Müsavat Partiyası
Müsavat Partiyası – Azərbaycanda hal-hazırda fəaliyyət göstərən ən yaşlı siyasi partiya. Əsası 1911-ci ildə İstanbulda muhacirətdə olan Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə əmisi oğlu Məhəmməd Əli Rəsulzadə, habelə Abbasqulu Kazımzadə və Tağı Nağıyev tərəfindən Bakıda qoyulmuşdur.
Müsavat Partiyası | |
---|---|
Qurucu | Abbasqulu Kazımzadə Məhəmməd Əmin Rəsulzadə Məhəmməd Əli Rəsulzadə Tağı Nağıyev |
Sədri | Arif Hacılı |
Sədr müavinləri | Fərəc Kərimli Nemət Kərimli Osman Kazımov Razim Əmiraslanlı Səxavət Soltanlı |
Quruluş tarixi | 1911 və 6 noyabr 1992 |
Qeydiyyat tarixi | 8 noyabr 1992 |
Birləşmə | Difai Partiyası (1917) Türk Ədəmi-Mərkəziyyət (1917) Ana Torpaq Partiyassı (1995) Doğru Yol Partiyası (1995) |
Bölünmə | Milli Konqres Partiyası (1995) Müasir Müsavat Partiyası (2001) Azərbaycan Demokratiya və Rifah Partiyası (2021) |
Sələf | Hümmət Partiyası |
Baş qərargah | Binəqədi rayonu |
İdeologiya | Liberalizm |
Üzv sayı | 50 000 nəfər |
Kabinetdə | 0 / 35 |
Parlamentdə | 0 / 125 |
Bələdiyyədə | 0 / 15.156 |
Saytı | musavat.org.az |
Bayrağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Müsavat ərəb sözüdür və Azərbaycan dilinə bərabərlik kimi tərcümə olunur.
Tarixi
İlk dövr (1911–1920)
Müsavat Partiyası 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadənin İstanbuldan göndərdiyi təlimata əsasən Abbasqulu Kazımzadə, Məhəmməd Əli Rəsulzadə və Tağı Nağıyev (qısaca bir neçə keçmiş Hümmət Partiyası üzvü) tərəfindən yaradılmışdır. 1911-ci ildə əsası qoyulandan 1917-ci ildə Fevral inqilabına qədər Müsavat Partiyası gizli olaraq fəaliyyət göstərmişdir. Bu ilk mərhələdə Müsavat Rusiya İmperiyasında və Yaxın Şərqdə yaşayan müsəlman və türk-dilli millətləri milli azadlıq və demokratik müxtariyyət idealları ətrafında birləşdirməyə çalışmışdır.
Müsavat Partiyasının ilk proqramı 9 maddədən ibarət olub, İslami xarakter daşıyıb. 1913-cü ildən, Məhəmməd Əmin Rəsulzadə Bakıya qayıtdıqdan sonra Müsavat Partiyasının proqramı təkmilləşdirilib, Türkçülük fikirləri ilə dolğunlaşdırılıb. 1915-ci ilin oktyabr ayında Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan "Açıq söz" qəzeti həm də Müsavat Partiyasının orqanı kimi çap olunub. Qəzet mətbuat tariximizdə "Türk ədəbi dili ilə" çap olunan ilk mətbu orqandır.
Müsavatın islamçı ideologiyası ətrafında qurulmasına və onun rəhbəri olan Məhəmməd Əmin Rəsulzadənin türkçülük düşüncələrinə rəğbət bəsləməsinə baxmayaraq, Birinci dünya müharibəsinin ilk illərində Müsavat Partiyası Çar rejimini dəstəkləmişdir.
Birləşmə
1917-ci il iyunun 17-də müsavatçılar, Difai Partiyası Gəncə Milli Komitəsinin aparıcı şəxsləri Nəsib bəy Yusifbəylinin, Həsən bəy Ağayevin, Şəfi bəy Rüstəmbəylinin, Xasməmmədli və Şeyxzamanlı qardaşlarının yaratdıqları Türk Ədəmi-Mərkəziyyət Firqəsi ilə birləşərək "Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat"ın əsasını qoymuşlar. Birləşmiş partiyanın gərərgahı 1918-ci il Bakıda baş verən qanlı mart hadisələrinədək bu şəhərdə yerlməşmişdir.
