Heyvanlar
Heyvanlar |
---|
Elmi təsnifat |
Elmi adı |
Animalia Linnaeus, 1758 |
Yarımaləm və bölmələri |
|
Heyvanlar (lat. Animalia və ya lat. Metazoa) — оrqanizmlər toplusu, bioloji məkan, zооlogiya elminin tədqiq obyekti.
Ənənəvi olaraq heyvanlar kоnsument (hazır üzvi birləşləmələrlə qidalalanlar) və daima hərəkət edənlər hesab edilirlər. Ancaq elmə passiv həyat keçirən heyvanlardir.
Heyvanlar həm də xarici və daxili quruluşuna, çoxalma və inkişafına, davranışına görə müxtəlifdir. Bu müxtəlifliyi aydın təsəvvür etmək üçün fili, tısbağanı, akulanı və ağcaqanadı müqayisə etmək kifayətdir. Heyvanlar hər yerdə – Yer üzərində, torpaqda, suda, havada yaşamağa uyğunlaşmışdır. Bir çox heyvanlar bitkilərdə, digər heyvan orqanizmlərində, hətta insan orqanizmində yaşayır. Bütün heyvanlar yaşadıqları mühit şəraitinə uyğunlaşmışdır. Hava həyat tərzi (uçmaq həyatı) ilə əlaqədar quşlarda, yarasalarda, cücülərdə qanadlar inkişaf etmişdir, su həyatı ilə əlaqədar olaraq sürüşkən bədən forması, üzgəclər (balıqlarda) və ya kürəkşəkilli ətraf (balinada, suitidə) inkişaf etmişdir. Ona görə də heyvanın xarici quruluşuna gorə onun hansı mühitdə yaşamasını, necə hərəkət etməsini və qidasını necə tapmasını müəyyən etmək mümkündür.
Heyvanlar aləmindən bəhs edən elm zoologiya adlanır. Yunanca zoon – heyvan, loqos – elm, təlim deməkdir. Zoologiya heyvanlar aləminin müxtəlifliyini, onların quruluşunu və həyat fəaliyyətini, yaşadıqları mühitlə əlaqəsini, fərdi və tarixi inkişaf qanunauyğunluqlarını öyrənir. Heyvanları quruluşunun sadə və mürəkkəbliyinə, mənşəyinə görə müxtəlif sistematik qruplara ayırmışlar. Heyvanlar aləmində ən ali sistematik vahid tip adlanır. Hazırda heyvanlar 23 tipə ayrılır. Hər tip isə bir və ya bir neçə sinfə bölünür. Bu qayda üzrə siniflər dəstələrə, dəstələr fəsilələrə, fəsilələr cinslərə, cinslər də növlərə ayrılır. Məsələn, məməlilər sinfinin yırtıcılır dəstəsinə itlər, pişiklər və ayılar fəsilələri daxildir. Heyvanların təbii təsnifatı ilə heyvanların sistematikası məşğul olur. Bu elm heyvanlar aləminin təkamülünü əks etdirir. Heyvanların morfologiya və fiziologiyasını sadədən mürəkkəbə doğru (ibtidaidən aliyə doğru) öyrəndikcə, təbiətdə gedən təkamül prosesinin reallığını dərk etmək olar. Zoologiya heyvanlar aləminin qorunmasının və onlardan səmərəli istifade edilmesinin elmi əsasını təşkil edir.
Azərbaycanda heyvanlar aləmi
Azərbaycan Respublikası ərazisinin təbii şəraiti müxtəlif olduğundan, onun heyvanlar aləmi də çox rəngarəngdir. Burada 101 məməli, 365 quş, 52 sürünən (reptiliya), 10 suda-quruda yaşayan (amfibiya), 101 balıq, 25 minə qədər cücü, 1100-dən çox hörümçəkkimilər, 181 ilbiz, 360 xərçəngkimilər, 287 rotatori (dəniz qurdları), 400 fitohelmint (bitki parazitləri), 1200 helmint (heyvan parazitləri), 1500-dən artıq sərbəst yaşayan, insanlarda və heyvanlarda parazitlik edən ibtidai (protozoa) heyvan növləri məlumdur. 101 növ məməli heyvandan 13-ü cücüyeyən, 28-i yarasa, 29-u gəmirici, 2-si dovşankimilər, 19-u yırtıcı, 9-u dırnaqlı, 1 növü isə kürəkayaqlıdır.
