Azərbaycan Xalq Cümhuriyyətinin tarixi
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Azərbaycan Xalq Cümhuriyyətinin tarixi — Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, onun yaranmasına qədərki tarix və onun mövcud olduğu 23 aylıq— 28 may 1918-ci ildən 28 aprel 1918-ci ilə qədər olan dövrü əhatə edir.
Xronoloji ardıcıllıq
Azərbaycan Xalq Cümhuriyyətinin tarixini əhatə edən hadisələrin xronoloji ardıcıllığı:
Cümhuriyyətin yaranmasına qədərki hadisələr
- 1918, 23 fevral – Zaqafqaziya Seyminin açılması, Gegeçkorinin başçılığı ilə Zaqafqaziya hökumətinin təşkili.
- 1918, 7 mart – Zaqafqaziya Seymi tərəfindən aqrar qanunun qəbulu.
- 1918, 14-20 mart – Zaqafqaziya Seymi ilə Türkiyə arasında Trabzon konfransının keçirilməsi.
- 1918, mart-aprel – Bolşevik-daşnak qüvvələri tərəfindən Azərbaycanlıların Soyqırımı
- 1918, 22 aprel – Zaqafqaziya Seymi tərəfindən Zaqafqaziyanın müstəqilliyinin elan edilməsi
- 1918, 25 aprel – Bakı Soveti Xalq Komissarları Şurasının təşkili.
- 1918, 26 aprel – Zaqafqaziya Seymi tərəfindən Çxengelinin başçılığı ilə yeni Zaqafqaziya hökumətinin təsdiqi
- 1918, 30 aprel – Bakı şəhər dumasının İnqilabi Müdafiə Komitəsi tərəfindən ləğvi
- 1918, 1 may – Qubanın Bakı Soveti qoşunları tərəfindən tutulması
- 1918, 11may – Batum Sülh Konfransı
- 1918, 26 may – Zaqafqaziya Seyminin son iclası
1918-ci il
- 1918, 27 may – Azərbaycan Milli Şurasının təşkili; Azərbaycanın müstəqillik aktının qəbulu
- 1918, 28 may – Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi
- 1918, 28 may – Azərbaycanın istiqlaliyyəti haqqında Aktın (Əqdnamə) qəbul edilməsi
- 1918, 28 may – 17 iyun - F. Xoyskinin başçılığı altında I hökumət kabinetinin fəaliyyət dövrü
- 1918, 4 iyun – Azərbaycan və Osmanlı hökumətləri arasında Sülh və Dostluq müqaviləsinin imzalanması
- 1918, 5 iyun – Türk ordusunun Yelizavetpola daxil olması
- 1918, 16 iyun – Azərbaycan Cümhuriyyəti Milli Şurasının və hökumətinin Tiflisdən Gəncəyə köçməsi
- 1918, 17 iyun – Milli Şuranın buraxılması
- 1918, 17 iyun-7 dekabr – F. Xoyskinin başçılığı altında II Hökumət Kabinetinin fəaliyyət dövrü
- 1918, 23 iyun – Azərbaycanda hərbi vəziyyətin elan edilməsi
- 1918, 26 iyun – Müsəlman korpusunun Azərbaycan korpusuna çevrilməsi haqqında Azərbaycan hökumətinin qərar qəbul etməsi. Azərbaycan Milli Ordusunun yaradılması
- 1918, 26 iyun – Zaqatala Quberniyasının yaradılması
- 1918, 27 iyun -1 iyul – Qafqaz İslam Ordusunun Göyçay yaxınlığında Bakı Sovet qoşunları üzərindəki qələbəsi
- 1918, 27 iyun – Azərbaycan (türk) dilinin Azərbaycan Cümhuriyyətinin Dövlət Dili elan edilməsi
- 1918, 10 iyul – Qafqaz İslam Ordusunun Kürdəmir və Şamaxını azad etməsi
- 1918, 11 iyul – Azərbaycan hökumətinin ümumi səfərbərlik haqqında qərar qəbul etməsi
- 1918, 25 iyul – Bakı Soveti tərəfindən ingilislərin Bakıya dəvət edilməsi haqqında qərarın qəbulu
- 1918,30 iyul – Çar Rusiyasının istilası zamanı Yelizavetpol adlandırılmış Gəncə şəhərinin tarixi adının bərpa edilməsi
- 1918, 31 iyul – Bakı Xalq Komissarları Şurasının süqutu
- 1918, 1 avqust – Sentrokaspi Diktaturası və Fəhlə Əsgər Deputatları Sovetinin Müvəqqəti İcraiyyə Komitəsinin birgə hökumətinin təşkili
- 1918, 4 avqust – İlk ingilis qoşun dəstəsinin Bakıya gəlməsi
- 1918, 28 avqust – Azərbaycan dilinin tədris edilməsi haqqında Nazirlər Şurasının qərarı
- 1918, 4 sentyabr – İngilis qoşunlarının Bakını tərk etməsi
- 1918, 15 sentyabr – Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi
- 1918, 17 sentyabr – Azərbaycan hökumətinin Bakıda fəaliyyətə başlaması
- 1918, 5 oktyabr – Azərbaycan hökumətinin neft sənayesinin dövlətsizləşdirilməsi haqqında qərarı
- 1918, 18 oktyabr – Bakı şəhərində “Türk Ocağı” cəmiyyətinin yaranması
- 1918, 30 oktyabr – Türkiyə və Antanta ölkələri arasında Mudros müqaviləsinin imzalanması
- 1918, 1 noyabr – Hərbi Nazirliyin təsis edilməsi
- 1918, 9 noyabr – Azərbaycan Cümhuriyyətinin Dövlət Bayrağı haqqında qanunun qəbul edilməsi
- 1918, 16 noyabr – Azərbaycan Milli Şurasının bərpası; Qori seminariyasının Azərbaycan bölməsinin Qazağa köçürülməsi
- 1918, 17 noyabr – General Tomsonun başçılıq etdiyi ingilis qoşunlarının Mudros müqaviləsinə əsasən Azərbaycana daxil olması
- 1918, 20 noyabr – Azərbaycan Cümhuriyyəti Parlamenti haqqında qanunun qəbulu
- 1918, 29 noyabr – Xəzər Donanması ticarət gəmilərinin ingilis komandanlığının ixtiyarına keçməsi, “İngilis dəniz nəqliyyatı”nın yaranması
- 1918, 7 dekabr – Azərbaycan Cümhuriyyəti Parlamentinin açılışı
- 1918, 26 dekabr – F. Xoyskinin başçılığı ilə III Hökumət Kabinetinin təşkili; Gürcüstan və Azərbaycan arasında tranzit müqaviləsinin bağlanması
- 1918, 28 dekabr – Azərbaycan Cümhuriyyəti hökumətinin tanınması haqqında Bakı general-qubernatoru Tomsonun deklarasiyası
1919-cu il
- 1919, 15 yanvar – Qarabağ general-qubernatorluğunun yaradılması; Azərbaycan Cümhuriyyəti Silahlı Qüvvələri Baş Qərargahının təşkili
- 1919, 4 fevral – Parlamentin Aqrar Komissiyasının təşkili
- 1919, 25 fevral – F.Xoyskinin III Hökumət Kabinetinin istefası
- 1919, 5 aprel – Hərbi Nazirliyin Bakıya köçürülməsi
- 1919, 14 aprel – Azərbaycan Cümhuriyyəti Parlamentinin N.Yusifbəyli başda olmaqla IV Hökumət Kabinetini təsdiq etməsi
- 1919, 28 may – Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında ABŞ prezidenti Vilsonla görüşü
- 1919, 29 may – Cənubi Qafqaz Respublikalarının Tiflis kohfransının keçirilməsi
- 1919, 31 may – Arbitraj orqanının yaradılması haqqında hökumətin qərar qəbul etməsi
- 1919, 11 iyun – Hökumətin Dövlət Müdafiə Komitəsinin təşkili haqqında qərar qəbul etməsi; Dövlət Müdafiə Komitəsi tərəfindən Azərbaycan Cümhuriyyəti ərazisində hərbi vəziyyət elan edilməsi
- 1919, 13 iyun – Paris Sülh Konfransında Kolçakın Rusiya ərazisində ali hakimiyyətinin tanınması haqqında sənədin qəbul edilməsi; Azərbaycan, Gürcüstan, Şimali Qafqaz, Belarusiya Ukrayna, Estoniya və Latviya nümayəndələrinin buna etiraz etməsi
- 1919, 13 iyun – İngilislərə qarşı Bakıda nümayişlərin keçirilməsi
- 1919, 16 iyun – Azərbaycan-Gürcüstan arasında hərbi müdafiə aktının imzalanması
- 1919, 27 iyun – Ərazi bütövlüyünü birgə qorumaq haqqında Azərbaycan-Gürcüstan müqaviləsini Parlamentin təsdiq etməsi
- 1919, 6 avqust – General Tomsonun Xəzər Hərbi Donanmasını Denikinin könüllülər ordusuna vermək barədə sərəncam imzalaması
- 1919, 11 avqust – Cümhuriyyət Parlamentinin Azərbaycan vətəndaşlığı haqqında qanunu qəbul etməsi 1919, 24 avqust – İngilislərin Bakını tərk etməyə başlamaları 1919, 24 avqust – Azərbaycan Dövlət Bankının yaradılması haqqında qanun qəbul edilməsi
- 1919, 1 sentyabr – Bakı Dövlət Universitetinin açılması haqqında qanun qəbul edilməsi
- 1919, 13 sentyabr – Baş nazir N.Yusifbəylinin IV Hökumətin Sədri vəzifəsindən istefası
- 1919, 25 oktyabr – Azərbaycan Dövlət Bankının açılışı
- 1919, 23 noyabr – Tiflisdə Azərbaycan və Ermənistan tərəfləri arasında baş verən bütün münaqişələrə son qoyulması və sərhəd məsələsinin sülh yolu ilə həll edilməsini nəzərdə tutan müqavilənin imzalanması
- 1919, 2-11 dekabr – Türk Ədəmi-Mərkəziyyət Müsavat partiyasının II qurultayı
- 1919, 22 dekabr – Parlamentin N.Yusifbəylinin başçılığı ilə V Hökumət Kabiheti tərkibini təsdiq etməsi
1920-ci il
- 1920, 2 yanvar – Sovet Rusiyasının Denikinə qarşı birgə mübarizə aparmaq təklifi haqqında Azərbaycan Cümhuriyyətinə birinci dəfə nota verməsi
- 1920, 11 yanvar – Azərbaycanın müstəqilliyini Paris Sülh Konfransında Antanta Ali Şurasının de-fakto tanıması
- 1920, 14 yanvar – F.Xoyskinin Rusiyanın Denikinlə mübarizəsinin onun daxili işi olması haqqında Çiçerinə cavab notası verməsi
- 1920, yanvar – Paris Sülh Konfransının Azərbaycan Cümhuriyyətinə kömək göstərilməsi haqqında qərar qəbul etməsi
- 1920, 23 yanvar – Q.Çişerinin Azərbaycan hökumə- tini Denikinə qarşı mübarizəsindən imtina etməkdə ittiham edən ikinci notasının verilməsi
- 1920, 18 fevral – M.Hacınskinin Daxili İşlər naziri vəzifəsindən istefa verməsi
- 1920, 20 mart – Azərbaycan-İran müqaviləsinin bağlanması; Bu müqaviləyə əsasən Azərbaycanın İran tərəfindən de-yure tanınması
- 1920, 23 mart – Əkin və Əkinçilik naziri Ə.C.Pepinovun istefa verməsi
- 1920, 23 mart – Azərbaycan və Gürcüstan arasında ticarət müqaviləsinin imzalanması
- 1920, 9 aprel – Poçt və Teleqraf naziri sosialist C.Hacınskinin istefa verməsi
- 1920, 15 aprel – F.Xoyskinin Q.Çiçerinə Rusiya qoşun hissələrinin Azərbaycan sərhədlərində cəmləşməsi ilə bağlı Azərbaycan dövlətinin narahatlığını ifadə edən notası
- 1920, 27 aprel – XI Qızıl Ordunun Azərbaycan Xalq Cumhuriyyəti ərazisinə daxil olması
- 1920, 28 aprel – Azərbaycan Cümhuriyyəti Parlamenti tərəfindən Azərbaycan İnqilab Komitəsinin hakimiyyəti ona təhvil verməsi haqqında ultimatumunu qəbul etməsi.
Cümhuriyyətin yaranmasına qədərki hadisələr
Bəşəriyyət tarixinin ən dəhşətli və ən qanlı hərbi-feodal müstəmləkə rejimi olan Çar Rusiyası da Azərbaycan xalqının dövlətçilik ənənələrini məhv edə bilmədi. Əsarət altına salınmış türk-müsəlman xalqlarının milli mənlik şüurunu və qədim dövlətçilik ənənələrini məhv etmək siyasəti yeridən Rusiya imperiyası Cənubi Qafqazı bu siyasətin ən dəhşətli qanlı qırğın meydanına çevirmişdi. Bu qəddar siyasətin son məqsədi Cənubi Qafqazı Azərbaycanın türk-müsəlman əhalisindən "təmizləmək", bundan sonra İran və Türkiyəni aradan qaldırıb rahatca isti dənizlərə çıxmaq, bununla da Rusiyanın tarixi arzusuna - Hindistana yetişmək niyyətinə nail olmaq idi. Məhz bu məqsədlə də bir tərəfdən imperiyanın ayrı-ayrı yerlərindən Azərbaycan ərazisinə müxtəlif mənşəli xristian əhali köçürülüb gətirilir, digər tərəfdən də yerli əhalinin xristianlaşdırılması və ruslaşdırılması siyasəti yeridilirdi. Daha dəhşətlisi isə bu idi ki, həmin qanlı siyasəti daha uğurla həyata keçirmək üçün erməni-müsəlman qırğınları törədilirdi. Ölkənin şimal-qərb hüdudlarında isə Azərbaycan və gürcü xalqları arasına nifaq salmaq siyasəti yeridilirdi. Bir sözlə, Azərbaycan Çar Rusiyasının milli-müstəmləkəçilik siyasətinin ən dəhşətli sınaq meydanına çevrilmişdi.
Buna görə də bütün Rusiya imperiyası ərazisində məhz qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan çarizmin qəddar milli-müstəmləkə rejiminə qarşı milli müqavimət hərəkatının əsas mərkəzinə çevrildi. İdarə olunmağa deyil, idarə etməyə vərdiş etmiş Azərbaycan xalqı özünün qabaqcıl ziyalılarının başçılığı altında bütün Rusiyanın türk-müsəlman xalqlarının milli azadlıq hərəkatının önünə keçdi.
XX yüzilliyin əvvəllərində Rusiya imperiyası dərin hərbi-siyasi və iqtisadi böhrandan xilas olmaq üçün islahatlar dövrünə qədəm qoyduqda böyük xeyriyyəçi H.Z.Tağıyev tərəfindən himayə olunan Azərbaycan ziyalıları hələ 1905-ci ildən başlayaraq, bütün başqa tələblərlə bərabər, ölkənin türk-müsəlman əhalisinin imperiyanın mərkəzi hakimiyyət orqanlarında təmsil olunmasını, yerli idarəçiliyə və məhkəmə orqanlarında fəaliyyətə cəlb olunmasını tələb edir, bu sahədə ayrı-seçkiliyin, məhdudiyyətin aradan qaldırılması uğrunda mübarizə aparırdılar
Görkəmli hüquqşünas Əlimərdan bəy Topçubaşov, Şəmsi Əsədullayev, Əhməd bəy Ağayev, Adil xan Ziyadxanov, Əli bəy Hüseynzadə və bir çox digər milli ruhlu Azərbaycan ziyalıları bu hərəkatın önündə gedirdilər.
Şimali Azərbaycan çarizmə qarşı öz azadlığı uğrunda ayağa qalxan bütün məzlum şərq xalqlarının mübarizə simvoluna çevrilmişdi. Heç də təsadüfi deyil ki, Rusiya imperiyasının bütün türk-müsəlman əhalisini çarizmə qarşı birləşdirmək və bu məqsədlə vahid siyasi təşkilat yaratmaq ideyası da məhz Azərbaycanda doğulmuşdu.
1905-ci ildə ümumrusiya müsəlmanlarının Nijni-Novqorodda keçirilmiş I qurultayında "Rusiya imperiyasında türklərin vəziyyəti və problemləri"nə həsr olunmuş əsas məruzə ilə məhz Azərbaycanın nümayəndəsi Əlimərdan bəy Topçubaşov çıxış etmişdi. Yeni yaradılmış Ümumrusiya Müsəlmanları İttifaqının ("İttifaqi-Müslimin") Nizamnamə və Proqramının yazılmasında da azərbaycanlı nümayəndələr fəal iştirak etmişdilər.
Mürəkkəb və çətin şəraitdə aparılan gərgin mübarizə nəticəsində Azərbaycanın tanınmış ziyalıları Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Tağı Əliyev, Əsədulla bəy Muradxanov 1906-cı ildə Rusiyanın ilk parlamentinə - I Dövlət Dumasına deputat seçilmişdilər. Xalqımızı Rusiya parlamentində təmsil edən yüksək təhsil görmüş bu ziyalıların ikisi ixtisasca hüquqşünas idilər: Əlimərdan bəy Topçubaşov Peterburq Universitetini, İsmayıl xan Ziyadxanov isə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdilər.
Rusiya Dövlət Dumasının ən böyük fraksiyalarından birinə - Müsəlman fraksiyasına sədr Əlimərdan bəy Topçubaşov seçilmişdi. Azərbaycanlı deputatlar Duma tribunasından çıxış edərək Rusiya imperiyasının Cənubi Qafqazda yeritdiyi milli qırğın siyasətini, xalqımıza qarşı yol verilən ayrı-seçkiliyi, köçürmə siyasətini, bütöv bir xalqın hüquqsuzluğunu, kölə halına salındığını bütün açıqlığı və kəskinliyi ilə tənqid edir, yalnız azərbaycanlıların deyil, bütün Rusiya müsəlmanlarının mənafeyini müdafiə edirdilər.