I Qurultay
Müsavatın ilk qurultayı 1917-ci il oktyabrın 26–31-də Bakıda, "İsmailiyyə" binasında keçirilib.
Qurultayda partiyanln ilk Mərkəzi Komitəsinə üzvlər seçilmişdir:
125 deputatlıq Zaqafqaziya Seymində Müsavat 30 deputatla təmsil olunub.
1918-ci il mayın 28-də Tiflisdə Müsavat Partiyası bir neçə azsaylı partiya ilə birgə Azərbaycan İstiqlalını elan etdi. 44 nəfərlik Milli Şuranın sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə seçildi.
Partiyanın şöbələri nəinki Azərbaycanın bütün qəzalarında və hətta Rusiyanın Həştərxan, Stavropol şəhərlərində, Ukraynanın, Gürcüstanın və Ermənistanın paytaxtlarında, Türküstanın mərkəzi Daşkənddə, Cənubi Azərbaycanın mərkəzi Təbrizdə, İranın Gilan vilayətinin mərkəzi Rəştdə və Türkiyənin paytaxtı İstanbulda təşkil olundu.
II Qurultay
Müsavat Partiyasının II qurultayı 1919-cu ilin dekabrında keçirildi (qurultay dekabrın 2-dən 12-dək davam etmişdir). Respublikanın bütün bölgələrindən qurultayda 140 nümayəndə təmsil olunurdu. Qurultayı giriş sözü ilə Məhəmməd Əmin Rəsulzadə açıb və partiyanın Mərkəzi Komitəsinin fəaliyyəti haqqında məruzə ilə çıxış edib.
Qurultayın Siyasi Komissiyasına Məmməd Yusif Cəfərov, Musa bəy Rəfiyev, Məmmədhəsən Hacınski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov və Məhəmməd Əmin Rəsulzadə seçilmişdir. Mandat Komissiyasına isə Cavad bəy Məlik-Yeqanov, Məhəmməd Əmin Rəsulzadə və Əbdülvahab Məmmədzadə seçilmişdir. Qurultayın birinci iclası gecə saat 10-a dək davam etmiş, ikinci gün isə qurultaya Şəfi bəy Rüstəmbəyli sədrlik etmişdir. İkinci gün qurultayın Rəyasət Heyəti aşağıdakı tərkibdə seçilmişdir:
- Məhəmməd Əmin Rəsulzadə (sədr)
- Şəfi bəy Rüstəmbəyli (sədarət)
- Məşədi Əli Rəfiyev (sədarət)
- Əbdül Qasım Rüstəmzadə (sədarət)
- İbrahim Yusif (sədarət)
- İslam bəy Qəbulzadə (katiblik)
- Mirzə Məhəmməd Axundzadə (katiblik)
- Cavad Axundzadə (katiblik)
- Mövsümzadə (katiblik)
II qurultayda müvafiq qərarlar qəbul edilib: 1) Qafqaz konfederasiyası; 2) Denikin təhlükəsi; 3)Dağıstan məsələsi.
Qurultayda Partiya Proqramına baxılıb. 67 maddəlik Partiya Proqramı iki hissədən ibarət idi: Birinci hissə – Nəzəriyyə və uzaq məqsəd; İkinci hissə – Əməliyyə və yaxın məqsəd.
Proqramın birinci hissəsində göstərilirdi ki, əsas amalımız olan Azərbaycan İstiqlalını bütün namus və vicdanımızla qorumalıyıq.
Proqramın ikinci hissəsi Şəkli idarə; Həqqi-əhliyyət; İqtisad və maliyyə işləri; Torpaq məsələsi; İşçi məsələsi; Ədliyyə məsələsi; Ruhani idarəsi məsələsi; Maarif məsələsi. bölmələrindən ibarət idi:
İkinci qurultayda Məhəmməd Əmin Rəsulzadə yenidən Müsavat Partiyasının sədri seçilib.
Gizli Müsavat
Əsas məqalə: Gizli Müsavat
1920-ci ilin 27 aprelindən – Azərbaycanın işğal günündən Müsavat Partiyası gizli fəaliyyətə başladı. Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Mirzə Bala Məmmədzadə, Əbdülvahab Yurdsevər, Cəfər Cabbarlı, Məmməd Sadıq Quluzadə və Məhəmməd Həsən Baharlıdan ibarət Müsavatın gizli "Ümumi Mərkəzi" yaradıldı. Mirzəbala Məmmədzadədən sonra 1923–1926-cı illərdə gizli müqavimət hərəkatının rəhbəri doktor Dadaş Həsənzadə olmuşdur. Müsavatın təşkilatçılığı ilə Azərbaycanda Sovet hakimiyyəti illərində bir sıra silahlı üsyan olub.
Müsavatçılara qarşı Sovet hökuməti amansız cəza sistemi tətbiq edirdi. Məhəmməd Əmin Rəsulzadə bildirirdi ki, 1923-cü ilin avqustunadək iki min müsavatçı həbs edildi. Ümumilikdə isə, 1920-ci il aprelin 28-dən 1921-ci ilin avqustuna qədər Azərbaycanda 48 min adam qırmızı terrorun qurbanı olub.
Mühacirət dövrü (1920–1989)
Azərbaycanın işğalından sonra xaricə güclü mühacir axını başlandı. Siyasi mühacirləri təşkilatlandırmaq zərurəti yarandı. İşğaldan sonra xaricə gedən Azərbaycan siyasi mühacirləri Tehran, Gilan, Təbriz, Astara, Ərdəbil, Trabzon, İstanbul və başqa şəhərlərdə mühacir cəmiyyətləri yaratsalar da bu cəmiyyətlər qısa müddətdən sonra fəaliyyətlərini dayandırmışdılar. Yalnız Müsavatın görkəmli nümayəndələrinin, xüsusilə Məhəmməd Əmin Rəsulzadənin xaricə mühacirətindən sonra müxtəlif ölkələrə səpələnmiş Azərbaycan mühacirlərini bir təşkilat ətrafına toplamaq mümkün oldu. Məhəmməd Əmin Rəsulzadə 1922-ci ildə Türkiyəyə gələrək, ilk növbədə, Müsavat Partiyasının Xarici Bürosunu təşkil etdi. Müsavat Partiyasının Xarici Bürosu ilk vaxtlar öz komitələrini partiya üzvlərinin daha çox məskunlaşdığı Türkiyə və İranda yaratdı. Bu komitələr geniş fəaliyyətə başladılar.
Strukturu
İstanbulda fəaliyyət göstərən Xarici Büronun sədri Məhəmməd Əmin Rəsulzadə, katibi Mirzə Bala Məmmədzadə, xəzinədarı Xəlil bəy Xasməmmədov idi. Onlar Xarici Büronun Rəyasət Heyətini təşkil edirdi. Büro üzvləri Şəfi bəy Rüstəmbəyli və Mustafa Vəkilov Rəyasət Heyətinin üzvləri ilə birlikdə onun icraiyyə orqanına daxil idilər ki, bunları da "beşlik" adlandırırdılar. Məmmədsadıq Axundzadə və Abbasqulu Kazımzadə Büronun üzvləri idilər. Bu dövrdə partiyanın İranda Cəfər Cəfərov (sədr), Məhəmməd Əli Rəsulzadə və Qulam Şərifovdan ibarət Tehran (Rəşt və Ənzəli təşkilatları da bu komitəyə tabe idilər), Teymur bəy Məlik-Aslanovun sədrliyi ilə Təbriz komitələri (Ərdəbil və Astara təşkilatları bu komitəyə tabe idilər) fəaliyyət göstərirdi.