Heyvan növlərinin respublika ərazisində yayılma arealı müxtəlifdir. Bəzi heyvanlar çox məhdud (göl, çay, dağın bir hissəsi), digərləri isə geniş ərazilərdə yayılmışdır. Məs., sərçəkimilər dəstəsinə daxil olan quşlara respublikanın bütün ərazisində rast gəlmək olar. Parazit ibtidailər, qurdlar qidalandıqları orqanizmlərin – sahiblərinin (kənd təsərrüfatı heyvanları, ev quşları və s.) arealından asılı olaraq respublikanın bütün zonalarında qeyd edilir. Məməlilərdən ceyran düzənlik, yarımsəhra, kiçik təpəlikli dağətəyi ərazilərdə, Dağıstan turu Böyük Qafqaz d-rının c. və şm.-ş. yamaclarında (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Quba, Qusar r-nları) və yüksək dağlıq ərazilərdə məskunlaşmışlar. Quşların bir çox növü meşələrdə, dağlıq və düzənlik ərazilərdə, digərləri su hövzələrində, zərərverici cücülər müxtəlif aqrosenozlarda, ölkə faunasına daxil olan başqa növlər tarixən uyğunlaşdıqları müxtəlif ekosistemlərdə yayılmışdır.
Çöldonuzuna Böyük Qafqaz, Kiçik Qafqaz və Talış d-rındakı meşələrdə, həmçinin Kür ətrafındakı tuqay meşələrində, Mil, Muğan və Şirvan düzlərinin qamışlıqlarında daha çox rast gəlinir. Dovşanlar, əsasən, Kür-Araz ovalığının becərilən sahələrində, ümumiyyətlə isə respublikanın subalp və alp qurşaqlarından başqa hər yerdə yayılmışdır. Göstərilən heyvanların sayı azaldığından onların ovlanma miqdarı tənzimlənir. Bəzi heyvan və quşların ovlanma vaxtı məhdudlaşdırılmış, sayı azalmaqda olan qiymətli heyvan və quşların (ceyran, cüyür, köpgər, maral, turac və s.) ovlanması, heyvanları və insanları zəhərləyən kimyəvi maddələrdən istifadə edilməsi qadağan edilmişdir.
Azərbaycan Respublikasının "Qırmızı kitab"ına 108 növ heyvanın adı daxil edilmişdir. Onlardan 14-ü məməli, 36-sı quş, 13-ü sürünən və suda-quruda yaşayan, 5-i balıq və 40 növü cücülərdir.
Xəzli heyvanların əksəriyyəti (bataqlıq qunduzu, tülkü, yenot, dovşan, az miqdarda dələ, porsuq, meşəpişiyi, ayı, çaqqal, canavar və s.) Azərbaycanın bütün müvafiq ərazilərində, o cümlədən,
Böyük və Kiçik Qafqazın meşə və dağlıq hissələrində məskunlaşmışdır. Bataqlıq qunduzu Kür ətrafındakı qamışlı göllərdə, Varvara su anbarında, Qızılağac körfəzində, Dəvəçi limanında, bir sözlə, qamışlıq, bataqlıq və cəngəllik olan sulu biotoplarda məskunlaşmışdır.
Azərbaycan Respublikasında heyvanları qorumaq, eləcə də artmasını təmin etmək üçün qoruqlar, yasaqlıqlar və milli parklar yaradılır, ov qaydaları nizama salınır. Hirkan Milli Parkı ərazisində 14–17 baş xallı maral qalmışdır. Berkut məhdud sahədə, əsasən, dağ meşələrində məskunlaşmışdır. Qafqaz tetrasına Böyük və Kiçik Qafqazın subalp qurşaqlarında, yaşılbaş ördəyə Xəzərin sahilində və başqa sututarlarda rast gəlinir. Qayakeçisi (bezoar keçisi) və dağ qoyunu (Asiya muflonu) hazırda Naxçıvan MR-in yüksək dağlıq ərazilərində, Dağıstan turu (dağkeçisi) Böyük Qafqazın c. yamaclarında, ceyran Şirvan Milli Parkında və Korçay yasaqlığında yayılmışdır.
Heyvanların təbiətdə rolu və insan həyatında əhəmiyyəti
Təbiətdə yaşayan müxtəlif növ heyvanların hər biri özü üçün həm qidalanma, həm də gizlənmə yeri tutur.
Heyvanlar ümumi canlılar aləminin təkamülündə bitkilərin çarpaz tozlanmasında, onların toxumlarının yayılmasında, torpaq əmələgəlmə prosesində, onun üzvi maddələrlə zənginləşməsində mühüm rol oynayır. Heyvanlar ölmüş heyvan cəmdəklərini, bitki qalıqlarını yeməklə, həmçinin bir çox su heyvanları (biofiltratorlar) suyu təmizləməklə təbiətdə sanitar fəaliyyəti göstərir.
Heyvanlar insan həyatında da böyük rol oynayır. Hələ ibtidai insanlar heyvanların ətindən, dərisindən, sümüyundən istifadə edirdilər. Zaman keçdikcə insanlar tədricən müxtəlif heyvanları əhliləşdirmiş və onların nəslindən maldarlıq, qoyunçuluq, quşçuluq, arıçılıq, ipəkçilik və s. təsərrüfatlar yaratmışlar. Bu təsərrüfatlar cəmiyyəti ərzaq və yüngül sənaye xammalı ilə təmin edir.Heyvanlar həmçinin təbiətə gözəllik verən, onu zəngin estetik zövq mənbəyinə çevirən canlı varlıqlardır. Təbiətdə onların qorunub saxlanılması, artırılması və cəmiyyət üçün səmərəli istifadə edilməsi çox vacib məsələdir.
Bununla belə meşələrə, tarlalara, bağlara, ev heyvanlarına, hətta insan səhhətinə zərər verən heyvanlar da az deyildir.Təbiət üçün və insana faydalı olan heyvanların sayını artırmaq, qorumaq və onlara düzgün qulluq etmək, həmçinin zərərli heyvanlara qarşı mübarizə aparmaq üçün heyvanların həyatını və onların təbiətdəki rolunu yaxşı bilmək lazımdır. O da məlumdur ki, heyvanların insan həyatında rolu zaman keçdikcə dəyişmişdir. Məsələn, vəhşi heyvanların insan üçün qida mənbəyi kimi əhəmiyyəti xeyli azalmış, bunun əvəzində müxtəlif heyvandarlıq təsərrüfatları inkişaf etdirilmişdir.
Müasir təbabəti zooloji tədqiqatlarsız təsəvvür etmək olmaz, çünki bir çox xəstəliklərin törədiciləri (qoturluq gənəsi, malyariya paraziti, qaraciyər sorucusu, öküz soliteri, exinokok və s.) heyvanlardır. Əlbəttə, bu xəstəliklərə qarşı mübarizə aparmaq üçün onların törədiciləri və keçiricilərinin növ tərkibi, morfoloji, bioloji və ekoloji xüsusiyyətləri dərindən tədqiq edilməlidir. Digər tərəfdən, insan üçün xeyirli heyvanların qorunub saxlanması, onlardan təsərrüfatda səmərəli istifadə olunması və ümümiyyətlə, vəhşi heyvanların qorunub saxlanması çox mühüm məsələdir.
Heyvanların və bitkilərin oxşarlığı və fərqi
Heyvanlar bitkilərlə bir çox oxşarlığa malikdir. Həm heyvanlar, həm də bitkilər hüceyrəli quruluşa malikdir, hər ikisində hüceyrələr toxumaları, toxumalar isə orqanları əmələ gətirir. Heyvanlar da, bitkilər də qidalanır, tənəffüs edir, çoxalır, böyüyür və inkişaf edir. Bununla bərabər, heyvanlarla bitkilər arasında mühüm fərqlər da vardır. Heyvanlar hazır üzvi maddələrlə qidalanır, əksər bitkilər isə üzvi maddələri qeyri-üzvi maddələrdən özləri hazırlayır. Bitkilərdən fərqli olaraq, əksər heyvanlarda sinir sistemi mövcuddur və heyvanlar hərəkət edir. Göstərilən oxşar və fərqli cəhətlərlə yanaşı, ibtidai quruluşa malik orqanizmlərin bəzən heyvanlar aləminə, yoxsa bitkilər aləminə aid edilməsi çətinlik törədir.
Heyvanlarla bitkilər arasında olan böyük oxşarlıqlar tasadüfi olmayıb, onlarn bir əcdaddan inkişaf etdiklərini göstərir.
Stenoterm heyvanlar
Stenoterm heyvanlar, yalnız müəyyən və ya az dəyişkən temperaturda yaşamaq qabiliyyəti olan dəniz və torpaq heyvanları[1]. Mühitin temperaturuna uyğunlaşan Stenoterm heyvanlarda həmin mühitin temperaturu müxtəlif növ üçün müxtəlifdir: istisevən heyvanlar yalnız nisbətən yüksək temperaturda (adətən 20°C-dən az olmayan), soyuq sevən heyvanlar aşağı temperaturda (bəzən 0 °C yaxın) yaşaya bilərlər. Stenoterm heyvanlar evriterm heyvanlarla müqayisə edilir.
