Şamkənd
Şamkənd — Azərbaycan Respublikasının Laçın rayonu Şamkənd kənd inzibati ərazi dairəsində kənd.
Şamkənd | |
---|---|
39°52′54″ şm. e. 46°24′49″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Laçın rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kənd Qarabağ silsiləsində yerləşir. Yaşayış məntəqəsi XIX əsrin ortalarında qasımuşağı kiçik tayfaya mənsub cəmi 3 ailənin Şam adlı qışlaqda məskunlaşması nəticəsində yaranmışdır. Türk dilində şam sucaq yer, bataqlı, qamışlıq deməkdir.
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 1 dekabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Tarixi
Qədimdən bəri yaranıb formalaşan, özünəməxsus xüsusiyyətlərə malik olan insanlar qəbilələr, tayfalar halında, kollektiv şəkildə yaşamışlar. Tayfada tayfa üzvlərinin artımı hiss olunduqda yeni yaşayış məskənləri salınarmış. Şamkənd kəndi də belə bir zərurət əsasında Qasımuşağı obasının ərazisində yaranmışdır.Kəndin salındığı ərazi olduqca çox sıx meşə – şamlax olmuşdur.
Şamkənd kəndi əvvəllər əsasən xərək, potuğa, qara dam, dam, şirvanı dam (yeraltı qazmadan düzəldilmiş olan tikililər) adlanan xüsusi tikililərdən ibarət olmuşdur.Sonralar yerli tikinti materiallarından daş evlər tikilmişdir. Əvvəlcə tikilən daş evlərin damı taxta kirəmit ilə bağlanırdı.Belə tikililərdən bəzisi 1990-cı illərin əvvəllərinə qədər qalırdı.
Sultan bəy Sultanovun yay otağı da bu kəndin ərazisində olmuşdur. Sovet imperiyası Qasımuşağı obasını işğal edərkən həmin evi yandırdıqdan sonra tikintinin divar qalıqları qalmışdır. Həmin sahə o vaxtdan Sultan bəyin yay otağı adlandırılırdı.
Heyvandarlığın və arıçılığın inkişafı ilə əlaqədar yazda havalar istiləşər-istiləşməz kənd əhalisinin bir hissəsi dəniz səviyyəsindən 2830 metr yüksəklikdə olan Qırxqız yaylasının müxtəlf yerlərinə köç edər, keçədən alaçıq qurar,payız aylarında soyuqlar düşənə qədər yaylaqda qalardılar.
Mədəniyyəti
Kənddə orta məktəb, klub, kitabxana, xəstəxana var idi.
Kənddə kustar üsulu ilə ip əyrilməsi, xalça toxnması ən yaxşı məşğuliyyət növlərindən birinə çevrilmişdir. Demək olar ki, kənddə ailələrin çox hissəsində toxucu dəzgah(hana və yer hanası) var idi. Onlar hazırladıqları yun və pambıq iplərdən xalça, kilim, keçə, fərməş, xurcun, şəddə, yun şal (parça) və digər məmulatlar toxuyurdular. Toxunmuş hazır məhsulları(əsasən də xalça və kilim) müxtəlif bazarlara satışa çıxarırdılar.
Palıddan və vələsdən xarratlar müxtəlif əşyalar hazırlayırdı. Qab-qacaq, o cümlədən təknə, tabaq, nehrə, cəhrə, çanaq, qollu tərəzi, daraq(yun daramaq üçün), hana(xalça toxumaq üçün), yer hanası (şəddə, örkən toxumaq üçün), çəllək buna gözəl misal ola bilər.
Soyuducu olmadığı bir dövrdə kənd əhalisi meyvə-tərəvəzi və kənd məhsullarını uzun müddət saxlamaq üçün müxtəlif vasitələrdən, o cümlədən quyu və zirzəmilərdən istifadə edirdilər.Bundan əlavə əhali əvvəllər yay aylarında bulaqların yaxinlığinda kənd təsərrüfatı məhsullarını və diger tez xarab olan ərzaqları saxlamaq üçün müxtəlif cür qurğular düzəldirdilər.
Əvvəllər kəndin bağ və bostanları arx vasitəsi ilə suvarılırdı. 1980-ci illərin axırında dəmir və plasmas borularla kəndə su çəkilmişdir.
