Zəlzələ
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Zəlzələ — yeraltı zərbələr və yerin üst qatının titrəməsidir. Bu həm tektonik proseslərlə müşayiət olunan təbii olaraq, həm də partlayış, su bəndlərinin doldurulması, dağlarda yeraltı sürüşmələrlə müşayiət olunan süni olaraq baş verir. Vulkanların püskürməsi zamanı da kiçik yeraltı təkanlar baş verə bilər.
Zəlzələ |
Tipləri |
Foreşok Afterşok • Hiss edilməyən zəlzələ • Sualtı zəlzələ Sunami |
Səbəbləri |
Qırılma hərəkatı Vulkanizm Süni seysmiklik |
Xüsusiyyətləri |
Episentr • Hiposentr Kölgə zona • Seysmik dalğalar P-dalğa S-dalğa |
Ölçü |
Rixter şkalası • Seysmoqraf • Maqnituda |
Proqnoz |
Zəlzələlərin Proqnozlaşdırılması üzrə Koordinasiya Komitəsi Zəlzələlərin Proqnozlaşdırılması üzrə Qlobal Şəbəkə (GNFE) |
Digər mövzular |
Qırx dalğa bölünmə • Adams-Uilyamson tənliyi Zəlzələ mühəndisliyi |
Portal:Təbii fəlakətlər |
Güclü yeraltı təkanlar evləri və tikililəri uçura, sunami və yer sürüşmələri əmələ gətirə bilər və nəticədə insanların həlakına səbəb ola bilər. Zəlzələ nəticəsində yerin üst qatı formasını dəyişə bilər. Zəlzələləri öyrənən elmə seysmologiya deyilir.
Geomorfoloji termin
Tektonik proseslər nəticəsində yaranan yeraltı təkan və yer səthinin titrəyişi. Onun gücü maqnitud şkalası və ya enerji dərəcəsi ilə, səthi effekti intensivlik şkalasının ball dərəcəsi/ /Rixter, Merkalli/ ilə qiymətləndirilir. Hər il Yerdə qeydə alınan zəzlələlərin miqdarı yüz minlərə çatır, ancaq onların cüzi bir hissəsi dağıntıya səbəb olur /Məs: Şamaxı - 1902, San-Fransisko- 1906, Tokio - 1923, Aşqabad -1948, Çili- 1960 və s./.
Haqqında
Yerin müxtəlif süxurlardan təşkil olunması, yerin daxili qatlarında olan temperatur və təzyiq fərqi nəticəsində litosferdə müxtəlif proseslər gedir. Bu proseslər mənşəyinə görə daxili (endogen) və xarici (ekzogen) olur. Daxili proseslər Yer səthində yüksəklik və çökəklikləri yaradır. Süxurların yatım formalarını pozur, vulkan və zəlzələləri yaradır. Litosferdə çatların, qırışıqların əmələ gəlməsi ilə müşahidə olunan şaquli və üfüqi hərəkətlər tektonik hərəkətlər adlanır. Bu proseslərin təsiri nəticəsində süxur layları üfüqi, maili, şaquli vəziyyət alır və ya çatlarla müxtəlif hissələrə ayrılır.
Şaquli hərəkətlər - düzənliklərə nisbətən dağlarda daha sürətlə gedir. Yerin daxilində baş verən proseslər səthdə tədrici, çoxəsrlik qalxma və enməyə səbəb olur. Məs: Hollandiya hər il 3 mm enir, Skandinaviya yarımadası isə 1 sm qalxır. Şaquli hərəkətlər nəticəsində enmiş sahə qraben, qalxmış sahə isə horst adlanır. Qrabenlərin su ilə dolması nəticəsində Baykal, Urmiyə, Van, Tanqanika, Nyasa və s. kimi göllər yaranıb. Qraben və horstlar pillə şəklində olduqda fayadlanır. Üfüqi hərəkətlər də şaquli hərəkətlər kimi tədricən baş verir. Tektonik çatlarla parçalanmış litosfer tavaları üst mantiyanın səthi ilə ildə 2-3 sm sürətlə «sürüşərək» hərəkət edir. Üfüqi hərəkətlər nəticəsində enmiş sahə antiklinal və qalxmış sahə isə sinklinal adlanır.
Yerin ani bir vaxt ərzində tektonik proseslərlə əlaqədar olaraq tərpənməsinə zəlzələ deyilir. Zəlzələlərlə əlaqədar bütün proseslər seysmik hadisələr adlanır. Zəlzələni «seysmoqraf» adlı cihazla ölçürlər. Zəlzələlər dağıdıcı təsirinə görə 12 ballıqRixter cədvəli ilə qiymətləndirilir. Baş verən dağıntılara görə zəlzələlər Merkalli cədvəli ilə qiymətləndirilir. Zəlzələlər yer qabığının fəal vulkanizm zonalarında daha çox təkrarlanır. Hər il dünyada 100 minlərlə zəlzələ baş verir ki, onların da 15-20-si daha fəlakətli olur. Onlar əsasən okeanlarda baş verir.
Yerin daxilində zəlzələ törədən hərəkətlərin baş verdiyi yerə zəlzələ ocağı və ya hiposentr deyilir. Zəlzələ ocağının üzərində olan yer səthinə (və ya proyeksiyasına) zəlzələ mərkəzi və ya episentr deyilir. Yeraltı təkanlar zəlzələdan ən qısa məsafə qət etdiyi üçün ən güclü dağıntı episentrdə baş verir. Episentrdən aralandıqca dağıntı və insan tələfatı azalır. Zəlzələ ocağı dərində yerləşdikcə zəlzələ daha geniş ərazini əhatə edir. Zəlzələ ocağı dayazda yerləşdikdə isə zəlzələnin yer səthində yayıldığı sahə kiçik olsa da, daha çox dağıntı törədir. Zəlzələlər çox güclü vulkan partlayışı nəticəsində də baş verir. Dünyada ən güclü zəlzələlər Amerikanın qərb sahilindəki Kordilyer-And dağlarında, Cənubi Avropa ilə Asiya arasındakı Alp-Himalay dağlıq qurşağında, Sakit Okeanın qərb sahilindəki müasir geosinklinal qurşaqda (Yaponiya, Indoneziya, Filippin və s.) baş verir. Avstraliya, Braziliya yaylası, Labrador yarımadasında isə zəlzələlər demək olar ki, baş vermir. Izoseyslər- seysmik xəritələrdə –eyni güclü seysmik təkanların hiss olunduğu məntəqələri birləşdirən xəttlərdir. Mantiyanın yuxarı hissəsindəki ərimiş maddələr – maqma yüksək təzyiq altında daxili proseslər nəticəsində Yer qabığında əmələ gəlmiş çatlarla yuxarıya doğru hərəkət edir. Maqmanın bir hissəsi Yer səthinə çatmamış soyuyub Yer qabığının müxtəlif hissələrində qalır, digər hissəsi isə yüksək təzyiq altında səthə çıxaraq sel kimi axır. Səthə çıxmış maqma – lava adlanır. Lava soyuduqdan müxtəlif hündürlüklü təpələr əmələ gətirir ki, buna vulkan deyilir. «Vulkan» qədim romalılarda od allahıdır. Vulkan lavası sıyıq olduqda qalxanvari relyef forması (Havay tipli vulkanlar) yaradır. Lava qatı olduqda əsl konus yaradır.(Stratovulkan). Maqmanın Yer səthinə çıxdığı kanala vulkan boğazıdeyilir. Vulkan püskürməsi zamanı əmələ gəlmiş təpənin zirvəsindəki çökəkliyə krater deyilir. Kraterdən yer səthinə çoxlu miqdarda qaz, su buxarı, vulkanik toz, kül və lava cıxır. Diametri 1,5 km-dən böyük olan krater kaldera adlanır. Eroziya və denudasiya prosesləri vulkan dağını aşındırır, lakin vulkan boğazında qalıb, soyuyaraq bərkimiş lava-nekk adlanan qayalı relyef əmələ gətirir. Boğaz və krater vulkanın elementləridir. Vulkanlar - fəaliyyətdə olan və sönmüş vulkanlara bölünürlər. Püskürməsi bəşəriyyətin yaddaşında qalan vulkanlar fəaliyyətdə olan vulkan adlanır. Dünyada 817 fəaliyyətdə olan vulkan mövcuddur ki, onların 620 - si yaxın keçmişdə püskürüb. Bu vulkanların 75%-i Sakit okeanın «odlu həlqəsində» (məs. Klyucevskaya Sopka, Fudziyama və s.) və Indoneziya adalarındadır. Bundan başqa Cənubi Avropa və And dağlarında da çoxlu fəaliyyətdə olan vulkan mövcuddur. Fəaliyyətdə olan vulkanlardan - Vezuvi, Etna, Stromboli (Italiya), Hekla (Islandiya), Kamerun (Afrika), Fudziyama, Azo (Yaponiya), Klyuçevskaya Sopka (Rusiya), Orisaba, Taxamulko, Popokatepeti (Şimali Amerika) - Şimal yarımkürəsində; Kilimancaro (Afrika), Kotopaxi, San-Pedro, Ruis, Lyulyalako (C. Amerikada), Erebus (Antarktida), Krakatau (Indoneziya) -Cənub yarımkürəsində yerləşir. Dünyada fəaliyyətdə olan ən yüksək vulkan Cənubi Amerikadakı Lyulyalako (6723 v) dağıdır. Yer kürəsində fəaliyyətdə olan vulkanlara nisbətən sönmüş vulkanlar daha çoxdur. Onların püskürməsi haqqında heç bir tarixi məlumat yoxdur. Qafqazın ən hündür zirvələri Elbrus, Kazbek, Azərbaycandakı - Böyük Işıqlı, Qızılboğaz, Savalan sönmüş vukanlardır.
