ANS TV
ANS (Azerbaijan News Service) – Azərbaycanda ilk özəl və ilk xəbər televiziya kanalı idi. Telekanalın təsisçiləri Vahid və Seyfulla Mustafayev qardaşlarıdır.
ANS TV | |
---|---|
19 may 2012-ci il tarixindən fəaliyyətini dayandırdığı günə kimi istifadə edilən loqotip | |
Ölkə | Azərbaycan |
Yayım ərazisi | Azerspace-1 və Turksat 4A peyklərinin əhatə dairələri |
Dil | Azərbaycan dili |
Baş qərargah | Abbasqulu Abbaszadə küçəsi, keçid 1128, məhəllə 504, AZ1073, Bakı, Azərbaycan |
Yaranma tarixi | 26 noyabr 1991 |
Bağlanma tarixi | 18 iyul 2016[1] 18:35 |
Sahibi | Vahid Mustafayev |
Rəhbərlik | Vahid Mustafayev |
Keçmiş adları | ANS TV (1991-2016) |
Şüar | Dəqiq, qərəzsiz, vicdanlı Döyüş alnınıza yazılıb! |
Qardaş kanallar | ANS ÇM |
Sayt | (1996-2002) ans.az (2002-2009) anstv.ws (2009-2016) |
Tarixçə
Azərbaycanın müstəqillik əldə etdiyi ilk zamanlarda əhaliyə ölkədə baş verən ictimai-siyasi hadisələr haqqında məlumat verən ilk müstəqil televiziya şirkəti kimi ANS 90-cı illərin əvvəllərində əhali arasında geniş nüfuza malik olmuşdur. İlk dəfə 1991-ci ilin 26 noyabr tarixində "Xəbərçi" verilişi ilə efirə çıxmışdı. Azərbaycan Dövlət Televiziyasının binasında götürdükləri kiçik bir otağı studiyaya çevirərək 1992-ci il martın 2-dən etibarən öz proqram ideyalarını həyata keçirməyə başladılar.
Televiziya kimi onların ilk reportajları cəbhə xəttində baş verənlər idi. Yarandığı vaxtdan bu günə kimi ANS, Qarabağ müharibəsi, Xocalı soyqırımı, AXCP tərəfdarlarının "istefa" səsləri ilə Milli Məclis binasına silahla basqın etməsi və Ayaz Mütəllibovun istefası, Bakı metrosunda partlayışlar və metrodakı yanğını, 1994 və 1995-ci ildə dövlət çevrilişinə cəhdlər, Neft Akademiyasındakı terror, Əfqanıstan, Çeçenistan, İnquşetiya, İraq, Gürcüstan, Misir və Türkiyə kimi ölkələrdə baş verən münaqişə və qarşıdurmalar kimi məsələlər ANS-in tarixində böyük yerə sahibdir. Məhz bu hadisələr BBC, CNN, Euronews, CBS, NBC, NHK, ITN, TBS, ZDF, RAI, ARD, WTN, RTL, Amerikanın səsi, Azadlıq radiosu və Rusiya, İsveç, Səudiyyə Ərəbistanı, Türkiyə kimi ölkələrin media qurumlarının marağına səbəb olmuş və ANS-lə əməkdaşlıq etmişlər.
ANS-ə ən çox məşhurluq gətirən isə Qarabağ müharibəsi zamanı cəbhə xəttindən apardıqları çəkilişlər və Çingiz Mustafayevin Xocalı soyqırımından 1 gün sonra çəkdiyi tarixi kadrlar olmuşdur.
1992-ci ildə Xəbərçi verilişinin bəzi buraxılışlarında ermənilərin baş verənlərdən doğru xəbərləri olsun deyə erməni dilində sujetlər yayımlanırdı. Bu məsələ bəzi partiyalar tərəfindən etirazla qarşılanmışdı. Artıq həmin il ANS-in efirində reklamlar yayımlanırdı. O ildə televiziyanın fəaliyyəti bir müddət dayandı. O ildə jurnalist Çingiz Mustafayev Azərbaycan Televiziyasında çıxış edərək Şuşanın işğal xəbərini çatdırmaq istəyirdi. Lakin Müdafiə Nazirliyinin əməkdaşları verilişin efirə çıxmaması üçün əllərindən gələni edirdilər. Çingiz çıxış yolunu ANS-də gördü və ANS-in efirinə çıxıb "nə qədər çətin də olsa bilməliyik ki, Şuşa mayın 8-dən ermənilərin əlindədir" deyərək xalqı Şuşanın işğalından xəbərdar etdi.
1993-cü ildə, yəni AXCP hakimiyyəti dövründə kanalın yayımı dayansa da Vahid Mustafayev, Seyfulla Mustafayev və Mirşahin Ağayev üçlüyü işlərini davam etdirirdilər. Həmin ilin mart ayında (Kəlbəcərin işğalından təxminən 1 həftə əvvəl) Mirşahin Ağayev prezident Əbülfəz Elçibəydən müsahibə almışdı. Həmin müsahibə 21 il sonra yayımlandı. 6 aprel 2014-cü il tarixində Mirşahin Ağayev "Hesabat" verilişində müsahibənin efirə getməmə səbəbini açıqlamışdı: "Əbülfəz Elçibəy müsahibədən sonra soruşdu ki, müsahibə nə vaxt yayımlanacaq, biz isə cavabımızda "cənab prezident, ANS-in fəaliyyətini bərpa edəcəyiniz vaxt, axı biz efirdə deyilik, telekanalı bağlamısız" deyə cavab verdik və ANS bir də 1993-cü ilin iyul ayında açıldı, onda da artıq gec idi, biz bir də Elçibəy ilə Kəlbəcər məsələsinə 2000-ci ildə toxunduq və o Kəlbəcəri qoruya bilmədiyinə görə xalqdan üzr istədi".[2] 1993-ci ilin iyul ayında ANS-in fəaliyyətini Heydər Əliyev bərpa etdi.
1994-cü ildə, artıq iki illik qanuni fəaliyyətdən sonra kompaniyanın işçi heyəti 30 nəfərə çatmışdı. 1994-cü ilin oktyabr hadisələrini daha ətraflı şəkildə xalqa çatdırmışdı. Həmin ildə ANS televiziyası ilə AzTV arasında qalmaqal baş verdi. ANS-in işçiləri dövlət televiziyasının ərazisindən çıxarıldı, ANS televiziyasının və ANS ÇM radiosunun yayımı dayandırıldı. Yalnız 18 saatdan sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və onun oğlu İlham Əliyevin işə qarışmasından sonra ANS-in efiri bərpa edildi.
1995-ci ildə OMON qüvvələri ilə olan atışmalarda çəkilişlər aparmışdı. Atışmalar zamanı OMON-çuların ağ bayraq qaldırdığı xəbərini təhlükəsizlik orqanlarına ANS-çilər çatdırdı. Çəkiliş vaxtı şirkətin 7 əməkdaşı güc strukturları tərəfindən saxlanılmış, 4 maşın əzilmiş və biri sradan çıxmışdı. Daha sonra Rövşən Cavadov haqqında "Heç kim və Heç Nə Unudulmayacaq" verilişinin buraxılışı hazırlandı. Həmin verilişdə "ANS Records"-da Rasim Müzəffərli və Gündüz Bakılı tərəfindən ifa edilən "Üzü Küləyə" mahnısı səsləndirildi.
1996-cı ildə ANS-DX (Data Xchange) İnternet xidmətinin əməkdaşları teleşirkətin internet səhifəsini (www.ans-dx.com) hazırladılar. Eyni ildə ANS müəllif hüquqlarının qorunması ilə bağlı kampaniyaya başlamışdı. "MTV"nin köməyi ilə dünyanın məşhur ulduzları, həmçinin "MTV"nin əməkdaşları Bakıya gəldilər və prezident Heydər Əliyev ilə görüşmək istədilər. Bu görüşü də ANS təşkil etdi. Görüşdə Heydər Əliyev ANS-in vacibliyini və gördüyü işləri də qonaqların diqqətinə çatdırdı.
O illərdə ANS hələ heç bir media qurumunun edə bilmədiyi cəsarəti - Çeçenistanın səhra komandiri Şamil Basayevdən müsahibəni almışdı.[3] Lakin sonradan Azərbaycan Respublikası Baş Prokurorluğunun xəbərdarlıq məktubunu bir saat efirdə saxladı.
1999-cu ildə isə ANS artıq ABA TV-yə qarşı təbliğata başladı. Tez-tez verilişlərində Rusiya telekanallarının yayımını gündəmə gətirir və bunun reklam büdcəsinə zərər vurduğunu deyirdilər. Məhz o vaxtdan ANS ilə ABA arasında mübahisə yarandı. Bu məsələ 2001-ci il iyul ayının 17-nə kimi, yəni ABA-nın bağlandığı günə kimi davam etdi. ABA bağlandıqdan sonra isə Mirşahin son dəfə ABA teleşirkətini və sahibi Faiq Zülfüqarovu tənqid etdi.[4]
1999-cu ilin avqust ayının 17-də Türkiyədə başverən zəlzələ əlaqədər yardım kampaniyasına başladı və toplanan məbləğ Türkiyə hökumətinə verildi.
2000-ci ilin sentyabrın 12-də, saat 23:45-dən etibarən Azərbaycan televiziya tarixində ilk dəfə dünyanın nüfuzlu futbol turnirlərindən hesab olunan Çempionlar Liqasının oyunları ANS kanalını izləyə bilən tamaşaçılara yayımlandı. Yayım, UEFA-nın razılığılə, Avropada futbol oyunlarının Yayımlanması Şirkətilə ANS kanalı arasında bağlanan müqaviləyə əsasən həyata keçirilirdi. 2009-cu ildə bu hüquq Lider TV-yə keçdi. Həmin ilin noyabr ayının 25-də hazırlıqlar var idi. Çünki növbəti gün Azadlıq meydanında təşkil olunacaq konsertlə ANS 9 yaşını qeyd edəcəkdi. O axşam Bakıda zəlzələ baş verdi. O çətin gecədə ANS işində idi və xalqı məlumatsız qoymadı.
Həmin ildə ANS-in, Çeçenistanın səhra komandiri Şamil Basayevdən müsahibə götürməsi kanalı çətinliklərlə üzləşdirdi. Telekanal, Respublika Prokurorluğunun bəyanatını 1 saat efirdə saxladı. Həmin müsahibə dünyanın bir çox aparıcı xəbər kanalının da marağına səbəb olmuşdu.
2003-cü il prezident seçkiləri vaxtı Azadlıq meydanında baş verən etirazlar barədə xəbəri də ətraflı şəkildə tamaşaçıya çatdırdı.
2006-cı il noyabrın 24-də MTRŞ ANS TV və ANS ÇM-in fəaliyyətinin dayandırılması haqqında press-reliz yaydı. "Xəbərçi"nin 15:00 buraxılışında Afət Telmanqızı efirə çıxaraq ANS-in əvvəl analoq yayımının, sonra isə peyk yayımının dayandırıldığını bildirdi.[5][6] ANS televiziyası və radiosu 17 gün efirdə olmadı. 29 noyabr 2006-cı ildə prezident İlham Əliyev təyyarəsində Azərbaycan Televiziyasına müsahibə verdi. Müsahibədə mətbuat azadlığından da danışmışdı. Və müsahibədə "ANS ilə bağlı yaranan məsələlər müzakirə mövzusudur, məsələyə siyasi nöqteyi nəzərindən yanaşmaq olmaz, mən həmişə ANS-in yanında olmuşam" dedi. Dekabrın 10-da Milli Televiziya və Radio Şurası bəyan etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış müraciətləri, həmçinin ANS Şirkətlər Qrupunun çoxsaylı kollektivinin müraciətini nəzərə alaraq ANS-in yenidən efirə qayıtması barədə qərar çıxardı. 1 il sonra isə Mirşahin bu barədə sənədli film hazırladı.[7]
2011-2012-ci illərdə Misirdə baş verən iğtişaşlara görə Vahid Mustafayev Misirə getmiş və ordan canlı bağlantı ilə ətraflı məlumatlar çatdırmışdı.
5 oktyabr 2015-ci il tarixində ANS-in MTRŞ ilə arasında narazılıq baş verdi.[8] "Salam, Azərbaycan!", "Sən tək deyilsən", "Xoşqədəmlə axtarıram səni" və "Şokolad" verilişlərinə görə MTRŞ tərəfindən ANS TV 54000 AZN cərimə olundu.[9]
13 oktyabr 2015-ci il tarixində isə ANS, yenə cərimə olundu.[10] Həmin gün Milli Televiziya və Radio Şurasının iclasında “Televiziya və radio yayımı haqqında” qanunun 35.5-ci maddəsinin, “Reklam haqqında” qanunun 20.5-ci maddəsinin tələbləri pozulduğuna görə ANS Müstəqil Yayım və Media Şirkətinin ANS televiziyasının efirində 25 oktyabr 2015-ci il tarixdə saat 23.32-də başlayan “Hobbit: Smauq xarabalığı” bədii filminin 26 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 AZN, 4 oktyabr 2015-ci il tarixdə saat 05.46-da başlayan “Saflaşma gecəsi” bədii filminin 30 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 AZN, 9 oktyabr 2015-ci il tarixdə saat 22.54-də başlayan “Dünya müharibəsi” bədii filminin 31 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 AZN, 2 oktyabr 2015-ci il tarixdə saat 23.00-da başlayan “Ulduzlar arası” bədii filminin 26 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 AZN, 10 oktyabr 2015-ci il tarixdə saat 14.17-də başlayan “Üç qardaş” bədii filminin 35 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 AZN, ümumilikdə 25000 AZN məbləğində cərimə edilməsi barədə qərar qəbul edildi.[11]
Telekanala qarşı sərt sanksiyaların və cərimələrin tətbiq olunması ilə əlaqədar bir çox ziyalı ANS-in müdafiəsinə qalxdı. O tarixdə bəzi ekspertlərə görə isə kanalın fəaliyyəti yenidən dayandırıla bilərdi.[12]
6 may 2019-cu ildə Ramazan ayının başlanması zamanı Azərbaycan Respublikası Baş Prokurorluğu 3 ildən sonra ANS haqqında qərarını verib.
“Ramazan ayının başladığı bu mübarək gündə bir şad xəbəri də bölüşmək istəyirəm. Bir müddət əvvəl Azərbaycan Respublikasının Baş Prokurorluğundan 3 ilə yaxın gözlədiyimiz ANS-ə tam bəraət qazandıran məktub aldıq”.
Məlumata görə, bunu ANS Müstəqil Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev bildirib.
“Məktubda deyilir ki, 2016-ci ilin iyul ayında qardaş Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığı tam sübuta yetirildi! Bu o deməkdir ki, ANS Türkiyə və Azərbaycan Xalqı və Dövləti, daim bizə etimad göstərən ölkəmizin Prezidenti və daim bizi qoruyan Allah qarşısında təmiz və üzüağ olduğumuzu isbat etdi!"
Çingiz demişkən: "Heç kim və heç nə unudulmayacaq!", - Vahid Mustafayev vurğulayıb.
Yayım
Loqotip və arakəsmə
- 1991-ci ildə ilk dəfə efirə çıxarkən introda "Bayatı Şiraz" səsləndirilmişdir. Həmin intro 1995-ci ilə kimi efirdə oldu. 1991-ci ildə ekranda loqotip görünmür. 1992-ci ildə loqotipi yalnız xəbər sujetləri vaxtı ekranın sağ alt kənarında yerləşdirirdi. Həmin loqotip çəhrayı rəngdə "ANS" yazısından ibarət idi.[13]
- 1993-cü ildə ekranın sağ üst kənarında ağ rəngdə sadə "ANS" yazısı idi. Əslində loqotip sayılmaz.
- 1994-cü ildə çəhrayı rəngli loqotip kiçildildi, ağ rəngdə oldu, lakin loqotipə göy arxa fon da əlavə edildi. Loqotipin ekrandakı yeri isə dəyişmədi. Eyni zamanda ilk efir günündən yayımlanan introlar da eyni idi.
- 1995-ci ilin 2-ci yarısında həmin loqotip də dəyişdirildi. Yenə əvvəlki loqodakı "ANS" yazısı dəyişmədi. Ancaq göy arxa fon yerinə Azərbaycan bayrağının rəngləri seçildi. Loqotipdəki bayraq rəngləri insan barmaqları ilə çəkilmiş boyanı xatırladırdı. Həmin loqotip 1999-cu ilin sonlarına kimi ekranda oldu. Artıq bu dəfə introlar dəyişmişdi. 1999-cu ildə isə introlar yenidən dəyişdirildi.
- 1999-cu ildə loqotip yenə dəyişdirildi. Bu dəfə də bayraq rəngləri qaldı, lakin rənglər "ANS" yazısının altına yerləşdirildi. "A" hərfinin altına göy, "N" hərfinin altına qırmızı, "S" hərfinin altına isə yaşıl. Həmin loqotip 2009-cu ilin yanvar ayının 1-nə kimi (31 dekabr saat 00:00-a kimi) efirdə qaldı. 2001-ci ilin sentyabr ayında introlar və "Xəbərçi" studiyası dəyişdi. Həmçinin proqram arakəsməsində "Dəyirman" qrupunun "Ya Qarabağ ya Ölüm" mahnısının remix versiyası səsləndirilirdi.[14] 2006-cı ilin sonlarında həmin loqotipin yuxarısında "15 il yayımda" yazısı olan qara-qırmızı loqotip də var idi. 12 dekabr 2006-cı ildə efirə qayıtdıqdan sonra o loqotip görünmədi.
- 2009-cu ildə təxminən 10 ilə yaxın eyni loqotipi olan ANS loqosunda müəyyən dəyişiklik edərək ekranın sağ alt kənarından sol üst kənarına köçürdü. Və bəzi arakəsmələr dəyişdi. Lakin bu yenilik 2011-ci ilin fevralına kimi davam etdi.
- 2011-ci ilin fevral ayının 24-də təxminən 1 saat görüntü ağ-qara oldu və loqotip ekranda görünmədi. Daha sonra kanal 10 ilə yaxın istifadə etdiyi (1999-2009-cu illər arasında) sağ alt kənardakı loqotipi sol üst kənarda yerləşdirdi. Həmin günün axşamı, Xəbərçinin 21:00 buraxılışında loqotip daha da düzəldilərək sol üst kənardan sol alt kənara köçürüldü.
- 18 may 2012-ci il tarixində ANS korporativ üslubunu dəyişdirməsi ilə əlaqədar tədbir keçirdi. Tədbirdə loqotipin alman dizaynerləri tərəfindən hazırlandığı bildirildi.[15] 19 may 2012-ci il tarixində həmin loqotip ilə efirə çıxdı. Həmin loqotip 18 iyul 2016-cı ilə kimi dəyişməz qaldı. Lakin Yeni il bayramı, Qara Yanvar, Xocalı soyqırımı, Novruz bayramı və digər buna bənzər günlərdə o günə xüsusi olan loqotiplə efirə çıxırdı.
Texniki imkanlar
1 fevral 1996-сı il tarixində saat 7:00-da "Salam" verilişinin başlaması ilə ANS TV-nin gündüz efiri də başlamış oldu.[16]2000-ci ilin yanvar ayında Salyanda ANS TV-nin ilk regional ötürücü mərkəzi quruldu, ANS TV-nin auditoriyası Aran bölgəsi rayonlarına qədər genişləndi. Növbəti bu qəbildən olan mərkəz sentyabrda Cəlilabadda yaradıldı. Noyabrda Respublikanın üç məntəqəsində Mərəzədə, Şamaxıda və Xızıda ötürücü mərkəz quruldu. Dekabr ayı İvanovkada belə bir mərkəzin qurulması ilə yadda qalan oldu. 2001-ci ilin yanvar ayında Xaçmazda ötürücü mərkəzin yaradılması ilə şimal rayonlarının sakinləri indi daha keyfiyyətli siqnal qəbul edir. Lənkəranda isə belə ötürücü mərkəz həmin ilin iyulunda yaradıldı. ANS Müstəqil Yayım və Mediya Şirkəti sentyabrın 10-u 2002-ci ildən etibarən peyk vasitəsilə yayıma başlayıb. 2002-ci ilin sentyabr ayında Göygöl, Şəki və Quba rayonlarında ötürücü mərkəzlər qurularaq əhatə dairəsi daha da genişləndirildi. 2009-cu ildə rəqəmsal yayıma keçmişdir. 2013-cü ilin iyul ayından isə Azerspace-1 peyki vasitəsilə də yayımlanır. ANS TV və ANS ÇM bütün ölkə ərazisində yayımlanmaqla yanaşı Azerspace-1 və Türksat 3A peyki üzərindən Orta Asiya, Yaxın Şərq, Avropa, Şimali Afrika ölkələrində və Rusiyanın böyük bir hissəsində yayımlanır. Teleşirkətin Rusiya, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstanda nümayəndəlikləri var. 21 aprel 2014-cü ildə isə buna biri də əlavə olundu: ANS İranda fəaliyyət göstərmək üçün xüsusi razılıq (lisenziya) əldə etdi.[17]
Telekanalın sahibi Vahid Mustafayevin sözlərinə görə, telekanal 2016-cı ilin yanvarın 1-dən yeni yayım formatına keçəcək. ANS kanalı yanvarın 1-nə qədər Azərbaycanı son məlumatlarla təmin edən irimiqyaslı struktur olacaq. Bunun üçün dünyanın müxtəlif ölkələrində yerləşən agentliklərlə müəyyən müqavilələr imzalanıb. Bu iş gedir və bunun üçün kanala peşəkarlar dəvət olunub.[18]
14 dekabr 2015-ci il tarixində yeni formata keçmişdir. Buna əsasən, gün ərzində informasiya verilişlərinin sayı artırılmışdır.
15 aprel 2016-cı il tarixində isə arxivindəki bir çox verilişin internet vasitəsilə yayımına başlamışdır.[19]
1 sentyabr 2016-cı il saat 03:00-da rəqəmsal yayımdakı tezliyi bağlanmışdır.
Bağlanması
Jurnalist Mais Məmmədovun sözlərinə görə kanal yarandığı gündən bu günə kimi 7 dəfə bağlanıb ki, bu da hər 4 prezidentin hakimiyyəti zamanı olub. 1992-ci ildə 3 dəfə bağlanıb. 1993-cü ilin mart ayında (Əbülfəz Elçibəyin hakimiyyəti dövründə) fəaliyyəti dayandı. Təxminən 4 aya yaxın bağlı qalan ANS-i həmin ilin iyul ayında Heydər Əliyev efirə qaytarıb. 1994-cü ilin noyabr ayının 4-də teleşirkətin vitse-prezidentlərindən biri Seyfulla Mustafayevə Azərbaycan Televiziyasının binasında zərər vermişdilər. Həmin gün ANS ilə AzTV arasında mübahisə baş vermişdi. Yayımı dayanan ANS-in fəaliyyətini bir neçə saatdan sonra prezident Heydər Əliyev bərpa etdi. Kanalın 6-cı bağlanması isə 24 noyabr 2006-cı il tarixinə təsadüf edir.[5] Bu məsələnin bəhanəsi isə ANS-in MTRŞ-nın xəbərdarlıqlarına məhəl qoymaması və lisenziya müddətini uzatmaması idi. Təxminən 17 gün fəaliyyət göstərməyən ANS Heydər Əliyev-in vəfatının 3-cü ildönümündə, yəni 12 dekabr 2006-cı il tarixində saat 08:00-da yayımını bərpa etdi.[7][20]
30 iyun 2014-cü il tarixində Ramazan ayı münasibətilə kanalın azanı canlı yayımlamasına görə bir dəfəlik bağlanacağına dair xəbərlər çıxdı.[21] Kanal rəhbərliyi isə bu göstərişə boyun əyməyəcəyini bildirmişdi. Buna cavab olaraq isə: “Siz azanı verin və nəticəsini görün” (Bundan əvvəl də ANS-dəki dini verilişlər dayandırılmışdı; Azərbaycanda dinin dövlətdən ayrı olması əsas gətirilir, dinlə söhbətlərin və təbliğatın dini ibadət yerlərində olmasının qanuna və məqsədə uyğunğunluğu vurğulanırdı). Telekanalın media üzrə müşaviri Mais Məmmədov isə bu xəbəri nə təkzib, nə də təsdiq etmişdi.[22]
18 iyul 2016-cı ildə saat 18:35-də[23] fəaliyyəti dayandırılmışdır.[24] ANS-in yayımının dayandırılmasına səbəb ABŞ-da olan Fətullah Gülənin Türkiyə hökuməti əleyhinə olan müsahibəsinin yayımının qarşısını almaqdır. Yayımın dayandırılması ilə bağlı qərarı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qəbul edib.ANS-in yayımının dayandırılmasına səbəb hazırda ABŞ-da olan Fətullah Gülənin Türkiyə əleyhinə olan müsahibəsinin yayımının qarşısını almaqdır.
Milli Televiziya və Radio Şurası (MTRŞ) da ANS-in yayımının dayandırılması ilə bağlı məlumat yayıb.
Şuradan APA-ya daxil olan məlumatda bildirilib ki, ANS Müstəqil Yayım və Media Şirkəti Azərbaycan və Türkiyə xalqları arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna zidd mövqe tutub, Türkiyə dövlətinin və hakimiyyətinin əleyhinə təbliğat aparıb, bu ölkədə terrorçu təşkilat kimi tanınan, çoxsaylı insan ölümünə səbəb olmuş qanlı hadisələri təşkil edən Fətullah Gülənə və onun tərəfdarlarına dəstək verib.
Hadisə baş verən andan ANS telekanalı ayrı-ayrı reportajlarında, müsahibələrdə Azərbaycan ictimaiyyətinə Türkiyədə baş verən hadisələrin “hakimiyyət tərəfindən təşkil edilən şou” olduğunu təlqin etməyə, Türkiyə hakimiyyətinin həyata keçirdiyi tədbirləri gözdən salmağa çalışıb. ANS-in ABŞ-dakı əməkdaşı Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Güləndən müsahibə alıb, bu müsahibə yerli və xarici KİV-lər vasitəsilə anons edilib.
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ANS telekanalı terrorizmin təbliği istiqamətində fəaliyyətini davam etdirib, Türkiyə hakimiyyətinin vəziyyətin sabitləşdirilməsi istiqamətində atdığı addımları hədəfə götürüb, yüzlərlə insanın qətlə yetirilməsinə səbəb olan qəddar cinayətə bəraət qazandırmağa çalışıb və nəticə etibarilə qardaş ölkədə vətəndaş qarşıdurmasının dərinləşməsinə yönələn addımlar atıb.
ANS telekanalının qanunazidd fəaliyyəti ilə bağlı məhkəməyə müvafiq müraciət olunacaq və son qərar məhkəmə tərəfindən veriləcək."
Telekanalla birlikdə ANS ÇM radiosunun, www.anstv.ws və anspress.com saytlarının da fəaliyyəti dayandırılıb.
Daha sonra Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının qəbul etdiyi qərara əsasən "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımı 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən dayandırılmışdır.[25]
29 iyul 2016-cı il tarixində keçirilən məhkəmə ilə lisenziyası ləğv edilmişdir. Belə ki, televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Azərbaycan dövləti televiziya və radio vasitəsilə terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verilməməsinə nəzarət edir. Dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda teleradio yayımçısının fəaliyyəti müvəqqəti dayandırıla bilər.[26]
1 sentyabr 2016-cı il saat 03:00-da rəqəmsal yayımdakı tezliyi bağlanmışdır.
Ümumiyyətlə, ANS fəaliyyəti müddətində 7 dəfə bağlanıb. Fəaliyyətini dayandırdığı tarixlər isə belədir:
Verilişlər
- 1991-2016: Xəbərçi (Mirşahin Ağayev, Sevil Nuriyeva, Vəfa Fəxri, Sevda Həsənova, Gülşən Əliyeva, Xəyal Tağıyev, Mətanət Əliverdiyeva, Gülgün Qurbanova, Aytən Səfərova, Samirə Səfərəliyeva, Nərminə Rüstəmova, Leyla Nəsirova, Şahin Kazımzadə, Rüstəm Əbülfətoğlu, Qənirə Ataşova, Qənirə Paşayeva, Ceyhun Əsgərov, Tural Əliyev, Ayaz Nizamioğlu, Murad Lətifov, Əfsanə Mehdiyeva, Kəmalə Əlisgəndərqızı, Xatirə Məmmədova, Rita Ömərova, Nigar Mahmudova, Xanım Yadigarlı, Aysel Zahidqızı)
- 1992-2003: Heç kim və heç nə unudulmayacaq (ölkədə vacib məsələlər olarkən efirə çıxırdı) (Çingiz Mustafayev, Vahid Mustafayev)
- 1992-1993: Xəbərçi - Krim (İlqar Mikayıloğlu)
- 1992-1995: Dərs (Mirşahin Ağayev)
- 1993-1995: Həftə Bazar
- 1994: Şəxs (Mirşahin Ağayev)
- 1994: Smok (Səbinə Məmmədova)
- 1994-1995: Offside (Şakir Eminbəyli, Fuad Dərgahlı, Toğrul Bağırov)
- 1994-1995: Kamera (İlqar Mikayıloğlu)
- 1996-2000: Salam (Arzu Qasımova)
- 1997-2016: Marş (Rahib Qərib)
- 1997-1999: TAM (Gülşən Əliyeva, Sahib Alıyev, Xəyal Tağıyev, İbrahim Məmmədov)
- 1998-2014: Qulp (Mübariz Əsgərov)
- 1998-2007: Təmiz söhbət (Mirşahin Ağayev)
- 1998-2007: Ötən həftə (Mirşahin Ağayev)
- 1998-2016: İç Xəbər (Gülgün Qurbanova, Rəşadət Ağayev, Fidan Quliyeva, Azər Məmmədov, Natiq Qədimov, Rəşad Abbasov, Kəmalə Əlisgəndərqızı)
- 1999-2000: Nəzər nöqtəsi (Eynulla Fətullayev)[27]
- 2000-2001: Cəbhə xətti[28]
- 2000-2012: Dodaq qaçdı
- 2000-2012: Ən yeni tarix (Mirşahin)
- 2000-2016: Salam, Azərbaycan! (Nigar Mahmudova, Natiq Nailəoğlu)
- 2001-2013: De, Gəlsin!
- 2001: Zərif nüANSlar (Sevil Nuriyeva)
- 2003-2006: Qaynar qazan (Gülşən Qurbanova)
- 2003: Bura Azərbaycandır!
- 2003-2006: Kamerton (Gülnarə Məmmədova)
- 2003-2016: Cinayət İşi (Rəşad Abbasov)
- 2004-2005: Meydan
- 2004: Xonça
- 2004-2016: Növbətçi (Kəmalə Əlisgəndərqızı, Sərxan Kamallı)
- 2005-2007: BalANS
- 2006-2010: Mübarizə (Mübariz Əsgərov)
- 2007-2008: Bol futbol (Gündüz Abbaszadə və Asif Bağırov)
- 2007-2008: Gecə yarı (Zümrüd Qasımova)
- 2007-2008: Krossvord
- 2007-2008: Qoy oturmuşuq (Arif Quliyev, Şamil Süleymanov, Şərqiyyə Hüseynova)
- 2007-2009: Məhkəmə
- 2007-2008: Dahilərin divanı
- 2007-2008: Bal balam (Lalə Ədalətqızı)
- 2007-2008: Xoş Vaxt olun (2007) (Nisə Qasımova)
- 2007-2009: Seans (Həmidə Ömərova)
- 2007-2010: Milli metr (Mirşahin Ağayev)
- 2007-2011: Daha doğrusu
- 2007-2016: Hesabat (Mirşahin)
- 2008-2009: Evə gəl!
- 2009-2010: Zərif çərşənbə (Sevil Nuriyeva, Mailə Muradxanlı, Elmira Şabanova, Sənubər İsgəndərli, Vüsalə Tağıyeva, Tunay Əliyeva)
- 2009-2013: İqtisadi forum
- 2009-2016: Günə Baxan (Elgiz Əkbər)
- 2009-2016: Ağıl Dəryası (Murad Əzimzadə)
- 2009-2016: Keçmişə salam (Fidan Abdulzadə, Şəbnəm Xeyrulla)
- 2009-2016: İncə maraqlar (Elnarə Təhməzova)
- 2009-2015: Bazar səhəri Rövşanə ilə (Rövşanə Bektaşi,Kamran Həsənli)
- 2009-2010: Ölümdən 24 saat əvvəl (İradə İsaq)
- 2010-2012: Toylar Kralı
- 2010-2015: Sağlıq olsun (Sadiq Bəbirov)
- 2010-2015: Uşaqdan böyüyə (İrəm Nəbiyeva)
- 2010-2012: Dəyər
- 2011-2013: Açıq söhbət (Sevinc Osmanqızı, Afət Telmanqızı)
- 2011-2012: Gəzək-görək
- 2011-2015: Düz bucaq (Nigar Mahmudova, Xanım Yadigarlı, Xatirə Məmmədova)
- 2012: Sağlam nəsil
- 2012: Cücələrim
- 2012: Qurman (Lider TV-dən gəldi)
- 2012: Eldən elə (Xəzər TV-dən gəldi)
- 2012: Bizimkilər 2.0
- 2012-2015: ŞouBiz (Xanım Yadigarlı)
- 2012-2013: İkinci Şans
- 2012-2014: SportsMən
- 2012-2014: BiznesMən
- 2012-2014: ŞouMən
- 2012-2016: Alın yazısı (Şəbnəm Xeyrulla)
- 2012-2016: Hesab Vaxtı (Vəfa Şəhlayi, Diana Dadaşova, Tünzalə Rafiqqızı)
- 2012-2016: Passport (Sevinc Eminzadə, Kənan Hakimov, Vüsal Süleyman)
- 2013: Göstər Özünü
- 2013-2014: Medicatrans (Bilge Sebilcioğlu)
- 2013-2015: Əslində Mən (Ülviyyə Alovlu)
- 2013-2015: Benefis
- 2013-2015: İTİ Bucaq (Nəzrin Əhmədova, Töhfə Bədəlli, Samir Cabbarov, Elkin Tamiyev)
- 2014: Göyçək Fatimə
- 2013-2015: Adam içində (Elgiz Əkbər)
- 2013-2015: Xalqın artisti (Çingiz Əhmədov)
- 2014-2015: Bir gün (Sərxan Kərəmoğlu)
- 2014-2015: Evdəyik (Ülvira Qarayeva)
- 2014-2015: Fərqi var (Vüsalə Yüksel Tağıyeva)
- 2014-2015: İncə+ (Elnarə Təhməzova)
- 2014-2015: İstiqlal (Şirməmməd Hüseynov)
- 2014-2015: Xəbərsizsiniz (Murad Əzimzadə)
- 2014-2015: Universual (Çingiz Abdullayev, müəllif: Mirşahin)
- 2014-2015: Şəxsiyyət vəsiqəsi (Həmid Herisçi)
- 2014-2015: ŞouMız
- 2014-2016: Şəbəkə (Murad Əzimzadə, Rahil Sayadoğlu)
- 2015: Xoşqədəmlə Axtarıram Səni (Xoşqədəm Hidayətqızı)
- 2015: Sən Tək Deyilsən (Xoşqədəm Hidayətqızı)
- 2015: A-dan Z-yə (Zaur Nəbioğlu)
- 2015: Şokolad (Ülviyyə Alovlu)
- 2015: Məchulu tapın (Fidan Abdulzadə)
- 2015-2016: Bilİrəm-Bilmİrəm (İrəm Nəbiyeva)
- 2015-2016: Yoldaş Rövşanə (Rövşanə Bektaşi)
- 2015-2016: Deməsək, olmaz (Xoşqədəm Hidayətqızı)
- 2015-2016: SeANS (Fidan Abdulzadə)
- 2000-2005; 2011-2012; 2015-2016: Nəzər nöqtəsi (Qənirə Paşayeva; Qənirə Ataşova; Eldəniz Elgün; İlhamiyyə Rza; Mirşahin Ağayev)
- 2015-2016: Baş xəbər (Səbinə Heydərova)
- 2015-2016: Xüsusi müxbir
- 2015-2016: Səhər, Orta Gün, Gün Ardı, Gecə, Gecə Yarı
- 2016: ANS-in tarixi, tarixin ANS-i
Sənədli filmlər
- Bəd xəbərlər gətirən qəribə adamlar (film, 1993)
- Çətən (film, 1995)
- Süqut (film, 1997)
- Adam cinsi arasında cins adam (film, 1998)
- 102 an (film, 2000)
- Əliyevin əli (film, 2000)[29]
- Erməni soyqırımı. Türkün sözü (film, 2001)
- 80 kilometr yerin altı ilə (film, 2002)
- Azərbaycan Amerikada (film)
- Şəhər (film, 2003)
- Amerika-Gürcüstan hərbi yolu (film, 2003)
- Terror (film, 2003)
- İnsan (film, 2003)
- Uzaq yaşıl ada (film, 2004)
- Azərbaycan naminə! (film, 2004)
- Bəd xəbər gətirən qəribə insanlar-2 (film, 2005)
- O gün (film, 2005)
- Azərbaycana namus və sevgiylə (film, 2006)
- Payızın 17 anı (film, 2007)
- Bədbəxt adam
- 888 Sonun başlanğıcı
- 60 yaşında cavan (film, 2009)
- ADıNA günü (film, 2010)[30]
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Azadlıq radiosu: ANS yenə bağlandı //
- ↑ https://www.youtube.com/watch?v=KkV53RoD174
- ↑ https://www.youtube.com/watch?v=Pd3R4HniSFo
- ↑ https://www.youtube.com/watch?v=jFVgCEBG_tU
- ↑ 1 2 https://www.youtube.com/watch?v=JIb6URX4ur0
- ↑ . 2015-03-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-12.
- ↑ 1 2 https://www.youtube.com/watch?v=2Y0WkonMbnw
- ↑ https://www.meydan.tv/az/site/opinion/8560/MTRŞ-ANS-odla-oynayır.htm[ölü keçid]
- ↑ http://salamnews.org/az/news/read/190962
- ↑ . 2016-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-14.
- ↑ https://www.meydan.tv/az/site/news/8527/MTRŞ-ANS-i-yenə-cərimələdi-bu-dəfə-25-min-manat.htm[ölü keçid]
- ↑ http://www.moderator.az/news/99490.html
- ↑ https://www.youtube.com/watch?v=LBUFjTum92k
- ↑ https://www.youtube.com/watch?v=X_2Yo8yZX-8
- ↑ https://www.youtube.com/watch?v=vELVHVlri1M
- ↑ . 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-01.
- ↑ http://musavat.com/news/media/ans-iranda-fealiyyet-uchun-lisenziya-aldi_192164.html
- ↑ . 2015-12-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.
- ↑ https://www.youtube.com/watch?v=SCLKUxOaGlQ
- ↑ . 2018-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-15.
- ↑ http://www.bizimyol.info/news/26207.html
- ↑ . 2014-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-14.
- ↑ https://www.youtube.com/watch?v=hMqWoXj-X_Y
- ↑ https://www.meydan.tv/az/site/news/16077/
- ↑ http://sputnik.az/life/20160719/406434063.html
- ↑ https://www.meydan.tv/az/site/news/16327/
- ↑ . 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-14.
- ↑ . 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-01.
- ↑ . 2016-02-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-14.
- ↑ http://www.anstv.ws/site/video/4748-adina-gunu[ölü keçid]
Həmçinin bax
- ANS Şirkətlər Qrupu
- ANS ÇM
- ANS Press
- ANS Kommers
- ANS Records
- AzMAN
- Balans Studiyası
- VMF
- Çingiz Mustafayev Fondu
- Dadlılar
- Bakı Film
- AllStar
Xarici keçidlər
- ANS TV | Web
- ANS TV | Facebook
- ANS TV | Twitter
- ANS TV | Instagram
- ANS TV | Canlı 2015-04-17 at the Wayback Machine
- ANS TV | Arxiv 2015-04-08 at the Wayback Machine
- ANS Press
- ANS Filmlər
- ANS Sənədli Filmlər