Kəndin ərazisində daşdan və taxtadan tikilmiş iki su dəyirmanı olmuşdur.
Coğrafiyası və iqlimi
Yaxşı iqtisadi-coğrafi mövqeyə, Kiçik Qafqaz sıra dağlarında, Murovdağın cənubunda, Qarabağ silsiləsinin Qırxqız yaylaqlarının ətəklərində, ortadağlıq yamaclarda, saf iqlimi, uca dağları, mənzərəli meşələri, əkinə yararlı sahələri olan ərazilər yerləşir. Belə ərazilərdən birində Şamkənd adlı bir kənd salınmışdır. Kənd Respublikanın paytaxtı Bakı şəhərindən şose yolla 515 km qərbdə, rayon mərkəzindən şose yolla 65 km şimal-qərbdə, Kiçik Qafqaz sıra dağlarında, Qarabağ silsiləsinin cənub-qərb yamacında, civə ehtiyatı ilə zəngin Çilgəzçayın yatağında yerləşir. Xankəndi dəmir yolu stansiyası ilə şose yolla ara məsafəsi 125 km-dir. Cənub-şərqdən Bozdağan, şimal-şərqdən və şimal tərəfdən Ərikli, şimal-qərbdən Qarabəyli, qərb tərəfdən Ələkçi, cənub-qərb tərəfdən Nağdalı, cənub tərəfdən isə Qırxqız yaylağının ərazisi ilə həmsərhəd olan kənd meşə və çay kənarında, uca dağlar qoynunda yerləşmişdir. Meşələrində adı Qırmızı Kitaba düşmüş qırmızı palıd, közü gec sönən, həmişəyaşıl ardıc, çoxlu cır meyvə və giləmeyvələr, çəmənlərində çoxlu dərman bitkiləri bitir. Kəndin meşələrində meşə əmələ gətirən əsas ağac cinslərindən ən geniş yayılanı palıd və vələsdir. Bu ağaclar kənddə ta qədim dövrlərdən son zamanlara qədər bütün tikinti işlərində, müxtəlif alət və avadanlıqların düzəldilməsində istifadə edilir. Ağcaqayın, göyrüş, qara ağac, cır meyvələrdən alma, armud, alça, yemişan, qaragilə, əzgil, giviş, həmərsin (itburnu və ya dərgil, zirinc, dovşan alması və s. meyvə ağacları və kolları meşələrin bəzəyidir.
Meşələrin heyvanlar aləmi də çox rəngarəngdir. Qonur ayı, vaşaq, canavar, çaqqal, tülkü, porsuq, gəlincik, cüyür(əlik), çöl donuzu, dovşan, kirpi və s. heyvanlar bu meşələrin daimi sakinləridir. Quşlardan zığ-zığ, qaratoyuq, bülbül, ağacdələn, cur-cur, şanapipik, bayquş, sərçə, qaranquş, qartal, quzğun, qızılquş, qırğı, çobanaldadan, bildirçin, alacəhrə, qırmızıdöş, alabaxta, arıquşu, alaqarğa, qaraqarğa, çalağan, sar və başqa quşları göstərmək olar.
Kəndin ərazisində hər yerin bir adı var: Qızılgüney, Arduşlu meşə, Arpagədiyi, Ağqaya, Dolu basan, Göygüney, Ağcayazı, Çalayurd, Taxtalar, Oyuğun yalı, Əhəng quyu, Kazımın yalı, Oyuğun düzü, Xurşudun biçənəyi, Dəvə ölən, Səmədin dəyirmanı, Maxmərin talası və s. bu kimi yerləri göstərmək olar.
Çilgəzçayın bir hissəsi olan Nağdalı çayı Ələkçi kəndinin ərazisində Çayqovuşuğu adlanan yerdə Ələkçi çayı ilə birləşdikdən sonra Şamkənd kəndinin qərb tərəfindən kənd ərazisinə daxil olur. Kəndi iki hissəyə ayıran çay kənd ərazisinin şərq tərəfindən Çorman kəndinin ərazisinə keçərək öz yoluna davam edir. Öz mənbəyini kəndin ərazisindən, cənub-şərq tərəfindəki dağlardan, yüksəkliklərdən başlayan İstili dərəsi və şimal-qərb tərəfdəki yüksəkliklərdən başlanğıc götürən Göy dərənin axar suları da Çilgəzçaya qovuşur. İqlim şəraitindən asılı olaraq axar suların suyunun həcmi fəsillər üzrə artıb azalır. Yaz və yay aylarında kəndin ərazisində Xurşudun biçənəyi adlanan sahədəki, xırda göl yağıntının miqdarından asılı olaraq öz ərazisini dəyişir.
