Paris məktubları
Paris məktubları - Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə 1919-cu ildə Parisə, Versal sülh konfransına göndərilmiş Azərbaycan Nümayəndə heyətinin sədri Əlimərdan bəy Topçubaşovun hökumətə ünvanlanmış rəsmi məlumatları toplanmışdır. Həmin məlumatlar Azərbaycan dilində ilk dəfə 1998-ci ildə çap olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin Nümayəndə heyəti Paris sülh konfransında
Müsəlman Şərqinin ilk respublikasının - Azərbaycan Cümhuriyyətinin taleyi təkcə onun öz xalqının deyil, həm də dünyanın böyük dövlətlərinin, dünya siyasətçilərinin istək və iradəsindən asılı idi. Bir əsrlik rus istilasından sonra Azərbaycan xalqı məhrumiyyətlər və şəhid qanları bahasına öz müstəqilliyinə qovuşmuşdu. Lakin bu müstəqilliyin tanınmamağı ölkəni və onun xalqını yenidən, bu dəfə bolşevik libasında peyda olmuş rus imperializminin müstəmləkəsinə çevirmək təhlükəsini meydana çıxarırdı. Azərbaycan Cümhuriyyətinin qurucuları ilk gündən həmin təhlükəni hiss edir və buna görə də hər vasitə ilə qarşılaşdıqları problemləri dünya dövlətlərinin və ictimaiyyətinin diqqətinə çatdırmağa çalışırdılar. Rusiya, Osmanlı və Avstriya-Macarıstan imperiyalarının dağıldığı, müstəqil dövlətlərin meydana çıxdığı, dünyanın siyasi xəritəsinin yenidən cızıldığı 1918-ci ildə bu xüsusilə vacib və əhəmiyyətli idi. Avropaya Azərbaycandan orta əsrlərdə də elçilər və nümayəndələr getmişdilər. Lakin onlar bir qayda olaraq öz padşahlarının, hökmdarlarının iradəsini Avropa monarxlarına çatdırmaq üçün yola çıxırdılar. Azərbaycan parlamentinin qərarı ilə Parisə göndərilən Nümayəndə heyəti isə ilk dəfə olaraq xalqın iradəsini, onun müstəqillik əzmini ifadə etmək üçün gedirdi.
Şair Məhəmməd Hadinin kədər və təəssüf dolu:
Qoymuş miləl imzasını övraqi-həyatə, Yox millətimin xətti bu imzalar içində |
deməsindən cəmisi bir neçə il keçirdi. Və bu bir neçə ilin içərisində sürətlə dəyişən, inkişaf edən, tarixi fürsətdən yararlanaraq öz milli dövlətini quran Azərbaycan xalqı "tarixin və həyatın səhifələrində" öz imzasını atmaq üçün Avropanın mərkəzinə - Parisə öz nümayəndələrini göndərirdi. Nümayəndə heyətinin ölkələr keçərək Parisdən Bakıya-Cümhuriyyət rəhbərliyinə gələn məlumatları on illiklər boyu qapalı arxivlərdə saxlanmış, yalnız xalqdan deyil, hətta mütəxəssislərdən də gizlədilmişdi. Lakin,
Elə bir gizlin yoxdur ki, axırda aşkar olmasın — Bibliya |
Nümayəndə heyətinin tərkibi
Nümayəndə heyətinin tərkibinə Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri daxil idilər. Onlar özlərinin həyat yolu, mübarizə və inancları ilə Azərbaycanın müstəqilliyi ideyasına qəlbən bağlı olduqlarını, azadlıq və istiqlal yolunda çalışdıqlarını sübut etmişdilər.
