Müsavat Partiyası
Müsavat Partiyası – Azərbaycanda hal-hazırda fəaliyyət göstərən ən yaşlı siyasi partiya. Əsası 1911-ci ildə İstanbulda muhacirətdə olan Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə əmisi oğlu Məhəmməd Əli Rəsulzadə, habelə Abbasqulu Kazımzadə və Tağı Nağıyev tərəfindən Bakıda qoyulmuşdur.
Müsavat Partiyası | |
---|---|
Qurucu | Abbasqulu Kazımzadə Məhəmməd Əmin Rəsulzadə Məhəmməd Əli Rəsulzadə Tağı Nağıyev |
Sədri | Arif Hacılı |
Sədr müavinləri | Fərəc Kərimli Nemət Kərimli Osman Kazımov Razim Əmiraslanlı Səxavət Soltanlı |
Quruluş tarixi | 1911 və 6 noyabr 1992 |
Qeydiyyat tarixi | 8 noyabr 1992 |
Birləşmə | Difai Partiyası (1917) Türk Ədəmi-Mərkəziyyət (1917) Ana Torpaq Partiyassı (1995) Doğru Yol Partiyası (1995) |
Bölünmə | Milli Konqres Partiyası (1995) Müasir Müsavat Partiyası (2001) |
Sələf | Hümmət |
Baş qərargah | Binəqədi rayonu |
İdeologiya | Liberalizm |
Üzv sayı | 50 000 nəfər |
Kabinetdə | 0 / 35 |
Parlamentdə | 0 / 125 |
Bələdiyyədə | 0 / 15.156 |
Vikianbarda əlaqəli mediafayllar |
Müsavat ərəb sözüdür və Azərbaycan dilinə bərabərlik kimi tərcümə olunur.
Tarixi
Erkən dövr
Müsavat Partiyası 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadənin İstanbuldan göndərdiyi təlimata əsasən Abbasqulu Kazımzadə, Məhəmməd Əli Rəsulzadə və Tağı Nağıyev (qısaca bir neçə keçmiş Hümmət Partiyası üzvü) tərəfindən yaradılmışdır. 1911-ci ildə əsası qoyulandan 1917-ci ildə Fevral inqilabına qədər Müsavat Partiyası gizli olaraq fəaliyyət göstərmişdir. Bu ilk mərhələdə Müsavat Rusiya İmperiyasında və Yaxın Şərqdə yaşayan müsəlman və türk-dilli millətləri milli azadlıq və demokratik müxtariyyət idealları ətrafında birləşdirməyə çalışmışdır.
Müsavat Partiyasının ilk proqramı 9 maddədən ibarət olub, İslami xarakter daşıyıb. 1913-cü ildən, Məhəmməd Əmin Rəsulzadə Bakıya qayıtdıqdan sonra Müsavat Partiyasının proqramı təkmilləşdirilib, türkçülük fikirləri ilə dolğunlaşdırılıb. 1915-ci ilin oktyabr ayında Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan "Açıq söz" qəzeti həm də Müsavat Partiyasının orqanı kimi çap olunub. Qəzet mətbuat tariximizdə "Türk ədəbi dili ilə" çap olunan ilk mətbu orqandır.
Müsavatın islamçı ideologiyası ətrafında qurulmasına və onun rəhbəri olan M.Ə. Rəsulzadənin türkçülük düşüncələrinə rəğbət bəsləməsinə baxmayaraq, Birinci dünya müharibəsinin ilk illərində Müsavat Partiyası Çar rejimini dəstəkləmişdir.
1917-ci il iyunun 17-də müsavatçılar, Difai Partiyası Gəncə Milli Komitəsinin aparıcı şəxsləri Nəsib bəy Yusifbəylinin, Həsən bəy Ağayevin, Şəfi bəy Rüstəmbəylinin, Xasməmmədli və Şeyxzamanlı qardaşlarının yaratdıqları Türk Ədəmi-Mərkəziyyət Firqəsi ilə birləşərək "Türk Ədəmi-mərkəziyyət Firqəsi Müsavat"ın əsasını qoymuşlar. Birləşmiş partiyanın gərərgahı 1918-ci il Bakıda baş verən qanlı mart hadisələrinədək bu şəhərdə yerlməşmişdir.
Müsavatın ilk qurultayı 1917-ci il oktyabrın 26–31-də Bakıda, "İsmailiyyə" binasında keçirilib.
125 deputatlıq Zaqafqaziya Seymində Müsavat 30 deputatla təmsil olunub.
1918-ci il mayın 28-də Tiflisdə Müsavat Partiyası (30 nəfər sayla) bir neçə azsaylı partiya ilə birgə Azərbaycan İstiqlalını elan etdi. 44 nəfərlik Milli Şuranın sədri vəzifəsinə M.Ə. Rəsulzadə seçildi.
1918–1920-ci illərdə dövlət quruculuğu prosesində, Parlament seçkilərində, Azərbaycanın dünya dövlətləri tərəfindən tanınmasında Müsavat Partiyasının böyük xidmətləri olub.
1919-cu ildə partiyanın ikinci qurultayı keçirilib.
Gizli fəaliyyət dövrü
Əsas məqalə: Gizli Müsavat
1920-ci ilin aprelində Azərbaycan işğal olunduqdan sonra Müsavat Partiyası gizli mübarizəyə başlayır. M.Ə. Rəsulzadənin başçılığı ilə yaranan "Gizli Müsavat" Təşkilatı – Mirzə Bala Məmmədzadə, Əbdül Vahab Yurdsevər, Məmməd Sadıq Quluzadə, Məmməd Həsən Baharlı və Cəfər Cabbarlıdan ibarət ümumi mərkəzi bir heyətlə fəaliyyətə başlayır. Mirzəbala Məmmədzadədən sonra 1923–1926-cı illərdə gizli müqavimət hərəkatının rəhbəri doktor Dadaş Həsənzadə olmuşdur. Müsavatın təşkilatçılığı ilə Azərbaycanda Sovet hakimiyyəti illərində bir sıra silahlı üsyan olub.
1936-cı ilin avqustunda Müsavat Partiyasının konfransında Partiyanın "Yeni Proqram Əsasları" qəbul edilir.
Mühacirət dövrü
1920-ci ilin 27 aprelindən – Azərbaycanın işğal günündən Müsavat Partiyası gizli fəaliyyətə başladı. M.Ə. Rəsulzadənin rəhbərliyi ilə Mirzə Bala Məmmədzadə, Əbdülvahab Yurdsevər, Cəfər Cabbarlı, Məmməd Sadıq Quluzadə və Məhəmməd Həsən Baharlıdan ibarət Müsavatın gizli "Ümumi Mərkəzi" yaradıldı.
"Gizli Müsavat" təşkilatı bolşevik işğalına qarşı etiraz xarakteri daşıyan bəyannamələri 28 may, 27 aprel günlərində xalq arasında yayır, milli mübarizə ruhunu ölməyə qoymurdu.
1920–1930-cu illərdə Azərbaycanda çoxlu sayda silahlı üsyanlar, kəndli qiyamları izsiz ötüşməyərək buradakı sovet hökumətini sarsıtmışdı.
Müsavat Partiyasının təbliğat işi çox güclü aparılırdı. Sovet hökumətinin Azərbaycandakı bütün işləri diqqətlə izlənilir, onların hər yalan şüarı Müsavat tərəfindən təkzib edilirdi. Orta və ali məktəblərdə güclü təbliğat işləri görülür, sovet hakimiyyətinin işğalçı məqsədi adamlara anladılırdı. Hər baxımdan güclü təbliğatçılar yetişdirmək üçün Müsavat gizli siyasi kurslar və məktəblər açırdı.
