Elvin Məmişzadə
Elvin Məmişzadə (d. 12 dekabr 1991, Sumqayıt, Azərbaycan) — Azərbaycanlı boksçu. Elvin Məmişzadə 2010-cu ildə Moskva şəhərində Avropa Çempionatında gümüş, 2013-cü ildə Minsk şəhərində isə bürünc medal qazanıb. O, həmçinin 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının və Doha şəhərində Dünya Çempionatının qalibi olub.
Elvin Məmişzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Elvin Rauf oğlu Məmişzadə |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt,Azərbaycan |
Boyu | 160 sm. |
Çəkisi | 52 kq. |
İdman növü | Boks |
27 iyul 2016 tarixində yenilənib. |
Elvin Məmişzadə Azərbaycanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil etdi.
Elvin Məmişzadə 29 iyun 2015-ci ildə 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.
Həyatı
Elvin Məmişzadə 12 dekabr 1991-ci ildə Azərbaycanın Sumqayıt şəhərində anadan olub.
Karyerası
Elvin Məmişzadə rinqdə birinci böyük uğurunu 2010-cu ildə qazandı. O, Rusiyanın paytaxtı Moskva şəhərində Avropa Çempionatında yalnızca finalda İrlandiya boksçusu Paddi Barnesə məğlub oldu və gümüş medal qazandı. Elvin Məmişzadə növbəti uğurunu 2011-ci ildə qazandı. Elvin Məmişzadə Bakı şəhərində Dünya Çempionatında uğurla çıxış etdi və London Olimpiadasında vəsiqə qazandı.
London Olimpiadası
Elvin Məmişzadə London Olimpiadasında mübarizəyə 1/16 final mərhələsində qoşuldu. Elvin Məmişzadənin rəqibi Monqolustanlı Nyambayaryn Tögstsogt idi. Güclü rəqibi ilə qarşılaşmadan Elvin Məmişzadə rinqi məğlub tərk etdi. Nyambayaryn Tögstsogt 18-11 hesabı ilə qalib gəldi. Qeyd edək ki, Nyambayaryn Tögstsogt London Olimpiadasının gümüş medalını qazandı.
London Olimpiadasından sonra Elvin Məmişzadə növbəti uğurunu 2013-cü ildə Belarusun paytaxtı Minsk şəhərində qazandı. O, 52 kq. çəki dərəcəsində Avropa Çempionatında üçüncü yeri tutdu və bürünc medal qazandı.
Elvin Məmişzadə üçün 2015-ci il daha uğurlu il oldu. Elvin Məmişzadə birinci uğurunu I Avropa Oyunlarında qazandı. O, İrlandiyalı Miles Kaseyi, Bolqarıstanlı Daniel Asenovu və Almaniyalı Həmzə Toubanı məğlub edərək finala vəsiqə qazandı. Finalda Elvin Məmişzadə İtaliyalı güclü boksçu Vinçenzo Pikardini məğlub etdi və I Avropa Oyunlarının çempionu oldu. Onun şərəfinə Bakı Kristal Zalında Azərbaycan bayrağı qaldırıldı və himni səsləndirildi.
I Avropa Oyunlarından sonra Elvin Məmişzadə növbəti uğurunu Dünya Çempionatında qazandı. O, Qətərin paytaxtı Doha şəhərində baş tutan Dünya Çempionatında ardıcıl olaraq Almaniyalı Həmzə Toubanı, Böyük Britaniyalı Məhəmməd Əlini və Əlcəzairli Məhəmməd Flissini məğlub edərək finala vəsiqə qazandı. Elvin Məmişzadənin finalda rəqibi güclü Kuba idmançısı Yosbai Veitia idi. Təcrübəli rəqibi ilə görüşdən Elvin Məmişzadə qələbə ilə ayrıldı və karyerasının ən böyük uğurunu qazandı.
Rio-de-Janeyro Olimpiadası
Elvin Məmişzadə Rio-de-Janeyro Olimpiadasına lisenziyanı 2015-ci ildə Dünya Çempionatında qazandı.
İstinadlar
- I Avropa Oyunları qaliblərinin və Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.
- "Azərbaycanlı boksçu Elvin Məmişzadə dünya çempionu adını qazandı". www.azertag.az. İstifadə tarixi: 15 oktyabr 2015.
Xarici keçidlər
- Elvin Məmişzadənin AIBA profili