Sədr Əlimərdan bəy Topçubaşov (1865-1934) Tiflisdə zadəgan ailəsində doğulmuş, Peterburq universitetinin hüquq fakültəsini bitirmişdi. 1897-ci ildə "Kaspi" qəzetinin redaktoru kimi ictimai-siyasi fəaliyyət meydanına atılmış, demokratik ruhlu ziyalı kimi mənsub olduğu xalqı təmsil etmiş, onun hüquqlarını qorumuşdu. 1905-ci il Rusiya inqilabından sonra Ə. M. Topçubaşov yalnız azərbaycanlıların deyil, bütün Rusiya türklərinin və müsəlmanlarının lideri kimi tanınmışdı. O, Rusiya müsəlmanlarının 1905 - 1907-ci illərdə keçirilən I—IV qurultaylarının əsas təşkilatçılarından və rəhbərlərindən biri olmuş, qurultayın qərarı ilə yaradılan Ümumrusiya müsəlman partiyasının - "İttifaqi müslümün" Məramnamə və Nizamnaməsini yazmış, onun MK üzvü seçilmişdi. 1906-cı ildə I Dövlət Dumasına Bakı quberniyasından deputat seçilən Ə. M. Topçubaşov burada Dumanın Müsəlman fraksiyasını yaratmış və onun fəaliyyətinə rəhbərlik etmişdi. Dumanın çar tərəfindən qovulmasına etiraz bildirən məşhur Vıborq bəyannaməsini imzalayanlar içərisində o da var idi. 1917-ci ilin mayında Rusiya müsəlmanlarının Moskva qurultayına rəhbərlik edən siyasi liderlərdən biri də Ə. M. Topçubaşov idi. Həmin dövrdə o, eyni zamanda Transqafqazın müsəlman ictimai-siyasi təşkilatlarının koordinasiya mərkəzi olan İcraiyyə Komitəsinin fəaliyyətinə də rəhbərlik edirdi. 1918-ci il iyunun 17-də Fətəli xan Xoyskinin rəhbərliyi ilə təşkil olunan ikinci hökumət kabinəsində Ə. M. Topçubaşov portfelsiz nazir vəzifəsi almış, həmin il avqustun 22-də isə Azərbaycan Cümhuriyyətinin Fövqəladə və Səlahiyyətli Naziri kimi Osmanlı imperiyasının paytaxtı İstanbula göndərilmişdi. 1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan Azərbaycan Parlamenti onu qiyabi surətdə öz sədri seçmiş, dekabrın 28-də isə Versal sülh konfransına göndərilən Azərbaycan nümayəndə heyətinə rəhbər təyin etmişdi.
Sədrin müavini - Məmməd Həsən Hacınski (1875-1931) Bakı realni məktəbində və Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil almış, uzun müddət Bakı Dumasında tikinti işlərinə rəhbərlik etmişdi. Ə. M. Topçubaşovla birlikdə İcraiyyə Komitəsinin rəhbərlərindən idi. "Müsavat"ın I qurultayında partiyanın MK üzvü seçilmişdi. 1918-ci ildə Transqafqaz komissarlığında və Seymdə rəhbər vəzifələr tutmuşdu. F. Xoyskinin qurduğu ilk hökumət kabinəsində xarici işlər, ikinci kabinədə isə maliyyə naziri vəzifələri ona həvalə edilmişdi. Azərbaycan parlamentinin üzvü idi.
Nümayəndə heyətinin üzvü - Əkbər ağa Şeyxülislamov (1891-1961) İrəvan gimnaziyasını və Peterburq Yol Mühəndisləri İnstitutunu bitirmişdi. Transqafqaz Seyminin üzvü, Transqafqaz hökumətində daxili işlər nazirinin müavini olmuşdu. Siyasi fəaliyyətini "Hümmət" (menşevik) partiyasında davam etdirirdi. Azərbaycan Cümhuriyyətinin qurulması haqqındakı İstiqlal Bəyannaməsini - Misaqi-Millini imzalayanlar içərisində Ə. Şeyxülislamov da vardı. O. F. Xoyskinin qurduğu ilk hökumətdə torpaq və əmək naziri vəzifəsini tutmuşdu. Parlamentdə sosialist fraksiyasını təmsil edirdi.