Müsavatçılara qarşı Sovet hökuməti amansız cəza sistemi tətbiq edirdi. M.Ə. Rəsulzadə bildirirdi ki, 1923-cü ilin avqustunadək iki min müsavatçı həbs edildi. Ümumilikdə isə, 1920-ci il aprelin 28-dən 1921-ci ilin avqustuna qədər Azərbaycanda 48 min adam qırmızı terrorun qurbanı olub.
Bütün bunlara baxmayaraq, müsavatçılar keçən əsrin 30-cu illərinin sonuna kimi Sovet hakimiyyətinə qarşı ölkə daxilində mübarizə aparıblar.
Yeni Proqram Əsasları
1936-cı ilin avqustunda Polşada, Varşava şəhərində Müsavat Partiyasının Konfransı keçirildi. Partiyanın rəsmi yığıncağına verilən 17 illik fasilədən sonra keçirilən bu konfransın böyük əhəmiyyəti vardı. Partiya lideri M.Ə. Rəsulzadə "Milli hərəkatda partiya fəaliyyəti" haqqında çıxış etdi. Konfransda partiyanın "Yeni Proqram Əsasları" qəbul edildi. "Yeni Proqram Əsasları"nda bir fikrə başlıca üstünlük verilirdi: Müstəqil Azərbaycan Xalq Cumhuriyyətini rus istilasından qurtarmaq və onu qeydsiz-şərtsiz müstəqil bir dövlət halında yaşatmaq!
Yeni Proqram Əsasları müsavatçılığın tərifini belə müəyyənləşdirirdi: "Müsavatçılıq böyük Türk Kültürünə bağlı, milli, mədəni və insani dəyərləri mənimsəyən, hürriyyət, cumhuriyyət və istiqlal idealına sadiq Azərbaycan vətənsevərliyidir".
"Yeni Proqram Əsasları" Milli Təsanüdə cəmiyyətdə böyük ehtiyac duyulduğunu vurğulayaraq bildirirdi: "… Bu surətlə, müsavatçılıq, Milli Birlik və Təsanüdü əsas olaraq alır və hər türlü sinif və zümrə hakimiyyətini rədd edir".
II Qurultay
Müsavat Partiyasının II qurultayı 1919-cu ilin dekabrında keçirildi (qurultay dekabrın 2-dən 12-dək davam etmişdir). Respublikanın bütün bölgələrindən qurultayda 140 nümayəndə təmsil olunurdu. Qurultayı giriş sözü ilə M.Ə. Rəsulzadə açıb və partiyanın Mərkəzi Komitəsinin fəaliyyəti haqqında məruzə ilə çıxış edib.
II qurultayda aşağıdakı qərarlar qəbul edilib:
- Qafqaz konfederasiyası;
- Denikin təhlükəsi;
- Dağıstan məsələsi.
Qurultayda Partiya Proqramına baxılıb. 67 maddəlik Partiya Proqramı iki hissədən ibarət idi: Birinci hissə – Nəzəriyyə və uzaq məqsəd; İkinci hissə – Əməliyyə və yaxın məqsəd.
Proqramın birinci hissəsində göstərilirdi ki, əsas amalımız olan Azərbaycan İstiqlalını bütün namus və vicdanımızla qorumalıyıq.
Proqramın ikinci hissəsi aşağıdakı bölmələrdən ibarət idi:
- Şəkli idarə;
- Həqqi-əhliyyət;
- İqtisad və maliyyə işləri;
- Torpaq məsələsi;
- İşçi məsələsi;
- Ədliyyə məsələsi;
- Ruhani idarəsi məsələsi;
- Maarif məsələsi.
İkinci qurultayda M.Ə. Rəsulzadə yenidən Müsavat Partiyasının sədri seçilib.
Yeni dövr
1989-cu ilin oktyabrın 29-da bir qrup insan Azərbaycan Milli Demokrat Partiyası "Yeni Müsavat"ı yaradırlar.
1990-cı ilin iyunun 29-da partiya adını Azərbaycan Milli Müsavat (Xalq) Partiyası olaraq dəyişir.
1991-ci ilin iyununda Müsavatın qurultayında Nəsib Nəsibzadə Mərkəzi İcraiyyə Komitəsinin sədri seçilir. 1992-ci ildə Müsavatın bərpa mərkəzi yaradılır. Partiyanın adı Müsavat Partiyası olaraq dəyişdirilir.
1992-ci ilin noyabrında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilmiş və İsa Qəmbər Partiyanın 5-ci başqanı seçilmişdir.
2000-ci ildə AXCP daxilində bölünmə baş vermiş, partiya klassiklər və islahatçılar qanadına bölündü. Mirmahmud Mirəlioğlu liderliyində klassiklər qanadında fəaliyyət göstərən (daha sonralar özlərini Rəsulzadə-Elçibəy fraksiyası adlandıran) 22 nəfər sonralar partiyadan uzaqlaşdırılmışdı. Daha sonra Rəsulzadə-Elçibəy fraksiyası Müsavat Partiyasına müraciət edərək partiyaya qəbul olundular. Fraksiyaya Arzu Səmədbəyli, İsa Bağırov, Novella Cəfəroğlu, Oktay Qasımov, Qubad İbadoğlu, Ülvi Həkimov kimi şəxslər daxil idi.
2010-cu ildə AXCP və Müsavat birləşmək qərarı almışdı. Lakin daha sonra bu birləşmə gerçəkləşmədi.
27 sentyabr 2014-cü ildə Səttar Bəhlulzadə adına Mədəniyyət Evində Müsavat Partiyasının qurultayı keçirilmişdir. Qurultay zamanı baş tutan başqanlıq seçkilərində 449 nəfər seçici, 3 namizəd iştirak etmiş və 228 səs yığan Arif Hacılı partiyanın 6-cı başqanı seçilmişdir. Digər namizədlərdən Qubad İbadoğlu 200, Tural Abbaslı isə 19 səs yığmışdır.
Müsavat rəhbərliyi
Müsavat Partiyasının 14 nəfərdən ibarət olan Divanı mövcuddur. Müsavat Partiyasının həmçinin Gənclər Komitəsi və Qadınlar Şurası mövcuddur.
Müsavat Partiyasının sədri | Arif Hacılı | |
Müsavat Partiyasının Divan üzvü — sədr müavini | Fərəc Kərimli | |
Müsavat Partiyasının Divan üzvü — sədr müavini | Nemət Kərimli | |
Müsavat Partiyasının Divan üzvü — sədr müavini | Osman Kazımov | |
Müsavat Partiyasının Divan üzvü — sədr müavini | Razim Əmiraslanlı | |
Müsavat Partiyasının Divan üzvü — sədr müavini | Səxavət Soltanlı | |
Müsavat Partiyasının Divan üzvü — İcra Aparatının rəhbəri | Gülağa Aslanlı | |
Müsavat Partiyasının Divan üzvü — Məclis sədri | Nüşabə Sadıqlı | |
Müsavat Partiyasının Divan üzvü | Almaz Əliqızı | |
Müsavat Partiyasının Divan üzvü | Fəridə Ələsgərli | |
Müsavat Partiyasının Divan üzvü | Hidayət İsmayıl | |
Müsavat Partiyasının Divan üzvü | Könül Alı | |
Müsavat Partiyasının Divan üzvü | Mustafa Hacıbəyli | |
Müsavat Partiyasının Divan üzvü | Rafiq İsmayıl | |
Müsavat Partiyasının Divan üzvü | Yusif Tağı |
Nəticələri
Prezident | Parlament
|
Hökumətdə və parlamentdə təmsilçiliyi
AXC dövrü
Müsavatçıların Azərbaycan hökuməti kabinələrində tutduqları vəzifələr:
- Birinci hökumət kabinəsində (28.05.1918) – beş müsavatçı nazir vardı: Xosrov bəy Sultanov (Hərbi nazir), Məmmədhəsən Hacınski (Xarici İşlər naziri), Nəsib bəy Yusifbəyli (Maliyyə və Xalq Maarif naziri), Məmməd Yusif Cəfərov (Ticarət və Sənaye naziri).
- İkinci hökumət kabinəsində (17.06.1918–07.12.1918) – beş müsavatçı nazir: Məmmədhəsən Hacınski (Xarici İşlər naziri), Nəsib bəy Yusifbəyli (Xalq Maarifi və Dini Etiqad naziri), Xosrov bəy Sultanov (Əkinçilik naziri), Musa bəy Rəfiyev (Portfelsiz nazir), Xəlil bəy Xasməmmədov (Portfelsiz nazir).
- Üçüncü hökumət kabinəsində (26.12.1918–14.03.1919) – üç müsavatçı nazir: Xəlil bəy Xasməmmədov (Daxili İşlər naziri), Nəsib bəy Yusifbəyli (Maarif və Dini Etiqad naziri), Xosrov bəy Sultanov (Əkinçilik naziri).
- Dördüncü hökumət kabinəsində (14.03.1919–22.12.1919) dörd müsavatçı nazir: Nəsib bəy Yusifbəyli (Nazirlər Şurasının sədri), Məmməd Yusif Cəfərov (Xarici İşlər naziri), Nəriman bəy Nərimanbəyli (Dövlət müfəttişi), Xəlil bəy Xasməmmədov (Daxili İşlər naziri).
- Beşinci hökumət kabinəsində (24.12.1919–01.04.1920) – dörd müsavatçı nazir: Nəsib bəy Yusifbəyli (Nazirlər Şurasının sədri), Məmmədhəsən Hacınski (Daxili İşlər naziri), Xəlil bəy Xasməmmədov (Ədliyyə naziri), Musa bəy Rəfiyev (İctimai Təminat və Səhiyyə naziri).
Himni
Bayrağına göy qurşağı göy rəngini verdi,
Bayraqdan uca təkcə bir Allahdı, Müsavat!
İllər boyu gah meydana, gah zindana girdin,
Zalım elə bildi daha dustaqdı Müsavat!
Əsdi qara yellər başın üstündə, çox əsdi,
Kəsdi qara yellər, sənin haqq yolunu kəsdi,
Amma nə oraq biçdi səni, nə çəkic əzdi,
Sümbül kimi bir də dikəlib, qalxdı Müsavat!
Dünya bulanıb bir durulan vaxt olacaqdı,
Zalımlara divan qurulan vaxt olacaqdı,
Sənsiz bu Vətən torpağı bədbaxt olacaqdı,
Sənsən bu Vətən torpağının baxtı, Müsavat!
Bəsdir bəzədik çölləri başdaşlarımızla,
Bəsdir suladıq gülləri göz yaşlarımızla,
Dar gündə tutaq əl-ələ qardaşlarımızla,
Dərdi-qəmi boğ, gün kimi doğ, vaxtdı Müsavat!
- Sözləri: Ramiz Rövşən.
- Musiqisi: Cavanşir Quliyev.
Müsavatın himni 25 oktyabr 1997-ci il tarixdə partiyanın V (Proqram) Qurultayında qəbul olunub.
Bayrağı və emblemi
Müsavat Partiyasının bayrağı mavi rəngdədir. İlk dəfə 1919-cu ildə Partiyanın II qurultayında bayrağın bu rəngdə olmağı qəbul edilib. Mavi bayraq bir zamanlar Elxanilər dövründə (XIII əsrdə) Azərbaycan torpaqları üzərində dalğalanıb. Mavi bayraq həm də Elxanilərin zəfər yürüşlərini əks etdirirdi.
Partiyanın embleminin müəllifləri görkəmli rəssamlar Elçin Məmmədov və Tərlan Qorçiyevdir. Emblemdəki "Müsavat" sözünün baş hərfi olan "M" qoşa dağ şəklində təqdim olunur; arxadakı dağ qara rəngdədir. Qara dağ Türklər üçün əhəmiyyətli simvollardan biridir. Öndəki dağ isə Müsavatın simvolu olan mavi rəngdədir. "M" hərfinin strukturu, qoşa dağın görünüşü tarazlıq ideyasını ifadəli göstərir. Tarazlıq ideyasından isə Müsavatın əsas prinsiplərindən birinə – Milli Təsanüdə çıxmaq olar. Çünki Təsanüd həm də müxtəlif sosial təbəqələrin mənafelərində tarazlaşdırma nöqtələri tapmaqdır. Emblemdəki iki üçbucaqdan Platon və Fərabi kimi filosofların fəlsəfəsinə də çıxmaq olar. Bu filosoflar deyirdilər ki, bütün başqa həndəsi fiqurlar (həndəsi fiqurlara uyğun cisimlər) üçbucaqların müxtəlif birləşmələrindən törənmişdir, yəni varlıqda olanların təməli həndəsi fiqur prinsipinə uyğun gəlir |
Qərargahı
Müsavat Partiyası 2003-cü ilə kimi Azərbaycan prospekti 37 ünvanında yerləşən binada fəaliyyət göstərib. Amma 2003-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərindən sonra partiya şəhərin mərkəzindəki qərargahını itirməli oldu. Müsavat hazırda Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3097-ci məhəllədəki 4 mərtəbəli binanın iki mərtəbəsində fəaliyyət göstərir. Bu binaya köçən zaman otaqlar normal olmadığından Müsavat rəhbərliyi bir qədər xərc çəkərək, otaqlara "əl gəzdirib" təmir işləri apardılar. Amma hazırda da qərargahın bir sıra yerləri bərbad vəziyyətdədir. Partiya hər ay kommunal xərclərlə birgə 1000 manata qədər dövlət rüsumu ödəyir
Rəhbərlik
- İlk başqanı və qurucusu — Məhəmməd Əmin Rəsulzadə
- İkinci başqanı — Mirzə Bala Məmmədzadə
- Üçüncü başqanı — Kərim Odər
- Dördüncü başqanı — Məhəmməd Azər Aran
- Beşinci başqanı — İsa Qəmbər
- Altıncı başqanı — Arif Hacılı
Beynəlxalq Məsələlər üzrə başqan müavini | başqan müavini |
İstinadlar
- (ing.) Smith, Michael G. (2001). "Anatomy of a Rumour: Murder Scandal, the Musavat Party and Narratives of the Russian Revolution in Baku, 1917-1920". Journal of Contemporary History. 36 (2): 216–218. (#parameter_ignored_suggest)
- (ing.) Mostashari, Firouzeh (2006). On the Religious Frontier: Tsarist Russia and Islam in the Caucasus. I.B.Tauris. 144. ISBN 1850437718.
- (rus.) Гусейнов, Мирза Давуд (1927). "1: Программа и тактика". Тюркская демократическая партия федералистов "Мусават" в прошлом и настоящем. Baku.
- . 2020-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-12.
- Röya Rəfiyeva (2014-09-28). "Arif Hacılı Müsavat Partiyasının yeni başqanı oldu - VİDEO" (azərb.). musavat.com. İstifadə tarixi: 2014-09-28.
- ↑ (azərb.). musavat.org.az. 2014-04-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-20.
- ↑ Elnur Məmmədli (2009-05-12). "Partiyaların simvolları – ARAŞDIRMA" (azərb.). lent.az. İstifadə tarixi: 2014-04-20.
- Elnur Məmmədli (2010-02-04). (azərb.). lent.az. İstifadə tarixi: 2014-04-20.