Bayram Məmmədov (polkovnik-leytenant)
Məmmədov Bayram Heydər oğlu (21 mart 1956, Canbar, Zəngilan rayonu) - hərbi hissə komandiri, Azərbaycan Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dil və Tərəfdaşlıq Mərkəzinin Roman-German dilləri bölməsinin baş müəllimi.
Bayram Məmmədov | |
---|---|
Məmmədov Bayram Heydər oğlu | |
Doğum tarixi | 21 mart 1956 (65 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
İxtisası | hərbçi-tərcüməçi |
Təhsili | Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu, ABŞ Müdafiə Nazirliyinin Hərbi Dil İnstitutu |
Mükafatları | "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, |
Həyatı
Məmmədov Bayram Heydər oğlu 21 mart 1956-cı ildə Zəngilan rayonunun Canbar kəndində anadan olmuşdur. 1978-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsinin ingilis-azərbaycan dilləri şöbəsini, 1991-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu və 2009-cu ildə ABŞ Müdafiə Nazirliyinin Hərbi Dil İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
Hal-hazırda Azərbaycan Respublikası Milli Məclisində işləyir. Azərbaycan Respublikası Hapkido Federasiyasının vitse-prezidentidir və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Mütəmadi olaraq Respublikanın aparıcı kütləvi informasiya orqanlarında siyasi, hərbi, elmi və publisist yazıları ilə çıxış edir.
Ailəlidir, 3 övladı var.
Əmək fəaliyyəti
1978 – 1980-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 1980-cı ildən 1991-ci ilədək Zəngilan rayon komsomol komitəsində idman və kütləvi-müdafiə işləri şöbəsinin müdiri, Azərbaycan Kommunist Partiyası Zəngilan rayon komitəsində siyasi maarif kabinetinin müdiri və Zəngilan rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Sədrinin müavini vəzifəsində işləmişdir.
Hərbi xidmətdə
10 noyabr 1991-ci ildən Müdafiə Nazirinin əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılmış və Zəngilan rayon ərazi özünümüdafiə taburunun - 806 saylı hərbi hissənin komandiri təyin olunmuşdur.
1991-ci ildən 2006-cı ilədək hərbi hissə komandiri, hərbi hissə komandirinin müavini, alay komandirinin arxa cəbhə üzrə müavini, hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini, Silahlı Qüvvələrin Arxa Cəbhəsinin Kadrlar Bölməsinin baş zabiti, Beynəlxalq Hərbi Əməkdaşlıq idarəsinin Hərbi attaşelər və hərbi nümayəndəliklərlə işlər şöbəsinin baş zabiti, və NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının həyata keçirilməsi bölməsinin rəisi vəzifələrində qulluq etmişdir. 06 iyun 2006-cı il tarixdən etibarən Silahlı Qüvvələrdən ehtiyata tərxis olunmuşdur. Ehtiyatda olan polkovnik-leytenantdır.
2006-cı ilin iyul ayından 2020-ci ilin noyabr ayınadək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzinin Xarici Dillər kafedrasının baş müəllimi, 2006-cı ilin noyabr ayından 2020-ci ilin iyul ayınadək Azərbaycan Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici dillər kafedrası rəisinin müavini-baş müəllim, Azərbaycan Silahlı Qüvvələrin Hərbi Akademiyasının Milli Təhlükəsizlik və Humanitar elmlər kafedrasının Xarici Dillər Silsiləsinin rəisi-dosent və Azərbaycan Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dil və Tərəfdaşlıq Mərkəzinin Roman-German dilləri bölmısinin baş müəllimi vəzifələrində işləyib.
Azərbaycan Silahlı Qüvvələri quruculuğunda və beynəlxalq hərbi əməkdaşlıq sahəsində fəal iştirak etmiş və xüsüsi xidmətləri var. Azərbaycanda keçirilən yüzdən artıq müxtəlif beynəlxalq tədbirlərin hazırlanıb keçirilməsinə birbaşa cavabdeh olmuşdur. ABŞ, Almaniya, Avstriya, Belçika, Böyük Britaniya və Şimali İrlandiya, Bolqarıstan, Qazaxıstan, İspaniya, İsveç, İsveçrə, İtaliya, Litva, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Türkiyə, Ukrayna, İndoneziya, Macarıstan və s. ölkələrdə keçirilən təlim, seminar, kurs, konfrans, iclas və digər müxtəlif görüşlərdə Azərbaycan Silahlı Qüvvələrini layiqincə təmsil etmişdir.
Mükafatları
Silahlı Qüvvələrdə xidmət etdiyi müddətdə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 85 illiyi" döş nişanı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, Azərbaycan Respublikası Müdafiə Naziri və Müdafiə Naziri müavininin fəxri fərmanları ilə təltif olunmuş və qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır. Eyni zamanda, SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Sərhəd Qoşunlarının birinci dərəcəli medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 24 iyun tarixli 1291 nömrəli Sərəncamı ilə "Əməkdar Müəllim" fəxri adına layiq görülmüşdür.
İstinadlar
- ↑ Vətənə xidmət amalı ilə yaşanan ömür
- ↑ Zəhmətlə qazanılan ucalıq[ölü keçid]
- Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı