Naxçıvan Muxtar Sovet Sosialist Respublikası
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (rus. Нахичева́нская Автоно́мная Сове́тская Социалисти́ческая Респу́блика, translit. Naxiçevanskaya Avtonomnaya Sovetskaya Sotsialistiçeskaya Respublika, azərb-kiril: Нахчыван Мухтар Совет Сосиалист Республикасы), qısaca: Naxçıvan MSSR (rus. Нахичева́нская АССР, translit. Naxiçevanskaya ASSR, azərb-kiril: Нахчыван МССР) — Azərbaycan SSR tərkibində muxtar respublika. 9 fevral 1924-cü ildə qurulmuşdur.
Нахичева́нская Автоно́мная Сове́тская Социалисти́ческая Респу́блика Нахчыван Мухтар Совет Сосиалист Республикасы Naxçıvan Muxtar Sovet Sosialist Respublikası | |||||
---|---|---|---|---|---|
9 fevral 1924–19 noyabr 1991 | |||||
Şüarı: Бүтүн өлкәләрин пролетарлары, бирләшин! (Bütün ölkələrin proletarları, birləşin!) | |||||
Statusu | Muxtar sovet respublikası | ||||
Paytaxtı | Naxçıvan | ||||
Ən böyük şəhəri | Culfa, Ordubad, Şərur | ||||
Rəsmi dilləri | Azərbaycan dili Rus dili | ||||
Dini | Ateizm | ||||
İdarəetmə forması | SSRİ muxtar respublikası | ||||
Tarixi | |||||
• Yaranması | 9 fevral 1924 | ||||
• MSSR-nın yaradılması | 9 fevral1924 | ||||
• SSRİ-dən ayrılma | 19 yanvar 1990 | ||||
• Naxçıvan Muxtar Respublikasının yaradılması | 19 noyabr 1991 | ||||
• Süqutu | 19 noyabr 1991 | ||||
Ərazisi | |||||
• Ümumi | 5.500 km2 | ||||
Əhalisi | |||||
• Təxmini | 293.875 nəf. (1989) | ||||
Valyutası | SSRİ rublu | ||||
|
1920-ci ildə gerçəkləşdirilən Bakı əməliyyatının bir nəticəsi olaraq Cənubi Qafqaz regionu Qızıl Ordu tərəfindən işğal edilmişdir. Həmin ilin iyul ayınsa Naxçıvan Sovet Respublikası qurulmuşdur. 1923-cü ilin fevral ayında Azərbaycan SSR-nin bir parçası olaraq Naxçıvan Muxtar Vilayəti qurulmuşdur. 1924-cü ilin fevral ayında bu muxtar vilayət Naxçıvan MSSR-ya çevrilmişdir.
1990-cı ilin yanvar ayında Naxçıvan MSSR SSRİ-dən çıxmış, növbəti həmin ilin 19 noyabrında isə Azərbaycan Respublikasının bir parçası olaraq Naxçıvan Muxtar Respublikası qurulmuşdur.
Tarixi
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası 9 fevral 1924-cü ildə yaradılmışdır. Naxçıvan MR-in Ermənistan ilə təbii sərhəddini, əsasən Zəngəzur və Dərələyəz silsiləsinin suayırıcıları, Türkiyə və İranla sərhəddini isə Araz çayı təşkil edir. Ərazisi Şimal-Qərbdən Cənub-Şərqə doğru 158 km məsafədə uzanır. Muxtar Respublikanın Şimalda ən ucqar nöqtəsi Saraybulaq silsiləsinin Şərur rayonu ərazisindəki Kömürlü dağı (2064 m), ən cənub nöqtəsi isə Arazın sol sahilində 600 m yüksəklikdə yerləşən Zerəni dəmir yol stansiyasıdır. Şimaldan Cənuba doğru ən böyük məsafəsi 75 km-ə bərabərdir.
Qədim Azərbaycan torpağı olan Zəngəzurun 1920-ci ildə sovet rəhbərliyi tərəfindən Ermənistana verilməsi nəticəsində 44–45 km enində zolaq Araza doğru uzanaraq, Naxçıvan MR-i Azərbaycan Respublikasının qalan ərazisindən ayırmışdır. 1924-cü ildə Naxçıvan MSSR-də 3 qəza və 12 dairə təşkil olunmuş, 1925-ci ildə qəzalar ləğv edilmiş, dairələrin sayı 8-ə endirilmişdi: Baş Noraşen, Qıvraq, Tumbul, Əbrəqunis, Nərimanov, Culfa, Parağa və Ordubad dairələri. 1930-cu ilin birinci yarısında Şahbuz rayonu əlavə edilməklə Şərur, Naxçıvan, Culfa, Ordubad və Əbrəqunis rayonları yaradılmışdır. 1948-ci ildə Əbrəqunis rayonu Culfa rayonu ilə birləşdirildikdən sonra, Naxçıvan MSSR inzibati cəhətdən beş rayona (Naxçıvan (1978-ci ildən Babək), Şərur, Şahbuz, Culfa və Ordubad) bölünmüşdür. 1990-cı il 28 avqustda Azərbaycan SSR Ali Sovetinin fərmanına əsasən Türkiyə ilə həmsərhəd bölgənin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və gücləndirmək məqsədi ilə, həmçinin ərazinin geostrateji mövqeyi nəzərə alınaraq, Sədərək kəndi və ona məxsus ərazilər əsasında Sədərək rayonu yaradılmışdır.
1929-cu il 18 fevralda Zaqafqaziya MİK totalitar inzibati-amirlik şəraitində Naxçıvan MSSR-in doqquz kəndinin – Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, habelə Kilit kəndinin torpaqlarının bir hissəsinin, əkin sahələri və torpaqları ilə birlikdə Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etmişdir. Zaqafqaziya MİK-in Naxçıvanın sərhədləri məsələsinə baxması, Moskva müqaviləsi (1921) və Qars müqaviləsi (1921) sənədlərini imzalayan tərəflərin iştirakı olmadan Naxçıvan ərazisinin bir hissəsinin Ermənistana verilməsi beynəlxalq hüquq normalarının kobudcasına pozulması olmuşdur.
Hökumət və siyasət
Naxçıvan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katiblərinin siyahısı:
Sıra | Şəxs | Başlama tarixi | Bitmə tarixi |
---|---|---|---|
Naxçıvan Diyar Komitəsinin icra katibləri | |||
1 | Bahadır Vəlibəyov | ||
2 | Yusif Tahirov | ||
Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət (Diyar) Komitəsinin icra katibləri | |||
1 | Yusif Tahirov | ||
2 | Ələsgər Şahbazov | ||
3 | Vasili Volkov | ||
4 | İbrahim Tağıyev | ||
5 | Ağaverdi Rəhimov | ||
6 | Bahadır Vəlibəyov | ||
7 | Əliqara Məmmədov | ||
8 | Mehdi Mehdiyev | ||
9 | Həsən Rəhmanov | ||
10 | Sultan Sultanov | ||
11 | İbrahim Nəzərov | ||
12 | Kazım İsmayılov | ||
13 | Hüseyn Nəcəfov | ||
14 | Yusif Yusifov | ||
15 | Paşa Əliyev | ||
16 | İsmayıl Əsgərov | ||
17 | Xurşud Məmmədov | ||
18 | Hacıağa İbrahimov | ||
19 | Aslan Hüseynov | ||
20 | Kamran Rəhimov | ||
21 | Nürəddin Mustafayev | ||
22 | Heydər İsayev | ||
23 | Afiyəddin Cəlilov | ||
24 | Əkbər Əliyev |
SSRİ-dən çıxması
19 yanvar 1990-cı il Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyasında, muxtariyyətin Konstitusiyasının 81-ci maddəsinə əsaslanaraq (SSRİ-nin Azərbaycanın və Naxçıvanın suverenliyinin və ərazi bütövlüyünün müdafiə etmək öhdəliklərinə əməl etməməsi və 1921-ci il çoxtərəfli Qars müqaviləsinin şərtləri pozması səbəblərindən) SSRİ-nin tərkibindən ayrılması barədə qərar qəbul edib. Bununla da Naxçıvan MSSR Sovet Sosialist Respublikaları İttifaqından ilk çıxan respublika olub.
