Azərbaycan Milli Elmlər Akademiyası
Bu məqalənin sonunda mənbə siyahısı var, ancaq mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. Lütfən mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin. |
Azərbaycanın Milli Elmlər Akademiyası və ya qısaca: AMEA — Azərbaycan Respublikasında dövlətin təsis etdiyi ali elmi qurum, Respublikanın ali elmi idarəsi.[1]
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) | |
---|---|
AMEA Rəyasət Heyətinin binası | |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılıb | 23 yanvar 1945 |
Əvvəlki adı | Azərbaycan SSR Elmlər Akademiyası |
Digər məlumatlar | |
Prezident | Ramiz Mehdiyev |
Ünvan | AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30 |
Telefon | (+994 12) 5392693 (+994 12) 5108659 |
Sayt | science.gov.az |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Azərbaycan dünyanın ən qədim elm və mədəniyyət mərkəzlərindən biridir. Onun tarixi ərazisinin sakinləri minilliklər ərzində zəngin mədəni və maddi irs yaratmışlar. Qədim mədəniyyət abidələri arasında elmi əsərlərin də sayı az deyil. Azərbaycan elminin, onun intellektual dəyərlərinin milli sərvət kimi qəbul edilməsində Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) mühüm rolu olmuşdur. Bakı Universitetinin yaranması, azərbaycanlı tələbələrin Avropa ali məktəblərinə göndərilməsi milli dilin, mədəniyyətin intişarı bütövlükdə Azərbaycan elminin inkişafına mühüm təsir göstərən amillərdən olmuşdur. 1920-ci ilin əvvəllərində respublikada elmi tədqiqatlar əsasən Azərbaycan Dövlət Universitetində mərkəzləşmişdi. 1920–1922-ci illərdə burada humanitar, tibb və təbiət bölmələrindən ibarət elmi assosiasiya təşkil edilmiş və fəaliyyət göstərmişdir. 1925-ci ildə Cəmiyyət Azərbaycan Hökumətinin sərəncamına verildi. 1923–1929-cu illər arasında Azərbaycanı Tədqiq və Tətəbbö (Araşdırma) Cəmiyyəti fəaliyyət göstərmişdi. Həmin cəmiyyətin sədri Əbdürrəhim bəy Haqverdiyev, üzvlərindən biri isə Məhəmmədhəsən bəy Vəlili-Baharlı seçilmişdi. 1929-cu ildə bu cəmiyyət yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu (DETİ) adlandırılmışdı. İnstitutun təbiət, biologiya, tarix və etnoqrafiya, dilçilik, ədəbiyyat və incəsənət, fəlsəfə, Sovet Şərqi və xarici Şərq, dövlət və hüquq bölmələri var idi.
1932-ci ildə Azərbaycan DETİ əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edildi. Şöbəyə R. Axundov rəhbərlik edirdi. Şöbədə 11 bölmə və bir neçə komissiya fəaliyyət göstərirdi. Bir sıra məşhur alimlər – F.Y. Levinson-Lessinq, İ.M. Qubkin, A.A. Qrossheym, N.Y. Marr, İ.İ. Meşşanov, A.N, Derjavin, İ.Q. Yesman, ilk Azərbaycan alimlərindən Bəkir Çobanzadə, Vəli Xuluflu, M. Əfəndiyev, Abdulla Tağızadə, Salman Mümtaz, Ağamir Məmmədov və başqaları burada elmi-tədqiqat işləri aparırdılar.
1935-ci ilin oktyabrında şöbə SSRİ EA Azərbaycan Filialına çevrildi. Filialın yanında mövcud bölmələr əsasında Kimya, Botanika, Zoologiya və Tarix, Etnoqrafiya və Arxeologiya, Dil və Ədəbiyyat Elmi-Tədqiqat institutları, habelə Energetika, Fizika, Geologiya, Torpaqşünaslıq sektorları yaradıldı. Filialın Rəyasət Heyətinin sədri əvvəl akad. İ.M.Qubkin, sonralar isə akad. S.S.Namyotkin oldu.
SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə filial Azərbaycan EA-na çevrildi. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi-tədqiqat institutu, elmi-tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi. Həmin il Azərbaycan EA-na 15 həqiqi üzv seçildi. Onun ilk heyətinə Ü.Hacıbəyov, S.Vurğun, M.İbrahimov, Y.Məmmədəliyev, M.Qaşqay, A.A.Qrossheym, S.Dadaşov, İ.Q.Yesman, M.Mirqasımov, Ş.Əzizbəyov, Ə. Əlizadə, M.Topçubaşov, M.Hüseynov, H.Hüseynov və İ.İ. Şirokoqorov daxil oldu. 1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mir Əsədulla Mirqasımov prezident seçildi. Sonrakı illərdə Yusif Məmmədəliyev (1947–1950, 1958–1961), Musa Əliyev (1950–1958), Zahid Xəlilov (1961–1967), Rüstəm İsmayılov (1967–1970), Həsən Abdullayev (1970–1983), Eldar Salayev (1983–1997), Fəraməz Maqsudov (1997–2000), Mahmud Kərimov (2001–2013), Akif Əlizadə (2013–2019) Akademiyanın prezidenti olmuşlar.
AMEA-nın təsisçiləri
- Sadıq Dadaşov
- Ələşrəf Əlizadə
- Şamil Əzizbəyov
- Üzeyir Hacıbəyov
- Heydər Hüseynov
- Mirzə İbrahimov
- Aleksandr Qrossheym
- Mirəli Qaşqay
- Mir Əsədulla Mirqasımov
- Yusif Məmmədəliyev
- İvan Şirokoqorov
- Mustafa Topçubaşov
- Mikayıl Useynov
- Səməd Vurğun
- İosif Yesman
Müasir dövr
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 2002-ci il tarixli 81 saylı qərarına əsasən AMEA-da struktur dəyişikliyi edilmişdir.
İnformasiya Telekommunikasiya Elmi Mərkəzinin (İTEM) bazasında İnformasiya Texnologiyaları İnstitutu (İTİ), Radiasiya Tədqiqatları sektorunun (RTS) bazasında Radiasiya Problemləri İnstitutu (RPİ) yaradılmışdır. İTİ-nun əsas fəaliyyət istiqamətləri yeni informasiya texnologiyaları əsasında müxtəlif sahələrin informasiyalaşdırılması, intellektual kompüter şəbəkələri və sistemlərinin yaradılması, informasiya təhlükəsizliyinin təmin olunmasıdır. Radiasiya Problemləri İnstitutunun əsas fəaliyyət istiqamətləri radiasiya texnologiyası, radiasiya təhlükəsizliyi, qeyri-ənənəvi enerji çevrilmə problemləri, ekologiya, radioekologiyadır.
AMEA-nın prezidenti 23 oktyabr 2019-cu ildən akademik Ramiz Mehdiyevdir.[2]
Strukturu
AMEA-nın elmi bölmələri
Fizika-riyaziyyat və texnika elmləri bölməsi
- AMEA Fizika İnstitutu;
- AMEA İdarəetmə Sistemləri İnstitutu;
- AMEA Riyaziyyat və Tətbiqi Tədqiqatlar İnstitutu;
- AMEA Şamaxı Astrofizika Rəsədxanası;
- AMEA Radiasiya Problemləri İnstitutu;
- AMEA İnformasiya Texnologiyaları İnstitutu;
- AMEA Biofizika İnstitutu;
Kimya elmləri bölməsi
- AMEA Neft-Kimya Prosesləri İnstitutu;
- AMEA Aşqarlar Kimyası İnstitutu;
- AMEA Polimer Materialları İnstitutu;
- AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutu;
Yer elmləri bölməsi
- AMEA Geologiya və Geofizika İnstitutu;
- AMEA Coğrafiya İnstitutu;
- AMEA Neft və Qaz İnstitutu;
- AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi;
Biologiya elmləri bölməsi
- AMEA Botanika İnstitutu;
- AMEA Zoologiya İnstitutu;
- AMEA Genetik Ehtiyatlar İnstitutu;
- AMEA Fiziologiya İnstitutu;
- AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu;
- AMEA Mikrobiologiya İnstitutu;
- AMEA Dendrologiya İnstitutu;
- AMEA Mərkəzi Nəbatat Bağı;
- AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu;
Humanitar və ictimai elmlər bölməsi
- AMEA Əlyazmalar İnstitutu;
- AMEA Memarlıq və İncəsənət İnstitutu;
- AMEA Folklor İnstitutu;
- AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi;
- AMEA Ədəbiyyat İnstitutu;
- AMEA Dilçilik İnstitutu;
- AMEA Hüseyn Cavidin Ev Muzeyi.
İctimai elmlər bölməsi
- AMEA Tarix İnstitutu;
- AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu;
- AMEA İqtisadiyyat İnstitutu;
- AMEA Fəlsəfə və Sosiologiya İnstitutu;
- AMEA Şərqşünaslıq İnstitutu;
- AMEA Hüquq və İnsan Haqları İnstitutu;
- AMEA Milli Azərbaycan Tarixi Muzeyi;
- AMEA Elm Tarixi İnstitutu;
- AMEA Qafqazşünaslıq İnstitutu;
AMEA-nın regional bölmələri
AMEA-nın regional elmi mərkəzləri
- AMEA Şəki Regional Elmi Mərkəzi
- AMEA Lənkəran Regional Elmi Mərkəzi
- AMEA Quba Regional Elmi Mərkəzi
Prezidentlər
Aşağıdakı siyahıda Azərbaycan Elmlər Akademiyasının yarandığı gündən bu günə kimi bütün prezidentlərinin siyahısı verilmişdir.
# | Soyadı, adı, atasının adı | İlk tarix | Son tarix | Qeyd |
---|---|---|---|---|
1 | Mirqasımov Mir Əsədulla Mir Ələsgər oğlu | 31 mart 1945 | 1947 | vəfat edib |
2 | Məmmədəliyev Yusif Heydər oğlu | 1947 | 1950 | 1-ci dəfə |
3 | Əliyev Musa Mirzə oğlu | 1950 | 1958 | vəfat edib |
4 | Məmmədəliyev Yusif Heydər oğlu | 1958 | 1961 | 2-ci dəfə |
5 | Xəlilov Zahid İsmayıl oğlu | 1961 | 1967 | vəfat edib |
6 | İsmayılov Rüstəm Hacıəli oğlu | 1967 | 1970 | vəfat edib |
7 | Abdullayev Həsən Məmmədbağır oğlu | 1970 | 1983 | vəfat edib |
8 | Salayev Eldar Yunis oğlu | 1983 | 1997 | vəfat edib |
9 | Maqsudov Fəraməz Qəzənfər oğlu | 1997 | 2000 | vəfat edib |
10 | Kərimov Mahmud Kərim oğlu | 2001 | 10 fevral 2013 | vəfat edib |
11 | Əlizadə Akif Ağamehdi oğlu | 25 aprel 2013 | 22 oktyabr 2019 | |
12 | Mehdiyev Ramiz Ənvər oğlu | 23 oktyabr 2019 | indi |
Həmçinin bax
- AMEA prezidentlərinin siyahısı
- AMEA-nın həqiqi üzvlərinin siyahısı
- AMEA-nın müxbir üzvlərinin siyahısı
- AMEA-nın professorlarının siyahısı
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ http://www.science.gov.az/general_news/amea_nizamname.pdf[ölü keçid]
- ↑ "R.Ə.Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (azərb.). president.az. 23 oktyabr 2019. İstifadə tarixi: 3 iyun 2021.
Xarici keçidlər
- Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytı
