Vüqar İskəndərov
Vüqar Yapon oğlu İskəndərov (30 dekabr 1972, Şəki) — azərbaycanlı siyasətçi, Azərbaycan Milli Məclisinin VI çağırış deputatı .
Vüqar İskəndərov | |
---|---|
Vüqar Yapon oğlu İskəndərov | |
Şəxsi məlumatlar | |
Partiya | |
Doğum tarixi | 30 dekabr 1972 (48 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Elmi fəaliyyəti | |
Tanınır | Avropa çempionu |
Həyatı
Vüqar Yapon oğlu İskəndərov 30 dekabr 1972-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1979-cu ildə Şəki şəhər 17 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin X sinfini bitirmişdir. 1991-1992-ci illərdə hərbi xidmətdə olmuşdur. Ailəlidir. 2 övladı var.
Təhsili
Vüqar İskəndərov 1996-cı ildə Gürcüstan Respublikası Elm-Tədris İnstitutunun hüquq fakültəsinə daxil olmuş, 2001-ci ildə həmin institutu hüquqşünas ixtisası üzrə bitirmişdir. 2008-ci ildə ABŞ-da dövlət idarəetməsi üzrə xüsusi təhsil almışdır. 2012-ci ildə isə Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş, 2014-cü ildə həmin universiteti iqtisadçı ixtisası üzrə bitirmişdir.
Fəaliyyəti
Vüqar İskəndərov 1990-cı ildən taekvando şərq döyüş növü ilə, 1992-ci ildən isə karate-do döyüş növü ilə məşğul olmuşdur. 1993-1995-ci illərdə karate-do üzrə məşqçi-müəllim çalışmış, 1995-ci ildə Azərbaycan karate-do Federasiyasının Assosiasiyasının şimal-qərb regionun sədri vəzifəsinə təyin edilmişdir. 1995-ci ilin 6 sentyabrından 1998-ci ilin 2 sentyabrına kimi “Müstəqil Nəqliyyat Birliyi”ndə texniki təhlükəsizlik üzrə baş mühəndis, 1998-ci ilin 6 sentyabrından 1999-cu ilin 22 aprelinə kimi Şəki 62 nömrəli “Təmir-tikinti” idarəsində iqtisadçı, 1999-cu ilin 1 aprelindən 2000-ci ilin 3 yanvarına kimi Şəki rayon Kooperativlər İttifaqında aparıcı hüquqşünas, 2001-ci ilin 7 fevralından 2005-ci ilin 26 dekabrına kimi Şəki MRX-nın hüquq məsləhətçisi vəzifələrində çalışmışdır. O, 2001-ci ildə isə Azərbaycan Taekvando Federasiyasının şimal-qərb regionunun sədri vəzifəsinə təyin olunmuşdur. O, “Liderlik” və “Vaxtın idarə olunması” proqramları üzrə təlimçi olmuşdur. Həmin ildən Azərbaycan karate-do üzrə yığma komandasının üzvü olmuşdur. Vüqar İskəndərov 2001-ci ildə respublika rayonları arasında ilk dəfə olaraq şərq döyüşü növləri üzrə xüsusi məktəb yaratmışdır. Dünyanın 40-a yaxın ölkəsində Azərbaycanı idman və digər sahələrdə təmsil etmişdir.
Vüqar İskəndərov 2005-ci il 29 dekabr tarixindən Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi təyin olunmuşdur. O, Yeni Azərbaycan Partiyasının Şəki Təşkilatı sədrinin müavini, Şəki şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın üzvü, 2010-2015 ci ildə Şəki Pedaqoji Kollecin Dövlət İmtahan Komissiyasının sədri olmuşdur. 2020-ci ildə VI çağırış Milli Məclisin deputatı seçilmişdir.
Siyasi fəaliyyət
Partiya mənsubiyyəti
Yeni Azərbaycan Partiyası, Təftiş Komissiyasının üzvü
Üzv olduğu komitə və komissiyalar
- Hüquq siyasəti və dövlət quruculuğu komitəsi
- Gənclər və idman komitəsi
Üzv olduğu Parlamentlərarası əlaqələr üzrə işçi qruplar:
- Azərbaycan-Argentina parlamentlərarası əlaqələr üzrə işçi qrupu - Rəhbər
- Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
- Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
- Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
- Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
- Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
- Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
- Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
- Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
- Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Təltif və medalları
- 1991-ci ildə Taekvando döyüş növü üzrə keçirilən respublika turnirində II-yerə layiq görülmüş, II-Dan qara kəmər ustasıdır.
- 1994-cü ildə isə Respublika çempionu olmuşdur.
- 1996-cı ildə Dünya kubokunda bürünc medal və qara kəmər ( beynəlxalq dərəcəli) I-Dana layiq görülmüşdür.
- 1998-ci ildə qara kəmər II-Dan və beynəlxalq dərəcəli hakimliyə layiq görülmüşdür.
- 2001-ci ildə qara kəmər II-Dana layiq görülmüşdür.
- 2003-cü ildə Şotokan karate-do üzrə Avropa çempionu olmuşdur.
- 31 yanvar 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
- 2019-cu ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif edilib.
Vüqar İskəndərov Azərbaycan Respublikasının əməkdar məşqçisidir. Fəaliyyətlərinə görə dəfələrlə Gənclər və İdman Nazirliyinin və Şəki şəhər İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif olunmuşdur. ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərinin fəxri vətəndaşıdır.
İstinadlar
- 113 saylı Şəki şəhər seçki dairəsi
- Vüqar İskəndərov