Gövhərxan Sultan (II Səlimin qızı)
Gövhərxan Sultan (d. 1544, Bursa - ö. 1622, İstanbul) — 11. Osmanlı sultanı II Səlimin qızı.
Gövhərxan Sultan | |
---|---|
گوھرخان سلطان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bursa, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | II Səlim |
Anası | Nurbanu Sultan |
Həyat yoldaşları | Piyalə Paşa Cərrah Mehmed Paşa |
Uşaqları | Sultanzadə Mehmed bəy Ayşə Atikə Xanımsultan Fatma Xanımsultan Xədicə Xanımsultan |
Həyatı
Gövhərxan Sultan 1544-cü ildə Bursada dünyaya gəlmişdir. Atası Sultan Süleyman Qanuninin oğlu Şahzadə Səlim (gələcəkdə taxta çıxacaq II Səlim), anası isə onun kənizlərindən Nurbanu Sultandır. 1 avqust 1562-ci ildə baş tutan möhtəşəm mərasimlə bacıları ilə birlikdə dövrün önəmli siyasi şəxsləriylə evləndirildilər. Belə ki, böyük bacısı Əsməhan Sultan Sokollu Mehmed Paşa ilə, kiçik bacısı Şah Sultan yeniçəri ağası Həsən ağayla, Gövhərxan Sultan isə kaptan-ı dərya Piyalə Paşa ilə evləndirildi.
Bu evlilikdən cütlüyün 4 övladı dünyaya gəldi: Sultanzadə Mustafa bəy (ö. 1593), Ayşə Atikə Xanımsultan, Fatma Xanımsultan və Xədicə Xanımsultan. Qızlarından biri 1598-ci ilin noyabrında Sinanpaşazadə Mehmed Paşa ilə evlənmişdir.
21 yanvar 1578-ci ildə Piyalə Paşa vəfat etdi və dul qalan Gövhərxan Sultan bir il sonra həcc ziyarətinə getdi. Məhz elə həmin il ziyarətin ardından dövrün siyasi fiqurlarından Cərrah Mehmed ağa ilə evləndirildi. Bəzi mənbələrdə, nigahın ardından 15 yanvar 1580 tarixində Mehmed Paşanın yeniçəri ağalığından Rumeli bəylərbəyliyinə yüksəlməsində Gövhərxan Sultanın əlinin olduğu qeyd olunur. 1583-cü ildə Gövhərxan Sultan qardaşının yeganə vəliəhdi olan Şahzadə Mehmedi ziyarət etmək məqsədilə Manisaya səyahət etmiş, bu səfər əsnasında gələcəkdə validə sultan olan Handan Sultanı gənc şahzadəyə təqdim etmişdir.
1598-ci ildə Cərrah Mehmed Paşa sədrəzəmliyə yüksəldi və Gövhərxan Sultanın saraydakı nüfuzu daha da artdı. Ancaq onun çox qısa sədarətinin ardından Sultan Mehmedin oğlu Sultan Əhməd taxta çıxdı. Qardaşı Sultan Muradın nəvəsi olan Sultan Əhməd Gövhərxan Sultanın və yoldaşı Mehmed Paşanın siyasi gücünü artırmaq niyyətində idi. Ancaq Cərrah Mehmed Paşa çox yaşlı idi və çox keçmədən 9 yanvar 1604-cü ildə vəfat etdi. Sultan Əhməd böyük bibisinə olan sevgisindən qızlarından birinin adını da məhz Gövhərxan qoymuşdu.
1622-ci ildə vəfat edən Gövhərxan Sultan atasının Aya Sofiya yaxınlığındakı türbəsinə (Sultan Səlim türbəsi) dəfn edilmişdir.
Mənbə
- Tezcan, Baki (November 2001). Searching for Osman: A reassessment of the deposition of the Ottoman Sultan Osman II (1618-1622). pp. 327 n. 16, 343 n. 132.
- Taner, Melis (2009). ‘Power to Kill:’ A Discourse of the Royal Hunt During the Reigns of Süleyman the Magnificent and Ahmed I. p. 41.
- Emecen, Feridun M. (2015). Osmanlı Araştırmaları/The Journal of Ottoman Studies, Volume XLVI, Osmanlı Taşrasında Saray Bürokrasisi: Şehzade Selim’in Kazayâ Defteri. pp. 221–22.