Belə ki, azərbaycanlı deputatı İsmayıl xan Ziyadxanov duma iclaslarından birində çıxış edərkən son dərəcə qətiyyətlə bildirmişdi:
Biz (Azərbaycan) bir əsr əvvəl işğal edilmişik. Bizə heç bir hüquq verilməmişdir. Kölə halına salınmışıq. Milli varlığımıza təcavuz edilmişdir. Bir sıra ali məktəbə qəbul olunmağımıza qadağa qoyulmuşdur. Dövlət idarələrində türk məmurlarına rast gəlmək mümkün deyildir. Torpaq azlığından əziyyət çəkirik. Lakin buraya Rusiyadan axın-axın kəndilər köçürülür. Bilavasitə dövlətin əli ilə törədilən milli qırğın zəminində qana boyanmış bu torpaqlarda rus kəndliləri üçün planlaşdırdığınız yaşayış məntəqələrini quracaqsınız. |
Bu, hökumətin gizli surətdə hazırlayıb həyata keçirdiyi "parçala və hökmranlıq et" idarə tərzindən başqa bir şey deyildir. İki ildən bəri qan dəryasında boğulan Vətənimdə insan cəsədlərinin üstündən keçirik. Artıq səbrimiz tükənmişdir". II Dövlət Dumasının üzvləri Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Mustafa Mahmudov, Məhəmməd ağa Şahtaxtinski və Zeynal Zeynalov da, öz sələfləri kimi, çarizmin bütün sahələrdə, o cümlədən dövlət idarəçiliyində yeritdiyi milli və dini ayrı-seçkilik siyasətinə kəskin etirazlarını bildirirdilər.
Azərbaycanlı deputatların bütün Rusiyanın türk-müsəlman əhalisinin hüquqsuzluğuna qarşı kəskin çıxışları və bunun güclü oyadıcı təsirinin çarizmi vahiməyə salması, başqa səbəblərlə yanaşı, I və II Dövlət Dumalarının buraxılmasında az rol oynamamışdı. Məhz buna görə də III Dumaya seçkilər zamanı türk-müsəlman əhalisinin yaşadığı Mərkəzi Asiya, Sibir və digər regionlar seçki hüququndan məhrum edilmiş, Bakıya isə öz nümayəndəsini irəli sürmək hüququ verilməmişdi.
Elə həmin səbəbə görə də, əvvəlkilərdən fərqli olaraq, III Dövlət dumasında bütün Cənubi Qafqazın müsəlman əhalisini yalnız bircə nəfər deputat - Xəlil bəy Xasməmmədov təmsil edirdi. IV Dövlət Dumasında isə bütün Cənubi Qafqaz müsəlmanlarının yeganə nümayəndəsi Məmməd Yusif Cəfərov idi.
AzərbaycanRusiyanın Dövlət Dumalarına seçilmiş azərbaycanlı deputatların, demək olar ki, hamısı milli hərəkatımızın ən qabaqcıl nümayəndələri idilər. Duma deputatları Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov peşəkar hüquqşünaslar idilər.
Məhəmməd ağa Şahtaxtinski isə Sarbonna universitetinin dinləyicisi olmuş, Leypsiq universitetinin fəlsəfə fakültəsini bitirmişdi.
Beləliklə, Birinci dünya müharibəsinin gedişində "xalqlar həbsxanası" olan Rusiya imperiyasının dağılması üçün real tarixi şərait yaranarkən Azərbaycan xalqı həm qədim dövlətçilik ənənələrinə, həm də ən müasir idarəçilik mədəniyyətinə yiyələndiyi üçün müstəqil dövlət halında yaşamağa hazır idi.
Ölkənin qacarlar sülaləsi tərəfindən idarə olunan və İran şahlığının tərkibində qalmış cənub rayonlarından fərqli olaraq Şimali Azərbaycan Rusiya ağalığı dövründə Rusiyanın və Rusiya vasitəsilə Qərbin yeni - demokratik dövlət quruculuğu ənənələri ilə - parlament mədəniyyəti ilə yaxından tanış ola bilmişdi.
Azərbaycan ziyalılarının mühüm bir hissəsi, o cümlədən Əlimərdan bəy Topçubaşov başda olmaqla peşəkar hüquqşünaslar Rusiyanın Dövlət Dumalarında zəngin parlamentçilik təcrübəsi qazanmışdılar. Onlar nifrət etdikləri və qəddar milli müstəmləkə zülmünün hökmranlıq etdiyi Rusiya mütləqiyyətindən tamamilə fərqlənən, bütün hüquq və azadlıqların təmin olunduğu ən demokratik respublika sistemi yaratmağa hazır idilər. Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin demokratik dövlət yaratmaq ideyaları onların hələ Rusiya Dövlət Dumalarında fəaliyyət göstərdikləri dövrdə formalaşmışdı. Buna görə də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentli respublika kimi formalaşması tarixi reallıqdan doğurdu. Çarizmin devrilməsindən sonrakı hadisələrin real inkişafı da işi buna doğru aparırdı.
1917-ci ilin fevralında Rusiyada Romanovlar mütləqiyyəti devrildi. Monarxiya rejimi aradan qaldırıldıqdan sonra hakimiyyətə gələn Müvəqqəti hökumət Cənubi Qafqazın idarəçiliyi üzrə Xüsusi Komitə yaratdı. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrındakı hakimiyyət çevrilişi nəticəsində Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini başqa sözlə Zaqafqaziya Parlamentini yaratdılar.
Zaqafqaziya Seymində Müsəlman Fraksiyasını Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi.
Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası, faktiki olaraq, Zaqafqaziya Müsəlman Şurası, daha doğrusu, Zaqafqaziya Müsəlman Parlamenti funksiyasını yerinə yetirirdi.
Maraqlı və eyni zamanda qanunauyğun hal idi ki, Dövlət Dumalarında olduğu kimi, Zaqafqaziya Seyminin də ən ardıcıl üzvləri Azərbaycan nümayəndələri idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı.
Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti hökumətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və ertəsi gün - mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.
Mayın 27-də Seymin Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya Müsəlman Şurasının (faktiki olaraq Zaqafqaziya Müsəlman Parlamentinin) üzvləri ayrıca iclaslarını keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. Bununla, əslində ilk Azərbaycan parlamenti yarandı və Azərbaycanda ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. 1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri oldu. İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski (bitərəf) seçildi.
