Trabzon konfransı
1918- ci il mart ayının 14-də Trabzon konfransı öz işinə başladı, Trabzon danışıqları —10 aprel 1918 Zaqafqaziya seyminin heyəti Osmanlı ilə Trabzonda aparılan danışıqlarda Brest-Litovsk müqaviləsinin şərtlərini qismən qəbul etməyə razılıq verdi.
Bolşevik Rusiyası ilə Almaniya (Türkiyənin müttəfiqi) arasında bağlanmış separat sülh müqaviləsinə görə, çar Rusiyasının Osmanlı ilə müharibədə (1877 -1878 ) ələ keçirdiyi Qars, Ərdəhan və Batum Osmanlı tərəfinə qaytarılmalı idi. Zaqafqaziya Seymi Qars və Ərdahana razılıq versə də (hərçənd erməni deputatlar buna qarşı idi), Batumu Osmanlıya verməkdən imtina edirdi. Seymin azərbaycanlı fraksiyasında da bu məsələdə yekdillik yox idi, yalnız müsavatçılar Osmanlının tələblərini qəbul etməyin tərəfdarı idilər. Trabzon danışıqları nəticəsiz bitdi.
13 aprel 1918 - Trabzon konfransı nəticəsiz bitdikdən sonra Zaqafqaziya Seymi türk qoşunlarının yürüşünü dayandırmaq üçün Osmanlıya müharibə elan etmək barədə qərar qəbul edib.
Azərbaycan fraksiyası qərara qoşulmamışdı. Qərar formal xarakter daşıyırdı, çünki Seymin real ordu qüvvəsi yox idi. Buna cavab olaraq türk qoşunları Qars və Ərdəhanın ardınca Batumu tutdu və Ermənistan (Gümrü) istiqamətində irəliləməyə başladı. Mayın əvvəlində Zaqafqaziya hökuməti Osmanlı ilə yeni danışıqlara Batum şəhərində razılıq verdi.