Zirvəsi daima dumanlı, ağ örpəkli uca dağları, qışda ağappaq, yayda yam-yaşıl yorğana bürünmüş meşələri, kənarı hay-küylü çayları bulaqlarsız təsəvvür etmək günah olardı. Burada təbiət heç nəyi əsirgəməyərək hər bulağa bir dad, soyuqluq, hər birinə özünəməxsus ad və mənzərə, şəffaf və saf su bəxş etmişdir. Sızğalar, Qarı bulağı, Toppuzlu bulaq, Turş su, Oyuğun bulağı və s. çeşmələri buna misal göstərmək olar. Kənd əhalisi soyuducu olmayan bir dövrdə buz bulaqlardan soyuducu kimi istifadə etmişdir. Hətta günlərlə orada qalan məhsul öz keyfiyyətini, təravətini olduğu kimi saxlayırdı.
Bu yerlərin mürəkkəb relyefi, sərt iqlimi bütün amillərə öz təsirini göstərir.Burada iqlim yayda sərin qışda soyuq olur. Orta illik temperatur 01 °C ilə 08 °C arasında dəyişir. Yağıntıların illik miqdarı 700–800 mm-ə qədər olur.
Əhalisi
Kənd əhalisi milliyətcə azərbaycanlılardan ibarətdir. Kənddə yaşayan əhali ümumilikdə Qasımuşağı tayfası adlandırılır. Lakin buna baxmayaraq əhali bir neçə tayfaya ayrılmışdır: Mollahəsənli tayfası, Nəbiuşağı tayfası, Əhməduşağı tayfası, İbrahimuşağı tayfası.
2006-cı ilin statstikasına görə kəndin əhali sayı 350 nəfər olmuşdur.
2009-cu il dekabr ayına olan məlumata əsasən kənddə əhalinin sayı 451 nəfərdir (100 ailə).
İqtisadiyyatı
Təbii şəraitiin əlverişli olması insanların həyatını yaxşılaşdırır. Heyvandarlığın, əkinçiliyin inkişafı üçün bol suyu, münbit torpağı, zonanın təbii şəraiti, əlverişli iqlimi(kənd ərazisində dağ-meşə landşaftının olması və dağ-çəmən landşaftının kənd ərazisinə yaxın olması) olduğundan əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik olmuşdur. Heyvandarlıq çox güclü inkişaf edərək əsas sahələrdən birinə çevrilmişdir.Mal-qara, xüsusən qoyun sürüləri saxlamaq üçün yaxınlıqdakı Qırxqız yaylağı əvəz edilməzdir. Əkinçilik kəndin iqtisadiyyatında ikinci yeri tutur. İlin isti dövründə 500–600 mm-ə qədər yağıntı düşməsi və onun da 60-70 faizinin yazda və yayın əvvəllərində yağması dəmyə əkinçiliyi yaxşı inkişaf etdirməyə imkan verir. Bu səbəbdən də dəmyə kartof, qarğıdalı, günəbaxan becərilməsi məqsədə uyğun olmuşdur.
Əkinə yararlı sahələrdə buğda, arpa, vələmir, darı və başqa dənli bitkilər, eləcə də çox illik ot becərilir. Təbii ot biçənəkləri burada heyvandarlığın inkişafı üçün əvəzedilməzdir. Meşədə bitən cır meyvə və giləmeyvələrdən meyvə qurus(qax) hazırlanır, müxtəlif məqsədlər üçün istifadə edilərdi. Bunlardan əlavə heyvandarlığın inkişafı ilə əlaqədar toxuculuq çox güclü inkişaf etmişdir. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə uyğun xalçalar toxunurdu. Taxta-şalban istehsalı da inkişaf etmişdir.
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (2019). "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (azərb.). stat.gov.az. 2020-04-16 tarixində (PDF). İstifadə tarixi: 2020-04-16.
- Azərbaycan toponimlərinin Ensiklopedik lüğəti II cild, Bakı “Şərq-Qərb”, 2007, 304 s.
Laçın rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |