Əlimərdan bəy Topçubaşov
Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov (Topçubaşı) (4 may 1862, Tiflis, Qafqaz canişinliyi – 8 noyabr 1934, Paris, Fransa) — Azərbaycanın görkəmli siyasi xadimi. Diplomat, hüquqşünas. Çar Rusiyasında Birinci Dövlət Dumasının üzvü (1905), Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü (1917), Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri (1918–1920).
Əlimərdan bəy Topçubaşov | |
---|---|
Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov | |
Sələfi | Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası Rəyasət Heyətinin Sədri kimi |
Xələfi | vəzifə ləğv edilib |
Sələfi | Məmmədhəsən Hacınski |
Xələfi | Fətəli xan Xoyski |
Şəxsi məlumatlar | |
Partiya | |
Təhsili |
|
Doğum tarixi | 4 may 1862 |
Doğum yeri | |
Vəfat tarixi | 8 noyabr 1934 (72 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Ələkbər bəy Topçubaşov |
Anası | Sevər xanım Vəkilova |
Həyat yoldaşı | Pəri xanım Topçubaşova |
Uşaqları | Ələkbər bəy Topçubaşov Ənvər bəy Topçubaşov Sara xanım Sultanoğlu Sevər xanım Topçubaşova Rəşid bəy Topçubaşov |
| |
Həyatı
Əlimərdan bəy Topçubaşov 1863-cü ildə Tiflis şəhərində qulluqçu ailəsində dünyaya gəlmişdir. Anası Sevər xanım Vəkilova Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundan idi. İlk təhsilini I Tiflis gimnaziyasında almış və 1884-cü ildə oranı müvəffəqiyyətlə bitirərək Peterburq Universitetinin tarix-filologiya fakültəsinə daxil olmuşdur. Lakin birinci semestrdən sonra o, hüquq fakültəsinə keçmiş və 1888-ci ildə oranı müvəffəqiyyətlə bitirərək hüquq elmləri namizədi adını almışdır. Peterburq Universitetinin hüquq fakültəsinin Elmi Şurası Ə.Topçubaşovun mülki hüquq kafedrasında saxlanması və professor vəzifəsi almaq üçün hazırlaşması haqqında qərar qəbul etmişdir. Lakin bu qərar yalnız Əlimərdan bəy Topçubaşov provaslavlığı qəbul etdikdə qüvvədə ola bilərdi. Əlimərdan bəy Topçubaşov provaslavlığı qəbul etməkdən imtina etdi və universitet haqqında çar qanunu xristian olmayan Ə.Topçubaşova müvafiq vəzifəni tutmağa icazə verməmişdir.
Ə.Topçubaşov bu hadisədən sonra Tiflisə gələrək məhkəmədə, vəkil vəzifələrində çalışmış, Tiflis geodeziya məktəbində hüquqdan dərs demişdir.
8 noyabr 1934 cü ildə Paris ətrafında, vəfat etmiş, Əlimərdan bəy Topçubaşovun məzarı Sen Klu şəhər qəbirstanlığında yerləşir.
Şəcərəsi
Ata şəcərəsi
- Əlimərdan bəy Topçubaşov
- Ələkbər bəy Topçubaşov (1820–1868) — Podporuçik
- Mirzə Cəfər Topçubaşov (1790–1869) — pedaqoq, şair, şərqşünas alim. Sankt-Peterburq universitetinin professoru.
- Əlimərdan bəy Topçubaşı
- Əliəkbər bəy Topçubaşı
- Əlimərdan bəy Topçubaşı
- Mirzə Cəfər Topçubaşov (1790–1869) — pedaqoq, şair, şərqşünas alim. Sankt-Peterburq universitetinin professoru.
- Ələkbər bəy Topçubaşov (1820–1868) — Podporuçik
Ana şəcərəsi
- Əlimərdan bəy Topçubaşov
- Sevər xanım Vəkilova
- Məhəmmədhəsən bəy Vəkilov
- Sevər xanım Vəkilova
Fəaliyyəti
1896-cı ildə Bakıya gələn Ə.Topçubaşov vəkilliklə məşğul olmuş və bir sıra mürəkkəb məhkəmə proseslərini udmuşdur. Bu nailiyyətlər şəhər əhalisi içərisində ona böyük nüfuz və hörmət qazandırmışdır. O, 1897-ci ildən 1917-ci ilin axırlarına kimi "Kaspi" qəzetinin yaradıcılarından və redaktorlarından biri olmuşdur. Bu illərdə onun yuzlərlə məqalələri dərc edilmişdir. Həmin məqalələrdə Ə.Topçubaşov Azərbaycanın bir neçə şair, yazıçı, dramaturq, görkəmli ziyalıları və şəxsləri haqqında elmi əhəmiyyətli, nəzəri, Rusiya imperiyasında yaşayan müsəlmanların vəziyyəti, çarizmin ayrı-seçkilik siyasətini pisləyən publisistik məqalələrlə çıxış etmişdir.
Ə.Topçubaşov jurnalistliyə başladığı dövrdən Bakının siyasi və ictimai mübarizə səhnəsinə daxil olmuş, ömrünün sonuna kimi bu mübarizənin ön sıralarında getmiş və onun başçılarından birinə çevrilmişdir. 1905–1907-ci illər rus inqilabı dövründə Azərbaycanın bir çox ziyalısı, o cümlədən Ə.Topçubaşov xalqın azadlıq mübarizəsinə qoşulmuşdur. O bu dövrdə çar hökumətinə zəhmətkeşlərin mənafeyini müdafiə edən bir sıra petisiyalar yazmış, iclas, yığıncaq, mitinqlərdə çıxış etmiş, Bakı Dumasının üzvü, sonralar sədri olmuş, Rusiyada yaşayan müsəlmanların vahid təşkilatının – "İttifaqi-əl-Müslimin" yaradılması və fəaliyyətində iştirak etmiş, onun proqram sənədlərini tərtib etmiş, Nijni-Novqorodda, Sankt-Peterburqda keçirilmiş I–IV qurultaylar demək olar ki, onun sədrliyi ilə keçmiş, "İttifaqi-əl-Müslimin" qurultaylar tərəfindən seçilmiş MK-nın daimi bürosunun üzvü olmuşdur.