Nümayəndə heyətinin üzvü - Əhməd bəy Ağayev (Əhməd Ağaoğlu 1869-1939) tanınmış publisist və ictimai xadim idi. Parisdə ali hüquq təhsili almışdı. "Həyat", "İrşad", "Tərəqqi" kimi qəzetlərin redaktoru olmuş, XX əsrdə Azərbaycanda ilk milli siyasi partiya sayılan "Difai"ni qurmuşdu. 1909-cu ildə təqiblər üzündən Türkiyəyə mühacirət etdikdən sonra burada "Gənc türklər"lə yaxınlaşmış, "Türk Yurdu" və "Türk ocağı" təşkilatlarının qurucuları sırasında Yer almış, Türkiyə parlamentinə deputat seçilmişdi. 1918-ci ilin iyununda Nuru Paşanın siyasi məsələlər üzrə müşaviri kimi Azərbaycana gəlmişdi. Azərbaycan Parlamentinin üzvü idi. Lakin "İttihad və Tərəqqi" liderləri ilə yaxınlığına görə təqib olunan Ə. Ağayevin Parisə getməsinə imkan verilməmişdi. O, ingilislər tərəfindən həbsə alınaraq Malta adasına sürgün olunmuşdu. Ə. M. Topçubaşovun kömək cəhdləri boşa çıxmışdı.
Nümayəndə heyətinin məsləhətçisi Ceyhun bəy Hacıbəyli (1891-1962) Sorbonna universitetində və Paris Siyasi Biliklər Məktəbində təhsil almışdı. Ehtiraslı publisist və gözəl musiqişünas idi. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra hökumət ofisiozunun - rus dilində çıxan "Azərbaycan" qəzetinin baş redaktoru idi. Rusdilli Bakı və Qafqaz mətbuatında kəskin ictimai problemlərə, mədəniyyət və mənəviyyat məsələlərinə həsr edilmiş onlarla məqaləsi çap olunmuşdu.
Nümayəndə heyətinin məsləhətçisi - Məhəmməd Məhərrəmov (1895-1992) İrəvan gimnaziyasını bitirmiş, gənc yaşlarından İrəvan azərbaycanlılarının təmsilçilərindən biri kimi tanınmışdı. 1917-ci ilin noyabrında Rusiya Müəssislər Məclisinə İrəvan quberniyasından nümayəndə seçilmişdi. Transqafqaz Seyminin üzvü olmuş, 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsini imzalayanlar içərisində yer almışdı. Azərbaycan parlamentində sosialist fraksiyasını təmsil edirdi.
Nümayəndə heyətinin məsləhətçisi - Miryaqub Mirmehdiyev (?-?) ali təhsilli hüquqşünas idi. Parlamentdə "İttihad" fraksiyasında təmsil olunmuşdu. 1919-cu ilin avqustunda Parlamentin sosialist fraksiyası Nümayəndə heyətinin tərkibindəki üzvləri barəsində rotasiya qərarı çıxarmış və M. Məhərrəmovu əvəz etmək üçün Abbas Atamalıbəyovu (?-?) Parisə göndərmişdi. Lakin həmin dövrdə heyətin başqa bir üzvü - M. H. Hacınski artıq Azərbaycana qayıtdığından həm M. Məhərrəmovun, həm də A. Atamalıbəyovun Parisdə qalmaları məqbul sayılmışdı. Həyat və fəaliyyəti haqqında çox cüzi məlumat toplaya bildiyimiz A. Atamalıbəyov Nümayəndə heyətinin katibi vəzifəsini yerinə yetirirdi. Bundan başqa Nümayəndə heyətinin tərkibinə əməkdaşlar - Əli bəy Hüseynzadə (1864-1940), V. Marçevski, katiblər - S. Məlikov və Ələkbər bəy Topçubaşov, tərcüməçilər - A. Qafarov (fransız dili), Q.Qafarova (ingilis dili), H. Məmmədov (fransız və türk dilləri) daxil idilər. Rəşidbəy Topçubaşov sədrin şəxsi katibi vəzifəsini yerinə yetirirdi. Ə. Ağaoğlu kimi Əlibəy Hüseynzadə də "İttihad və Tərəqqi" partiyası ilə əməkdaşlıqda günahlandırılaraq "Antanta" dövlətləri tərəfindən Parisə buraxılmamışdı. Səfvət bəy Məlikov isə Nümayəndə heyəti Parisə yola düşərkən Azərbaycanın İstanbul təmsilçisi kimi Türkiyədə qalmışdı. Nümayəndə heyəti hələ İstanbulda ikən ciddi təşkilatlanmış və dəqiq iş bölgüsü aparmışdı. heyətin tərkibində üç bölmə - siyasət və milli məsələlər, iqtisadiyyat və kommersiya, təbliğat və məlumat bölmələri yaradılmış və üzvlər ixtisas və maraq səviyyələrinə uyğun şəkildə həmin bölmələrdə fəaliyyətə cəlb olunmuşdular. Bununla bir sırada Nümayəndə heyətinin hər bir üzvünün görəcəyi konkret iş, məsuliyyət daşıyacağısahə də müəyyənləşdirilmişdi. Ə. M. Topçubaşov siyasi məsələlər və memorandum hazırlanması üçün məsul idi. O, həm də heyətin təşkilati işlərinə və maliyyə vəsaitinin xərclənməsinə nəzarət edirdi. Sədr müavini M. H.Hacınski eyni zamanda həm də xəzinədar idi, o, iqtisadiyyat və maliyyə məsələlərinə rəhbərlik edir, Azərbaycan hökuməti adından əcnəbi iş adamları və təşkilatlarla danışıqlar aparırdı. Ə. Şeyxülislamov daha çox sərhəd məsələləri ilə məşğul olur, statistik göstəricilər, diaqramlar, xəritələr hazırlanması işini təşkil edir, nəhayət, Nümayəndə heyətinin kitabxanasına baxırdı. M. Məhərrəmov xalq təsərrüfatı və əkinçilik sahələri üçün məsuliyyət daşıyır, həm də protokolların Azərbaycan türkcəsində yazılmasına nəzarət edirdi. Ticarət və sənaye ilə bağlı məsələlər üçün məsul olan M. Mehdiyevin vəzifələri sırasına maliyyə hesabatlarını yoxlamaq da daxil idi. Ə. Ağaoğlu və C. Hacıbəyli isə daha çox informasiya və təbliğat məsələləri ilə məşğul olmalı, Fransa mətbuatı və ictimaiyyəti ilə əlaqələr yaranmasına kömək etməli idilər. Onların hər ikisinin Fransada təhsil alması və bir müddət bu ölkədə yaşaması üzərinə qoyulan vəzifəni uğurla həyata keçirmələrinə imkan yarada bilərdi. Nəhayət, Ə. Hüseynzadə daha çox tarixi-etnoqrafik və ədəbi materialların seçilməsi və təbliğatda onlardan istifadə edilməsi üçün məşğul idi. Lakin yuxarıda da qeyd etdiyim kimi, Nümayəndə heyəti Parisə tam tərkibdə gedə bilmədiyindən təbii ki, İstanbulda müəyyənləşdirilmiş bu iş bölgüsü dəyişikliklərə uğradı. Bütövlükdə isə lazım gəldiyi təqdirdə Nümayəndə heyətinin hər bir üzvü gərəkli bilinən və tapşırılan hər bir işi yerinə yetirməyə hazır idi.
Həmçinin bax
Mənbə
- Əlimərdanbəy Topçubaşov. "Paris məktubları", Bakı, Azərnəşr, 1998, 120 səh.[ölü keçid]