Rafiq Teymurov
Rafiq Ağacan oğlu Teymurov — Azərbaycan alimi, «Optimal idarəetmə» şöbəsinin aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru.
Rafiq Teymurov | |
---|---|
Rafiq Ağacan oğlu Teymurov | |
Doğum tarixi | |
Doğum yeri | Qılqılov, Lerik rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (53 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Fəaliyyəti | alim |
Həyatı
Rafiq Teymurov 1963-cü il fevralın 3-də Azərbaycan SSR Lerik rayonunun Qılqılov kəndində anadan olmuşdur.
1980-ci ildə Sumqayıt şəhər riyaziyyat təmayüllü 12 saylı orta məktəbi, 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsini bitirmişdir.
1985-1994-cü illərdə Sumqayıt şəhərində yerləşən «Neftqazavtomat» Elmi İstehsalat Birliyində mühəndis, elmi işçi işləmişdir. Burada işlədiyi müddətdə texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemlərində optimallaşdırma məsələlərinin həlli, Rusiya Federasiyasının Novıy Urenqoy şəhərindəki «Urenqoyqazhasil», «Yamburqqazhasil» İstehsalat Birliklərində tехnоloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemləri üçün riyazi-proqram təminatının yaradılması və istehsalata tətbiqi sahəsində aparıcı mütəxəssis kimi fəal iştirak etmişdir.
1994-2002-cı illərdə Rusiya Federasiyasının Yamburq şəhərində yerləşən «Yamburqqazhasil» İstehsalat Birliyində aparıcı mühəndis-riyaziyyatçı vəzifəsində fəaliyyət göstərmişdir.
2002- 2015-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialında dosent vəzifəsində çalışmışdır.
2013-cü ildə «İstilikkeçirmə tənliyi üçün mənbələrin hərəkətinin optimal idarə edilməsi» mövzusunda dissertasiya işini müdafiə etmişdir.
2013-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun «Diferensial tənliklər» şöbəsində böyük elmi işçi, 2016-cı ildən isə «Optimal idarəetmə» şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır.
O, müxtəlif illərdə Bakı, Moskva, Kiyev, Sevastopol, Krım, Samara, İssık-Kul, Maxaçkala şəhərlərində riyaziyyatin aktual problemləri üzrə keçirilmiş Beynəlxalq konfranslarda və simpoziumlarda məruzələrlə çıxış etmişdir, 50-dən çox elmi əsərin müəllifidir. Son illərdə 5 məqaləsi «Thomson Reuters» agentliyinin siyahısında olan jurnallarda çap edilmişdir.
2014-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondu tərəfindən keçirilmiş elmi-tədqiqat layihələri üzrə müsabiqəsində «Neft hasilatında laydaxili yanma proseslərinin optimal idarə edilməsi məsələsinin kompleks tədqiqi» mövzusunda qrant layihəsinin qalibi olmuşdur.
2013-cü ildə Rusiya Təbiətşünaslıq Akademiyasının üzvü olaraq, əldə etdiyi elmi nailiyyətlərə görə akademiyanın təsis etdiyi V.Leybnis, İ.Nyuton, M.V.Lomonosov, Sokrat medalları ilə təltif edilmiş və «Заслуженный работник науки и образования», «Заслуженный деятель науки и техники» fəxri adlarına layiq görülmüşdür. 2015-ci ildə fizika-riyaziyyat elmləri üzrə bu akademiyanın professoru və müxbir üzvü seçilmişdir (http://www.famous-scientists.ru/13890/).
Evlidir, dörd övlad atasıdır.
Əsas elmi nəticələri
Məlumdur ki, ilk dəfə paylanmış parametrli sistemlər üçün hərəkət edən mənbələrin optimal idarə edilməsi məsələləri nəzəri olaraq olaraq А.Q.Butkovski, L.M.Pustılnikov, V.A.Kubışkin və J.L.Lions kimi riyaziyyatçıların işlərində baxılmışdır. Hərəkət edən mənbələrin optimal idarə edilməsi məsələlərinin əsas xüsusiyyətlərindən biri mənbənin hərəkət qanununu müəyyən edən idarəediciyə görə qeyri-xətti olmasıdır. Burada momentlər problemi qeyri-xətti şəkil alır. Bu səbəbdən paylanmış və toplanmış parametrli xətti sistemlərdə optimal idarəedicilərin tapılması üçün geniş istifadə olunan momentlər metodu hərəkət edən mənbələrin idarə edilməsi sistemləri üçün yararsız olur. Yuxarıda adları çəkilən alimlərin işlərində tətbiq olunan momenlər üsulu ilə idarəedicinin birini məlum hesab edilərək digər idarəedici tapılır. Lakin Rafiq Teymurovun belə məsələlərin həlli üçün tətbiq etdiyı variasiya üsulu ilə hər iki idarəedicini eyni zamanda analitik şəkildə tapmaq mümkündür.