Dağlıq Qarabağda erməni separatizminə qarşı SSRİ tərəfindən lazimi tədbirlər görülmədiyindən ermənilər artıq Naxçıvana da hücum etməyə başlayırlar. İlk hədəf Sədərəkdən 10 km aralı yerləşən və hər tərəfdən Ermənistanla sərhəd olan Kərki anklavı idi. Bu hadisələr 1988-ci ildə başlanır. 1989-cu il dekabrın sonlarında vəziyyət daha da gərginləşir. Kəndin üç yerində post qurulsa və hər postda 15 nəfər könüllü olsa da, bununla yanaşı, muxtar respublikanın digər rayonlarından bura kömək gəlsə də, bu, yaşayış məntəqəsini düşməndən qorumağa kifayət etmirdi. Çünki dörd bir tərəfi düşmənlə əhatə olunan kəndi qoruyan könüllülərin silahı da az idi. Daha sonra kəndin könüllülərə kəndin Sovet əsgərlərinin qoruyacağı deyilir. Könüllülər kəndi Sovet əsgərlərinə təhvil verdikdən sonra onlar da öz növbələrində kəndi ermənilərə verirlər.
Qərarın qəbulu
Uzun müzakirələrdən sonra Ali Sovetin fövqəladə sessiyası qərar qəbul etdi:
SSRİ-nin Əsas Qanununun (Konstitusiyasının) 81-ci maddəsinə əsasən Azərbaycan SSR, o cümlədən Naxçıvan MSSR-in suverenliyi və ərazi btövlüyü müdafiə edilmədiyindən; Azərbaycan SSR və Naxçıvan MSSR Ali Qanunvericilik orqanlarının İttifaq orqanlarına dəfələrlə edilən müraciətləri nəticəsiz qaldığından; Ermənistan SSR tərəfindənedilən təcavüz nəticəsində muxtar respublikanın ərazi bütövlüyü pozulduğundan, vətəndaşlarının həyatı təhlükə altında qaldığından; Türkiyə və Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR arasında RSFSR-in iştirakı ilə bağlanmış müqavilənin şərtləri kobud şəkildə pozulduğundan: Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyası qərara alır: 1) Naxçıvan MSSR SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan edir. 2) Qars müqaviləsinin şərtlərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyünü qorumaq və kütləvi insan qırğınının qarşısını almaq məqsədi ilə Türkiyə respublikasına müraciət edilsin. 3) Yaranmış vəziyyətlə əlaqədar olaraq Birləşmiş Millətlər Təşkilatına, İran İslam Respublikasına, dünyanın bütün dövlətlərinə kömək məqsədi ilə müraciət olunsun. 4) Naxçıvan MSSR ərazisində olan SSRİ qoşun hissələri respublikadan çıarılsın. 5) SSRİ Ali Sovetindən tələb edilsin ki, Naxçıvan Respublikasına edilən təcavüzə son qoyulsun. 6) Sessiyanın qərarı Azərbaycan SSR və SSRİ respublikalarının nəzərinə çatdırılsın. Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Sədri: S.Əliyeva. Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Katibi: H.Xəlilov. Naxçıvan şəhəri, 19 yanvar 1990-cı il. |
Sonrakı hadisələr
Qərar qəbul edildikdən sonra respublikanın müstəqilliyinin tanınması üçün dərhal İrana və Türkiyəyə nümayəndə heyəti göndərilir. Lakin Sovet DTK-sı Türkiyəyə keçmək cəhdinin qarşısını aldığına görə, yanvarın 21-də beş nəfərlik nümayəndə heyəti Culfa rayonunun Yaycı kəndindən Araz çayını keçərək İrana adlayır. Çətinliklə Təbrizə çatan naxçıvanlı deputatlar Türkiyənin İrandakı hərbi attaşesilə görüşməyə nail olurlar.
Nümayəndə heyəti İranda danışıqlar apardığı zaman muxtar respublikanın «Sovet Naxçıvanı» qəzeti müstəqilliklə bağlı qərarı dərc edir və ilk dəfə çox böyük tirajla- 40 min nüsxə ilə satışa çıxır. Naxçıvan televiziyası isə xəbərləri bir neçə əcnəbi dildə verir. Yanvarın 25-də İrana göndərilən nümayəndə heyəti əliboş geri qayıdır.
Yanvarın 27-də Moskva və Bakıdan Naxçıvana xüsusi qrup göndərilir və muxtar respublikaya güc tətbiq ediləcəyilə bağlı hədələr öz işini görür. Beləcə hər şey əvvəlki axarına qayıdır və 8 günlük müstəqillik sevincinə son qoyulur.
Xatirələrdə
Səkinə Əliyeva Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Sədri olmuş və Naxçıvan MSSR-nın SSRİ-dən ayrılması haqqında fövqəladə sessiyannı çağırmış, buna nail olmuş və onun imzalamışdır.
O günlər biz Naxçıvanı itirmək təhlükəsi ilə üz-üzə qalmışdıq. Ermənilər Ermənistandan sonuncu azərbaycanlını da qovandan sonra bütün təhdid və təxribatları Naxçıvana yönəltmişdilər. Azərbaycanla yerüstü yollar kəsilmiş, bütün sərhədlərdə erməni silahlıları və texnika cəmlənmişdi. Həmin gecə Bakıda nə baş verdiyindən xəbərimiz yox idi. Naxçıvan öz hayında idi. Ermənilərin Sədərəyə güclü hücumu nəticəsində 8 nəfər ölmüş, 30 nəfər yaralanmış, əhali çöllərə tökülmüş, xeyli ev dağıdılmışdı. Sədərəkdə həlak olmuş 2 uşağın meyiti Naxçıvanın mərkəzi meydanına gətirilmiş, on minlərlə adam hiddətlə tədbir görülməsini, ermənilərin əliyalın naxçıvanlıları qovub İran və Türkiyəyə keçirməsi təhlükəsinin sovuşdurulmasını tələb edirdi. Bakı susurdu, rəhbərlərdən heç birini tapmaq mümkün olmadı. Axşam sərhəd məntəqələrindən həyəcanlı xəbərlər gələndə, vəziyyət gərginləşib son həddə çatanda vilayət partiya komitəsində işıqlar söndürüldü. Öz taleyinə sahiblik etməli olan xalq Ali Sovetin binasına doluşdu... Hamı bildirdi ki, məhv olma təhlükəsi qarşısında səsimizə hay verməyən, ermənilərin Naxçıvanı tutmasına, əslində, göz yuman bir ölkənin tərkibində qalmaq ölümə bərabərdir. Səsimizi dünyaya çatdırmaq, dolayı yolla SSRİ rəhbərliyini də silkələmək üçün, Qars müqaviləsinin şərtlərinə istinadən, bütün naxçıvanlıların iradəsini ifadə edən bir qərar hazırladıq. İki saata muxtar respublika Ali Sovetinin əlimiz yetən deputatlarını topladıq. SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin Naxçıvandan olan deputatları da iştirak etməklə, gecəyarısı fövqəladə sessiya keçirdik. Yekdilliklə Naxçıvan MSSR-in SSRİ-nin tərkibindən çıxması barədə qərar qəbul etdik. Sessiya qurtaran kimi, gecə saat 4-də yerli teleradio ilə çıxış edib bu qərarı bəyan etdim. Həyəcanlanmış əhali nisbətən sakitləşib evlərinə getdi. Kişilər, rayon rəhbərləri, qeyrətli adamlar isə sərhədlərin möhkəmləndirilməsinə yollandılar... Bu o dəqiqələr imiş ki, Bakı od tutub yanırmış... Biz bunlardan səhərisi gün Türkiyə radiosu ilə xəbər tutmuşduq. Həmin gecə teleradio ilə çıxışım qonşu dövlətlərdə tutulmuş, səsimiz dünyaya çatmışdı. |
Əhali
1926–1989-cu illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının əhalisi.