Zəlzələ və vulkanlar əsasən geosinklinal (dağlıq) ərazilərdə - litosfer tavalarının sərhəddində geniş yayılıb. Qədim platforma sahələrində (düzənliklərdə) zəlzələ və vulkanlara rast gəlinmir. Vulkanların bir növü olan palçıq vulkanları püskürdükləri lavanın temperaturunun az olması ilə fərqlənirlər. Lavanın tərkibində su çox olduğuna görə sıyıq palçığa oxşar gilli kütlə kimi axır və içərisindən qaz qabarcıqları çıxır. Bu vulkanlara ən çox neftli-qazlı sahələrdə rast gəlinir və onlardan müalicə məqsədi ilə istifadə edilir. Vulkan borusunun ətrafında toplanan kəsəkli palçıq-brekçi adlanır. Azərbaycan palçıq vulkanlarının ən çox yayıldığı ərazilərdəndir (xüsusilə Abşeron və Qobustanda). Vukan və zəlzələlərin yayıldığı bəzi ərazilərdə yeraltı sular adətən yüksək temperatura malik olur. Bu sularda çoxlu duz və qaz olduğu üçün onlar mineral sular adlanır. Suların isti olmasına səbəb Yer səthinə yaxın olan qaynar maqmanın təsiridir. Isti sular yerin daxilindəki çatlarla səthə çıxır, bulaq şəklində çay və dənizlərə tökülür. Bəzən yeraltı sular yüksək təzyiq altında səthə çıxaraq fəvvarə vururlar. Fəvvarə şəklində Yer səthinə çıxan isti bulaqlaraqeyzerlər deyilir. Qeyzerlər adətən müəyyən fasilələrlə fəvvarə vururlar. Hər 1 qeyzerdə su buxarının səthə çıxdığı dairəvi çökəkliyə qrifon deyilir. Qeyzer sularının tərkibində həll olmuş halda müxtəlif mineral birləşmələr, xüsusi ilə kükürdlü maddələr olur. Qeyzer qrifonlarının kənarında toplanan bu minerallar qeyzerit adlandırılan süxurlar yaradırlar. Qeyzerlər ən çox - Islandiya, Kamçatka, Yeni Zelandiya və Sakit okean adalarında yayılıb. Yeraltı isti sulardan evlərin, istixanaların qızdırılmasında, mineral sulardan isə müalicə məqsədi ilə istifadə edilir.
Ümumi məlumat
Zəlzələ Yerdə baş verən dinamik proseslər nəticəsində baş verir. Bunun bir nəticəsi kimi lay tektonikasını göstərmək olar. Yerin özəyi və qabığı arasındakı litosfer laylar zəlzələlərin yaranmasında böyük rol oynayırlar. Zəlzələlər əsasən bu layların sərhəd zonalarında əmələ gəlirlər. Müxtəlif layların bir-birinə nəzərən sürüşməsi və toqquşması yeraltı təkanlara səbəb olurlar. Yeraltı daşların kəsicilik möhkəmliyi həddi keçdikdə onlar burada yaranan gərginliyi sıçrayışla boşlayır və nəticədə yeraltı tektonik təkanlar baş verir. Yaranan enerjinin qiyməti hidrogen bombasının gücündən də 100 dəfə çox olması məlumdur. Bu gərginlik boşalması layların sərhəd zonalarında baş verdiyi kimi, onların orta hissələrində, möhkəmliyi zəif zonalarda da yarana bilər.
Zəlzənin daim baş verdiyi yerlər seysmik qurşaq adlanır. Dünyada 2 seysmik qurşaq var. Alp-Himlay qurşağı, Sakit okean qurşağı
Yer qabığının dərinliklərində toplanan potensial enerjinin təsiri ilə yer səthinin ani vaxt ərzində titrəməsinə zəlzələ deyilir. Zəlzələni öyrənən elm seysmologiya adlanır. Xəritədə eyni zəlzələ şiddətindəki nöqtələri birləşdirən xətlərə izoseyestlər deyilir. Zəlzələlər əmələ gəlmə şəraitinə görə 2 yerə ayrılır: 1.Vulkanik mənşəli zəlzələlər.(Vulkan püskürməsindən) 2.Tektonik mənşəli zəlzələlər.(Litosfer tavalarının sərhəddindəki daxili gərginlikdən) Zəlzələ 12 ballıq Rixter şkalası ilə ölçülür.
■ 10 dəqiqə dəvam edən 7 ballıq zəlzələ 25000 TNT-nin eyni Vaxtda partdamağına bərabərdir
■ 10 ballıq zəlzələ 100/km-i 32 saniyəyə qət edir.■
Zəlzələlərin növləri
Müasir elm zəlzələləri 3 tipə ayırır:
- Denudasiya zəlzələləri
- Vulkanik zəlzələlər
- Tektonik zəlzələlər
Denudasiya zəlzələləri
Denudasiya zəlzələləri torpağa süzülən su, onun bəzi hissələrini həll edir və özü ilə aparır. Yeraltı sular dağıdıcı fəaliyyəti asanlıqla həll olan süxurlarda, məsələn, daş, duz, gips, əhəngdaşı və inkişaf etdiyi yerlərdə meydana çıxır. Bu suların yerinə boşluqlar və ya mağaralar əmələ gəlir. Zaman keçdikcə həmin boşluqların tavan hissələri ağırlıq qüvvəsini təsiri altında aşağı uçur və şiddətli yerə dəyərək zəlzələnin əmələ gəlməsinə səbəb olur.
