Yusif Ziya Talıbzadə
Yusif Ziya Talıbzadə (d.1877 - ö.18 may, 1923) — azərbaycanlı pedaqoq, siyasətçi, hərbçi (general-mayor).
Yusif Ziya Talıbzadə | |||||||
---|---|---|---|---|---|---|---|
Yusif Axund Mustafa oğlu Talibzadə | |||||||
| |||||||
Sələfi | vəzifə təsis edilib | ||||||
| |||||||
Sələfi | vəzifə təsis edilib | ||||||
Xələfi | vəzifə ləğv edilib | ||||||
Şəxsi məlumatlar | |||||||
Partiya | Müsavat Partiyası | ||||||
Təhsili | Bağdad Mirzə Cəfər Mədrəsəsi(1894-1898) | ||||||
Doğum tarixi | |||||||
Doğum yeri | Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Qafqaz canişinliyi, Rusiya İmperiyası | ||||||
Vəfat tarixi | (45 yaşında) | ||||||
Vəfat yeri | Xarəzm, Türküstan MSSR, SSRİ | ||||||
Atası | Axund Mustafa Talıbzadə |
Həyatı
Yusif Ziya Talıbzadə (Yusif Ziya) 1877-ci ildə Tiflisdə anadan olmuşdur. Təhsilini Zaqafqaziya ruhani idarəsinin nəzdindəki "Əli təlimi" üzrə şiə məktəbində (Rüşdiyyə məktəbində) almış, türk, ərəb, fars, rus dillərini öyrənmişdir. 1894-cü ildə ailəsi ilə birlikdə Xorasana (Məşhədə) köçmüş, orada ali dini təhsil almış, məşhur Mirzə Cəfər mədrəsəsini bitirmişdir. Dini təhsilini Bağdadda tamamladıqdan sonra 1899-cu ildə Bakıya gəlmiş, Nəriman Nərimanovla, Hacı Zeynalabdin Tağıyevlə yaxınlaşmış və fəaliyyətə başlamışdır.
1900-cü ildə Bakıda, "rus-tatar" məktəbinə şəriət müəlimi təyin olunduqdan sonra Azərbaycan dilinin qrammatikasına aid "Təhsili-qəvaid" (1901) adlı o zaman üçün qiymətli bir kitab çap etdirir, həmin dövrdə N.Nərimanovun "Nadir şah"ını fars dilinə çevirir. Əsrin əvvəllərində milli mətbuatın "Həyat", "İrşad", "Füyuzat", "Tərəqqi", "Yeni Füyuzat", "Şəlalə" kimi orqanlarında "Axund Yusif Talıbzadə" imzası ilə məqalələri çap olunur. İslam dini məsələlərinə dair 10-dan artıq kitabçası da bu dövrdə çapdan çıxmışdır. Yusif Ziya bədii ədəbiyyatla da maraqlanmışdır, milli ruhda şerlər yazmış, "Ərmənusə" və "Əmir Xalid" faciələri 10-cu illərdə səhnəyə qoyulmuşdur. 1907-ci ildə Quranın Azərbaycan türkcəsində nəşr edilmiş üç cildlik nüsxəsini (təfsirlə birlikdə) Türkiyə soltanı II Əbdülhəmidə hədiyyə aparmağı Hacı Zeynalabdin Tağıyev Yusif Ziyaya etibar etmişdir. 1910-cu ildə o, Türkiyəyə getmiş və bu münasibətlə "Türkiyə məktubları"nı çap etdirmişdir.
1911-ci ildə Müsavat partiyasının yaranmasında fəal iştirak edən ilk üzvlərdən olmuşdur. 1912-ci ildə Türkiyəyə köçərək hərbi təhsil almış, Balkan müharibəsində, Birinci dünya müharibəsində, Kars-Ərdəhan cəbhəsində türk ordusu sıralarında ruslara, ermənilərə qarşı qəhrəmanlıqla vuruşmuş, 1918-ci ildə türk ordusunun tərkibində yenidən Bakıya qayıtmışdır. Demokratik Azərbaycan Cümhuriyyətinin siyasi həyatında qızğın fəaliyyət göstərmişdir. 1919-cu ildə Osmanlı dövləti nümayəndə heyətinin başçısı kimi Təbrizə getmiş, orada həmkarları ilə Cənubi azərbaycanlıların azadlıq mübarizəsini dəstəkləyən "İttihadi-islam" cəmiyyətini yaratmışdır.
Qızıl Ordunun Azərbaycanı istilasından sonra Azərbaycan-İran sərhəddində tutulsa da, Moskvanın razılığı, N.Nərimanovun zəmanəti ilə azad olunaraq Naxçıvana hərbi komissar təyin edilmişdir. Lakin erməni daşnaklarının Naxçıvan torpaqlarına qarşı iddialarına tərəfdar münasibət bəsləyən Sovet hökumətinin siyasətinə etiraz əlaməti olaraq ailəsi ilə bərabər Bakıya qayıtmış, N.Nərimanovun köməkliyi ilə buraxılış vəsiqəsi alaraq Türküstana yola düşmüşdür. Türküstanda basmaçılar hərəkatına qoşularaq qırmızı rus ordusuna qarşı vuruşmalarda iştirak etmiş, basmaçılar hərəkatının başcısı Ənvər paşanın müavini olmuşdur.
Y.Z.Talıbzadə 1923-cü il may ayının 18-də Qızıl Ordu ilə döyüşlərin birində ağır yaralanmış, Amu-Dərya çayını üzüb keçərkən boğularaq həlak olmuşdur.
Fəaliyyəti
Axund Yusifin erməni millətçiləri və daşnaklarla mübarizəsi xüsusi qeyd edilməlidir. Bu mübarizə 1906-cı ildən başlanır ("Əmirxanyansa cavab" və s). Özünü həm də bədii yaradıcılıqda sınayan Yusif Ziya 1910-cu illərdə səhnəyə qoyulan iki faciəsini yazır: "Ərmənusə" və "Ömir Xalid ibn Vəlid". 1907-ci ildə H.Z.Tağıyevin tapşırığı ilə Quranın Azərbaycan türkcəsinə tərcüməsi və təfsirini (3 cilddə) İstanbula, Türkiyə sultanı Əbdül həmidə hədiyyə aparır.
1910-cu illərin əvvəllərində Yusif Ziya qızğın siyasi fəaliyyətə başlayır, tez-tez Türkiyəyə gedir, "Türkiyə məktubları"nı çap etdirir, müxtəlif ictimai-mədəni və xeyriyyə cəmiyyətlərinin üzvlüyünə və rəhbərliyinə seçilir. Məmmədəli Rəsulzadənin (Məmmədəmin Rəsulzadənin qardaşıdır) məlumatına görə, 1911-ci ildə Müsavat partiyasının üzvlüyünə yazılan ilk beş nəfərdən biri Axund Yusif olmuşdur (qalan dörd nəfər- Vəli Mikayıl oğlu, Seyid Hüseyn Sadiq, Əbdürrəhimbəy Haqverdiyev, Seyid Musəvi). Bu barədə məqalə müəllifi yazır: "Yusif Ziya (Axund Yusif)- Türkmənistanda basmaçılarla birlikdə bolşeviklərə qarşı vuruşaraq şəhid oldu".
1910-cu illərdən sonra Axund Yusifin həyatının Türkiyə dövrü başlayır. 1912-ci ildə o, arvadı Cənnət xanım və oğlu Tələt ilə Türkiyəyə köçür, orada hərbi təhsil alır, birinci dünya hərbində Qars-Ərdəhan türk ordusu sıralarında ruslara, ermənilərə qarşı döyüşlərdə qəhrəmanlıqlar göstərir. 1918-ci ildə türk ordusu ilə bərabər Bakıya qayıdır Demokratik Cümhuriyyət dövründə "Müsavat" partiyasının orqanı "Azərbaycan"da, dövrün başqa mətbu orqanlarında fəal iştirak edir, siyasətə, maarif və mədəniyyət mövzularına dair məqalələr nəşr etdirir. Bəzi siyasi məsələlərin həlli üçün yenidən Türkiyəyə qayıdır.
Qızıl Ordu Azərbaycanı istila etdikdən sonra İran sərhədindən Azərbaycana keçərkən həbs olunur. Onu öz xahişi və təkidi ilə o zaman Azərbaycan Nazirlər Şurasının sədri vəzifəsini icra edən Nəriman Nərimanovun yanına gətirirlər. Qısa söhbətdən sonra və Moskva ilə razılaşdırıldıqdan sonra Yusif Ziya azad edilir, çox çəkmir ki, Nəriman Nərimanovun vasitəçiliyi ilə Naxçıvana hərbi komissar təyin edilir. 1921-ci ilin əvvəllərində- fevral-mart aylarında ailəsi ilə birlikdə Naxçıvana köçən Yusif Ziya Naxçıvan İnqilab Komitəsinin üzvü olur, 1922-ci ilin axırlarına qədər general rütbəsində hərbi komissar vəzifəsində çalışır. Vəfat etmiş Sokolovskini əvəz edən yeni hərbi komissar Naxçıvan torpağına göz dikən daşnak silahlı dəs-tələrinə qarşı mübarizə aparır. Əlimizdə Yusif Ziyanın həmin dövr fəaliyyətini işıqlandıran xeyli material var. Bunların bir hissəsi "Azərbaycan arxivi" jurnalında nəşr olunmuşdur.