Fəaliyyəti
Müsavat Partiyası Gürcüstan və Şimali Qafqaz milli təşkilatları ilə ittifaqa girmiş, ilk əvvəl Qafqaz İstiqlal Komitəsi təşkil etmiş, sonra isə istiqlalın bərpa ediləcəyi təqdirdə Qafqaz işlərini idarə edəcək Qafqaz Konfederasiyası Şurasını yaratmağa nail olmuşdu. Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Müsavat Partiyasının xaricdə fəaliyyətinin genişlənməsi Sovet hakimiyyəti dairələrində böyük narahatlıq doğururdu. 1925-ci ildə Sovet İttifaqının xarici işlər komissarı G.V.Çiçerin Bakıda keçirilən IV Sovetlər qurultayındakı çıxışında demişdi:
Son zamanlar müsavatçıların Türkiyədə fəaliyyətlərinin gücləndiyini qeyd etməmək olmaz - Biz dəfələrlə Türkiyə hökumətinə müraciət edərək, Sovet hökuməti əleyhinə intriqalara etirazımızı bildirmişik və buna, nəhayət, son qoyulmasını tələb etmişik. |
Bu dövrdə Türkiyənin beynəlxalq vəziyyətinin pis olması və böyük dövlətlərin bu dövlətə təzyiqinin artması onu eyni vəziyyətdə olan Sovet İttifaqı ilə yaxınlaşdırırdı. Sovet İttifaqımn tələbi ilə Türkiyədə müsavatçıların fəaliyyəti xeyli dərəcədə məhdudlaşırdı. 1931-ci ildə müsavatçılar Türkiyəni tərk etməyə məcbur oldular. Polşa hökuməti Azərbaycan mühacirlərini qəbul etdi. Müsavat Partiyasının lideri Məhəmməd Əmin Rəsulzadə himayəyə alındı. İrandakı müsavatçılar içərisində fars və türk təmayülləri arasında mübarizə gedirdi. Fars meylli qüvvələrə parlamentin sabiq üzvü molla Mirzə Səlim Axundzadə başçılıq edirdi. İran hökumətinin nümayəndələri fars meylli qüvvələrin təsir dairəsini genişləndirmək məqsədilə onlara maddi yardım göstərirdilər. Türk təmayüllü qüvvələrə isə Məmmədsadıq Quliyev rəhbərlik edirdi. Mirzə Bala Məmmədzadə İstanbula getdikdən sonra M.Quliyev Xarici Büronun Cənubi Azərbaycandakı nümayəndəsi təsdiq olunmuşdu.
Fikir ayrılıqları
1931–1932-ci illərdən sonra Azərbaycanın daxilində və xaricdə Müsavat təşkilatlarının fəallığının zəifləməsi müşahidə olunurdu. Bu, bir tərəfdən, Azərbaycan Dövlət Siyasi İdarəsinin müntəzəm olaraq keçirdiyi həbs və sürgünlərlə, digər tərəfdən isə, Müsavatın Xarici Bürosu və Azərbaycan Milli Mərkəzi daxilindəki fıkir ayrılığının və ixtilafların dərinləşməsi ilə əlaqədar idi. Belə ki, Müsavatın Xarici Bürosunun və Azərbaycan Milli Mərkəzinin İstanbul qrupunda Mustafa bəy Vəkilov, Şəfi bəy Rüstəmbəyli, Xəlil bəy Xasməmmədov və digərləri Məhəmməd Əmin Rəsulzadəyə müxalif mövqedə dururdu. Getdikcə dərinləşən ixtilaflar Müsavat mərkəzlərinin fəaliyyətini çətinləşdirdi. Vəziyyəti nizamlamaq məqsədilə 1928-ci ildə partiyanın rəhbər orqanı olan Divanın yenidən formalaşdırılması qərara alındı. Yeni Divan ayrı-ayrı partiya mərkəzlərinin təmsilçilərindən ibarət olmalı idi. Əksəriyyətin qəbul etdiyi qərara qarşı çıxdıqlarına görə Ş.Rüstəmbəyli, X.Xasməmmədov, M.Axundzadə İstanbul təşkilatından xaric edildilər. Lakin tezliklə nüfuzlu partiya üzvlərinin səyi ilə partiyada parçalanmasının qarşısı alındı. İlk vaxtlar ixtilafların səbəbi, formal olaraq, Müsavatın Xarici Bürosunun və Azərbaycan Milli Mərkəzinin İstanbuldan Parisə və yaxud Varşavaya köçür
ülməsi məsələsində yaranmış fikir ayrılığı kimi qələmə verilsə də, əslində, bu mübarizə partiyaya rəhbərlik, onun rəhbər xadimlərinin təsir dairəsinin müəyyən edilməsi ilə bağlı idi. Getdikcə güclənən təşkilatdaxili çəkişmələr 1934-cü ildə bir qrupun partiyadan xaric edilməsi ilə nəticələndi.
Varşava konfransı
1936-cı ilin avqustunda Varşavada Milli Müsavat Xalq Partiyasının qurultay səlahiyyətli konfransı keçirildi. Konfransda Məhəmməd Əmin Rəsulzadə "Milli hərəkatda birgə" mövzusunda hesabat məruzəsi ilə çıxış edərək, partiyanın həm Azərbaycanın daxilində, həm də mühacirətdə öz taktiki xəttini düzgün müəyyənləşdirdiyini bildirdi. O, "şəxslər müvəqqəti, ideologiya əbədidir" tezisini əsas tutaraq, müsavatçıları ideologiyaya sadiqliyə çağırdı. Konfrans partiya sıralarının təmizlənməsi məsələsini müzakirə edərək, ilk növbədə, partiya rəhbərliyinin Mir Əziz Seyidli və Şəfi bəy Rüstəmbəylinin partiyadan xaric olunması haqqında vaxtilə çıxardığı qərarı təsdiq etdi. Sonra isə Nağı Şeyxzamanlı, Xəlil bəy Xasməmmədov və Səlim Ağasıbəyli partiya sıralarından xaric olundular. Konfrans partiyanın 7 nəfərdən ibarət Divanını seçdi, Divan üzvlüyünə sonradan daha iki nəfərin cəlb olunması haqqında qərar qəbul edildi. Partiyanın əvvəlki proqramının qəbulundan keçən müddət ərzində milli və beynəlxalq sahədə baş verən fövqəladə hadisələri özündə əks etdirən "Yeni Proqram Əsasları" müzakirə edilərək qəbul olundu. "Yeni Proqram Əsasları"nda partiyanın məqsədləri 1917-ci il proqramına nisbətən daha aydın ifadə olunurdu. 1917-ci il proqramındakı "Milli istiqlal və ya muxtariyyətə malik olmayan bir millət hürriyyət və mədəniyyətini hifz etməz" tezisi yeni proqramda təkmilləşdirilərək, "Müstəqil Azərbaycan Xalq Cümhuriyyəti rus istilasından qurtulacaq, qeydsiz-şərtsiz müstəqil bir dövlət halında yaşayacaqdır" şəklində ifadə olunmuşdu. "Yeni Proqram Əsasları"nda müsavatçılığın "böyük türk kültürünə bağlı, milli, mədəni və insani dəyərləri mənimsəyən, hürriyyət, cümhuriyyət və istiqlal idealına sadiq Azərbaycan vətənpərvərliyindən" ibarət olduğu göstərilirdi. Birinci proqramında millətin siniflərdən ibarət olduğunu və Müsavatın zəhmətkeş xalqın mənafeyini müdafiə etdiyini bildirən Partiya "Yeni Proqram Əsasları"nda fərdlə ümuminin mənafelərinin uzlaşdırılması, hər cür sinif və zümrə hakimiyyətinin rədd edilməsini nəzərdə tutan daha mükəmməl nəzəriyyə irəli sürürdü. "Yeni Proqram Əsasları"nda sözdə sülhsevər cildə girən Sovet hökumətinin iç üzü açılıb göstərilir, bolşevizmin əleyhinə olan beynəlxalq təşkilatlarla əlaqə yaradılmasının, Azərbaycanın istiqlal mübarizəsinin bütün dünyada beynəlmiləl məsələ səviyyəsinə qaldırılmasının zəruriliyi qeyd olunur, həmçinin, Milli İstiqlalı bərpa etmək və onu hər cür təhlükələrdən qorumaq üçün siyasi müqəddəratları eyni olan Qafqaz xalqları ilə konfederasiya əsasında bağlılığın vacibliyi nəzərə çatdırılırdı. Varşava konfransı müsavatçılığın ideoloji cəhətdən dolğunlaşmasında və partiyadaxili ixtilafların aradan qaldırılmasında mühüm rol oynadı. Belə ki, 1936-cı il konfransından sonra partiya daxilində ixtilafların olması ilə bağlı heç bir fakt məlum deyil. Aprel işğalından sonra Müsavat PartiyasıTürkiyə, İran, Fransa və Polşada məskunlaşan müsavatçıları və digər Azərbaycan mühacirlərini vahid təşkilat ətrafında birləşdirməyə nail olmuşdu. Müsavat Partiyasının Xarici Bürosu və Azərbaycan Milli Mərkəzi Azərbaycan mühacirlərinin bolşevizmə qarşı mütəşəkkil mübarizəsini təmin etmiş, ölkə daxilində fəaliyyət göstərən müsavatçılarla əlaqələr yaradaraq, onların sovet hakimiyyəti əleyhinə mübarizəsini istiqamətləndirmişlər. Partiya, eyni zamanda, bolşevizmə qarşı mübarizə aparan xalqların mühacirətdəki nümayəndələri ilə birlikdə antisovet təşkilatların yaradılmasına çalışmış və bu təşkilatların işində fəal iştirak etmişdir.
Son dövr (1989-)
1989-cu ilin oktyabrın 29-da bir qrup insan Azərbaycan Milli Demokrat Partiyası "Yeni Müsavat"ı yaradırlar. 1990-cı ilin iyunun 29-da partiya adını Azərbaycan Milli Müsavat (Xalq) Partiyası olaraq dəyişir.
1991-ci ilin iyununda Müsavatın qurultayında Nəsib Nəsibzadə Mərkəzi İcraiyyə Komitəsinin sədri seçilir. 1992-ci ildə Müsavatın bərpa mərkəzi yaradılır. Partiyanın adı Müsavat Partiyası olaraq dəyişdirilir.
1992-ci ilin noyabrında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilmiş və İsa Qəmbər Partiyanın 5-ci başqanı seçilmişdir.
2000-ci ildə AXCP daxilində bölünmə baş vermiş, partiya klassiklər və islahatçılar qanadına bölündü. Mirmahmud Mirəlioğlu liderliyində klassiklər qanadında fəaliyyət göstərən (daha sonralar özlərini Rəsulzadə-Elçibəy fraksiyası adlandıran) 22 nəfər sonralar partiyadan uzaqlaşdırılmışdı. Daha sonra Rəsulzadə-Elçibəy fraksiyası Müsavat Partiyasına müraciət edərək partiyaya qəbul olundular. Fraksiyaya Arzu Səmədbəyli, İsa Bağırov, Novella Cəfəroğlu, Oktay Qasımov, Qubad İbadoğlu, Ülvi Həkimov kimi şəxslər daxil idi.
2010-cu ildə AXCP və Müsavat birləşmək qərarı almışdı. Lakin daha sonra bu birləşmə gerçəkləşmədi.
27 sentyabr 2014-cü ildə Səttar Bəhlulzadə adına Mədəniyyət Evində Müsavat Partiyasının qurultayı keçirilmişdir. Qurultay zamanı baş tutan başqanlıq seçkilərində 449 nəfər seçici, 3 namizəd iştirak etmiş və 228 səs yığan Arif Hacılı partiyanın 6-cı başqanı seçilmişdir. Digər namizədlərdən Qubad İbadoğlu 200, Tural Abbaslı isə 19 səs yığmışdır.
Rəhbərlik
Müsavat Partiyasının 14 nəfərdən ibarət olan Divanı mövcuddur. Müsavat Partiyasının həmçinin Gənclər Komitəsi və Qadınlar Şurası mövcuddur.
Başqanlar
| Divan
|
Seçkilərdə
Parlament
İl | Sədr | Nəticələri | Mövqe | |||
---|---|---|---|---|---|---|
Səs | % | Yer | ||||
1 / 125 | ||||||
2 / 125 | ||||||
5 / 125 | ||||||
0 / 125 | ||||||
0 / 125 | ||||||
0 / 125 |
Rəmzlər
Himn
Bayrağına göy qurşağı göy rəngini verdi,
Bayraqdan uca təkcə bir Allahdı, Müsavat!
İllər boyu gah meydana, gah zindana girdin,
Zalım elə bildi daha dustaqdı Müsavat!
Əsdi qara yellər başın üstündə, çox əsdi,
Kəsdi qara yellər, sənin haqq yolunu kəsdi,
Amma nə oraq biçdi səni, nə çəkic əzdi,
Sümbül kimi bir də dikəlib, qalxdı Müsavat!
Dünya bulanıb bir durulan vaxt olacaqdı,
Zalımlara divan qurulan vaxt olacaqdı,
Sənsiz bu Vətən torpağı bədbaxt olacaqdı,
Sənsən bu Vətən torpağının baxtı, Müsavat!
Bəsdir bəzədik çölləri başdaşlarımızla,
Bəsdir suladıq gülləri göz yaşlarımızla,
Dar gündə tutaq əl-ələ qardaşlarımızla,
Dərdi-qəmi boğ, gün kimi doğ, vaxtdı Müsavat!
- Sözləri: Ramiz Rövşən.
- Musiqisi: Cavanşir Quliyev.
Müsavatın himni 25 oktyabr 1997-ci il tarixdə partiyanın V (Proqram) Qurultayında qəbul olunub.
Bayrağı və emblemi
Müsavat Partiyasının bayrağı mavi rəngdədir. İlk dəfə 1919-cu ildə Partiyanın II qurultayında bayrağın bu rəngdə olmağı qəbul edilib. Mavi bayraq bir zamanlar Elxanilər dövründə (XIII əsrdə) Azərbaycan torpaqları üzərində dalğalanıb. Mavi bayraq həm də Elxanilərin zəfər yürüşlərini əks etdirirdi.
Partiyanın embleminin müəllifləri görkəmli rəssamlar Elçin Məmmədov və Tərlan Qorçiyevdir. Emblemdəki "Müsavat" sözünün baş hərfi olan "M" qoşa dağ şəklində təqdim olunur; arxadakı dağ qara rəngdədir. Qara dağ Türklər üçün əhəmiyyətli simvollardan biridir. Öndəki dağ isə Müsavatın simvolu olan mavi rəngdədir. "M" hərfinin strukturu, qoşa dağın görünüşü tarazlıq ideyasını ifadəli göstərir. Tarazlıq ideyasından isə Müsavatın əsas prinsiplərindən birinə – Milli Təsanüdə çıxmaq olar. Çünki Təsanüd həm də müxtəlif sosial təbəqələrin mənafelərində tarazlaşdırma nöqtələri tapmaqdır. Emblemdəki iki üçbucaqdan Platon və Fərabi kimi filosofların fəlsəfəsinə də çıxmaq olar. Bu filosoflar deyirdilər ki, bütün başqa həndəsi fiqurlar (həndəsi fiqurlara uyğun cisimlər) üçbucaqların müxtəlif birləşmələrindən törənmişdir, yəni varlıqda olanların təməli həndəsi fiqur prinsipinə uyğun gəlir |
Qərargahı
Müsavat Partiyası 2003-cü ilə kimi Azərbaycan prospekti 37 ünvanında yerləşən binada fəaliyyət göstərib. Amma 2003-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərindən sonra partiya şəhərin mərkəzindəki qərargahını itirməli oldu. Müsavat hazırda Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3097-ci məhəllədəki 4 mərtəbəli binanın iki mərtəbəsində fəaliyyət göstərir. Bu binaya köçən zaman otaqlar normal olmadığından Müsavat rəhbərliyi bir qədər xərc çəkərək, otaqlara "əl gəzdirib" təmir işləri apardılar. Amma hazırda da qərargahın bir sıra yerləri bərbad vəziyyətdədir. Partiya hər ay kommunal xərclərlə birgə 1000 manata qədər dövlət rüsumu ödəyir
Mənbə
Ədəbiyyat
- İbrahimli X., Azərbaycan siyasi mühacirəti (1920–1991), B., 1997,
- Oruclu M, Azərbaycanda və mühacirətdə Müsavat Partiyasının fəaliyyəti (1911–1992), B., 2001.
İstinadlar
- (ing.) Smith, Michael G. "Anatomy of a Rumour: Murder Scandal, the Musavat Party and Narratives of the Russian Revolution in Baku, 1917-1920". Journal of Contemporary History. 36 (2). 2001: 216–218. (#parameter_ignored_suggest)
- (ing.) Mostashari, Firouzeh. On the Religious Frontier: Tsarist Russia and Islam in the Caucasus. I.B.Tauris. 2006. 144. ISBN 1850437718.
- (rus.) Гусейнов, Мирза Давуд. 1: Программа и тактика // Тюркская демократическая партия федералистов "Мусават" в прошлом и настоящем. Baku. 1927.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2004. s. 231
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2004. s. 232
- . 2020-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-12.
- Röya Rəfiyeva. "Arif Hacılı Müsavat Partiyasının yeni başqanı oldu - VİDEO" (az.). musavat.com. 2014-09-28. İstifadə tarixi: 2014-09-28.
- ↑ (az.). musavat.org.az. 2014-04-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-20.
- Elnur Məmmədli. (az.). lent.az. 2009-05-12. 2014-04-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-20.
- Elnur Məmmədli. (az.). lent.az. 2010-02-04. İstifadə tarixi: 2014-04-20.
Həmçinin bax
Xarici keçidlər
- Müsavat Partiyası — Facebook səhifəsi
- Müsavat Partiyası — Twitter səhifəsi
- Müsavat Partiyası — Instagram səhifəsi
Sitat səhvi: <ref>
tags exist for a group named "lower-alpha", but no corresponding <references group="lower-alpha"/>
tag was found