologiya Bölməsinin müvafiq institutları tərəfindən hazırlanmış layihə əsasasında Kəlbəcər rayonunun Sarıyeri adlanan ərazisində çəmən-bataqlıq bitkiləri üçün 30 min hektar sahə ayrıldı ki, burada nadir və nəsli kəsilməkdə olan alp, su-bataqlıq bitkilərinin çoxaldılması istiqamətində böyük işlər aparılırdı. Həmin dövrlərdə Qarabağda ardıc və palıd meşə qoruqlarının yaradılması nəzərdə tutulmuşdur. Qarabağın cənubunda yerləşən Bəsitçay Dövlət Qoruğunda qiymətli ağac cinsləri ilə yanaşı, Azərbaycanın “Qırmızı kitabına” daxil edilmiş şərq çinarı (Platanus orientalis) növü də artırılırdı, bununla bərabər Şuşa rayonunda (1600-1800 m dəniz səviyyəsindən yüksəklikdə) yerləşən Topxana Dövlət Qoruğu inkişaf etdirildi. Göygöl qoruğunda isə enliyarpaqlı və iynəyarpaqlı növlər, eləcə də subalp və alp çəmənlik bitki növlərinin biomüxtəlifliyi artırılırdı. Respublikamızın milli və mədəni sərvəti olan bu qoruqlarda yüzlərlə relik, nadir ali və ibtidai bitki növləri, o cümlədən 21 növ Azərbaycan endemi, 82 növ Qafqaz endemi, həmçinin yüzlərlə nadir və nəsli kəsilməkdə olan növlər, 3000-ə yaxın sənaye əhəmiyyətli bitkilər təhlükə altındadır.
Bəşitçay Dövlət Qoruğu
Bəsitçay Dövlət Qoruğu Azərbaycan hökumətinin 4 iyul 1974-cü il tarixli qərarı ilə Zəngilan rayonunda yaradılmışdır. Qoruq Azərbaycanın cənub-qərbində, Bəsitçayın dərəsində yerləşir. Qoruq ərazinin landşaft kompleksini, xüsusi ilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilmişdir. Onun sahəsi hazırda 107 ha təşkil edir. Qoruq ərazisinin uzunluğu 15 km-ə, eni isə bəzi yerlərdə 150-200 m-ə çatır. Qoruq Ermənistanın meşə fondu ərazisi ilə əhatələnir. Ərazinin 79,4%-ni meşə ilə örtülü sahə 14%-ni seyrək meşəlik təşkil edir. Meşəsiz sahələr isə 6. 5%-dir. Meşə ilə örtülü sahə əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800 m-ə çatır. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir. Burada günəşli saatların illik cəmi 2200-2500-ə qədərdir. Havanın illik orta temperaturu 13 dərəcə, yanvarda 10 dərəcə, iyulda 25 dərəcəyə qədərdir. İllik yağıntının miqdarı 600 mm-dir. Qar örtüyü 10-30 sm, bəzi illərdə 70-80 sm-ə çatır. Havanın nisbi rütubəti 60-70%-dir. Bəşitçayın uzunluqu 44 km, hövzəsinin sahəsi 354 km2-dir. Zəngəzur silsiləsindən (2600 m) başlayıb Araza tökülür. Bəşitçay dövlət qoruğunun sahəsinin 100 hektarını çinar meşələri tutur. Qarışıq çinarlıqlar da vardır. Burada yunan qozu, dağ-dağan, tut, söyüd, qovaq ağacları, yemişan, itburnu, murdarça, qaratikan və s. kollar inkişaf edir. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 m, orta diametri 1 m-dir, onların yaşı 1200-1500 ilə, hündürlüyü 50 m-ə ,diametri isə 4 m-ə çatan nümunələri də vardır. Meşənin ağac ehtiyatı hər nektarda 190 m3 ümumi ərazi üzrə isə 16200 m3-dir. Meşənin illik artımı 1 ha-da 1,22 m3-ə çatır. Burada çinar meşələrinin əmələ gəlməsi haqqında müxtəlif fikirlər vardır. Bəzi tədqiqatçılar onlara qədim mədəni meşələrin qalığı kimi baxırlar. (A,A. Qrossheymə görə), bəziləri isə vaxtı ilə cənub-qərbi Zaqafqaziyanın çay dərələrində geniş yayılmış təbii çinarlıqların qalığı hesab edirlər. (L. Y. Prilinko,Y. S. Səfərova görə). Bəsitçay meşəliyində çinarlar toxum və pöhrələr vasitəsi ilə artır. Buradakı çinarların 80%-i pöhrələrlə, 20%-isə toxum vasitəsi ilə əmələ gəlmişdir. Qoruqdakı ən nəhəng ağacdan birinin yaşı 1200 il, hündürlüyü 53 m, diametri 4 m-dir. Onun kök gövdəsindən 185 ədəd pöhrə əmələ gəlmişdir. Bu pöhrələr də öz növbəsində nəhəng ağaca bənzəyirlər, böyüklərinin 100-150 il yaşı və 40 m-ə qədər hündürlüyü vardır. Xalqımız-çinar ağaclarını daim yüksək qiymətləndirmiş, onu bitki aləminin fəxri "şah" ağacı hesab etmişdir. Toz ağacı rus xalqının, ağcaqayın livanlıların bitki aləmi üçün rəmzi məna dəşıyan ağac olduğu kimi, azərbaycanlılar da tarixən çinarı bitki aləmimiz üçün rəmzi məna seçmiş, ona xüsusi rəğbət bəsləmişlər. Buna tam əsasımız vardır. Axı çinar xalqımızın və təbiətimizin vüqarı qədər əzəmətlidir, tarixi qədər qədimdir. Çinarlar təbiətimizin yaraşığıdır .
