Göyçay döyüşü
Göyçay savaşı — Qafqaz İslam Ordusunun Azərbaycanı daşnak-bolşevik qüvvələrindən təmizləmə əməliyyatı sırasında keçirdiyi savaşlardan biri.
Göyçay savaşı | |||
---|---|---|---|
Əsas münaqişə: Birinci dünya müharibəsi | |||
Tarix | 1 iyul 1918 | ||
Yeri | Göyçay | ||
Nəticəsi | Qafqaz İslam Ordusunun qələbəsi | ||
Ərazi dəyişikliyi | Şamaxıya qədər olan Azərbaycan əraziləri daşnak – bolşevik qoşunlarından təmizləndi | ||
Münaqişə tərəfləri | |||
Komandan(lar) | |||
Tərəflərin qüvvəsi | |||
| |||
Daşnak-bolşevik qüvvələrinin qərb yürüşü
Şaumyanın liderliyindəki Bakı Soveti, türk ordusunun Gəncədə toparlanmasına fürsət verməmək üçün hərbi hərəkata başlanması istiqamətində qərar aldı. Bakı Xalq Komissarları Sovetinin Hərbi və Dəniz işləri üzrə komissarı Korqanov, 4 iyun 1918-ci il tarixində bir əmr imzalayaraq, Qızıl Ordu qüvvələrinin hərəkətə keçməsini istədi. Rus bolşevik və erməni daşnaklardan ibarət olan hərbi qüvvələrə Yevlax şəhərinə qədər olan düzlükdəki bölgələri işğal etməsi və Yevlax körpüsünü ələ keçirməsi üçün təlimat verdi. Erməni və rus dəstələri 6 iyun 1918-ci il tarixində Bakıdan yola çıxaraq toplanma yeri olan Hacıqabula doğru hərəkət etdilər. Yolları üzərindəki yaşayış məntəqələri ilə Qazıməmməd və ətrafındakı kəndləri talan etdilər. Bir çoxunu yandırıb məhv etdilər. Türklərin heyvanlarını və yeyəcək-içəcəklərini əllərindən aldılar.
Hacıqabul stansiyasında toplanmağa başlayan Qızıl Ordu qüvvələri 10 iyundan etibarən Gəncəyə getmək üzrə yola çıxdı. Qızıl Ordu qüvvələrinin qarşısında gürcü və türklərdən ibarət kiçik bir hərbi dəstə vardı. Bu dəstəyə gürcü əsilli Maqalov komandirlik edirdi. Birləşmiş qüvvələr 11 iyunda Sığır stansiyasını ələ keçirdi. Şaumyan türk hərbi qüvvələrinin hələ hamısının Gəncəyə çatmadığını da xəbər almışdı. Gəncəli ermənilər isə o günlərdə türk əsgəri ilə toqquşma halındaydılar. Bakı Soveti komissarı lehinə olan bu durumdan faydalanmaq istəyirdi. Sığır stansiyasının ələ keçirilməsi Şaumyanı son dərəcə ümidləndirdi. Leninə göndərdiyi teleqrafda hadisəni anladarkən belə demişdi:
"Hərbi qüvvələrimizin ön qüvvələri 11 iyunda Sığır stansiyasını işğal etmişdir. Kəşfiyyat qolumuz isə Kərrar stansiyası yaxınlarında top atəşinə tutulmuşdur. Hərbi qüvvələrimiz irəli hərəkət etməkdədir".
Kürdəmirin işğalı
Qızıl Ordu hərbi qüvvələrindən birinci qol Bakı – Hacıqabul dəmir yolu boyunca qərbə doğru irəliləyərək Müsüslü stansiyasına qədər olan bölgəni nəzarət altına aldı. Digər qol isə Hacıqabuldan keçərək Kürdəmir şəhərinin önlərinə çatdı. Bölgədəki Qızıl Ordu qüvvələri burada toplanaraq, Gəncədən təxminən 150 kilometr uzaqlıqda olan Kürdəmir üzərinə hərəkət etdi. Şəhəri müdafiə etməyə çalışan Azərbaycan türklərindən ibarət milis qüvvələrinin müqaviməti bir nəticə vermədi. Qızıl Ordu qüvvələri Kürdəmir ilə buradakı stansiyanı nəzarət altına aldılar. Kürdəmirdəki bolşevik qüvvələri tam mövcudlu iki piyada taboru ilə bir dəmir yolu bölüyü, iki batareya səhra topu və bir qaubitsa batareyasından ibarət idi.
Kürdəmirin düşmən qüvvələrinin əlinə keçməsi Gəncə üçün böyük təhlükə ərz edirdi. Çünki dəmiryolu boyunca irəliləyərək Yevlaxa çatmaları halında Kür çayı üzərindəki körpünü nəzarət altına alıb, Gəncə yolunu kəsmələri hər an mümkün idi. Bu da Qafqaz İslam Ordusunun şərq istiqamətində Bakıya doğru irəliləməsinə qarşı ciddi bir əngəl törədə bilərdi.