Stenotermiya
Temperatur faktorunun dar intervalda tərəddüdünə adaptasiya olunan orqanizmlər.
Stenotermofillər
Stenoxorlar-temperaturun yalnız dar diapozon tərəddüdünə yaşamağa qabil olan heyvanlar. Stenotermofillərə yeraltı və dərin su şəraitində, isti qaynaqlardakı (yüksək enliklərdə) bütün orqanizmlər daxildir.
Təsnifatı
- Eumetazoylar yarımaləmi
- Bağırsaqboşluqlular (Coelenterata) bölməsi
- Dalayıcılar (Cnidaria) tipi
- Ziqo
- Daraqlılar (Ctenophora) tipi
- Trilobozoa tipi (Nəsli kəsilib)
- İkitərəflisimmetriyalılar (Bilateria) bölməsi
- İlkağızlılar (Protostomia) yarımbölməsi
- Bağırsaqboşluqlular (Coelenterata) bölməsi
- I hipotez (İlkağızlılar)
- Ecdysozoa (Ecdysozoa) tipüstü
- Yumru qurdlar (Nematoda) tipi
- Onixoforlar (Onychophora) tipi
- †Lobopodlar (Lobopodia) tipi
- Qılqurdlar (Nematomorpha) tipi
- Xortumbaşlar (Cephalorhyncha) tipi
- Ərincəklilər (Tardigrada) tipi
- Buğumayaqlılar (Arthropoda) tipi
- Spirallılar (Lophotrochozoa) tipüstü
- Molyusklar (Mollusca) tipi
- Nemertinlər (Nemertea) tipi
- Həlqəvi qurdlar (Annelida) tipi
- Briozoylar (Bryozoa) tipi
- Çiyinayaqlılar (Brachiopoda) tipi
- Kisəvarilər (Echiura) tipi
- Trubkalılar (Phoronida) tipi
- Sipunkulidlər (Sipuncula) tipi
- Platyzoa üst tipi
- Yastı qurdlar (Plathelminthes) tipi
- Kirpikliqarın qurdlar (Gastrotricha) tipi
- Qnatostomulidlər (Gnathostomulida) tipi
- Mikroçənəlilər (Micrognathozoa) tipi
- Rotatorilər (Rotatoria) tipi
- Cycliophora tipi
- Tikanbaşlılar və ya başıtikanlılar (Acanthocephala) tipi
- Entoprocta tipi
- Acoelomorpha .
- Ecdysozoa (Ecdysozoa) tipüstü
- II hipotez (İlkağızlılar)
- Yastı qurdlar (Plathelminthes) tipi
- Kirpikliqarın qurdlar (Gastrotricha) tipi
- Qnatostomulidlər (Gnathostomulida) tipi
- Mikroçənəlilər (Micrognathozoa) tipi
- Rotatorilər (Rotatoria) tipi
- Tikanbaşlılar (və ya başıtikanlılar) (Acanthocephala) tipi
- Yumru qurdlar (Nematoda) tipi
- Xortumbaşlar (Cephalorhyncha) tipi
- Qılqurdlar (Nematomorpha) sinfi
- Priapulidlər (Priapulida) sinfi
- Kinorinxlər (Kinorhyncha) sinfi
- Lorisiferlər (Loricifera) sinfi
- Coelomata
- Trochozoa
- Cycliophora tipi
- Entoprocta tipi
- Molyusklar (Mollusca) tipi
- Sipunkulidlər (Sipuncula) tipi
- ?Buğumlular Articulata
- Kisəvarilər (Echiura) tipi
- Həlqəvi qurdlar (Annelida (Pogonophora da daxildir)) tipi
- Panarthropoda
- Onixoforlar (Onychophora) tipi
- Ərincəklilər (Tardigrada) tipi
- Buğumayaqlılar (Arthropoda) tipi
- Tentaculata
- Briozoylar (Bryozoa) tipi
- Trubkalılar (Phoronida) tipi
- Çiyinayaqlılar (Brachiopoda) tipi
- Trochozoa
- Sonağızlılar (Deuterostomia) yarımbölməsi
- Dərisitikanlılar (Echinodermata) tipi
- Çənəsiqıllılar (Chaetognatha) tipi
- Ksenoturbellidlər (Xenoturbellida) tipi
- Yarımxordalılar (Hemichordata) tipi
- Xordalılar (Chordata) tipi
- Prometazoylar yarımaləmi
İstinadlar
- ↑ Məmmədov Q.Ş. Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008