Qaragöl Dövlət Qoruğu
Azərbaycan Respublikasının Nazirlər sovetinin 17 noyabr 1987-ci il tarixli qararı ilə Qaragöl (Sevinc) respublikalararası dövlət qoruğu yaradılmışdır. Qaragöl dövlət qoruğu Laçın rayonu ilə Gorus rayonu sərhədində dəniz səviyyəsindən 2658 metr hündürlükdə yerləşir. Qoruğun ümumi sahəsi 240 ha-dır. İşıqlı Qaragölü (Sevinc) dəniz səviyyəsindən 2658 m hündürlükdə Qarabağ vulkanik dağ silsiləsinin cənub hissəsində, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının mənbə hissəsi rayonunda Böyük İşıxlı dağının (3548m) şimal ətəyində, şimal-gərbdən Dəmirdaş və kicik İşıxlı (3452m) dağı ilə, şimaldan Canqutaran (2790m) dağ şərqdən isə alçaq moren tirəsi ilə əhatə olunmuşdur. Bu göl sönmüş vulkan kraterini xatırladan relikt su mənbəyidir. Stratiqrafik cəhətdən Qaragöl rayonu yuxarı pliosen yaşlı süxurlar içərisindədir. Gölün uzunluğu 1950 metr, maksimum eni 1250 m, sahil xəttinin uzunluğu 5500 m, dərinliyi maksimum 7,8 m, hövzəsinin sahəsi 13 km2-dir. Hesablamalara görə, göldə suyun həcmi 10 mln m3-dir. Gölün suyunun şəffaflığı 4,6 metrdir. Gölün dibi sahilə yaxınlıqda müxtəlif ölçülü daşlardan ibarətdir. Mərkəzə doğru isə daşların (süxurların) ölçüsü azalır və nəhayət mərkəzi hissəsi xırda dənəli çöküntülərdən ibarətdir. Oktyabr ayının ikinci yarısından aprelin axırlarına kimi donmuş olur. Sahildən mərkəzə doğru 20-25 metrə qədər məsafədə buzun qalınlığı 50 sm-dən çox olur. Burada qarın qalınlığı isə 40-45 sm-rə kimi olur. Qoruqda 102 bitki növü və yarım növü vardır ki, bunlar 68 növ və 27 ailədən ibarətdir. Gölə heç bir yerdən su axımının olmamasına və suyun çox təmiz və şəfalı olmasına görə xalq bu gölə müqəddəs ibadət yeri kimi baxırdı. Hazırda nəzərdən kənar qalmış gölün suyundan intensiv istifadə göl üçün qarşıalınmaz neqativ təsirlərə gətirib çıxara bilər.
Laçın Dövlət Yasaqlığı
Laçın dövlət yasaqlığı 1961-ci ilin noyabr ayında Laçın rayonu ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşları qoruyub saxlamaq və artırmaqdır. Yasaqlıqda cüyür, qaya keçisi, çöl donuzu, ayı və s. quşlardan isə turac, kəklik və s. məskunlaşmışdır. Laçın dövlət yasaqlığının sahəsi 21,4 hektardır, bu da respublika ərazisinin 0,25%, respublika yasaqlıqlarının isə 8,8%-ni təşkil edir. Həmin sahənin 7369 ha və ya 34,5%-i meşə sahəsi, 1448 ha və ya 6,8% alp çəmənliyi, 7400 ha və ya 34,8% subalp çəmənliyi, 4257 ha və ya 20% otlaqlar, 862 ha və ya 4% qayalar və uçqunlar, 34,0 ha xüsusi təyinatlı torpaqlardır. Orta və yüksək dağlıq əraziyə xas olan relyefə malikdir. Ən yüksək zirvə Qırxqızdır (2825 m), Şəlvə, Picənis, Qorçu və s. çayların endiyi dərin dərələr vasitəsi ilə kəskin parçalanmışdır. Yasaqlığın ərazisinə qışı quraq keçən, soyuq iqlim tipi hakimdir. Bitki örtüyünə görə yasaqlığın ərazisi iberiya palıdlarından ibarət olan orta dağ-meşə (1000-1700 m), şərq palıdından ibarət olan yuxarı dağ meşə (1700-2200 m), subalp (2200-2500 m) və alp (2500-2800 m) çəmənlikləri qurşaqlıqlarına ayrılır. Meşələri əsasən vələs, çökə, ağcaqayın və s. qarışıqdan ibarət olan meşələrdir. Vələsin üstünlük təşkil etdiyi meşələr xeyli azdır (8,1%). Palıd, vələs, toz ağaclarının dağ-çəmən meşəliyi çox az sahəni tutur ki, bu da intensiv otarılma ilə əlaqədardır. Subalp qurşağı üçün quraq yamacların bozqırlaşmış və nisbətən rütubətli yamacların mezofil çəmənləri, alp qurşağı üçün müxtəlif otlu çəmənliklərin üstünlüyü və alp xalısının zəif inkişafı ilə səciyyələnmişdir. Yasaqlığın ərazisində ibtidai, az qalın, çimli, dağ-çəmən, tipik, karbonat-qalıqlı bozqırlaşmış qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə, tipik və bozqırlaşmış qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Meşələrə nisbətən dağ-çəmən qurşağı və meşə qurşağının meşəsiz sahələri otlaq kimi insanın təsərrüfat fəaliyyətinin təsirinə çox məruz qalır. Bununla bərabər burada bir sıra heyvan və quşların məskunlaşması üçün əlverişli şərait vardır. Onların sayı və növü kifayət qədərdir. Burada 1989-cu ildə aparılan yoxlanmada: dağ-keçisi (bezoar keçisi) 96 baş, qaban 360 baş, cüyür 320 baş, ayı 110 baş, canavar, porsuq, dələ və s. heyvanlar, quşlardan qırqovul 200, kəklik 1500 məskunlaşmışdır. Yasaqlığın ərazisində Hacısamlı meşəsində dünyada ən qiymətli olan qırmızı palıd ağacı (qızıl palıd) vardır. Həmin ağacdan istifadə etmək üçün hələ çar hökuməti dövründə fransızlar çətin dağlar ilə Xankəndindən Qırxqız dağını kəsməklə araba yolunu çəkmişdirlər. Ancaq sovet hakimiyyəti qurulduğu vaxta düşdüyü üçün material apara bilməmişdilər. Həmin ağacdan hazırlanmış materialdan qiymətli mebel və xüsusən konyak spirti saxlamaq üçün istifadə edilir. Bu ağac Azərbaycanda ancaq həmin yasaqlıqda yayılmışdır.
Qubadlı Yasaqlığı
Qubadlı dövlət yasaqlığı Bəşitçay Dövlət qoruğuna tabe olmaqla, 1969-cu ilin iyununda Qubadlı və Laçın rayonlarının ərazisində yaradılmışdır. Yasaqlıq Qubadlı rayonunun şimal və Laçın rayonunun cənub hissəsini əhatə edir, dağ-bozqır sahələrdən ibarətdir. Bu yasaqlığın yaradılmasında məqsəd həmin ərazilərin heyvanlar aləmini, xüsusilə buradakı, cüyür, çöl donuzu, qırqovul, və s. heyvan və quşları qorumaqdır. Qubadlı yasaqlığının sahəsi 20 min hektar olub respublika yasaqlığının 8,2%-ni təşkil edir. Təbii landşaft sahərindən burada seyrək meşəlik, kollluqlar və meşə altından çıxıb bozqırlaşmış sahələr səciyyəlidir. Ərazi alçaq dağlıq sahələrindən yuxarı hissələri əhatə edir. Burada qışı quraq keçən mülayim iqlim tipi hakimdir. Havanın orta illik temperaturu 12-130 dərəcə, yağıntının miqdarı 550-600 mm, buxarlanma isə 750-800 mm təşkil edir. Yanvar ayında orta temperatur 0,50 dərəcə, iyul ayında isə 230 dərəcədir. Ərazi əsasən qırmızı palıddan və vələs ağaclarından ibarətdir. Eyni zamanda ardıc, yemişan, itburnu, böyürtkən bitkiləri də geniş yayılmışdır. Ərazinin ekoloji amilləri burada heyvan və quşların normal məskunlaşmasına tam şərait yaratmışdır. Ərazidə sayqı-uçot nəticəsində müəyyən olmuşdur ki, yasaqlıqda 101 baş çöl donuzu, 21 baş qonur ayı, 35 baş çüyür, 420 baş dovşan, 25 baş canavar, 310 baş çaqqal, 75 baş porsuq vardır. Quşlardan ən çox kəklik (560) yayılıb. Qırqovul, turac, bildirçin, göyərçin bu yerlərin daim sakinlərindəndirlər.
Daşaltı Yasaqlığı
Şuşa və Xocalı ərazisində nadir təbiət komplekslərini qorumaq üçün 1988-ci ildə təşkil edilən yasaqlığ 450 hektar ərazini əhatə edir. Qoruğun ərazisinə Topxana meşəsi, Kirs dağının ərazisi, Cıdır düzü, Xocalı rayonunun qala divarları daxildir. Ərazidə triton əsrinə aid “Xan mağarası” təbiət abidəsi vardır. Şuşa şəhəri və Şuşa rayonu Qarabağın, Azərbaycanın ən səfalı və füsunkar təbiətli, zəngin tarixi abidəli sahələrindən biridir. Onların qorunmasının, etalon ərazi kimi saxlanılmasının təbiət və tarixi baxımdan mühüm əhəmiyyəti vardır. Yasaqlığın ərazisi zəngin meşə, kol və ot bitkilərinin təbii muzeyidir. Burada palıd, vələs, ağcaqayın, cökə, göyrüş, yemişan, itburnu, zoğal, əzgil, alma, armud, alça və s. ağac və kol bitkiləri normal inkişaf edir. Ərazi dərman, endemik və nadir bitkilərlə zəngindir. Burada cüyür, çöl donuzu, dələ, dovşan, canavar, çaqqal, və onlarla quş növü məskunlaşmışdır.
Arazboyu Dövlət Təbiət Yasaqlığı
1993-cü ildə tuqay meşələrinin qorunması və bərpası məqsədilə yaradılmışdır. Sahəsi 2200 hektardır. Bəşitçay dövlət qoruğuna tabe olmaqla Zəngilan rayonunun İranla sərhəd olan Araz çayı sahilində 1993-cu ilin iyun ayında yaradılmışdır. Uzunluğu 50 km, eni 50-100 metr bəzi yerlərdə isə 200-250 m, məsafəni əhatə edən bu yasaqlıq 5 min hektardır. Yasaqlığın yaradılmasında əsas məqsəd burada olan fauna və floranın qorunmasıdır. Bura yayı isti, qışı mülaim olan iqlimə malikdir. Orta illik temperaturu 20-250C (yanvarda 10C), iyun-iyul aylarında 35-380C olur. Torpaqı münbit gillidir. Ərazi suya təlabatı çox olan ağaclardan ibarətdir. Torpaq və iqlim şəraiti bitgilərin böyümə və inkişafı üçün normal şərait yaradır. Burada mövcud olan heyvanların təxmini say uçotu aparılmışdır. Məlum olmuşdur ki, burada 300 başa dək çöl donuzu, 7 baş qonur ayı, 350 baş tülkü, 300 çaqqal, 15 baş canavar, 70 baş porsuq, 12 baş cüyür vardır. Quşlardan: turac, qırqovul, kəklik, bildirçin, yaşılbaş ördək daim məskünlaşmışlar.
Qarabağda təbii ekosistemə dəyən ziyan
Otuz ilə yaxındır ki, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun torpağı, suyu, dövlət təbiət abidələri, biomüxtəlifliyi - flora və faunasını ciddi ziyan görmüşdür. Qarabağ münaqişəsi Azərbaycanın ərazilərində ekoloji əhəmiyyətə malik bir çox göllərin, çayların tükənməsinə və çirklənməsinə səbəb olur. Araz və Kür çaylarının qolları olan Oxçuçay və Ağstafaçayın ağır formada çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün böyük təhlükə yaranıb. Çay və göl sularının həddindən artıq məişət və kimyəvi maddələrlə çirklənməsu sahələrin “ölü zona”ya çevrilməsinə səbəb olub. Bu da həmin sularda yaşayan qiymətli vətəgə əhəmiyyəti olan balıq növlərinin sayının kəskin azalmasına, Beynəlxalq Təbiətin Mühafizəsi Birliyi, həmçinin Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın siyahısına daxil edilən nadir balıq növləri və digər hidroresuslar üçün böyük təhlükədir. Davamlı inkişaf və ətraf mühitin mühafizəsini təmin etmək məqsədilə beynəlxalq təşkilatlar tərəfindən qoyulan qaydalara görə, hətta müharibələr belə təbiətdə biomüxtəlifliyin davamlı inkişaf prosesinə dağıdıcı təsir gostərməməlidir.
İstinadlar
- ↑ (azərb.). science.gov.az. 28.09.2020. 2021-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-22.
- ↑ (azərb.). virtualkarabakh.az. 2021-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-17.
- ↑ (azərb.). www.science.gov.az. 28.07.2020. 2021-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-17.