1905-ci ilin sentyabrında çarizm Bakı proletariatını inqilabi mübarizədən çəkindirmək məqsədilə neft sənayeçiləri ilə fəhlə nümayəndələrinin müşavirəsini keçirməyə icazə verdi. Müşavirəyə nümayəndələr göndərmək üçün seçkilər keçirildi. Müşavirəyə seçilən nümayəndələr arasında Ə.Topçubaşov da olmuşdur. Müşavirə sentyabrın 30-da Sankt-Peterburqda açılmış və Ə.Topçubaşov müşavirədə Bakı fəhlələrinin acınacaqlı vəziyyəti haqqında məlumat verərək onların mənafeyini müdafiə etmişdir inqilabi mübarizəsinin getdikcə qüvvətləndiyindən qorxan çarizm 1905-ci ilin dekabrında Dövlət Dumasına seçkilər haqqında qanun çıxardı. 1906-cı ilin mart-aprel aylarında Bakı və Yelizavetpol quberniyalarında ilk dəfə olaraq Dövlət Dumasına seçkilər keçirildi.
Azərbaycandan Birinci Dövlət Dumasına İsmayıl xan Ziyadxanov, M.Əliyev, Ə.Xasməmədov və b. yanaşı Ə.Topçubaşov da seçilmişdir. 1906-cı il aprelin 27-dən iyulun 8-nə qədər Sankt-Peterburqda Birinci Dövlət Duması fəaliyyət göstərmişdir. Ə.Topçubaşov Dumada müzakirə edilən bir sıra məsələlərin müzakirəsində iştirak etmiş, hökumətin aqrar və köçürmə siyasətini pisləmiş, Rusiyadakı azsaylı xalqlara, əsasən müsəlmanlara muxtariyyət verilməsi tələbinin tərəfdarı olmuşdur. Dövlət Dumasında Rusiyanın müsəlman əyalətlərinin deputatları bilavasitə Ə.Topçubaşovun başçılığı ilə Müsəlman fraksiyası yaratmışlar. Çar hökuməti onun fəaliyyətini tənqid edən inqilabi mövqeli Dumanı 72 gündən sonra qovdu. 200-ə yaxın deputat Dumanın qovulmasına etiraz edərək 1906-cı il iyulun 9–10-da Vıborqda iclas keçirdilər və "Vıborq müraciətnaməsi"ni qəbul etdilər. Bu müraciətnaməni imzalayanlardan biri də Ə.Topçubaşov olmuşdur. Ə.Topçubaşovun siyasi və ictimai fəaliyyəti 1917-ci illər Fevral inqilabından və Oktyabr çevrilişindən sonra daha da genişlənmiş və o, Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizəyə var qüvvəsi ilə qoşulmuşdur.
1917-ci il martın 5-də Bakıda İctimai təşkilatların Şurası və onun İcraiyyə Komitəsi yaradıldı. Məmmədhəsən Hacınski, İ.Frolov, İ.Heydərov və b. ilə yanaşı Ə.Topçubaşov da Komitənin tərkibinə daxil oldu. İyul ayında isə Komitənin 33 nəfərdən ibarət yeni heyət təşkil olundu. Ə.Topçubaşov yeni Komitənin sədri seçilmişdir. 1917-ci il martın 29-da Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi təşkil edildi. Onun tərkibinə Məhəmməd Əmin Rəsulzadə, Məmmədhəsən Hacınski, Ə.Topçubaşov və b. seçildi. Bu təşkilatın rəhbərlərinin gərgin əməyi və fəaliyyəti nəticəsində 1917-ci il aprelin 15–20-də Bakıda Ümumqafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultay Ə.Topçubaşovun sədrliyi altında keçdi. O, sədr kimi ilk çıxışında çar hökumətinin xalqlara qarşı apardığı zidd siyasəti pisləyərək dedi ki, köhnə rus hökumətinin Rusiyada yaşayan qeyri-rus xalqlara münasibətdə yeritdiyi siyasət parçalamaq siyasəti olmuşdur, bu vaxtilə ermənilər və müsəlmanlar arasında özünü göstərmişdir. 1917-ci il avqustun 12–15-də Moskvada Dövlət müşavirəsi çağırıldı. Müvəqqəti hökumətin çağırdığı bu müşavirəyə Rusiyanın müxtəlif yerlərindən gəlmiş 34 müsəlman nümayəndə arasında Azərbaycan nümayəndəsi – Ə.Topçubaşov da var idi.
Avqustun 13-də Moskva müşavirəsinin müsəlman nümayəndələrinin iclası keçirildi. Burada müşavirədə çıxış edəcək nümayəndənin məruzəsini hazırlayacaq komissiya təşkil edildi. Komissiya məruzəni hazırlamağı və nitq söyləməyi Ə.Topçubaşova tapşırdı. Ə.Topçubaşov müşavirədəki nitqində qeyd etdi ki, Rusiyada yaşayan müsəlmanlar çarizmin devrilməsini alqışlayır, hər yerdə demokratik əsaslarla yaranmağa başlamış ictimai və siyasi təşkilatları, inqilabi nailiyyətləri – azadlıq, bərabərlik və qardaşlığı qoruyur və möhkəmləndirirlər. 1917-ci il sentyabrın 5–6-da və 12-də Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin növbəti iclası çağırıldı. İclasda Komitənin sədri Ə.Topçubaşov, sədrin müavinləri Məhəmməd Əmin Rəsulzadə və Fətəli xan Xoyski seçildi. Oktyabr-noyabr aylarında isə Ə.Topçubaşov ümumi seçki hüququ əsasında Bakı Şəhər Dumasına keçirilmiş seçkilərdə iştirak etmiş və Dumaya üzv seçilmişdir.
Ə.Topçubaşov 1918-ci il 30 mart-1 apreldə Bakıda bolşevik və daşnakların sovet hakimiyyətini müdafiə bayrağı altında azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğın zamanı onun tezliklə yatırılmasına çalışanlardan, aprelin 1-də A.Caparidzenin başçılıq etdiyi "sülh konfransı"nın iştirakçılarından və İnqilabi Müdafiə Komitəsinin tələblərini qəbul edənlərdən biri olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını böyük sevinclə qarşılayan Ə.Topçubaşov Fətəli xan Xoyskinin 1918-ci ilin iyununda təşkil etdiyi II kabinədə portfelsiz nazir, oktyabrında isə xarici işlər naziri vəzifəsinə təyin edilmişdir. AXC yarandığı gündən etibarən bir hüquqşünas alim kimi onun dünya ölkələri tərəfindən tanınması, diplomatik əlaqələrinin yaranması sahəsində var qüvvəsilə çalışmışdır. Azərbaycan hökuməti Osmanlı imperiyası və onun vasitəsilə Avropa ölkələri ilə diplomatik əlaqələr yaratmaq məqsədilə Ə.Topçubaşovu fövqəladə səlahiyyətli nazir kimi İstanbula göndərmişdir. F.Xoyskinin o dövrlərdə İstanbulda olan Azərbaycan nümayəndəliyinin sədri Məhəmməd Əmin Rəsulzadəyə göndərdiyi teleqramda oxuyuruq: "Hökumətin 1918-ci il 20 avqust qərarı ilə Azərbaycan hökumətinin üzvü Əlimərdan bəy Topçubaşov Osmanlı imperator hökumətinə Azərbaycan Respublikasının mənafeyinə aid bütün məsələlər üzrə fövqəladə səlahiyyətli nazir kimi göndərilir".
1918-ci il avqustun 23-də Gəncədən yola düşən Ə.Topçubaşov Tiflis, Batum marşrutu ilə hərəkət edərək, çox çətinliklərdən sonra sentyabrın axırlarında İstanbula çatmışdır. Ə.Topçubaşov Türkiyəyə gəldikdən sonra qısa müddətdə, yəni 1918-ci ilin oktyabr-noyabr aylarında Osmanlı sultanı, bir neçə nazir və diplomatla görüşmüş, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumatlar vermiş və müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparmışdır. Mudros müqaviləsinin Azərbaycana aid hissəsi ilə əlaqədar olaraq Türkiyə Xarici İşlər Nazirliyinə etiraz notası vermişdir. O, göstərirdi ki, müqavilə "Azərbaycanın işğalını asanlaşdırır və bu, ölkəni təhlükə qarşısında qoyur… Azərbaycan Respublikasına məxsus olan dəmiryollarının xarici dövlətə güzəştə gedilməsi beynəlxalq hüquqla bir araya sığmır".
Azərbaycan parlamentində fəaliyyəti
1918-ci il dekabrın 7-də ölkədə yaranmış çox ağır siyasi şəraitdə Azərbaycan parlamenti fəaliyyətə başladı. Milli Şuranın və Müsavat Partiyasının sədri Məhəmməd Əmin Rəsulzadə parlamenti açaraq bu münasibətlə onun üzvlərini təbrik etdi və onları xalqın mənafeyinin və əmin-amanlığının müdafiəçisi olmağa çağırdı. Eyni zamanda M.Rəsulzadə parlamentin sədrinin və müavinin seçilməsini təklif etdi. İstanbulda olmasına baxmayaraq, Azərbaycanda, o cümlədən bütün Qafqazda məşhur olan və hörmət qazanmış Ə.Topçubaşov yekdilliklə Azərbaycanın ilk parlamentinin sədri seçilmişdir. Tarixçi F.Kazımzadənin yazdığı kimi: "Parlamentin prezidenti seçilən Ə.Topçubaşov yüksək təhsilli hüquqşünas, öz görüşlərində dözümlü idi". Dekabrın 28-də isə parlament Paris sülh konfransına gedəcək nümayəndə heyətinin tərkibini seçdi. Bu tərkibə Ə.Topçubaşov (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Ə.Şeyxülislamov, Əhməd bəy Ağayev, M.Məhərrəmov, C.Hacıbəyli və M.Mehdiyev daxil oldu. 1919-ci il yanvarın 20-də Paris sülh konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyəti İstanbula gəldi. Lakin Fransa hökuməti onların Parisə gəlməsinə viza vermədi. Bu zaman Ə.Topçubaşov Türkiyə, İran, Rusiya, ABŞ, Böyük Britaniya, Fransa diplomatları və nümayəndələri ilə görüşlər keçirmiş, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumat vermiş, Azərbaycanın bir müstəqil dövlət kimi öz ölkələri tərəfindən tanınmasına köməklik göstərmələrini xahiş etmişdir. Parisə təkcə Azərbaycan nümayəndələri deyil, Don, Kuban, Dağlılar İttifaqının, Ukrayna və Gürcüstan nümayəndələrinin bir hissəsi də buraxılmamışdı. Onlar da İstanbulda idi. Bu ölkələrin nümayəndələri Parisə viza almaq üçün birlikdə mübarizə aparmağa başladılar. Ə.Topçubaşovun başçılığı ilə memorandum hazırlandı və nümayəndələr onu imzalayıb İstanbulda olan Böyük Britaniya ali komissarı admiral Vebbə təqdim etdilər. Gərgin mübarizədən düz üç ay sonra, yəni 1919-cu il aprelin 22-də Azərbaycan nümayəndə heyəti Ə.Topçubaşovun rəhbərliyi ilə Parisə yola düşdü. May ayının əvvəllərində Parisə gələn Azərbaycan nümayəndələri bir ay ərzində Polşa, Gürcüstan, İran, ABŞ, İngiltərə və s. ölkələrin nümayəndə heyətləri ilə görüşmüş və siyasi-iqtisadi vəziyyətlə əlaqədar söhbətlər aparmışlar. Bu bir ay ərzində Ə.Topçubaşovun başçılığı ilə Azərbaycan nümayəndələrinin ən başlıca müvəffəqiyyətlərindən biri dövrünün görkəmli siyasi xadimi ABŞ prezidenti Vudro Vilsonla görüşü olmuşdur.
Azərbaycandan kənarda fəaliyyəti
1918-ci il avqustun 23-də Gəncədən çıxaraq Tiflisə yola düşmüş, burada Gürcüstan hökumətinin rəhbərləri və Osmanlı nümayəndəsi Əbdül Kərim Paşa ilə görüşlər keçirmişdir. Sentyabr ayının 28-də İstanbula gələn Əlimərdan bəy oktyabrın 2-də Osmanlı sultanı VI Mehmedin qəbulunda olmuşdur. O, danışıqlar zamanı qeyd etmişdi ki, azərbaycanlıları çoxlu istəməyənlər vardır, lakin azərbaycanlılar heç vaxt düşmənlərdən qorxmamışlar, çünki bilirlər ki, onların böyük dostu vardır. "Dost yox, qardaş!", -deyə Sultan söhbətə başlamış və bildirmişdi ki, bütün türklər azərbaycanlıların qardaşıdır və bu qardaşlıq əbədi olmalıdır.
Topçubaşov Sədr-Əzəm Tələt Paşa ilə görüşündə türk əsgərlərinin Bakının azad edilməsində iştirakına görə Azərbaycan hökuməti adından təşəkkür edərək Azərbaycanda və ümumiyyətlə, müsəlmanlar arasında məzhəbçiliyin qızışdırılmasının Rusiyanın ənənəvi siyasəti olduğunu göstərmiş və uzaqgörənliklə bildirmişdi ki, Rusiyadakı indiki hökumət də həmin siyasəti yeridir və bolşeviklər müsəlmanlara düşmən münasibətlərini Bakıda törətdikləri hərəkətləri ilə sübut etdilər. Tələt Paşa öz növbəsində demişdi ki, bizim yalnız bir arzumuz, yəni Rusiya imperiyasının dağılması yerinə yetmişdir. Bu, həm bizim, həm sizin, həm də ki, bütün Qafqaz və Rusiya xalqları üçün yaxşı nəticədir. Bundan səmərəli istifadə etmək üçün azərbaycanlılar, ermənilər və gürcülər öz aralarında olan kiçik ziddiyyət və narazılıqları unudub, səmimi əlaqələr yaratmalıdırlar.
Əlimərdan bəy erməni xislətinə dərindən bələd olduğunu danışıqlar zamanı nümayiş etdirmişdi. O, söyləmişdi ki, bu xoş məqsədə nail olmağın böyük çətinlikləri vardır. Əgər gürcülərlə sülh yolu ilə keçinmək mümkünsə, ermənilərlə çox çətindir. Nə qədər ölkə var, onların o qədər oriyentasiyası var. İstanbulda sizə öz məhəbbət və sədaqətlərini bəyan edirlər, Berlində almanlara. Görüş əsnasında Osmanlı xarici işlər naziri Əhməd Nəsim bəy Qafqaz respublikalarının öz aralarında olan ixtilafları aradan qaldırmağın, qarşılıqlı razılıq əsasında sərhədləri müəyyənləşdirməyin zəruriliyini Topçubaşova söyləyərkən o, ermənilərlə bir yerdə işləməyin qeyri-mümkünlüyünü əsaslandırmış və demişdi ki, ermənilərin iştahası çox böyükdür və həm də bu iştahı özgələrin, ilk növbədə bizim hesabımıza doydurmaq istəyirlər. Onlar demək olar ki, bütün ölkələrin paytaxtlarında bizə qarşı təbliğat aparıb bizim millətin öz dövlət həyatını qurmağa qadir olmadığını və qonşu xalqlarla sülh şəraitində yaşamağı bacarmadığına dair saxta məlumatlar yayıb Azərbaycanın mənafeyinə ziyan vururlar. Buna görə də Avropa paytaxtlarında nümayəndəliyimizin olması bizim üçün zəruridir. Hərbi nazir Ənvər Paşa ilə danışıqlar zamanı Azərbaycan ordusu üçün hərbi kadrların hazırlanması, silah və hərbi sursat təchizatı ilə bağlı məsələlər, xalq maarifi nazirinin müavini ilə görüşdə azərbaycanlı gənclərin Türkiyəyə oxumağa göndərilməsi məsələsi müzakirə edilmişdi. Əlimərdan bəy Şeyxülislamla görüşündə yüzillik rus müstəmləkəçiliyinin Azərbaycan mənəviyyatına vurduğu zərbəni qeyd edərək sünni-şiə ədavətinin qızışdırılmasının ənənəvi rus siyasəti olduğunu göstərmiş və Rusiya imperatoru I Pyotrun vəsiyyətlərini misal gətirmişdi. Əlimərdan bəyin oktyabr ayı ərzində İstanbulda Osmanlı dövlətinin rəsmi nümayəndələri ilə keçirdiyi görüşlər, apardığı diplomatik danışıqlar Azərbaycan Respublikasının beynəlxalq vəziyyətinə müsbət təsir göstərdi. 1918-ci ilin payızında Almaniya, Türkiyə, Avstriya-Macarıstan və Bolqarıstanın daxil olduğu Dördlər İttifaqı Birinci dünya müharibəsində məğlubiyyətə uğramışdı. Odur ki, oktyabrın 30-da Osmanlı dövləti Mudros barışığının ağır şərtlərinə imza atmağa məcbur olmuşdu. Həmin sazişin 11-ci maddəsinə görə, türk ordusu tezliklə Cənubi Azərbaycan və Transqafqazı tərk etməli, Azərbaycanda olan Osmanlı dəstələri bir həftədən gec olmayaraq Bakıdan, bir aydan gec olmayaraq bütün Azərbaycandan çıxmalı idi. 15-ci maddəyə görə, Türkiyə Zaqafqaziya Dəmir yolu üzərində nəzarət hüququnu Antantaya verməli və müttəfiqlərin Bakını tutmasına heç bir etiraz etməməli idi.
Noyabrın 4-də Topçubaşov Mudros barışığının Azərbaycana aid hissəsi ilə bağlı Osmanlı hökumətinin xarici işlər nazirinin müavininə etiraz notası verdi. O, Bakı şəhəri haqqında maddənin Mudros barışığına daxil edilməsinin beynəlxalq hüquqa zidd olmasını, Azərbaycanın ingilislər tərəfindən işğal edilməsinin asanlaşmasına xidmət etdiyini bildirdi və dedi ki, bu, birbaşa olmasa da, dolayı yolla o deməkdir ki, gedin Bakını götürün. Türkiyə Xarici İşlər Nazirliyi isə cavab notasında bildirirdi ki, Antanta ilə barışıq şərtlərini yerinə yetirərkən sultan hökuməti ingilis qoşunlarının Bakını tutması ilə bağlı yarana biləcək münaqişədən kənarda qalmaq istəyir. 1918-ci ilin noyabrında Türkiyənin ardınca Almaniya Birinci dünya müharibəsində məğlub oldu və kayzer II Vilhelm hökuməti devrildi. Almaniya onunla bağlanmış sülhün şərtlərinə görə, öz qoşununu Gürcüstandan çıxarmalı idi.
Mudros müqaviləsinə əsasən Azərbaycan ərazisi ingilis qoşunlarının işğal zonasına daxil edilmişdi. Odur ki, Əlimərdan bəy oktyabrın 31-də İstanbuldan Baş nazir Fətəli xan Xoyskiyə yazdığı məktubunda təcili surətdə Rəşt və Ənzəlidə olan ingilislərlə danışığa girməyi və Milli Şuranın çağırılmasını məsləhət görmüşdü. Bu çağırışa cavab olaraq Nəsib bəy Yusifbəyli, Əhməd bəy Ağayev və Musa bəy Rəfiyevdən ibarət nümayəndə heyəti noyabrın əvvəlində Böyük Britaniyanın Şimali İran ordusunun komandanlığı ilə görüşmək üçün Ənzəliyə yola düşmüşdü. 1918-ci il noyabrın 17-də general Tomsonun başçılığı ilə ingilis qoşunları Bakıya daxil oldu. Həminn vaxt İstanbulda Antanta-Fransa, İngiltərə, Amerika, İtaliya, Yunanıstan və Yaponiya diplomatik nümayəndələrinə təqdim edilmiş memorandumun müəllifi olan Topçubaşov Azərbaycan hökuməti adından əsrlər boyu qonşuluq etmiş erməni və gürcü xalqları ilə daha da yaxınlaşmağın, bu xalqların bir konfederasiyada birləşməsinin mümkün hesab edildiyini bildirdi.
Noyabr ayından başlayaraq, dünya müharibəsinin nəticələrini təsbit etmək, qalib ölkələrin əldə etdiyi qələbəni rəsmləşdirmək, müharibədən sonrakı vəziyyəti tənzimləmək və mübahisəli məsələləri həll etmək üçün beynəlxalq sülh konfransına ciddi hazırlıq gedirdi. Versal sülh konfransının əsas təşkilatçıları Birinci dünya müharibəsində qələbə çalmış Antanta bloku olan Fransa, İngiltərə, ABŞ, İtaliya və Yaponiya idi. Azərbaycan hökumətinin nümayəndələri hələ 1918-ci ilin noyabrında Ənzəlidə Müttəfiq qoşunların baş komandanı general V.Tomsonla danışıqlar zamanı Azərbaycanın beynəlxalq sülh konfransında iştirak edəcəyinə təminat almışdılar. Topçubaşov erməni və gürcü nümayəndələri ilə təmasda olub əlaqələri möhkəmləndirməyi və Azərbaycanın konfransa hazırlaşmasını zəruri hesab edirdi. O, Paris sülh konfransında etimad qazanmaq üçün Qafqaz, yaxud Transqafqaz konfederativ nümayəndəliyi yaratmağı təklif edib yazırdı ki, bu, hələlik yeganə çıxış yoludur. İstanbulda olarkən noyabr-dekabr aylarında Osmanlı nümayəndələri ilə yanaşı Ukraynadan Sukvçin, İrandan Mirzə Mahmud xan, İngiltərədən Tampl, Rusiyadan P.Milyukov, ABŞ-dan diplomatik nümayəndə Braunla apardığı danışıqlarda müharibənin qurtarması ilə bağlı dünyada yaranmış yeni şərait və Azərbaycanın beynəlxalq vəziyyətini müzakirə etdi və həmin dövrdə Azərbaycan həqiqətlərinin dünya ölkələrinə çatdırılmasında öz geniş və əhatəli fəlsəfi və hüquqi görüşləri ilə mühüm rol oynadı.