Bundan başqa yuxarıda adları çəkilən alimlərin işlərində baxılan praktik misallarda yalnız paylanmış parametrli sistemlər araşdırılmışdır. Lakin çoxlu sayda dinamik sistemlərdə elə köməkçi elementlərin nəzərə alınması lazım gəlir ki, onlarsız prosesi idarə etmək mümkün deyildir. Bu elementlər adətən toplanmış parametrlərə malikdir. Belə məsələlərinin həlli digər məsələlərə nəzərən çox mürəkkəbdir və bu məsələlər indiyə kimi az öyrənilmişdir. Rafiq Teymurovun belə məsələlərin həlli üçün tətbiq etdiyi variasiya metodu idarəedici funksiyaları, yəni hərəkət edən mənbənin hərəkət qanununu və onun intensivliyini eyni zamanda tapmağa imkan verir. O, hərəkət edən mənbələrin optimal idarə edilməsi məsələlərinin həllinin korrektliyini tədqiq etmiş, baxılan optimal idarəetmə məsələlərinin həllinin varlığı və yeganəliyi haqqında teoremlər isbat etmiş, məqsəd funksionalının Freşe mənada diferensiallanması üçun kafi şərtlər müəyyən etmiş və onun qradiyenti üçün düsturlar almış, optimallıq üçün nöqtəvi və maksimum prinsipi şəklində zəruri şərtlər isbat etmiş, məsələnin ədədi həlli üçün alqoritmlər qurmuş və alınmış nəticələri bir sıra istehsal proseslərinə tətbiq etmişdir.
Rafiq Teymurov paylanmış və toplanmış parametrli idarəetmə sistemlərində hərəkət edən mənbələrin optimal idarə edilməsi məsələlərinin həlli və istehsal proseslərinə tətbiqi sahəsində mütəxəssisdir. Onun aldığı elmi nəticələr Rusiya Elmlər Akademiyası V.A.Trapeznikov adına İdarəetmə Problemləri İnstitutunun şöbə müdirləri - f.r.-e.d., professor V.İ.Qurman, f.r.-e.d., professor A.Q.Kuşner , Rusiya Elmlər Akademiyası Tətbiqi Mexanika İnstitutunun şöbə müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, f.r.-e.d., professor N.N.Bolotnik, Kiyev Dövlət Universitetinin «Hesablama riyaziyyatı» kafedrasının müdiri, Ukrayna Elmlər Akademiyasının müxbir üzvü, , f.r.-e.d., professor S.İ.Lyaşko, «Tətbiqi riyaziyyat və kibernetika» fakültəsinin dekanı, f.r.-e.d., professor A.D.Anisimov, Xarkov Dövlət Universitetinin «Riyazi modelləşdirmə və proqramlaşdırma» kafedrasının müdiri, f.r.-e.d., professor A.Q.Rutkas yüksək dəyərləndirmiş və elmi məqalələrinə müsbət rəylər vermişlər.
Pedaqoji fəaliyyəti
2002- 2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının «Riyaziyyat-informatika» kafedrasında dosent vəzifəsində çalışmışdır. O, «Riyazi analiz», «Diferensial tənliklər», «Xüsusi törəməli diferensial tənliklər», «Ümumiləşmiş funksiyalar», «Riyaziyyatın tədrisi metodikası», «Hesablama riyaziyyatı» fənnlərindən mühazirə və məşğələlər aparmışdır. O, həmçinin institutun «Yenidənhazırlanma və ixtisasartırma» kurslarında «Riyaziyyat və onun tədrisi metodikası» və «İnformatika və onun tədrisi metodikası» fənnlərini tədris etmişdir.
O, 2011-2012-ci illərdə Qərb Universitetinin «Riyaziyyat-informatika» kafedrasında dosent vəzifəsində işləmişdir. 2012-ci ildən isə Bakı Biznes Universitetinin «Riyaziyyat və texniki fənlər» kafedrasında 0.5 ştat dosent kimi «Ali riyaziyyat» və «İKT» fənnlərini tədris etmişdir.
Vəfatı
Daha əvvəl bir dəfə infarkt keçirən Rafiq müəllim Azərbaycan Universitetində dərs deyən zaman qəflətən yıxılıb. Təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
İstinadlar
- Teymurov Rafiq Ağacan oğlu[ölü keçid] — [1]saytı
- ↑ Bakıda universitet müəllimi auditoriyada öldü. olke.az, 05.10.2016 (azərb.)
Xarici keçidlər
- Teymurov Rafiq Ağacan oğlu: Son beş ildə çap olunmuş əsas elmi işlərinin siyahısı