Şamaxı, Ağsu, İsmayıllının işğalı
Bolşeviklərin üçüncü qolu da Bakının şimalından hərəkət etdi. Bakı-Gəncə yolu boyunca şimal-qərb istiqamətində irəliləyərək Mərəzə və Şamaxıya daxil oldular. Bico kəndində kənd əhalisinin 400 nəfərlik erməni hərbçilərini darmadağın edərək Bico dərəsində qırması on illər boyu yaddaşlardan silinmədi. Bicoda Pirəmsaq döyüşündə gözləmədikləri halda aldıqları bu ağır zərbədən hiddətlənən erməni-bolşevik birləşmələri Biconun üzərinə daha böyük qüvvə ilə gəldi. Bundan xəbər tutan kənd əhalisi Ağsu, sonra da Göyçay istiqamətinə köçməyə məcbur oldu. Biconu yandırdıqdan sonra Ağsu qəsəbəsini işğal etdilər. Daha irəlidə olan Qaraməryəm və qərbdəki Bığır kəndi və ətrafını işğal və talan etməyə başladılar. Qafqaz Qızıl Ordu qüvvələrinin 1-ci və 3-cü diviziyaları Qaraməryəmin şimalında yerləşən İsmayıllı və ətrafındakı qəsəbə və kəndləri də ələ keçirmişdi. Qızıl Ordunun 3-cü diviziyaya bağlı qüvvələri 16 iyun səhəri bölgədəki Azərbaycan və Dağıstan türkləri ilə gürcülərdən ibarət milislərə qarşı hücuma keçdilər. İsti bir havada yeddi saat davam edən qanlı vuruşmanın sonunda say və silah baxımından üstün olan düşmən qarşısında dayana bilməyən bu türk birliyi Göyçaya geri çəkilmək məcburiyyətində qaldı. Qızıl Ordu qüvvələri bölgədəki erməni və rus kəndlərindən də gücləndirici qüvvə, silah, yemək və su təmin etməyə başladılar.
Qafqaz İslam Ordusunun birinci həmləsi
Gəncədə yerləşən Türk Qafqaz İslam Ordusu Qərargahı, bolşeviklərin irəli hərəkata başlaması ilə birlikdə, qarşılarında heç bir fiziki əngəl qalmadığını və dəmir yoluna da hakim olduqlarını görüncə bu durumun paytaxt üçün böyük bir təhlükə yaradacağı nəticəsinə gəldi. Nuru paşa Gəncə üçün əsl təhlükənin Göyçay yaxınlıqlarındakı Qızıl Ordu qüvvələrindən gələcəyini hesabladı. Çünki Göyçay bölgəsində aparılan müharibələr, Qızıl Ordunun Azərbaycandan qovulması və ölkənin müstəqilliyini qazanması yolunda bir dönüm nöqtəsini təşkil etmişdi.
5-ci Qafqaz piyada diviziyasının bütün qüvvələri hələ Gəncəyə çatmamışdı. 10-cu Qafqaz alayı Qarakilsə – Dilican yolunu yeriyərək keçmiş və Qazax yaxınlığındakı Ağstafaya daxil olmuşdu. Bakıdan çıxıb şimaldan irəliləyən Qızıl Ordu qüvvələrinə qarşı qoymaq üçün bölgəyə yeni gələn 10-cu Qafqaz alayı uzun bir yol gələrək Azərbaycan torpaqlarına yeni girmiş olmasına rəğmən, Mehmetçik dincəlməyə belə vaxt tapmadan Ağstafadan qatara mindirildi və Ucara göndərildi. Oradan da 15 iyunda Göyçaya çatdı. Türk Qafqaz İslam Ordusu qərargah rəisi yarbay Nazim bəy komandanı ələ almaq üçün Müsüslü və Kürdəmir cəbhəsinə göndərildi. Yarbay Osman bəy komandasındakı 10-cu Qafqaz alayı isə Göyçaya çatdıqdan sonra Qaraməryəm qəsəbəsində olan Qızıl Ordunun qarşısında cəbhədəki yerini aldı. Osman bəy 10-cu alaya bağlı 30-cu taboru Sultankənd, Mollaishaqlı və Veysəlli kəndləri ətrafında olan erməni quldur dəstələrini bölgədən uzaqlaşdırmaqla vəzifələndirildi. 30-cu taborun şiddətli hücumu nəticəsində erməni dəstələri Qalakər kəndinə doğru qaçdı.
Müsüslüdə olan Türk Qafqaz İslam Ordusu qərargah rəisi yarbay Nazim bəy Osman bəyə bolşevik qüvvələrinə qarşı bir kəşfiyyat hücumu aparması üçün təlimat verdi. Osman bəyin əmrinə görə 28-ci tabor Qaraməryəmin qərbindəki düşmən qüvvələrinə qarşı 17 iyunda hərəkətə keçdi. Yol boyu irəliləyən 28-ci tabor lazımi tədbirləri vaxtında almadığı üçün bolşeviklərin pusqusuna düşdü. Cəbhədən və yandan düşmən təcavüzünə uğradı. Bir an çaşqınlıq keçirdi və məğlub olaraq geri çəkilmək məcburiyyətində qaldı.
Durumun təhlükəli bir hal aldığını görən Osman bəy 28-ci taboru yandan qorumaq üçün 30-cu taboru hərəkətə keçirdi, 29-cu taboru da yardıma göndərdi, ancaq son dərəcə dik vadilərin və təpələrin olduğu bölgədə bu qüvvələr də bolşevik qüvvələrin hücumuna uğradı. İki tərəfdən də mühasirəyə alınan 29-cu tabor olduqca qanlı müharibədən sonra Veysəlli kəndinə çəkilə bildi.
Tərəflər gün boyunca isti havada aparılan bu müharibədə bir-birinə üstün gələ bilmədi və axşam qaranlıq düşdükdə vuruşmalara ara verdilər və mövqelərinə çəkildilər. Türk Qafqaz İslam Ordusunun Azərbaycandakı bu ilk ciddi savaşı Qaraməryəm yaxınlıqlarında uğursuzluqla nəticələndi. Qızıl Orduya bağlı 3-cü diviziyanın və onun başındakı Hamazaspın əhvalı isə olduqca yüksəlmişdi. Beləcə işğal altındakı Qaraməryəmdə daha da gücləndilər və Göyçaya hücum üçün bəzi önəmli mövqeləri ələ keçirdilər.
10-cu Qafqaz alayı komandiri kurmay yarbay Osman bəyə, düşmənin Göyçay üzərinə yeriməsini əngəlləmək üçün Qaraməryəm yaxınlıqlarında onların başını qatmaq vəzifəsi verilmişdi. Osman bəy Gəncədən gələcək əsl qüvvələrin cəbhəyə çatmasını gözləməmişdi. Müsüslüdə olan Qafqaz İslam Ordusu kurmay başkanı Nazim bəy ilə birlikdə öz təşəbbüsləri ilə komandan Nuru paşadan izin almadan Qızıl Ordu qüvvələrinə qarçı kəşfiyyat hücumu aparılmasına qərar vermişdilər. Bu ciddi müharibədə qabaqcıl kəşfiyyat qollarından istifadə etmədən və düşmənin gücü və mövqeləri haqqında kifayət qədər bilgi toplamadan yürüş etmişdilər. Hücum anında ehtiyat qüvvələri də buraxılmamışdı. Bütün bunlarla bərabər, türk ordusunun bu cür savaşlarda sıx istifadə etdiyi yandan hücum və düşmən arxasına uzanma taktikaları da tətbiq olunmamışdı.
Qızıl Ordunun 28-ci tabora qarşı tətbiq etdiyi pusqu və cəbhə hücumu qarşısında alınan uğursuzluq, 10-cu alayda böyük çaşqınlığa yol açdı
Bolşevik Qızıl Ordu qüvvələri ilə aparılan Qaraməryəm yaxınlıqlarındakı bu ilk savaşda türk ordusu 200 şəhid verdi. Yaralıların sayı isə 156 idi. Şəhidlər arasında 28-ci tabordan ehtiyat teyməni Lütfü əfəndi, 29-cu tabordan kiçik teymən İsmayıl Hakkı və teymən Zəki əfəndilər ilə 30-cu tabordan teymən Kazım və İbrahim əfəndilər şəhid oldu. 2 top və 41 top mərmisi, 2 avtomat tüfəng ilə çox sayda piyada tüfəngi, bunlara aid mərmi və süngü də düşmənin əlinə keçdi.
Qafqaz İslam Ordusunun ikinci həmləsi
Nuru paşa bu məğlubiyyətdən sonra Azərbaycanlı türklərdən ibarət hərbi qüvvələrin komandanı general Əliağa Şıxlinski və 5-ci Qafqaz piyada diviziyası qərargah rəisi Rüştü bəy ilə birlikdə 18 iyun 1918-ci ildə Gəncədən cəbhəyə hərəkət edərək Müsüslü stansiyasına çatdılar. Orada Qafqaz İslam Ordusu qərargah rəisi Nazim bəy və Veysəllidəki 29-cu tabor komandirindən Qaraməryəm savaşı haqqında bilgi aldılar. Nuru paşa və yanındakılar Müsüslüdən Göyçaya keçdilər. Burada 10-cu Qafqaz alayı komandiri yarbay Osman bəy ilə apardıqları görüşmədə savaşın gedişi haqqında vəziyyəti dəyərləndirdilər. Türk kurmay heyəti 200 şəhid və 156 yaralı ilə 2 topun itkisini ciddi bir hadisə olaraq dəyərləndirdi. Nuru paşa və yanındakılar cəbhə xəttini və hərbi qüvvələrin nizamını vaxt itirmədən yenidən qurdular. Ətrafdan gələn kəşfiyyat bilgilərini də hamısı birlikdə analiz etdilər.
Bu bilgilərə görə bolşevik Qızıl Ordu hərbi qüvvələri Bakıdan Qaraməryəmə gedərkən ətrafdakı 50-dən artıq kəndi yandırmış, bölgədə yaşayan türkləri öldürmüşdülər. At, araba və başqa tapa bildikləri vasitələrlə və ya piyada evlərini, ocaqlarını tərk edənlər, canlarını qurtara bilənlər isə Göyçay və ətrafındakı qəsəbə və kəndlərə sığınmışdılar. Şamaxı, İsmayıllı və ətrafdakı qəsəbə və kəndlərdən qaçaraq, Göyçay, Ağdaş və Yevlax ətrafına sığınan türklərin sayı bir həftə içində 400 mini keçmişdi.