Onun uzaqgörən məsləhəti ilə noyabrın 16-da Azərbaycan Milli Şurası beş aylıq fasilədən sonra Bakıda yenidən fəaliyyətə başladı və noyabrın 19-da keçirdiyi ikinci iclasda Azərbaycan parlamentinin yaradılması haqqında qanun qəbul etdi. Nəhayət, 1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan parlamentinin açılışı oldu. Bu, ölkənin istər daxili, istərsə də beynəlxalq həyatında çox mühüm hadisə idi. Parlamentin açılışında 120 deputatdan 96-sı iştirak edirdi. Ciddi müzakirələrdən sonra Türkiyədəki diplomatik nümayəndə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev sədrin birinci müavini, Rəhim bəy Vəkilov isə katib seçildi. Heç bir partiyanın üzvü olmayan Əlimərdan bəy dövrünün görkəmli siyasi xadimi, diplomatı, geniş dünyagörüşə malik demokratik ruhlu ziyalısı olması, həmçinin dünyaya baxışı, hadisələrə hərtərəfli və obyektiv qiymət verməsi səbəbindən özü Türkiyədə olsa belə məsuliyyətli bir vəzifəyə seçilmişdi. Parlamentin ilk tədbirlərindən biri Paris sülh konfransına səlahiyyətli nümayəndə heyəti göndərməkdən ibarət idi. Bu nümayəndə heyəti qarşısında Azərbaycanın istiqlaliyyətinin Avropa ölkələri tərəfindən tanınması kimi tarixi vəzifə dururdu. Dekabrın 28-də parlamentin seçdiyi nümayəndə heyətinin tərkibinə Ə.Topçubaşov (sədr), Məmmədhəsən Hacınski (müavin), Ə.Şeyxülislamov, Ə.Ağayev, M.Məhərrəmov, C.Hacıbəyov və M.Mehdiyev daxil oldu.
1919-cu il yanvar ayının 20-də Paris sülh konfransında iştirak edəcək nümayəndə heyəti İstanbula gəldi. Azərbaycan nümayəndələrinin gəlişinə qədər Topçubaşov mühüm işlər görmüşdü. Belə ki, İstanbulda olan müttəfiqlərin və neytral ölkələrin nümayəndələri ilə görüşmüş, onlara Mudros sazişi ilə bağlı Azərbaycan Respublikasının etiraz notasını təqdim etmiş, Amerika diplomatik nümayəndəsi Naesk ilə görüşündə ABŞ pezidenti Vudro Vilsonun "on dörd sülh prinsipi"nin Azərbaycana şamil edilməsini, respublikanın istiqlaliyyətinin ABŞ tərəfindən tanınmasına köməklik göstərməsini xahiş etmişdi. Eyni zamanda, ağqvardiyaçı Kolçak və Denikin hökumətinin nümayəndəsi, tanınmış rus diplomatı S.Sazonovla görüşündə Azərbaycanın Rusiya əsarətindən qurtarıb müstəqil respublika yaratdığını və Rusiyanın daxili işlərinə qarışmayacağını əsaslandırdı. Topçubaşovun İranın xarici işlər naziri Əliqulu xan Ənsari ilə danışığından sonra İran tərəfinin düşmənçilik mövqeyini bir qədər yumşaltmaq mümkün oldu.
Avropa və Amerikada ermənilərin Azərbaycana qarşı apardığı təbliğat kompaniyasının gedişində ya Azərbaycan adlı dövlətin mövcud olmadığı əsaslandırılır, ya da Azərbaycan Antantaya qarşı vuruşaraq məğlub olmuş Osmanlı dövlətinin ayağına yazılırdı. Müttəfiqlərin rəhbər xadimlərinə Azərbaycan haqqında qərəzli məlumatlar verilirdi. İlk addım kimi onlar Əhməd bəy Ağayevin İttihad və Tərəqqi komitəsinin üzvləri ilə birlikdə həbs edilib ingilislərin nəzarəti altında olan Malta adasına sürgün edilməsinə nail oldular. Topçubaşov və Ağayevə qarşı qaldırılmış kompaniya heç də təsadüfi deyildi, çünki ermənilər çox yaxşı bilirdilər ki, onlar Qafqazda milli məsələni gözəl bilən, məhdud millətçilikdən uzaq geniş demokratik dünyagörüşə malik tanınmış ziyalılar idi. Bu xadimlər hələ 1905-ci ildə ermənilərin azərbaycanlılara qarşı hərbi təcavüzündən sonra 1906-cı ildə ermənilərlə müsəlmanlar arasında Tiflisdə keçirilmiş sülh danışıqlarının iştirakçısı olmuşdular.
Ermənilərin və yeni yaradılmış ağ rus hökumətini təmsil edən nümayəndələrin təbliğatı öz işini gördü. Bu iki qüvvənin təsiri altına düşmüş Fransa hökuməti Azərbaycan nümayəndələrini Parisə buraxmamaq üçün müxtəlif bəhanələrə əl atırdı. Parisə, eyni zamanda, Don, Kuban, Dağlılar İttifaqıının, Ukrayna və Gürcüstan nümayəndələrinin bir hissəsi də buraxılmamışdı. Bu ölkələrin nümayəndələri Parisə viza almaq üçün birlikdə mübarizə aparmağa başladılar. Əlimərdan bəyin başçılığı ilə hazırlanmış memorandum imzalanaraq İstanbulda olan Böyük Britaniyanın ali komissarı admiral Vebbə təqdim edildi. Gərgin mübarizədən üç ay sonra, 1919-cu il aprelin 22-də Azərbaycan nümayəndə heyəti Topçubaşovun rəhbərliyi ilə Parisə yola düşdü. Mayın əvvəllərində Parisə gələn Azərbaycan nümayəndələri bir ay ərzində ABŞ, İngiltərə, İran, Polşa və digər ölkələrin nümayəndə heyətləri ilə ictimai-siyasi vəziyyətlə əlaqədar danışıqlar apardı. Bu bir ay ərzində Azərbaycan nümayəndə heyətinin ən başlıca müvəffəqiyyətlərindən biri dövrünün görkəmli siyasi xadimi, ABŞ prezidenti Vudro Vilsonla görüş olmuşdur. May ayının 2-də Vilsonun təşəbbüsü ilə ilk dəfə Azərbaycan məsələsi ABŞ, Böyük Britaniya, Fransa və İtaliya hökumət başçılarından ibarət Dördlər Şurasının iclasında müzakirə edildi. Vilson bildirdi ki, Azərbaycan Respublikasının nümayəndələri Versal sülh konfransına buraxılsınlar və Ə.Topçubaşov Azərbaycan nümayəndə heyətinin başçısı kimi tanınmalıdır.
Həmin heyətin ən əhəmiyyətli təbliğat işlərindən biri Topçubaşov, Ə.Ağayev və C.Hacıbəyli tərəfindən hazırlanmış "Qafqaz Azərbaycanı Respublikası nümayəndələrinin Paris sülh memorandumu" adlı 14 bölmədən ibarət, nisbətən böyük həcmdə olan sənədin yenidən işlənərək böyük tirajla fransız və ingilis dillərində çap edilməsi, diplomatik nümayəndəliklər və əlaqədar şəxslər arasında yayılması idi. Sənəddə qeyd olunurdu ki, "bu bir həqiqətdir ki, milyonlarla azərbaycanlını indiyə qədər heç kim tanımır, onların etnoqrafiyası: tarixi, ədəbiyyatı, həyat tərzləri indiyə qədər dərin tədqiqatın predmeti olmayıb. Azərbaycanda hakimiyyəti yüz il davam edən rus rejimi devrilmişdir. Bu rejim hər vasitə ilə Azərbaycan xalqını ruslaşdırmağa, onun milli xarakterini sıxışdırıb çıxarmağa çalışırdı."
1919-cu il mayın 28-də İstiqlal günü Vilson Azərbaycan nümayəndə heyətini qəbul etdi. Topçubaşov ABŞ prezidentinə Azərbaycanın, o cümlədən Qafqazın siyasi-iqtisadi vəziyyəti, azərbaycanlılar haqqında ətraflı məlumat, həmçinin Paris sülh konfransına təqdim ediləcək 3 maddədən ibarət memorandumu verdi. Təqdim olunmuş memorandumda AXC-nin yaranma tarixi, onun bir illik inkişaf yolu, istiqlal savaşında verdiyi qurbanlardan danışılır və göstərilirdi ki, bu yolda Azərbaycanın iki şəhəri və beş yüz kəndi dağılmış, Azərbaycan xalqı yüz mindən yüz əlli minə qədər qurban vermişdir. Daha sonra Azərbaycanın istiqlaliyyətinin tanınması, Vilson prinsiplərinin Azərbaycana aid edilməsi, Millətlər Cəmiyyətinə qəbul, ABŞ-ın Azərbaycana hərbi sahədə yardım etməsi və digər məsələlərdə Azərbaycan nümayəndə heyətinə köməklik göstərilməsi xahiş edilirdi. Bütün bunlara baxmayaraq ABŞ prezidenti Azərbaycan nümayəndə heyətini soyuq qarşılamış, sülh konfransının dünyanı kiçik hissələrə parçalamaq niyyətində olmadığını bildirdikdən sonra Azərbaycan nümayəndələrinə konfederasiya ideyasını müdafiə etməyi məsləhət görmüş, Millətlər Cəmiyyətinin mandatı ilə böyük dövlətlərdən birinin bu konfederasiya üzərinə qəyyumluğunun real çıxış yolu olduğunu demişdi. Parisdə olduğu ilk anlardan gərgin işləyən Əlimərdan bəy Azərbaycan hökumətinə göndərdiyi məlumatda qeyd edirdi ki, doğrudur, biz bura başqalarından gec gəlmişik, amma qüvvəmiz çatana qədər doğma Azərbaycanın mənafeyinin müdafiəsində dayanacağıq. O, eyni zamanda bildirirdi ki, bu konfransı sülh konfransı adlandırmaq olmaz. Müttəfiqlərin özünün də Rusiyanın və ondan ayrılmış hissələrin gələcəyinə aid müəyyən bir fikri olmasına inanmaq belə olmur. Bu fikrin meydana çıxması da məhz sülh konfransının kiçik xalqlara münasibətdə aydın mövqe tutmaması, onların taleyinə biganə münasibəti ilə bağlı idi.
Sülh konfransı boyu Vilson ermənilərin müdafiəçisi kimi çıxış etmişdir. Topçubaşov Bakıya göndərdiyi hesabatda erməni ziyalılarının Avropanın mərkəzində yarım əsrdən çox apardıqları iş nəticəsində xüsusilə son vaxtlar ermənilərə qarşı daha geniş rəğbət bəslənilməsini göstərirdi. Hər üç Qafqaz respublikasının müstəqilliyinin tanınması, onların gələcəkdə müstəqil dövlət kimi yaşaması bütövlükdə bu respublikaların əməkdaşlığından asılı idi. Odur ki, Əlimərdan bəy gürcü, erməni və dağlı nümayəndə heyətlərinin başçıları ilə görüşərək öz aralarında münasibətlərə dair danışıqlar apardı. Lakin erməniləri Qafqaz əməkdaşlığına cəlb etmək olduqca çətin idi.
1919-cu ilin payızından başlayaraq Azərbaycan nümayəndələri Parisdə təkcə siyasi və iqtisadi məsələlərlə deyil, eyni zamanda geniş təbliğat işləri ilə də məşğul olmuşdular. Onların fədakarlığı nəticəsində Azərbaycanın tarixi, iqtisadiyyatı, əhalisi, təbii sərvəti və siyasi vəziyyəti barədə ingilis və fransız dillərində kitabçalar seriyası hazırlanıb çap edilmiş, Avropa mətbuatına çıxmaq mümkün olmuşdu. Parisdə Azərbaycan nümayəndə heyəti İranla münasibətləri yaxşılaşdırmaq istiqamətində xeyli iş gördü. Belə ki, AXC yarandıqdan sonra İran Azərbaycana qarşı ərazi iddiaları irəli sürür və onun İran dövlətinə birləşdirilməsini tələb edirdi. Yalnız 1919-cu il avqustun 19-da Londonda ingilis-İran müqaviləsi bağlandıqdan sonra İran Azərbaycanla bağlı ərazi iddialarından əl çəkməyə məcbur oldu. 1919-cu il noyabrın 1-də Parisdə Azərbaycanla İran arasında Azərbaycanın müstəqilliyinin tanınması haqqında müqavilə bağlandı və iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasına dair razılıq əldə edildi. Bu müqavilənin bağlanması Azərbaycan diplomatiyasının beynəlxalq səhnədə qazandığı mühüm qələbəsi idi.
1920-ci il yanvarın 11-də lord Kerzonun təklifi ilə Paris konfransının Ali Şurası Azərbaycan və Gürcüstanın istiqlaliyyətinin de-fakto tanınması haqqında yekdilliklə qərar qəbul etdi. Yanvarın 15-də isə Azərbaycan nümayəndələri Topçubaşov və M.Məhərrəmov, Gürcüstan nümayəndələrindən İ.Sereteli və Z.Avalov Fransa Xarici İşlər Nazirliyinə dəvət edildilər. Nazirliyin birinci katibi Jül Kambon Azərbaycanın yanvarın 11-də Ali Şura üzvləri və müttəfiq dövlətlər tərəfindən de-fakto tanındığını bildirdi və Topçubaşova Paris Sülh konfransının rəsmi sənədini təqdim etdi. O, bunun üçün təşəkkürünü və Azərbaycan Respublikasının de-yure tanınmasını gözlədiklərini bildirdi. Azərbaycan Respublikasının dünyanın böyük dövlətləri tərəfindən tanınması Ə.Topçubaşovun başçılığı ilə Azərbaycan nümayəndələrinin uğurlu diplomatik fəaliyyətinin nəticəsi idi. Çətin və gərgin əməyin nəticəsində əldə edilmiş qələbə münasibətilə Ə.Topçubaşov Parisdən Azərbaycan Respublikasının baş naziri Nəsib bəy Yusifbəyova yazırdı: "Siyasət qədər çox elastik və dəyişkən heç nə yoxdur… bizim də azad və müstəqil yaşamaq ümidlərimizin möhkəmləndiyi bir dövr başlanır. Biz heç vaxt ümidimizi itirmirdik… Ona görə də belə hərəkət edirdik ki, xalqımızın müstəqil yaşaya biləcəyinə, hər hansı yolla olursa olsun müstəqillik əldə edəcəyimizə inanırdıq… Belə dəyərli xoşbəxtliyin qarşısında biz heç vaxt geri çəkilməmişik və çəkilməyəcəyik də, çünki biz bu səadətə bərabər olan heç nə tanımırıq".
Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimi Ə.Topçubaşov 1920–1934-cü illərdə Parisdə yaşamış, ictimai-siyasi fəaliyyətini davam etdirmiş, Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı, AXC-nin yaranması, ədəbi xadimlər haqqında kitab, qəzet və jurnallarda məqalələr yazmışdır. Siyasi mühacirətin görkəmli xadimlərindən biri kimi Ə.Topçubaşov Fransa rəsmi dairələrinin nümayəndələri ilə görüşərək Azərbaycanın işğalına son qoyulması uğrunda mübarizədə milli qüvvələrə yardım edilməsi məsələsini qaldırmış, ikitərəfli əlaqələrə dair problemləri müzakirə etmişdir. O,1920-ci il iyulun 5–16-da Spa (Belçika), 1921-ci il fevralın 21-dən martın 14-ə kimi keçirilən London (Böyük Britaniya), 1922-ci ilin aprel-may aylarında keçirilən Genuya (İtaliya) konfranslarında və b. iştirak etmişdir. Ə. Topçubaşov 1934-cü ilin 5 noyabrında Parisin Sen-Deni rayonunda vəfat etmiş və Müqəddəs Kloud qəbristanlığında dəfn olunmuşdur.
1920-ci ildə Rusiya bolşeviklərinin Azərbaycanı işğal etməsinə etiraz əlaməti olaraq Əlimərdan bəy (Paris Sülh konfransının digər azərbaycanlı üzvləri ilə birlikdə) soyadındakı "ov" sonluğundan imtina edərək Topçubaşi soyadını qəbul etmişdir.
Əlimərdan bəyin anası Sevər xanım Vəkilovlar nəslinə mənsub idi.
Xatirəsi
Əlimərdan bəy Topçubaşov haqqında "Qərib məzarlar" adlı film çəkilir.
Qalereya
Əlimərdan bəy Topçubaşov Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin toplantısında. Paris. Hôtel Claridge.1919
Ədəbiyyat
- Cəmil Həsənli, Tarixi şəxsiyyətin tarixi: Əlimərdan bəy Topçubaşov. Bakı, "ADA", 2013. ISBN 2000335297968
- Musa Qasımlı, Elmira Hüseynova. Azərbaycanın xarici işlər nazirləri. Bakı, Mütərcim, 2003; Yenidən işlənilmiş təkrar nəşr, Mütərcim, 201
Həmçinin bax
İstinadlar
- [1]
- Cəmil Həsənli (2013-04-20). "Əlimərdan bəy Topçubaşovun doğum tarixi ilə bağlı dəqiqləşdirmə" (azərb.). Azadlıq. 2017-06-14 tarixində . İstifadə tarixi: 2017-06-17.
- Görkəmli azərbaycanlılar
- Ramiz Abutalıbovun kolleksiyasından. "Topçubaşovlara məxsus Paris ətrafı Sen Klu şəhərindəki qəbirlərin şəkilləri". ourbaku.com. 2012-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-30.
- Topçubaşovun diplomatik manevrləri, Cümhuriyyət naminə etdiyi fədakarlıqlar. Əli Cəfəroğlu
- "Qərib məzarlar": Əlimərdan bəy Topçubaşov haqqında film çəkilir //Mədəniyyət.- 2015.- 21 avqust.- S.7.
Xarici keçidlər
- Vilayət Quliyev (2013-04-15). "Əlimərdan bəy Topçubaşovun təvəllüd tarixi haqda" (azərb.). 525.az. 2017-06-17 tarixində . İstifadə tarixi: 2017-06-17.
- Müsəllim Həsənov, , 2016. — 120 s. ISBN 978-9952-499-24-7