İlk dövr
1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclası keçirildi və iclasda Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi. Beləliklə, 100 ildən artıq fasilədən sonra Azərbaycanın Şərqi və Cənubi Zaqafqaziya hüdudlarında milli dövlətçiliyi bərpa olundu. Elə həmin iclasda yeni demokratik dövlətin yaranması faktını hüquqi cəhətdən təsbit edən "Azərbaycanın istiqlaliyyəti haqqında Akt" qəbul edildi.
İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:
1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
6. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur. Həmin tarix Respublika Günü kimi təntənə ilə qeyd edilir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırmışdı. Bu, eyni zamanda, İslam dünyası üçün də mühüm hadisə hesab olunurdu. Çünki müsəlman Şərqində ilk dəfə olaraq müstəqil demokratik respublika yaranmışdı. Ulu öndər bu tarixi hadisənin böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdı:
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. — Heydər Əliyev |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi dəyərləndirmişdir:
Müsəlman Şərqində ilk parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi. — İlham Əliyev |
1918-ci ilin yayında Azərbaycanda siyasi vəziyyət ikihakimiyyətliliklə səciyyələnirdi və istiqlaliyyət uğrunda mübarizə bu şəraitdə gedirdi. Azərbaycanın şərq hissəsində - Bakı və Bakı quberniyasında Bakı Xalq Komissarları Soveti fəaliyyət göstərirdi. Bölgənin qərb hissəsi isə (Gəncə və Gəncə quberniyası) Azərbaycan Xalq Cümhuriyyəti milli hökumətinin hakimiyyəti altında idi. 4 iyunda Azərbaycan və Osmanlı İmperiyası arasında Sülh və Dostluq müqaviləsini imzaladı və bir gün sonra, Türk ordusu Gəncəyə daxil oldu. 1918-ci il iyun ayının 16-da Milli Şuranın üzvləri və Azərbaycan Cümhuriyyəti hökuməti Tiflisdən siyasi vəziyyətin çox ziddiyyətli olduğu Gəncəyə köçdü.
1918-ci il iyunun 16-da Milli Şura və hökumət özünün fəaliyyət mərkəzini Gəncəyə köçürdü. Ölkədə yaranmış real vəziyyəti nəzərə alan Azərbaycan Milli Şurası iyunun 17-də Gəncədə iki mühüm qərar qəbul etdi: öz fəaliyyətini müvəqqəti olaraq dayandırdı; bütün hakimiyyəti (həm qanunvericilik, həm də icra hakimiyyətini) Müəssislər Məclisi çağırılanadək F.Xoyskinin sədrliyi ilə yaradılmış yeni - ikinci Müvəqqəti hökumətə həvalə etdi. Hökumətin tərkibi belə idi: Nazirlər Şurasının sədri -Fətəli xan Xoyski; nazirlər - Məmmədhəsən Hacınski, Nəsib bəy Usubbəyov, Əlimərdan bəy Topçubaşov, Behbud ağa Şahtaxtinski, Xəlil bəy Xasməmmədov, Xosrov Paşa bəy Sultanov, Xudadat bəy Rəfibəyov, Xudadat bəy Məlik-Aslanov, Ağa Aşurov, Əbdüləli bəy Əmircanov, Musa bəy Rəfiyev. Azərbaycan Milli Şurası çətinliklə əldə olunmuş istiqlalın itirilməsindən ehtiyat edərək o zaman həm də qərara almışdı ki, qısa müddət ərzində Müəssislər Məclisi çağırılmalıdır və o vaxta qədər F.Xoyski hökuməti hakimiyyəti öz əlində saxlamalı, heç kimə güzəştə getməməlidir. Azərbaycan Milli Şurası, eyni zamanda, F.Xoyski hökumətinin hüquq və səlahiyyətlərini də konkret şəkildə müəyyənləşdirmişdi. Hökumət Azərbaycanın dövlət müstəqilliyini, mövcud siyasi azadlıqları ləğv edə bilməzdi və aqrar məsələ, həmçinin bunun kimi digər mühüm məsələlər barədə inqilabi qanunları dəyişdirmək hüququna malik deyildi. Qalan məsələlərdə isə hökumətə müstəqil hərəkət etmək səlahiyyəti verilirdi. Müvəqqəti hökumət altı aydan gec olmayaraq Müəssislər Məclisi çağırmalı idi.
1918-ci il iyunun 17-də Milli Şura özünü buraxması haqqında qətnamə qəbul etdi və altı ay müddətində Azərbaycanın ali qanunverici orqanının - ümumi, gizli və birbaşa səsvermə əsasında seçilmiş Müəssislər Məclisinin çağırılması vəzifəsi irəli sürülmüşdü. Milli Şuranın müəyyən etdiyi müddət 1918-ci il dekabrın 16-da başa çatırdı. İyunun 23-də Fətəli xan Xoyski Azərbaycan əhalisinə çağırışla müraciət etdi və milli hökumətin təsbit olunması üçün dost Türkiyənin dəstəyinin əhəmiyyətini vurğuladı. Elə həmin gün hökumət respublikanın bütün ərazisində hərbi vəziyyət elan etdi. Batum müqaviləsinə əsasən, Azərbaycan Cümhuriyyətinə kömək üçün Türkiyə ordusunun ümumi sayı 15 min nəfərə qədər olan 5-ci və 15-ci diviziyaları göndərildi.
Hökumətin 24 iyun 1918-ci il tarixli qərarına əsasən, Azərbaycanın dövlət bayrağı kimi qırmızı fonda ağ aypara və səkkizguşəli ulduzun təsvir edildiyi qırmızı parçadan hazırlanmış bayraq qəbul olundu. Noyabrın 9-da bu bayraq, ağ aypara və səkkizguşəli ulduzun təsvir olunduğu mavi, qırmızı və yaşıl rəngli bayraqla əvəz edildi. Azərbaycan Cümhuriyyətinin dövlət bayrağının üç rəngi "türk milli mədəniyyətini, müasir Avropa demokratiyasını və islam sivilizasiyasını təmsil edirdi".
27 iyunda Qafqaz İslam Ordusunun Göyçay yaxınlığında Bakı Soveti qoşunları üzərində qələbə qazandı. Həmin gün Azərbaycan türk dilinin Azərbaycan Cümhuriyyətinin dövlət dili elan olundu. İyulun 10-da Kürdəmir və Şamaxı Qafqaz İslam Ordusu tərəfindən azad edildi. 25 iyulda Bakı Soveti tərəfindən ingilislərin Bakıya dəvət edilməsi haqqında qərar qəbul edildi. 31 iyulda isə Bakı xalq Komissarları Şurasının süqutu baş verdi.
Avqustun 1-də Sentrokaspi Diktaturası və Bakı fəhlə və əsgər deputatları Soveti Müvəqqəti Komitəsi Rəyasət Heyəti Hökumətini yaratdılar. 1918-ci il avqust ayının 4-də Ənzəlidən golmiş polkovnik S. Stoksun komandanlıq etdiyi ilk Britaniya dəstəsi Bakıya girdi. Avqustun 11-də Azərbaycan hökuməti ümumi səfərbərlik haqqında qərar qəbul etdi.
Avqustun 26-da Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu ilə Bolşevik-Daşnak-Bakı Soveti qüvvələri arasında Bakı döyüşü baş verdi. Sonradan döyüşə Böyük Britaniya, Ermənistan və Rusiya qüvvələri də qoşulmuş və bu döyüş Qafqaz kampaniyasının son döyüşü olmuşdur. Lakin Bakı döyüşü ilə gərginlik bitməmiş və hadisələr Azərbaycan-Ermənistan müharibəsi ilə davam etmişdir.
Noyabrda Azərbaycan Milli Şurası bərpa olundu və Qori seminariyasının Azərbaycan bölməsi Qazaxa köçdü. Noyabrın 17-si Azərbaycana müttəfiq qoşunlar daxil oldu. 7 dekabrda Azərbaycan parlamentinin açılışı oldu. Həmin ay Bakı Fəhlə Konfransı təşkilatı bərpa olundu və ümumi tətil keçirdi. Britaniya generalı Uilliam Montqomeri Tomsonun F. Xoyskinin yaratdığı və 1918-ci il dekabrın 26-da parlamentin təsdiq etdiyi hökuməti müttəfiqlər komandanlığın hərtərəfli yardım edəcəyi haqqında bəyanat verdi.
Sonrakı dövr
1919-ci il yanvarın 15-də Qarabağ general qubernatorluğu yaradıldı və Azərbaycan Cümhuriyyəti Silahlı qüvvələri Baş Qərargahının təşkili oldu. Fevralın 4-də verilən sorğularda olaqodar hökumət üzvlərindən daxili işlər naziri Xəlil bəy Xasməmmədov, ərzaq naziri Konstantin Lizqar, ticarət və sənayə nazirinin müavini T.Səfərəliyev çıxış etdilər. Hətta müxalifətin tələbi ilə hökumət başçısı F.Xoyskinin özü do parlament qarşısında çıxış etdi. Buna baxmayaraq Qara bəy Qarabəyov öz fraksiyası adından hökumətin izahatını qeyri-qənaətbəxş hesab ctdi və təklif etdi ki, bir daha ona etimadsızlıq göstərilsin. Müsavat fraksiyası, bitərəflər və milli azlıqlar hökuməti müdafiə etdilər. Müsavatçılar müxalifəti bütün məsuliyyəti hökumətin üzərinə yıxmaqda günahlandırdılar. Partiyanın iclasında çıxış edən Məhəmməd Əmin Rəsulzadə qeyd etdi ki, bez və qorodovoylarla bağlı etimadsızlıq məsələsi qoymaq olmaz. Nəyin bahasına olursa-olsun hökuməti yıxmaq daha çox, Azərbaycan müstəqilliyinin düşmənlərinə sərfəlidir.
Fevralın 25-də hökumətin başçısı F.Xoyski səhhətini əsas gətirərək, səlahiyyətlərini təhvil verməsi haqqında bəyanatla çıxış etdi. Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə parlament bu istefanı müzakirəsiz qəbul etdi. F.Xoyski yeni hökumət yaradılanadək icra hökumətinə rəhbərlik etdi. Yeni hökumətin təşkil olunması, namizədliyi İttihad Partiyasından başqa bütün fraksiyalar tərəfindon müdafiə edilən Müsavat fraksiyasının üzvü Nəsib bəy Yusifbəyliyə tapşırıldı.
1919-cu il mayın 28-də Azərbaycan nümayəndə heyəti ABŞ prezidenti Vudro Vilsonla görüşə bildi. O, azərbaycanlılara cənubi Qafqaz xalqları konfederasiyası ideyasını müzakirə etməyi məsləhət gördü; Millətlər cəmiyyətinin himayəsinə veriləcək ölkə kimi konfederasiya böyük dövlətlərdən birinin himayəçiliyinə ümid edə bilərdi. İyunun 11-də hökumətin Dövlət Müdafiə Komitəsinin təşkili haqqında qərar verildi. 1919-cu il iyunun 13-də Bakıda zəhmətkeşlərin ingilis qoşunlarının Azərbaycanda saxlanılmasına qarşı yönəlmiş izdihamlı mitinqi oldu. Bir gün sonra, Dövlət Müdafiə Komitəsi tərəfindən Azərbaycan ərazisində hərbi vəziyyət elan edildi. 27 iyunda "Ərazi bütövlüyünün birlikdə qorunması haqqında" Azərbaycan-Gürcüstan müqaviləsinin Parlament tərəfindən təsdiq olundu.
Avqustda Azərbaycan Parlamenti tərəfindən Azərbaycan vətəndaşlığı haqqında qanunun qəbulu oldu. 19 avqustda İngiltərə-İran müqaviləsinə görə İran Azərbaycana olan ərazi iddialarından əl çəkdiyini bəyan etdi və ingilislər Bakını tərk etməyə başladılar. Noyabrın 23-də Tiflisdə Azərbaycan və Ermənistanın tərəflər arasında baş verən bütün münaqişələrə son qoyulmasını və sərhəd məsələlərinin sülh yolu ilə həll edilməsini nəzərdə tutan müqavilənin imzalanması oldu. Dekabrda "Müsavat" partiyasının II qurultayından sonra, Parlament tərəfindən hökumətin yeni tərkibi təsdiq edildi.
Son dövr
Sovet Rusiyası tərəfindən təhlükə getdikcə artırdı. Buna görə də 1920-ci il yanvarın 2-də RSFSR xalq xarici işlər komissarı Georgi Çiçerin ağqvardiyaçı Anton Denikin ordusuna qarşı hərbi ittifaq bağlamaq təklifilə xarici işlər naziri F.Xoyskiyə göndərdiyi nota, Azərbaycanı Rusiyanın daxili münaqişələrə cəlb etmək və bununla da gələcəkdə Azərbaycanı işğal etmək üçün nəzərdə tutulan siyasi manevrədən başqa bir şey deyildi. Çiçerin notasının əsas məqsədini düzgün başa düşən Azərbaycan xarici işlər naziri F.Xoyski, bu təklifi Azərbaycanın Rusiyanın daxili işlərinə müdaxiləsi kimi qiymətiləndirərək rədd etdi. F.Xoyski özünün 1920-ci il 14 yanvar tarixli cavab məktubunda məhz bu faktı vurğulayırdı ki, Denikin məsələsi Rusiya dövlətinin daxili işidir və Azərbaycan suveren dövlət kimi başqa suveren dövlətin daxili işlərinə müdaxiləyə yol verə bilməz. Bununla da nazir, müstəqil Azərbaycanın daxili işlərinə qarışmamağı tələb etdi.
Yanvarın 11-də Paris Sülh Konfransında Lord Corc Kerzonun təklifilə müttəfiqlərin Ali Şurası aşağıdakı məzmunda qərar qəbul Etdi: "Müttəfiq vo birləşmiş dövlətlər Azərbaycan və Gürcüstan hökumətlərini de-fakto səviyyəsində birgə tanıyırlar". Az sonra Yaponiya Ali Şuranın 11 yanvar tarixli qərarına qoşuldu. Yanvarın 13-də ABŞ-ın Parisdə səfiri Valles Britaniya və Fransanın Azərbaycan və Gürcüstanın müstəqilliyini de-fakto tanıması və onlara yardım göstərməyə hazırlaşmaları barədə Vaşinqtona məlumat verdi.
Hökumətin siyasətinə qarşı onun bəzi üzvləri də müxalifətçi mövqe tutdular. Əsas mübarizə liberal xəttin tərəfdarı daxili işlər naziri Məmmədhəsən Hacınski ilə radikal tədbirlər tərəfdarı xarici işlər naziri F.Xoyski arasında haş verdi. Radikallar qalib gəldilər və 1920-ci il fevralın 18-do Məmmədhəsən Hacınski daxili işlər naziri vəzifəsindən getdi və "Müsavat" partiyasını üzvü Mustafa bəy Vəkilov daxili işlər naziri təyin edildi. 1920-ci il martın 23-də Əhməd bəy Pepinov nazir səlahiyyətlərindən əl çəkdi. Bu hadisə, vəziyyəti mürəkkəbləşdirdi. Pepinovun ardınca aprclin 9-da digər sosialist nazir Camo bəy Hacınski də istefa verdi. Sosialistlər fraksiyasının üzvlərinin və İttihad nümayəndələrinin getməsi hökumət böhranını kəskinləşdirdi. Hökumətdə qalan müsavatçılar artıq Nazirlər Kabinetinin süqutunun qarşısını almaq iqtidarında deyldilər. Beləliklə, müstəqillik mövqeyindo duran bütün siyasi qüvvələrin səmərəli işbirliyinə bəslənilən ümidlər özünü doğrultmadı. Sovet təhlükəsinə qarşı mübarizə üçün ümumi platlforma hazırlamaq mümkün olmadı, nəticədə Sovet qoşunlarının Azərbaycan sərhədlərinə yaxınlaşması haqqında alınan ilk xəbərlər hökumətin dağılmasına gətirib çıxartdı.
XI Ordunun ön dəstələri artıq aprelin 27-ə keçən gecə, Bakıdakı kommunistlərin çıxışlarının başlanmasına qədər, planı əvvəlcədən Serqo Orconikidzenin fəal iştirakı ilə Mixail Tuxaçevski və qərargahın rəisi S.A.Puqaçovun rəhbərliyi altında Qafqaz cəbhəsi qərargahı tərəfindən hazırlanmış Bakı əməliyyatına həyata keçirilməsinə başladı. Qafqaz cəbhəsi komandanlığının 490 No-ü 1921-ci il aprel tarixli direktivinə əsasən XI Ordunun komandanı Mixail Karloviç Levandovski aprelin 27-də Azərbaycan sərhəddini keçməli və ən qısa müddətdə Bakı quberniyası ərazisini tutmalı idi.
Aprelin 27-də saat 1-ə 5 dəqiqə işləmiş, Azərbaycan parlamentinə ultimatum verilməsindən 12 saat əvvəl Anastas Mikoyan, Q.Cəbiyev və Qəzənfər Musabəyovun da olduğu "III Beynəlmiləl" zirehli qatarı Samur körpüsündən keçdi və yol boyu qəflətən yaxalanmış azsaylı və pərakəndə Azərbaycan Ordusu hissələrinın müqavimətini qırmaqla Bakıya hərəkət etdi. İki saatlıq qanlı döyüşlərdən sonra zirehli qatarlar Yalama stansiyasını ələ keçirdilər. Stansiyanı 4 top və 10 pulemyotla Quba polkunun 2 alayı, süvari divizionu (300-ə qədər qılınc), jandarm dəstəsi (200 nəfərə yaxın) qoruyurdular. Bu döyüşdə Sovet əsgərlərinin 6 nəfəri öldürüldü və 8 nəfəri yaralandı.
Süvari - dağ divizionu (3 top), kürd batalyonunun 2 rotasının (2 top), gücü ilə mühafizə olunan Xudat stansiyası yaxınlığında 1 N-li Azərbaycan zirehli qatarının qırmızı zirehli qatarların irəliləməsini dayandırmaq üçün yeni cəhdi də uğursuzluqla qurtardı. Sovet zirehli qatarlarının hərəkətini gecikdirmək məqsədilə geri çəkilən əsgərlər Xaçmaz stansiyası yaxınlığında körpünü yandırdılar və yol dəyişdiricisini sıradan çıxardılar. Lakin yanğın tezliklə söndürüldü, dəyişdirici düzəldildi və bundan sonra zirehli qatarlar əslində heç bir müqavimətə rast gəlmədən Bakıya hərəkət etdilər. Sonuncu qısamüddətli döyüş Xırdalan və Biləcəri stansiyaları arasında baş verdi və bundan sonra Azərbaycan zirehli qatarı Keşlə, sonra isə Bakı stansiyasından uzaqlaşdı. Aprelin 27-də axşam saat 11-də Biləcəri stansiyası sovet zirehli qatarları tərəfindən tutuldu, səhər saat 4-də isə "III Beynəlmiləl" zirehli qatarı Bakı stansiyasına gəldi. Aprelin 30-da XI Ordunun əsas hissələri şəhərə daxil oldular. Onların irəliləməsi zamanı başda Xəlil Paşa olmaqla yerli əhali içərisində təbliğat aparan və əhalini Qızıl Orduya müqavimət göstərməməyə çağıran türk zabitləri qrupu Sovet qoşunlarına fəal kömək edirdi. Həmin gün 7-ci süvari diviziyasının hissələri Şamaxı və Ağsuya daxil oldular, mayrn 1-də isə Azərbaycan hissələrinin müqavimətini aradan qaldıran sovet zirehli qatarları Gəncə stansiyasını ələ keçirdilər.
Mayın 1-də Volqa-Xəzər hərbi donanmasının gəmiləri Bakı limanına daxil oldular. Mayın 3-də və 4-də Lənkəran və Astaraya hərbi dəniz desantlar çıxarıldı. Mayın 5-də XI Ordunun süvari dəstələri Qazaxa, mayın 7-də Yevlax rayonlarına daxil oldular. 1920-ci il mayın ortalarında XI Ordu Azərbaycan Xalq Cümhuriyyətinin, demək olar ki, bütün ərazisini nəzarət altına aldı. Beləliklə, Rusiya müdaxiləsi nəticəsində milli Azərbaycan hökumətinin hakimiyyəti devrildi.
İstinadlar
- Azərbaycan Xalq Cümhuriyyəti - 90: (1918 – 1920): Biblioqrafiya /Tərtib edəni: Ş.Nağıyeva., İxtisas redaktoru K.Tahirov.- B., 2008.- 256 s.
- Aрро
- Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920)
- Yaqublu N. Azərbaycan milli mücadiləsi və Məhəmməd Əmin Rəsulzadə. B., 2001, 154 s.
- . jurnal.meclis.gov.az. meclis.gov.az. 1 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 January 2016.
- "Cümhuriyyət: Tiflisdən Bakıya gedən yol". metbuat.az. metbuat.az. İstifadə tarixi: 3 January 2016.
- Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk parlamentli respublika
- ↑ . 2018-05-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-01.
- Rəfiyev В. Aysberqin sualtı hissəsi (1920-ci illər). B., 1995, 53 s.
- Şeyxzamanlı N. Azərbaycan istiqlal mücadiləsi xatirələri. B., 1998, 158 s
- ↑ Azərbaycan Cümhuriyyəti 1918-1920 (PDF). Bakı: Elm. 1998. 18 fevral 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 fevral 2017.
- Çəmənzəminli Y.V. Müstəqilliyimizi istəyiriksə. B., 1994, 72 s
- Çəmənzəminli Y.V. Biz kimik və nə istəyirik? B., 1919.
- "Azərbaycan Xalq Cümhuriyyəti - Bayraq". Preslib (azərb.). İstifadə tarixi: 10 iyul 2016.
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.
- "ÜÇRƏNGLİ BAYRAĞIMIZIN MƏNASI". musavat.com. İstifadə tarixi: 13 November 2015.
- ↑ "World War I: Battle for Baku". www.historynet.com. www.historynet.com. 18 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2017.
- Yale, William (1968) Near East: A Modern History p. 247
- Dadyan, Khatchatur(2006) Armenians and Baku, p. 118
- Milman A. İnqilabdan əvvəlki Azərbaycanda özünüidarə orqanları necə seçilirdi. B., 1961, 64 s
- ↑ Qafarov, Vasif. . www.visions.az. www.visions.az. 2018-04-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2017.
- Ratqauzer Y.A. Şura Azərbaycanı uğrunda mübarizə. B., 1929, 116 s
- Rüstəmbəyli M. Çarpışan qüvvələr. B., 1991, 184 s.
- Nəsibzadə N. ADR (məqalə və sənədlər). B., 1990, 94 s
- Nəsibzadə N. Azərbaycanın xarici siyasəti (1918- 1920). B„ 1996.
- Yaqublu N. Müsavat Partiyasının tarixi. В., 1997, 327 s
- Nəzirli Ş. Arxivlərin sirri açılır. B., 1999, 411 s.
- Nəzirli Ş. Qacarlar. B., 1995.
- Məhərrəmov N. Daşnaksityun və Azərbaycanın taleyi. B., 1995, 95 s.
- Məmmədov X. Azərbaycan milli hərəkatı (1875- 1918). B„ 1996, 174 s
- Məmmədzadə M.B. "Milli Azərbaycan hərəkatı". Bakı, 1992, səh. 246
- İstiqlal qurbanları. B., 1993, 35 s.
- Milman A.Ş. Bakı Soveti Azərbaycanda proletar diktaturası orqanıdır (oktyabar 1917-iyul 1918). B., 1957.
- Karlinski V. Sosializm uğrunda mübarizə. В., 1934, 262 s
- Yefremov M.Q. Baki yollarinda. Bax:Sovet hakimiyyəti uğrunda xatirələr. В., 1967, s.92-97.
- Zeynaloğlu C. Müxtəsər Azərbaycan tarixi. B., 1992, 142 s.
- Miralıyev T. Gəncə və Qazax qəzalarında kəndlilərin inqilabi hərəkatında bolşeviklərin rəhbərliyi (1917- 1920). B., 1963, 88 s.
- Mirhadıyev M. Kapitalizmdən sosializmə keçid dövründə Azərbaycanda proletariat diktaturası dövlətinin təşkili və inkişafı (1917-1937). B., 1975, 106 s.
- Miralıyev T. Azərbaycanda qızıl qvardiyaçılar və qırmızı partizanlar. B., 1970, 130 s.
- Quliyev С.В. Lenin və Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi və möhkəmləndirilməsi uğrunda mübarizə. B., 1957, 74 s
- Atakişiyev A. Oktyabr inqilabı Azərbaycan fəhlə sinfinə nə verdi? B., 1957, 90 s