Qızıl Ordu qüvvələri ətrafdakı erməni və rusların da qatılması ilə 30 min nəfərlik bir heyətə sahib olmuşdu. Sayca bu qədər üstün, silah baxımından yaxşı təchiz olunmuş, yemək və su təmini baxımından bir sıxıntı çəkməyən düşmənə qarşı yalnız 5-ci Qafqaz piyada diviziyasının qarşı gəlməsi imkansızdı. Üstəlik 5-ci Qafqaz piyada diviziyasının bütün qüvvələri də hələ Gəncəyə çata bilməmişdi.
Nuru paşa Qafqaz İslam Ordusunun qurulması əsnasında Azərbaycanlı türklərdən böyük qatılım olacağını düşünmüşdü. Ancaq bu gözləntilər boşa çıxmışdı. Orduya qatılan az sayda milislərdən də umulan fayda təmin edilə bilməmişdi. Nuru paşa bu təsbitlərdən sonra Göyçayda xalqa xitabən tənbeh dolu bir çıxış etdi. Osmanlı dövlətinin, öz vətəninin ehtiyacı olmasına rəğmən qardaş Azərbaycanı və burada yaşayan türkləri düşmən çəkməsindən qurtarmaq üçün Qafqaza əsgər göndərdiyini anlatdı. Bu orduya hər kəsin könüllü olaraq qatılması və can-başla xidmət etməsi lazım gəldiyini, ancaq bunu hələ görə bilmədiyini bildirdi. Paşa çıxışında Mehmetçiyin yandırıcı istidə düşmənə qarşı var gücü ilə savaşdığını bildirərək dedi:
"Bu şiddətli istidə savaşan əsgərlərimizdən bir çoxu susuzluqdan ölmüşdür. Madam ki, könüllü olaraq orduya qatılmırsınız, heç olmazsa bu əsgərə yemək və su daşıyaraq yardım etməniz lazımdır".
Nuru paşanın Göyçay ilə ətraf qəsəbə və kəndlərdə yaşayan ağsaqqal və ağıllı adamlarla apardığı görüşmələrin nəticəsində Azərbaycan türklərindən könüllülər toplanmağa başladı. Göyçay, Ağdaş, Yevlax, hətta Bərdə ətrafından toplanan gənclər və əli silah tutanlar qısa müddətdə cəbhə xəttindəki yerlərini almaq üçün hərbi təlimə cəlb olundu.
İstər Nuru paşa və istərsə Şərq Orduları Komandanlığı tərəfindən İstanbula göndərilən raportlarda bolşeviklərin bölgədə ciddi bir hərbi qüvvə yerləşdirdiyi, buna qarşılıq olaraq Azərbaycan türklərinin Qafqaz İslam Ordusunda önəmli bir güc təşkil edə bilməyəcəyinin anlaşıldığı bildirilərək, bu şərtlər altında 5-ci Qafqaz piyada diviziyasının bölgədə heç bir varlıq göstərə bilməyəcəyi qeyd edildi.
Nuru paşa və Şərq Orduları Komandanlığı tərəfindən 27 iyun və 1 iyul 1918-ci ildə İstanbula göndərilən raportlarda Azərbaycandakı durum acı bir şəkildə ortaya qoyulur və belə deyilirdi:
"Yeni qurulmağa çalışılan Qafqaz İslam Ordusu çalışmalarından bir nəticə əldə edilmir. Buradakı türk gənclərindən silah altına ən az 30 min nəfərin toplanacağını ümid edirdik. Buna qarşılıq hərbiyə qatılanların sayı 37 nəfərdir. Bu şərtlər altında Bakı məsələsini öz başımıza həll edə bilmək üçün Qafqaza daha bir diviziya göndərilməsi uyğun olacaqdır. Buradakı müsəlmanlar çox söz söyləyir, az iş görürlər. Kef çəkən və pulu çox sevən insanlardır. Yardım və fədakarlıqlarını çox az görürük. Orduya qatılan yox deyəcək qədər azdır. Bu şərtlər altında Azərbaycanın və Bakının qurtuluşunu təmin etmək, Osmanlı dövlətinin xalq nəzərindəki etibarını qorumaq üçün daha çox gərəkli hala gəlmişdir. 5-ci diviziyanın təcili gücləndirilməyə ehtiyacı var. Əks halda durumumuz heç də yaxşı deyildir."
Türk və Qızıl Ordu qüvvələri, Göyçay-Qaraməryəm cəbhə xəttində bir müddət qarşılıqlı müdafiədə qaldılar. Türk Qafqaz İslam Ordusu Komandanlığı Qərargahı və Nuru paşa bolşeviklərə qarşı hücumun 28 iyunda aparılmasına qərar verdi. Nuru paşa 5-ci Qafqaz piyada diviziyası komandiri Mürsəl bəyə 22 iyunda göndərdiyi əmrdə belə deyirdi:
"Vətənindən uzaqda ağır bir vəzifə daşıyan Osmanlı zabitlərinin üstün düşmən qüvvələri qarşısında uğursuzluğa uğrama təhlükəsi mövcuddur. Bütün ümidimiz ordumuzun başlayacağı hərbi hərəkatda bolşevik qüvvələri əzməsinə bağlıdır. Zaman, gözləməyə müsaid deyildir və arxadan təzə gücləndirici qüvvə göndəriləcəyinə dair bir işarə də yoxdur. Bu baxımdan zabit və əsgərlərimizin üzərinə düşən vəzifə son dərəcə ağırdır, ancaq bu vəzifənin də yerinə yetirilməsi şərtdir. 5-ci piyada diviziyasının düşmənə vuracağı ilk zərbə bizə Qafqazın bu zonasında güclü və qüvvətli bir mövqe qazandıracaqdır. Hücumdan əvvəl bir həqiqətin əsgərlərə lazım gəldiyi şəkildə anladılması zəruridir. Diviziyanın hissələri imkanlar daxilində 23–24 iyunda cəbhəyə göndəriləcəkdir. Bolşeviklərə qarşı 27–28 iyunda ümumi bir hücum aparılması düşünülür. Bu durum göz önünə alınaraq, gərək olan hazırlıqların aparılması lazımdır."
Hücum hazırlıqlarının son dərəcə gizli aparılmasına rəğmən, Qızıl Ordu qüvvələrinin görülən işlərdən xəbərdar olduğu bilinir. Bolşeviklər 27 iyunda üç tabor piyada ilə səhər tezdən hücum etdi. Düşmən qüvvələri Göyçay-Qaraməryəm yolunun şimalındakı 10-cu Qafqaz alayına şimal tərəfdən və arxadan təcavüz etdilər. Cənubda yerləşən Müsüslüdə isə göstəriş hücumu etdilər. 10-cu Qafqaz alayının əmrinə verilən diviziya ehtiyatı 25-ci tabor və nizami 2-ci süvari alayının da savaşa qatılması ilə şimaldakı bu təhlükə qısa müddətdə aradan qaldırıldı. Alayın hər pilləsindəki komandirlər, Qaraməryəm – Göyçay yolu boyunca irəliləyən düşmənin atəşinə qarşılıq olaraq, cəbhədən və yandan müdafiə edərək, ciddi bir müqavimət və qərarlılıq göstərdilər. Bolşeviklərin taktika və manevralarını vaxtında sezərək, müharibənin gedişini dəyişdilər və düşmənin qarşısını aldılar.
Qaraməryəmin azad edilməsi
X alayın qüvvələri qarşı hücuma keçərək Qızıl Ordu qüvvələrini səhərki mövqelərindən təxminən 3 kilometr geriyə atdı. 5-ci Qafqaz piyada diviziyası Azərbaycan torpaqlarında ilk dəfə 29 iyunda birgə hücuma hazırlaşırdı. Hücum 10-cu və 13-cü Qafqaz alayları ilə aparılacaq, nizami 2-ci süvari alayı da düşmənin sol yan və arxasına Qaraməryəm istiqamətində axın edərək, düşmənin qaçmasına əngəl olacaqdı. Səhər tezdən başlayan hücumda komandirləri ən çox düşündürən içməli su və məhdud olan cəbbəxana idi.
Günorta saatlarında havanın isti olması səbəbindən, hər iki tərəfin hərəkət qabiliyyəti qalmırdı. Ona görə də tərəflər vuruşmaya ara verirdilər. Türk əsgərlərinin içməli suyu arabalarla Göyçaydan gətirilirdi. Cəbbəxanası da məhdud idi. Bu üzdən daha çox atəş açmaq əvəzinə süngü taxaraq savaşırdılar. Susuzluq isə günortadan sonra kəskin həddə çatmışdı. Günün sonunda Qaraməryəmin qərbi tamamən, şimal-şərqi də qismən türk hərbi qüvvələrinin əlinə keçmişdi. Qaraməryəmdə yerləşən Qızıl Ordu qüvvələrinin qərbində düzənlik var idi. Bu istiqamətdən tamamən sıxışdırılmışdılar. Şərq istiqamətində isə Ağsu var idi. Ağsu qəsəbəsinin düz arxasında isə dik təpələr yüksəlirdi. Düşmənin qaçış yolları ciddi mənada kəsilmişdi. Bu üzdən axşama doğru Qaraməryəmin şərqindəki təpələrə doğru çəkildilər. Beləliklə Qaraməryəmin şərqi tamamən türk hərbi qüvvələrinin əlinə keçdi.
Qızıl Ordunun səhər etdiyi ani hücum qarşısında bir an çaşqınlıq yaşayan 10-cu alay qısa müddətdə toparlanmış və düşməni geri oturtduqdan sonra irəli gedərək, yeni mövqelər də ələ keçirmişdi. Bu uğur cəbhə xəttindəki türk qüvvələrinin əhvalını olduqca yüksəltmişdi. Bu savaşda Müsüslüdən gətirilən Həbib Səlimovun komandasındakı Azərbaycan könüllü süvari birliyinin də böyük qatqısı olmuşdu.