Müşahidələr göstərir ki, uçma birdən-birə baş verirsə, zəlzələ bir neçə dəqiqədən artıq davam etmir. Bəzən seysmik hərəkətlər bir neçə zəlzələ şəklində meydana çıxır. Bir zərbənin ardınca ikinci və sonrakılar hiss olunur: burada ayrı-ayrı zəlzələlər arasındakı fasilə bir neçə gün ola bilər. Həmin hadisənin səbəbi odur ki, əmələ gəlmiş baş zərbə həmin mağaranın başqa yerlərində və qonşu mağaralarda müvazinətin pozulması və əlavə uçqunların əmələ gəlməsinə səbəb olur. Bu kimi zəlzələlərə uçma və karst deyilir.Yerin ozeyi ve qabigi zelzelenin yaranmasinda cox boyuk bir rol oynayir
Vulkanik zəlzələlər
II tip zəlzələlər vulkanik fəaliyyətlə əlaqədardır. Burada vulkan fəaliyyətinin ən dəhşətli dövrünü xatırlamaq kifayətdir: hər bir partlayış zamanı müxtəlif böyüklükdə olan bərk püskürmə məhsulları atılır, kraterin dibi titrəyir. Püskürmədən əvvəl vulkan ətrafında hiss olunan müxtəlif yeraltı zərbələr bu qəbildəndir. Vulkanik zəlzələlərin səbəbləri üstdəki layların təzyiqinə üstün gələ bilməyən qazların partlamasından ibarətdir. Yerin titrəməsinin böyük qüvvəyə çatmağına baxmayaraq, onlar böyük sahəyə yayıla bilmir. Vulkanik zəlzələnin yayılmasının nə qədər məhdud olduğunu bundan bilmək olar ki, Mon-Pele vulkanının püskürməsi zamanı ən yaxın seysmoqraflar heç bir zərbə və təkan qeyd etməmişlər.
Tektonik zəlzələlər
III tip zəlzələlər Yer qabığında qırışıqların və çatların əmələ gəlməsi ilə əlaqədardır.
Tektonik zəlzələlər vulkanik və karst zəlzələsindən aşağıdakı xüsusiyyətlərinə görə fərqlənir:
- yayıldığı sahənin böyüklüyü;
- əmələ gəldiyi parçalanma və pozulmaların böyük ölçüdə olması;
- əhəmiyyətli məsafədə zərbələrin eyni zamanda baş verməsi;
- bu zəlzələnin mərkəzi müxtəlif, bəzən böyük dərinlikdə olması ilə fərqlənir.
Zəlzələlərin ancaq əhəmiyyətsiz hissəsi vulkanizm, mağara tavanlarının uçması, şaxtalarda uçqunların baş verməsi ilə əlaqədardır. Demək olar ki, zəlzələlərin hamısı tektonik zəlzələlərdir. Planetimizin daxilində təsir edən daxili qüvvələr tədricən toplanır və hər hansı bir yerdə süxurların müqavimətetmə qabiliyyətindən artıq olduqda, həmin süxurların birdən-birə parçalanması və ya çatlaması baş verir. Parçalanma, hər tərəfə yayılmaqda olan və öz yolunda rast gələn maddələri rəqsi hərəkətə gətirən elastik dalğalar yaradır. Süxurların ilk parçalanma yeri zəlzələnin mərkəzi olur. Mərkəzdə zəlzələ həmişə qısa müddətli olur. Ən güclü təkanlar da belə bir neçə saniyə davam edir. Yalnız Çilidə olan zəlzələlər bir neçə on saniyə davam edir. Toplanmış enerjinin azad olması sürətlə baş verir: enmə, qalxma, üfiqi istiqamətdə sürüşmə və ya mürəkkəb hərəkətlə parçalanma müstəvisi boyu uzunu yayılır.
Yer daxilində zəlzələyə səbəb olmuş ilk hərəkətin baş verdiyi yerə hiposentr deyilir.
Zəlzələnin proqnozu
Zəlzələnin proqnozu üsullarından biri Yer qabığında müxtəlif səslərə qulaq asmaqdan ibarətdir. Yer qabığında hər bir böyük pozğunluqdan qabaq xırda pozğunluqlar baş verir, bu pozğunluqlar zəlzələ yaratmır, lakin hazırlıq işi aparır. Bu ibtidai pozğunluqlar müxtəlif səslər yaradır, səslərə qulaq asmaq üsuluna əsasən həssas səs sihazları ilə bu səsləri eşitmək mümkün olur.
Zəlzələ proqnozunun ikinci üsulu, meylölçənlər vasitəsilə Yer səthinin meylini öyrənməkdən ibarətdir. Bu cihazlar Yer səthinin ən kiçik meylini böyük dəqiqliklə ölçür. Meylölçənlər Yer qabığının hərəkətləri ilə və zəlzələyə hazırlıq işləri ilə əlaqədar olan meylləri qeyd etməkdən başqa, xarici səbəblər nəticəsində baş verən meylləri də göstərir. Təəssüf ki, meylölçənin ümumi qeydlərindən, daxili səbəblərin yaratdığı meyli ayırmaq böyük çətinlik törədir.
Üçüncü üsul atmosferin elekrtik vəziyyətini dəyişməsi, yəni zəlzələdən qabaq və zəlzələ zamanı elektromaqnit dalğaların əmələ gəlməsi üzərində aparılan müşahidələrə əsaslanır. Lakin bu müşahidələr hələlik təsadüfi olub, sistematik tədqiqat aparmağı tələb edir.
Ümumiyyətlə, zəlzələ haqqında əvvəlcədən xəbər verən bir sıra əsaslandırılmış üsullar vardır. Bu üsullar yalnız zəlzələ ərəfəsində yaxşı nəticə verə bilər.
Zəlzələlərin təsnifatı
Hələ zəlzələlərin alət (instrumental) üsulu ilə müşahidəsi olmayan dövrlərdə müxtəlif zəlzələləri bir-biri ilə intensivliklərinə görə müqayisə etmək üçün onların yer səthindəki təzahürlərini (dağıntıları, zədələri və s.) əsas götürürdülər.
Əslində bu müqayisədə insan hissiyatına əsaslanan çox böyük subyektivlik və qeyri-müəyyənlik var idi. Məsələn, insanlar onların evlərini ciddi zədələyən zəlzələni, yüngül hiss olunan zəlzələdən güclü hesab edirdilər. Halbuki, daha güclü zəlzələ sadəcə uzaq olduğuna görə zəif hiss edilə bilərdi.
Bütün bunlara baxmayaraq hələ XIX əsrin ortalarından başlayaraq zəlzələləri insan hissiyatına, fiziki obyektlərə vurduğu ziyana, ətraf geoloji mühütə vizual təsirinə görə təsnifləşdirməyə cəhdlər edilirdi. Həmin əsrin sonlarında İsveçrədə və İtaliyada tərtib olunmuş Rossi-Forel (RF) zəlzələ intensivliyi şkalası geniş yayılmışdı. Bu cədvəldə seysmik titrəyişlər intensivliklərinə görə on dərəcəyə bölünürlər. 1902-ci ildə İtaliyada Cüzeppi Merkalı tərəfindən yeni, 12 ballı intensivlik şkalası tərtib edildi. 1931-ci ildə amerikalı alimlər Q.Vud və F.Nyumen, 1956-cı ildə isə Ç.Rixter həmin şkalada müəyyən dəyişikliklər etmişlər və hazırda bu şkala «Modifikasiya olunmuş Merkallı şkalası (MMİ)» adlanır. 1964-cü ildən Şərqi Avropada, o cümlədən Azərbaycanın da daxil olduğu keçmiş SSRİ-də rəsmi olaraq 12 ballıq MSK-64 şkalası qəbul edildi. Şkalanın adı onu tərtib edən seysmoloqların soyadlarının baş hərflərindən ibarətdir: S.V.Medvedyev (SSRİ), V.Şponxoyer (ADR) və V.Karnik (Çexoslavakiya). Bir-birindən az fərqlənən MMİ və MSK-64 şkalalarından əlavə 12 ballı Avropa makroseysmik şkalası (EMS, 1998), həmçinin Yaponiyada 1951-ci ildən tətbiq edilən Yaponiya meteoroloji agentliyinin (JMA) 7 ballı şkalası mövcuddur. Aşağıda MSK-64 seysmik intensivlik şkalası ətraflı şəkildə verilir.
- I bal. Zəlzələ hiss olunmur.
- II bal. Çətinliklə hiss olunur. Titrəyişlər yalnız evdə, xüsusilə də yuxarı mərtəbələrdə sakit halda olan insanlar tərəfindən hiss olunur.
- III bal. Zəif titrəyişlər. Zəlzələ evdə sakit halda olan az adamlar və çöldə tək-tək adamlar tərəfindən hiss olunur. Minik avtomobili keçərkən əmələ gələn titrəyişlərə oxşardır. Diqqətli insanlar yüngül əşyaların zəif, yuxarı mərtəbələrdə isə bərk yellənməsini müşahidə edirlər.
- IV bal. Aydın-aşkar titrəyiş. Zəlzələ bina daxilindəki adamların çoxunun, çöldəkilərin isə bəzilərinin tərəfindən hiss olunur. Yatanların bəzisi ayılır, lakin qorxmurlar. Ağır yüklü maşının əmələ gətirdiyi titrəyişlərə oxşardır. Pəncərə və qapıların cingiltisi, döşəmə və divarların cırıltısı eşidilir. Mebelin titrəyişi, asılan əşyaların yüngül yellənməsi, açıq qablardakı mayelərin dalğalanması müşahidə olunur. Dayanmış avtomobillərdə təkan hiss edilir.
- V bal. Zəlzələ bina daxilindəki bütün insanlar, çöldəkilərin çoxu tərəfindən hiss olunur. Yatanların çoxu ayılır. Bəzi adamlar çölə qaçırlar. Heyvanlar narahat olurlar. Bina bütünlüklə titrəyir. Asılı əşyalar güclü yellənirlər. Nadir hallarda rəqqaslı saatlar dayanır. Bəzi dayanıqsız əşyalar aşır və ya sürüşürlər. Qapı və pəncərələr açılır və yenidən çırpılır. Maye dolu açıq qablardan maye dağılır. Evin daxilində düşən ağır əşyanın əmələ gətirdiyi titrəyişlərə oxşardır. Çiy kərpicdən, gildən tikilmiş kənd evlərində yüngül zədələr, suvaqda xırda çatlar əmələ gələ bilər və suvaq qopub düşə bilər. Bəzi hallarda bulaqların debiti dəyişir.
- VI bal. Zəlzələ bina daxilindəki və çöldəki çox insanlar tərəfindən hiss olunur, onların çoxu qorxaraq küçəyə qaçır. Bəziləri müvazinətini itirir, ev heyvanları yuvalarından qaçırlar. Şüşə qabların sınması, kitabların düşməsi, ağır mebellərin hərəkəti müşahidə edilə bilir.
İribloklu və panel tipli, adi kərpic binaların bəzilərində və çiy kərpicdən, gildən tikilmiş evlərin çoxunda yüngül zədələr, xırda çatlar əmələ gəlir. Çiy kərpicdən, gildən tikilmiş kənd evlərində bəzən orta dərəcəli zədələr, divarlardakı suvaqlarda çatlar əmələ gəlir, suvaq böyük hissələrlə qopur və s.
- VII bal. Binalar zədələnir. İnsanların böyük əksəriyyəti qorxu içində küçəyə qaçırlar. Onların çoxu ayaq üstdə çətinliklə dururlar. Sürücülər avtomobilin hərəkəti zamanı zəlzələni hiss edirlər.
Dəmir-beton karkas binaların çoxunda yüngül zədələr, suvaqlarda xırda çatlar əmələ gəlir, suvağın hissələri qopur, adi kərpic evlərdə, iribloklu və panel binalarda orta zədələnmə, divarlarda kiçik çatlar müşahidə edilir. Çiy kərpicdən tikilmiş kənd evlərində böyük zədələr, divarlarda dərin çatlar qeyd olunur. Belə evlərin bəzilərində evin divarlarının üçması, divarlarda birbaşa çatlar, binanın ayrı-ayrı hissələri arasında birləşmələrin dağılması və s. ola bilər. Bəzi hallarda yol kənarındakı iti yamaclarda sürüşmələr, yollarda çatlar qeyd edilir. Su səthində dalğa əmələ gəlir, lil qalxdığından su bulanır, quyularda suyun səviyyəsi dəyişir, bir sıra hallarda mövcud bulaqlar itir və ya yenisi əmələ gəlir.
- VIII bal. Binalar ciddi zədələnir. Qorxu və çaxnaşma yaranır. Avtomobil sürən sürücülər də narahatlıq keçirir. Ağacların budaqlarının sınması, ağır mebellərin sürüşməsi, bəzən isə aşması, asılı lampaların bir hissəsinin zədələnməsi qeyd olunur. Dəmir-beton karkas binalarda orta zədələr, divarlarda xırda çatlar, bəzilərində isə ağır zədələr, divarlarda dərin çatlar əmələ gəlir. İribloklu və panel binalarda ağır zədələr, divarlarda böyük çatlar, bəzilərində divarların uçması, birbaşa çatların əmələ gəlməsi müşahidə edilir. Çiy kərpicdən tikilmiş kənd evlərində divarların uçması, birbaşa çatların əmələ gəlməsi, bəzən isə evlərin tamamilə üçması baş verir. Boru kəmərlərinin qırılması, heykəllərin sürüşməsi, qəbirüstü daşların aşması, daş hasarların dağılması qeyd olunur.
Qruntlarda bir neçə santimetr ölçüdə çat əmələ gəlir, quyuların bəzilərində su itir və ya qurumuş quyulara su dolur.
- IX bal. Bütün binaların zədələnməsi, ümumi çaxnaşma, heyvanların qışqırığı və qaçışması müşahidə edilir.
Dəmir-beton karkas binaların dıvarlarında dərin çatlar, bəzilərində divar uçması, birbaşa çatların əmələ gəlməsi və hətta tamamilə dağılması baş verir. Adi kərpic, iribloklu və panel binalarda divarlarda birbaşa çatlar, bəzi divarların uçması, bəzən isə tam dağılması müşahidə olunur. Abidələr və sütunlar aşır, yeraltı boru kəmərləri qırılır, bəzi hallarda dəmir yolu reysləri əyilir. Qruntdakı çatların eni 10 sm-ə çatır, sürüşmə halları, su üzərində iri dalğalar qeyd olunur.
- X bal. Bütün binalarda dağıntı qeyd olunur.
Dəmir-beton karkas binaların dıvarlarında birbaşa çatlar, uçma, bəzən isə binanın tam dağılması, adi kərpic, iribloklu və panel binalar, həmçinin çiy kərpicdən kənd evlərinin tam dağılması müşahidə olunur. Qruntda onlarla santimetr, bəzən 1 m-ə qədər enində çatlar, iti yamaclarda sürüşmələr qeyd olunur, sahilyanı bölgələrdə lillə qum kütlələrinin qarışması, çaylardan, göllərdən suyun kənara çıxması, yeni göllərin əmələgəlməsi hallarına rast gəlinir.
- XI bal. Fəlakət baş verir. Yaxşı tikilmiş tikililər, körpülər, bəndlər, dəmir yolları ciddi zədələnir, yeraltı boru kəmərləri dağılır, şosse yolları yararsız hala düşür.
Yer səthində enli çatlar, horizontal və vertikal istiqamətlərdə yerdəyişmələr, dağ uçqunları baş verir. Zəlzələnin intensivliyini təyin etmək üçün xüsusi tədqiqat tələb olunur.
- XII bal. Demək olar ki, bütün yerüstü və yeraltı qurğuların zədələnməsi, yer səthinin dəyişməsi, qruntlarda böyük yerdəyişmələrlə müşayət olunan iri çatlar, dağ uçqunları müşahidə olunur, göllər, şəlalələr əmələ gəlir, çaylar istiqamətini dəyişir.
Zəlzələnin intensivliyini təyin etmək üçün xüsusi tədqiqat tələb olunur.
Qrupları
Dərinlik xüsusiyyətinə görə zəlzələlər 4 qrupa bölünür.
- Səth zəlzələləri(hiposentr 10 km-ə qədər dərinlikdə yerləşir)
- Normal zəlzələlər(hiposentr 10-60 km dərinlikdə yerləşir)
- Dərinlik zəlzələləri(hiposentr 60-300 km dərinlik də yerləşir)
- Çox böyük dərinlikli zəlzələləri(hiposentr 300-700 km dərinlikdə yerləşir)
Yer kürəsində baş verən zəlzələlər daha çox səth və normal zəlzələlərdir. Çox böyük dərinlikli zəlzələlər adətən Sakit Okean "Odlu qövsü"də baş verir.Zəlzələ ocağı nə qədər dərindirsə dalğaların təsir etdiyi ərazi də bir o qədər geniş olur.Zəlzələ ocağının Yer səthinə perpendikuliyar proyeksiyası "episentr" adlanır.
Yaranma səbəbləri
Zəlzələnin baş verməsi üçün ilkin şərtlərdən biri də, yerin altında kövək süxurların olmasıdır. Yerin mərkəzinə tərəf irəlilədikcə temperatur artır. Nəticədə suxurlar nisbətən yumşaq olur və burada zəlzələnin yaranması üçün az imkan olur. Zəlzələ ona görə də yerin üst qatlarına yaxın zonalarda cəmləşir. Bəzi hallarda zəlzələ yerin 700 km dərinliyinə qədər işləyə bilirlər. Əgər iki lay toqquşarsa onda, sıxlığı yüksək olan yüngül layı aşağıya yerin dərinliyinə itələyir. Bu Vadati-Buniof-Zonaları adlı model ilə izah olunur.
Zəlzələlər həmçinin vulkan püskürməsi nəticəsində də yarana bilərlər. Ancaq burada baş verən zəlzələni tektonik enerjisi məhduddur.
Zəlzələ zamanı Yerdə müxtəlif dalğalar yaranır. Bu dalğalar bütün yer kürəsinə yayılır və seysmoloqlar tərəfindən yerin istənilən nöqtəsində ölçülə bilir. Bu dalğalar yerin üst qatında baş verən dağıntılara səbəb olur.
Zəlzələ zamanı
- Zəlzələ vaxtı davranış qaydaları
Zəlzələ zamanı titrəyişlər insanda qorxu, əsəb və stress yaradır. Odur ki, zəlzələ baş verən zaman ilk olaraq insanlar sakit və təmkinli olmağa çalışmalıdır.
- Zəlzələ zamanı özünüzü qorumaq üçün aşağıdakı qaydalara əməl etmək lazımdır.
- 1. Əgər siz bina və ya torpağın silkələndiyini hiss edirsinizsə buna əsəbi reaksiya verməyin (qorxudan qışqırmaq, başqa insanların psixologiyasına təsir edə biləcək hərəkətlər etmək və s.)
- 2. Əgər qapalı yerdəsinizsə təcili stolun və ya çarpayının altına girin. Qapılar açıqdırsa, qapıların üst tirinin altında və ya otaqların daxili küncündə durun. Unutmayın ki, titrəyişlər zamanı birinci olaraq binanın xaric divarları çat verə və ya uça bilər. Odur ki, pəncərəyə tərəf qaçmaq, pəncərənin altında dayanmaq olmaz.
- 3. Zəlzələ zamanı ağır əşyaların (soyuducu, ağır mebeller və s.) yanında durmaq olmaz. Bu əşyalar sürüşüb üstünüzə aşa bilər.
- 4. Zəlzələ zamanı binadan qaçmaq, pilləkənlərdə hərəkət etmək olmaz. Bu olduqca təhlükəlidir. Pilləkənlər uçub tökülə bilər.
- 5. Əgər siz çoxmərtəbəli binada yaşyırsınızsa zəlzələ zamanı lift və pilləkənərə tərəf qaçmayın. Qapı tiri altında və ya otağın daxili künclərdə duraraq təkanların dayanmasını gözləyin.
- 6. Zəlzələ zamanı pəncərədən atılmayın. Bu sizin zədələnməyiniz və ya ağır xəsarət almağınızla nəticələnə bilər.
- 7. Zəlzələ zamanı ictimai yerdəsinizsə insanların daha sıx olduğu yerə tərəf qaçmayın. Özünüz üçün daha təhlükəsiz yer seçin. İmkanınız varsa, azyaşlı uşaqları da təhlükəsiz yerə çəkin.
- 8. Zəlzələ zamanı hündürmərtəbəli binanın qarşısındasınızsa binanın qabağına qaçmayın.
- 9. Zəlzələ zamanı avtomobildəsinizsə, avtomobilinizi mümkün qədər körpülərin, hündür mərtəbəli binaların qarşısında saxlamayın.
- 10. Zəlzələ zamanı ikimərtəbəli kərpic binada və ya bünövrəsi möhkəm olmayan tikilidəsinizsə oranı təcili tərk etməyə çalışın.
- 11. Unutmayın ki, zəlzələ zamanı bir necə dəfə təkanları hiss edə bilərsiniz. Odur ki, axıra qədər öz təmkininizi qorumağa çalışın.
- 12. Zəlzələ saniyələrlə davam edir. Titrəyişlər dayandıqdan sonra özünüzün və yaxınlığınızdakı insanların xəsarət alıb-almaması, üçqun təhlükəsinin olub-olmamasına diqqət yetirin. Yaralılar varsa ona ilk tibbi yardım göstərin.
- 13. Zəlzələnin hər an baş vermə ehtimalı olduğuna görə əvvəlcədən yaşadığınız binadan və ya evdən zəlzələ zamanı ən təhlükəsiz yerlərə çıxmaq yolunu müəyyənləşdirin.
- 14. Mənzilinizdə əvvəlcədən ən təhlükəsiz yerləri (künclər, qapılar və s) əvvəlcədən müəyyən edin və mebelleri düzərkən bunu nəzərə alın.
- 15. Mənzildə ehtiyac olmadığı təqdirdə qaz, işıq və su xətlərini bağlayın.
- 16. İmkan daxilində ağır əşyaları rəflərdə saxlamayın və kitab rəflərini divara bərkidin.
- 17. İlkin tibbi yardım üçün lazım olan dərman vasitələri yığılmış çantanı hazırlıqlı saxlayın.
- 18. Çarpayınızı ağər mebellərdən və iri pəncərələrdən kənarda yerləşdirin.
- 19. Fövqaladə vəziyyətlərdə kömək çağırmaq üçün lazımi dövlət qurumlarının telefonlarını kitabçanıza əvvəlcədən yazın.
Bu telefonlar aşağıdakı kimidir:
- 1. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Xilasetmə xidməti -112
- 2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi -102
- 3. Təcili Tibbi Yardım-103
Ədəbiyyat
- Fuad Sultanov, Z.Sultanova. "Zəlzələlər", Bakı, "Azərnəşr", 1958.
Həmçinin bax
İstinadlar
- "Zəlzələ". Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.
- Stephen Marshak, Earth: Portrait of a Planet (New York: W. W. Norton & Company, 2001): 305–6.
- "Liquefaction," in Earthquake Glossary of the United States Geological Survey, date accessed: April 23, 2017. https://earthquake.usgs.gov/learn/glossary/?term=liquefaction
- Simon J. Day, "Landslides," in Encyclopedia of the Natural World Ser.: Encyclopedia of Islands ed. Rosemary Gillespie and David Clague (California: University of California Press, 2009): 535.
- Tsunami Strike Japan – Ocean Today
- Kirk, R.M (1977). "Rates and forms of erosion on intertidal platforms at Kaikoura Peninsula, South Island, New Zealand". New Zealand Journal of Geology and Geophysics. 20 (3): 571–613. doi:10.1080/00288306.1977.10427603.
- Təbiətşünaslığın əsasları[ölü keçid]