Naxçıvan torpağına iddia ilə yanaşan, tez-tez sərhədləri pozan erməni millətçilərinə, daşnak hərbi hissələrinə sovet rəhbərliyinin liberal siyasəti ilə razılaşmayan Yusif Ziya 1922-ci ilin axırlarında Bakıya qayıdır, Nəriman Nərimanovla görüşür, Sovetlərə qulluq etmək istəmədiyini, bu quruluşla uyğunlaşa bilmədiyini söyləyir. N.Nərimanov Sovet İttifaqı sərhədlərini tərk etmək üçün ona rəsmi sənəd verir. Elə bu vaxtlarda biz Yusif Ziyanın Türkmənistanda, Orta Asiyada və s. yerlərdə basmaçılara qoşularaq qırmızı rus ordusu ilə vuruşlarda iştirak etdiyini görürük. Basmaçılarla bir sırada Yusif Ziya ilə bərabər istilaçı rus ordusuna qarşı döyüşən və sonralar görkəmli alim kimi məşhurlaşan professor Zəki Vəlidi Toğan tərəfindən yazılmış xatirə bu baxımdan çox əhəmiyyətlidir. Xatirələr Orta Asiya türklərinin azadlıq mübarizəsinin tarixi faktlara əsaslanan geniş mənzərəsini yaradır. Yusif Talıbzadə 1923-cü ildə vəfat etmişdir.
Diplomatik fəaliyyəti
1920-ci ildə Azəraycanda sovet hakimiyyətinin qurulmasından sonra həbs edilən Ziya Yusif Nəriman Nərimanovun zəmanəti ilə həbsdən azad edilmiş, onun böyük təcrübəsi və hərbi bacarığı nəzərə alınaraq Naxçıvana hərbi komissar təyin edilmişdir. Məlum olduğu kimi 1921-ci il yanvarın 21-də dövlət hakimiyyətinin ali orqanı Naxçıvan Diyar İnqilab Komitəsi yaradılmışdı.1921-ci ilin fevral ayından Naxçıvan inqilab Komitəsinin üzvü kimi fəliyyətə başlayan Ziya Yusif general rütbəsində hərbi komissar kimi bu əzəli Azərbaycan torpağının daşnak Ermənistanından müdafiə edilməsində xüsusi şücaət göstərmişdir.
1921-ci ilin oktyabr ayında isə Naxçıvan SSR Xalq Komissarları Sovetinin tərkibində ərzaq, torpaq, maliyyə, səhiyyə, maarif, daxili işlər, hərbi işlər, fəhlə-kəndli müfəttişliyi xalq komissarlıqlarından başqa xalq xarici işlər, rabitə, əmək, daxili ticarət, sosial təminat, ədliyyə, xarici ticarət, fövqəladə komissiya, xalq təsərrüfatı şurası və hərbi tribunal komissarlıqları da yaradılır. Bu dövrdə Ziya Yusif Talıbzadənin adı həm də qısa müddət ərzində xarici işlər komissarı kimi çəkilir. Bu barədə H.Həsənov “Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti” adlı kitabında yazır “1920-ci ildə o, N.Nərimanovun xahişi ilə Azərbaycana gələrək Naxçıvanın xalq xarici işlər komissarı təyin olunmuşdur. Onun türk paşaları ilə yaxşı əlaqələri Naxçıvanın təhlükəsizliyini möhkəmlətməyə xidmət etmişdir. Bir müddət sonra Ziya Yusif Talıbzadə Naxçıvandan Türküstana köçərək Ənvər Paşa ilə birlikdə basmaçılar hərəkatına qoşulmuşdur.”
Görünür, xarici işlər komissarlığı yaradılan zaman yaranmış gərgin vəziyyətdə Ziya Yusifin ərəb, türk, fars və rus dillərini yaxşı bilməsi, həm Qacarlar dövlətində, həm də Türkiyədə yaxşı əlaqələrə sahib olması onun bu vəzifəni icra etməsi üçün müəyyənedici amil olmuşdur.
Lakin Naxçıvanı erməni millətçiləri və daşnaklar qarşısında ləyaqətlə müdafiə edən Yusif Ziya bolşeviklərin onlara qarşı liberal siyasəti ilə razılaşmamış 1922-ci ilin axırlarında Bakıya gələrək Nəriman Nərimanovdan Sovet İttifaqının sərhədlərini tərk etmək icazəsi istəmiş və bu barədə rəsmi sənəd almışdır.
Əsərləri
- "Müəllimüş-şəriə" (1903, 1908, 1909),
- "Təəlümüş-şəriə" (1904),
- "İslam tarixi" (1907),
- "Həqiqəti-islam".
- "Hədiyeyi-nisvan" (1903) 119 s
İstinadlar
- Гаджиев И., Кальбизаде Э. Из истории дипломатии. Saarbrücken:Lambert Academic Publishing, 2017, 64 c.
- Kəlbizadə E., Hacıyev İ. Naxçıvanlı diplomatlar. Naxçıvan:Əcəmi, 2017, 128 s.[ölü keçid]
Həmçinin bax
- Şair Abdulla Şaiqin böyük qardaşıdır.