Göyçayın azad edilməsi
Qızıl Ordu hərbi qüvvələri qərb və cəbhə istiqamətindən hücum imkanı qalmadığını və arxalarında da dağlar olduğunu görüncə, 5-ci Qafqaz piyada diviziyasının sol tərəfindən arxasına doğru, o bölgədəki erməni və rus kəndlərinin də yardımı ilə gecədən istifadə edərək şimaldan bir hücum hərəkatına girişdilər. Bu bölgənin olduqca eniş-yoxuşlu bir ərazi quruluşu var idi. 30 iyunda səhərə yaxın min nəfərlik piyada, iki top və iki avtomat tüfənglə Göyçaya basqın etdilər. Erməni əsilli Emirov komandasındakı bolşevik qüvvələri Pəzəvənd və Kırdadut kəndlərindən hərəkata başladı. Topçu və avtomat tüfəng atışları ilə Göyçaya doğru hərəkət edirdilər. Xalq təlaş içində Ucar istiqamətində qaçırdı. Bu arada Göyçayda nizamlı bir hərbi qüvvə yox idi. Çox təhlükəli bir durum ortaya çıxmışdı. O gecə Qazaxdan Gəncəyə yeni gəlmiş olan könüllü süvari birliyinin başına öz təşəbbüsü ilə keçən minbaşı Əhməd Həmdi bəy şəhərin şimalına doğru hərəkət etdi. Bu arada Qərargah başqanı Qaraməryəm cəbhəsindəki 25-ci tabora telefonla xəbər verərək Göyçayın yardımına tələsməyi əmr etdi. Ağdaş ərazisi komandiri minbaşı İhsan bəyə də əmr verərək, əlindəki bütün qüvvələrlə yardıma gəlməsini istədi. Əhməd Həmdi bəyin idarə etdiyi Azərbaycan süvari milisləri bolşeviklərə qarşı ləngitmə taktikası aparırdılar, ancaq davam gətirə bilmədilər və səhər saat 07.00 radələrində tamamən dağıldılar.
Qaraməryəm cəbhəsindəki 25-ci piyada taboru və bəzi milis qüvvələri Göyçaya çatmışdı. Göyçayın alınmaq üzrə olduğunu və cəbhənin arxadan mühasirə təhlükəsi olduğunu görən Nuru paşa Qaraməryəm ilə Ağdaş ətrafındakı bəzi qüvvələri ilə Göyçaydakı bolşeviklərin üzərinə göndərdi. Poylu stansiyasında yerləşən 9-cu Qafqaz alayı komandiri Cəmil Cahid bəy ilə Şəki və Zaqatala bölgəsindəki albay (polkovnik) Yusif bəyə dəstələri ilə Göyçaya hərəkət etmələrini əmr etdi. Topçu və avtomat tüfəng dəstəyindəki 25-ci piyada taboru Ağdaş milis və piyada bölüyü, bolşevik qüvvələrini Göyçaya girmədən mühasirəyə aldı. ġəhərin talan və məhv edilməsinin qarşısını aldı və qarşı hücuma keçərək, böyük hissəsini burada məhv etdi. Göyçayı talan etmə imkanı tapa bilməyən bolşevik qüvvələrinin geridə qalanı gəldikləri yoldan Pəzəvənd, Kırdadut və İvanovkadan Qaraməryəmə doğru məğlub halda qaçarkən, 13-cü Qafqaz alayı da cəbhədən hücuma keçmişdi. Bundan sonra əsas bir təqibə girişən 5-ci Qafqaz piyada diviziyası, bolşevik rus və erməni daşnak qüvvələrinə böyük itkilər verdirdi. Bu müvəffəqiyyət cəbhə hakimiyyətinin 5-ci Qafqaz piyada diviziyasının əlinə keçməsini təmin etdi. O biri qüvvələrin də şiddətli hücuma başlamasından sonra bolşeviklər Qaraməryəmdə də davam gətirə bilməyərək, məğlub halda şərq istiqamətində qaçmağa başladılar.
Göyçay və Qaraməryəm savaşlarında Qızıl Ordu qüvvələrindən çox sayda silah və sursat ələ keçirildi. Ağdaş, Göyçay, Qaraməryəm və İsmayıllı ilə bölgədəki qəsəbə və kəndlərdə yaşayan erməni və ruslar qəti olaraq itaət altına alındı. Əllərindəki silahlar da toplandı.
Göyçay savaşında şəhid olan türk əsgərlərinin böyük bir hissəsi ilə yaralılar Gəncəyə aparıldı. Şəhidlər Gəncə ilə daha Şimal-qərbdəki Xanlar və Goranboy qəbiristanlıqlarında dəfn edildi. Bəzi şəhidlər isə İslam adət-ənənəsinə uyğun olaraq qanlı libasları ilə və şəhid olduqları yerdə dərhal o gün torpağa tapırıldı. Bu məzarlardan bəziləri Göyçay, Qaraməryəm, Bığır və İsmayıllı bölgələrindədir. Türk əsgəri Anadolunun bağrından qopub, Qaf dağından yüksələn imdad fəryadına yardıma gəlmiş və özlərinə heç də yabançı olmayan bir başqa vətən torpağının qara bağrında əbədi yuxuya getmişdilər.
Türk Qafqaz İslam Ordusu Göyçay yaxınlarında savaşarkən, çarlıq tərəfdarı rus kazakı albay (polkovnik) Biçeraxov, 1500 tərkibli hərbi qüvvəsi ilə bərabər, Ənzəlidən gəmilərlə hərəkət etdi və 2 iyul 1918-ci ildə Bakının cənubundakı Ələt qəsəbəsində quruya çıxdı. Şaumyan ilə görüşüb, cəbhə bölgəsində araşdırmalar apardılar. Biçeraxov 6 iyulda da rus bolşevik-erməni daşnak qüvvələrinin komandanlığına gətirildi. Rus-erməni birləşmiş qüvvələrində cəbhənin sağ qanadının komandiri isə Korqanov idi. Türk Qafqaz İslam Ordusu komandiri Nuru paşa erməni daşnak və rus bolşeviklərin ruslardan və ətrafdakı erməni kəndlərindən davamlı dəstək alaraq, arxadan və yandan basqın şəklindəki hücumlara qalxmalarının ordu üçün təhlükə törətdiyini düşünürdü. Bu hücumların davam etməsi halında 5-ci Qafqaz piyada diviziyasının böyük təhlükə altında olacağından əndişələnirdi. Bakının mövcud qüvvələrlə ələ keçirilə bilməyəcəyi qənaətinin qüvvətlənməsi səbəbiylə Şərq Orduları Qrupu Komandanlığından bir dəfə də dəstək istəməyə qərar verdi.
Göyçay döyüşünün siyasi və hərbi nəticələri
Qafqaz İslam Ordusuna bağlı 5-ci Qafqaz piyada diviziyası başkomandan vəkili Ənvər paşa da gücləndirici qüvvə göndərilməsi ilə bağlı cəbhədən gələn raportları dəyərləndirirdi. Osmanlı dövləti ilə müttəfiq olan Almaniya türk əsgərinin Bakıya girməsinə qarşı çıxırdı. Ənvər paşa isə almanları ləngitməyə çalışırdı.
Başkomandan vəkili Ənvər paşa Şərq Orduları Qrupu Komandanlığına 26 iyun 1918-ci il tarixində göndərdiyi açıq əmrdə deyirdi:
"Bakı üzərinə irəliləmənin Bakıdakı neft qaynaqlarının bolşeviklər tərəfindən məhv edilməsi təhlükəsini doğuracağından ümumi hərb sövq və idarəsi baxımından nə bahasına olursa olsun bundan qaçınmaq lazımdır. Bu səbəblə 5-ci Qafqaz piyada diviziyasının mənim razılığım olmadan kəskinliklə Bakı üzərinə hücum etməməsini əmr edirəm"
Başkomandan vəkili Nuru paşaya göndərdiyi açıq əmrdə isə deyirdi:
"Sizə yardım göndərmək qabil deyildir. Vəzifənizin Bakı üzərinə getmək olmayıb, qüvvələrinizi cəmləşdirərək, bolşeviklərin Gəncə üzərinə hərəkətinin qarşısını almaq olduğunu bir daha təkrar edirəm"
Ənvər paşa Şərq Orduları Qrupu Komandanlığına göndərdiyi açıq əmrdə qeyd edirdi:
"Məndən izin alınmadan Nuru paşaya heç bir əlavə qüvvə göndərməmənizi, Nuru paşa üçün yola çıxarılan qüvvələri də geri almanızı rica edirəm. Əvvəlcə bildirildiyi kimi Nuru paşa qüvvələrini cəmləşdirəcək və yalnız bolşeviklərin irəliləməsinə mane olmaqla kifayətlənəcəkdir"
Ənvər paşa Şərq Orduları Qrupu Komandanlığına yardım barədə göndərdiyi gizli əmrdə isə "38-ci piyada alayı ilə bir dağ topçu taborunu Qazax şossesi ilə Nuru paşaya yardıma göndərdiyini" bildirərək, komandiri xüsusi olaraq məlumatlandırmışdı. Ənvər paşa, bir tərəfdən türk əsgərinin Bakı üzərinə hücum etməyəcəyi məsələsində almanları inandırmağa çalışırdı, o biri tərəfdən də Nuru paşaya gizli əmrlər göndərərək Bakının ən qısa müddətdə ələ keçirilməsi üçün təlimat verirdi. Həmçinin Ənvər paşa 1–2 iyul 1918-ci ildə Şərq Orduları Qrupu komandan vəkili Əsad paşaya "şəxsi" qeydi ilə yazdığı əmrdə Hərbiyyə hərəkat şöbə müdiri Feldmanın son savaş durumunu görmək və yerində araşdırmalar aparmaq üçün bir gəmi ilə Batuma hərəkət etdiyini və Tiflisdə Almaniyanın təmsilçisi ilə görüşəcəyini bildirərək, başkomandan vəkilindən göndərilən əmrlərdən ona heç bir şəkildə bəhs edilməməsini və çox gizli tutulmasını istədi.
İstanbulla xəbərləşmə məsələsində bəzi sıxıntılarla qarşılaşa biləcəyini bildirərək, Bakının ən qısa müddətdə ələ keçirilməsi üçün lazım gələn əsgər, silah, sursat, cəbbəxana və pulun Nuru paşaya istədiyi qədər verilməsini əmr etdi. Ənvər paşa davam edərək belə dedi:
"Xülasə, Nuru paşanın və Gəncədəki qüvvələrimizin mümkün olan əlavə əsgər, silah və cəbbəxana ilə gücləndirilməsi işinə, vaxt keçirmədən, Feldmanın gəlməsi ilə durum çox çətin bir hal almadan, mümkün olduğu qədər sürətlə önəm verilməsini və sizə şəxsi və gizli olaraq yazdıqlarımın eyni şəkildə Nuru paşaya da bildirilməsini və almanlara hiss etdirilməsi qəti doğru olmayan bu xəbərləşmə tərzinin, sizin tərəfinizdən və Nuru paşa tərəfindən də mənimsənilməsinin lazımi şəxslərə xəbər verilməsini rica edirəm."
Sovet İttifaqı dövründə Göyçay savaşını araşdıran bəzi tarixçilər türk hərbi qüvvələrinin sayı baxımından Qızıl Orduya qarşı açıq bir üstünlüyü olduğunu bildirirlər. Lakin Dr. Mustafa Görüryılmaz qeyd edir ki, mövcud sənədlərə görə bu görüş doğru deyildir. "Savaşın başladığı dövrdə Azərbaycana çatan türk hərbi qüvvələrinin sayı beş min belə deyildi. Qızıl Ordu qüvvələrinin sayı isə erməni dəstələrin qatılması ilə 30 mini aşmışdı."
Şaumyan və ona bağlı Qızıl Ordu qüvvələri hər şeydən əvvəl Azərbaycan torpaqlarında yaşayan yerli xalqdan təşkil edilməmişdi. Çar Rusiyası ordularında xidmət edən zabit və əsgərlərdən təşkil olunmuşdu. Daşnak qüvvələri isə böyük çoxluğu Şərqi Anadolu bölgəsi və qismən də bugünkü Ermənistan və Azərbaycanda yaşayan ermənilərdən ibarət idi. Erməni daşnak qüvvələri təxminən 3 ildir rus ordusunun zabitləri nəzarətində təlim görmüş və savaşlara qatılaraq nizamlı hərbi dəstələr halına gəlmişdilər.
Şaumyan Leninə göndərdiyi teleqrafda rus bolşevik-erməni daşnak hərbi qüvvələrinin Göyçay savaşında üstün bir səy göstərdiyini, ancaq ordunu idarə edən komandirlərin son dərəcə qorxaq davrandıqlarını bildirdi. Bundan başqa ingilis gizli xidmətinin ordu içində bolşeviklər əleyhinə apardığı təbliğatın da təsiri olduğunu bildirdi. Ənzəlidən gəmilərlə hərəkət edərək Ələt stansiyası yaxınlığında quruya çıxan çarlıq tərəfdarı rus kazakı albay Biçeraxovun qüvvələri də Kürdəmir müharibəsində iştirak etmişdi. Rus kazakları ağır bir məğlubiyyətə uğramışdı. Biçeraxov 300-ə yaxın adamını savaş meydanında qoyaraq Bakıya qaçmışdı. Birləşmiş düşmən qüvvələrinə komandirlik etdiyi bu qısa müddətdə Biçeraxov heç bir uğur əldə edə bilmədi. Böyük ümidlərlə gəldiyi Kürdəmir cəbhəsindən zərərlə ayrıldı. Türk hərbi qüvvələrinin qarşısında məğlubiyyətə uğradı və komandirlik vəzifəsini 22 iyuldan etibarən erməni əsilli Avetisova vermək məcburiyyətində qaldı.
İstinadlar
- M. Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, Hərbi nəşriyyat, Bakı,1999, s.189 – 190
- Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 37–38
- Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 191
- ↑ Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 557
- Azərbaycan Respublikası Milli Dövlət Arxiv Fondu 1061, q. 3. vər. 19. həmçinin bax: AMEA-nın 1990-cı il "Tarix-Fəlsəfə-Hüquq" seriyası, №1; həmçinin bax: Seyfəddin Qəniyev "1918-ci il Şamaxı soyqırımı, I kitab" Bakı, "Nurlar" nəşriyyatı-2003" 152 S. S. 22
- "Azərbaycan" qəzeti, 02 aprel 2013-cü il, №67 (6342) S.4
- Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 38
- ↑ Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 558
- Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 33–35-38
- Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 44–45
- Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 45
- Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 46
- ↑ Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 559
- Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 46–47
- Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 47
- Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 48
- Dr. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, 2006, səh 138
- Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 53–54
- Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 59
- Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c., s. 560
- Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 59–60
- Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 560
- Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 62
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 64
- ↑ Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 561
- Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 68
- Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 69
- Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 69 – 70
- Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 70–72
- Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 73–79
- Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 220
- Dr. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, Qismət, 2006, səh 172
- Dr. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, Qismət, 2006, səh 173
- Dr. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, Qismət, 2006, səh 175
- Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 563
- Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 564
- Dr. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, 2006, səh 179
- Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 242.
- Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 246