Milliyət | 1926 nəf. | % | 1939 nəf. | % | 1959 nəf. | % | 1970 nəf. | % | 1979 nəf. | % | 1989 nəf. | % |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi | 104656 | 100,00% | 126696 | 100,00% | 141361 | 100,00% | 202187 | 100,00% | 240459 | 100,00% | 293875 | 100,00% |
azərbaycanlılar | 88433 | 84,50% | 108529 | 85,66% | 127508 | 90,20% | 189679 | 93,81% | 229968 | 95,64% | 281807 | 95,89% |
ruslar | 1837 | 1,76% | 2549 | 2,01% | 3161 | 2,24% | 3919 | 1,94% | 3807 | 1,58% | 3782 | 1,29% |
kürdlər | 2649 | 2,53% | 1509 | 1,19% | 303 | 0,21% | 1087 | 0,54% | 1696 | 0,71% | 3127 | 1,06% |
ermənilər | 11276 | 10,77% | 13350 | 10,54% | 9519 | 6,73% | 5828 | 2,88% | 3406 | 1,42% | 1906 | 0,65% |
ukraynalılar | 92 | 0,09% | 360 | 0,28% | 438 | 0,31% | 997 | 0,49% | 942 | 0,39% | 1858 | 0,63% |
belaruslar | 7 | 0,01% | 33 | 0,03% | 63 | 0,04% | 108 | 0,05% | 94 | 0,04% | 450 | 0,15% |
tatarlar | 17 | 0,02% | 52 | 0,04% | 88 | 0,06% | 102 | 0,05% | 90 | 0,04% | 104 | 0,04% |
digərləri | 345 | 0,33% | 314 | 0,25% | 281 | 0,20% | 467 | 0,23% | 456 | 0,19% | 841 | 0,29% |
Qeydlər
- 1926-cı ilə qədər «türklər»
- Partiya özünü buraxdı.
İstinadlar
- Naxçıvan Muxtar Respublikası məqaləsi, Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, səh 365
- Naxçıvan Kommunist Partiyasının diyar - vilayət - respublika komitəsi
- Nazim Əkbərov. "Nazim Əkbərov Səkinə xanım Əliyeva haqqında" (Azərbaycan dili). aqra.az. 2013 30 dekabr tarixində . İstifadə tarixi: 2018-12-18.
- Cəmil Həsənli (20 yanvar 2015). "Cəmil Həsənli: Bakı hərbi əməliyyatı - Macarıstan və Çexoslovakiyada SSRİ-nin işğalçılıq siyasətinin davamı". amerikaninsesi.org. 23 yanvar 2019 tarixində . İstifadə tarixi: 23 yanvar 2019.
- Adəm Qorxmaz (21 yanvar 2010). "20 il əvvəl Naxçıvan SSRİ-dən necə ayrıldı?". modern.az. 23 yanvar 2019 tarixində . İstifadə tarixi: 23 yanvar 2019.
- Tahir Aydınoğlu (19 yanvar 2013). "20 Yanvar: qanlı Bakı faciəsinin pərdəarxası, yaxud Naxçıvanın işğalı ssenarisi". Xalq qəzeti. 23 yanvar 2019 tarixində .
- Всесоюзная перепись населения 1926 года. Национальный состав населения по регионам республик СССР Демоскоп
- Всесоюзная перепись населения 1939 года. Распределение городского и сельского населения областей союзных республик по национальности и полу Демоскоп
- Всесоюзная перепись населения 1959 года. Городское и сельское население областей республик СССР (кроме РСФСР) по полу и национальности Демоскоп
- Всесоюзная перепись населения 1970 года. Городское и сельское население областей республик СССР (кроме РСФСР) по полу и национальности Демоскоп
- Всесоюзная перепись населения 1979 года. Городское и сельское население областей республик СССР (кроме РСФСР) по полу и национальности Демоскоп
- Всесоюзная перепись населения 1989 года.Распределение городского и сельского населения областей республик СССР по полу и национальности Демоскоп
Həmçinin bax
Xarici keçidlər
- "Naxçıvan MSSR". Böyük Sovet Ensiklopediyasında.
- "Naxçıvan". worldstatesmen.org saytında.