Məhəmməd ağa Şahtaxtinski
Məhəmməd ağa Məhəmmədtağı sultan oğlu Şahtaxtılı (1846, İrəvan – 12 dekabr 1931, Bakı) — publisist, professor.
Məhəmməd ağa Şahtaxtinski | |
---|---|
azərb. Məhəmməd ağa Məhəmmədtağı sultan oğlu Şahtaxtılı | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1846 |
Doğum yeri | |
Vəfat tarixi | 12 dekabr 1931 |
Vəfat yeri | |
Təhsili |
Həyatı
Məhəmməd ağa Məhəmmədtağı sultan oğlu 1846-cı ildə Şahtaxtıda anadan olub. 1860-cı ildə Naxçıvan şəhər qəza ibtidai məktəbini bitirərək 14 yaşında ikən Tiflis klassik gimnaziyasında təhsilini davam etdirib. O, 1871-ci ildə Almaniyanın Leypsiq universitetinin Tarix, Fəlsəfə və Hüquq fakültəsində ali təhsil alıb. 1873–1875-ci illərdə Parisdə yaşadıqdan sonra Tiflisə qayıdıb. 1879-cu ildə "Təkmilləşdirilmiş müsəlman əlifbası" layihəsini hazırlayıb nəşr etdirib.
M.Şahtaxtlı 1894-cü ildə Azərbaycan dilində nəşr etmək istədiyi qəzet və yaratmaq istədiyi mətbəənin avadanlıqlarını almaq üçün Naxçıvana gəlir və ata mülkünün bir hissəsini 18 min manata satır.
1899–1902-ci illlərdə Fransanın Sorbon Universitetində Ali Təcrübi Təhsil məktəbində təhsil alır. Bu dövrdə Tiflisə qayıdan görkəmli ictimai-siyasi xadim, publisist şəxsi mətbəəsini qurur, 1903–1905-ci illərdə orada "Şərqi-rus" qəzetini nəşr etdirir. 1906-cı ildə isə həmin mətbəəni Cəlil Məmmədquluzadəyə bağışlayır.
1907-ci ildə İrəvan quberniyasından Dövlət Dumasına millət vəkili seçilir.
1909–1912-ci illərdə Rusiya İmperiyasının Türkiyədəki səfirliyində tərcüməçi-jurnalist olan M.Şahtaxtlı sonrakı dövrdə Bakı Dövlət Universitetində şərqşünas kimi çalışır. Bu sahədəki fəaliyyətinə görə universitetin Elmi Şurası tərəfindən ona Professor elmi adı verilir. O, BDU-nun ilk azərbaycanlı professoru idi. M.Şahtaxtlı 12 dekabr 1931-ci ildə Bakı şəhərində vəfat edib.
Publisistikası
Məhəmməd Şahtaxtlı dövrünün tanınan ictimai xadimi, filosofu olmaqla yanaşı, istedadlı jurnalist kimi tanınırdı. Onun publisistik yaradıcılığı XIX əsrin sonu, XX əsrin əvvəllərində baş verən ictimai-siyasi prosesləri, zəmanənin bütün ağrılı məsələlərini özündə ehtiva edir. O, jurnalistlik fəaliyyətinə "Moskovskye vedomosti" qəzetində başlayıb. Ümumiyyətlə, Məhəmməd Şahtaxtlının dünyagörüşü şərq və qərb arasında yaşanan, mədəni texniki-inqilabi ziddiyyətlər fonunda formalaşmışdı. Onun formalaşdığı mühitdən bəhs edərkən islam dini ilə bağlı məsələləri də yaddan çıxarmaq olmaz, ən azından ona görə ki, Şahtaxtlı islam tarixini, fəlsəfəsini çox gözəl bilirdi. Azərbaycan sovet dönəminin mətbu araşdırıcıları M.Şahtaxtlının dünyagörüşündəki ziddiyyətli məqamları onun islam dininə bağlılığı ilə əlaqələndirirdilər.
M.Şahtaxtlı islamı tək dini inanc kimi deyil, sosial-psixoloji yaşantı və fəlsəfi dünyagörüş kimi dəyərləndirirdi.
M.Şahtaxtlının sosial məzmunlu əsərləri içərisində görkəmli İran maarifçisi, publisist və dövlət xadimi Mirzə Melkum xana (1833–1908) həsr olunmuş beş məqaləsini xüsusilə fərqləndirmək lazımdır. Bu silsilə yazılarda maraqlı taleyi olan, zəmanəsinin qabaqcıl adamlarından biri kimi tanınan, ziyalı və vətəndaş mövqeyi ilə seçilən, M.F.Axundovla uzun illər dostluq əlaqələri saxlayan diplomat Mirzə Melkum xanın müfəssəl tercümeyi-halı verilmişdi. Mirzə Melkum xan XIX əsrin sonları, XX əsrin əvvəllərində İran həyatının yeniləşməsi, avropalaşması uğrunda mübarizə aparan görkəmli maarifçi və dövlət xadimi idi. İran cəmiyyətinin həyatında mütərəqqi dəyişikliklərə nail olmaq Mirzə Melkum xanın ən böyük arzularından biri idi. İnkişaf etmiş ölkələrin köməyi olmadan bu cür inkişafa heç cürə nail olmağın mümkünsüzlüyünü o, öz əsərlərində yazır və İran gənclərinin kütləvi surətdə xarici ölkələrdə ali təhsil almağa göndərmək ideyasını irəli sürürdü. M.Şahtaxtlı Mirzə Melkum xanı "ziyalı fars" adlandıraraq, onun tərəqqi və mədəniyyət uğrunda mübarizəsinə dəstək verirdi.
M.Şahtaxtlı uzun müddət islamın təriqət, məzhəb ayrılığına qarşı çıxış edərək, ilkin islam ideyasının tərəfdarı olaraq qalmışdı. O, islamın saflığı, tərəqqisi uğrunda böyük bir hərəkatın başında dayanan Şeyx Cəmaləddin Əfqaniyə, onun dünyagörüşünə, fəaliyyətinə ayrıca bir məqalə həsr etmişdi. Azərbaycanlı publisist Şeyx Cəmaləddin Əfqaninin dünyagörüşünü, əqli qabiliyyətini, fəaliyyətini yüksək qiymətləndirir, onun fəlsəfə və tarix sahəsində hətta E.Renan kimi tanınmış Avropa alimlərini heyrətə gətirdiyini yazırdı. Renanın Əfqani haqqındakı fikirləri də Şahtaxtlının məqaləsində sitat kimi istifadə olunmuşdu:
Bu adamla (Cəmaləddin nəzərdə tutulur) söhbət edərkən mən düşündüm ki, əsərlərini uzun müddət böyük bir məhəbbətlə öyrəndiyim Fərabi, İbn Sina kimi filosoflar yenidən həyata qayıdıblar. Cəmaləddini görəndə mən müsəlman Şərqində fəlsəfi əqlin intibahına bir daha inanıram. |
Qeyd etmək lazımdır ki, həmin dövrdə Cəmaləddin Əfqaninin yaşadığı Əfqanıstan islamın öz ilkinliyini, "saflığını" qoruyub saxladığı, heç bir islahata uğramadığı azsaylı ölkələrdən idi. Əfqaninin islamı modernləşdirmək istəkləri, bu yöndəki fəaliyyəti M.Şahtaxtlı tərəfindən yüksək qiymətləndirilsə də, ancaq Azərbaycanlı publisist panislamizmi qəbul etmir, tənqid edirdi. M.Şahtaxtlının maarifçilik ideyaları içərisində xalqın mədəniyyətinin təməl daşı olan əlifba, təkmilləşdirilmiş milli yazı sistemi uğrundakı mübarizəsi xüsusi yer tutur. Düzdür, onun bu ideyası dövrün bəzi ziyalıları, xüsusən İsmayıl bəy Qaspralı, Ömər Faiq Nemanzadənin tənqidlərinə tuş gəlirdi. M.Şahtaxtlı Türkiyənin ictimai-siyasi həyatına daha yaxından bələd olduğu üçün bir neçə əsərini də bu ölkənin həyatına həsr etmişdir. Onun 1901-ci ildə Fransada çap etdirdiyi "Türkiyəni necə xilas etməli" fəlsəfi traktatı yalnız öz dövrü üçün deyil, bu gün və sabah üçün də dəyər kəsb edir. Osmanlı imperatorluğunun tənəzzülü və yeni Türkiyənin yaradılması ideyası bu əsərin ana xəttidir. Müəllif Osmanlı İmperatorluğunun tənəzzül səbəbinin köklərini Sultan Süleymanın məmləkətin müxtəlif yerləri ndə yaşayan, öz əyalətini mülki və hərbi qüvvələrini tam əldə saxlayan bütün şahzadələri saraya yığmasında və beləliklə onların idarəçilik təcrübəsinin məhv edilməsində görür. Gələcək hökmdar, şahzadə əyaləti tərk edir, sarayda yaşamaqla məmləkətin işlərindən xəbərsiz olur və tamamilə idarəçilikdən uzaqlaşır. Müəllif böyük təəssüf hissiylə yazırdı:
Budur, üç əsrdir ki, heç bir sultan, heç bir imperiya şahzadəsi dəniz limanlarına, hətta Türkiyənin ən əhəmiyyətli limanlarına belə baş çəkməmişlər. Aydındır ki, donanmanın rəhbərliyindən, danışmağa belə dəyməz. Heç bir sultan nə ciddi bir milli, siyasi, dini, hərbi və ictimai qüvvəyə, nə də lazımi bilik və təcrübəyə malik deyildir. |
İmperatorluğun həmin dövr üçün ağır vəziyyəti yalnız bunlarla bitmir. Ən dəhşətlisi odur ki, hakimiyyət sahibi olan Sultan Əbdülhəmid məmləkətin bütün tarixi şəxsiyyətlərini, düşünən beyinlərini məhv edirdi. M.Şahtaxtlı bu fəlsəfi traktatda Türkiyəni xilas etməyin yolları və üsullarını da göstərir. Beləliklə o, Türkiyə modelini düşüncəsinə uyğun şəkildə qurur və yazırdı:
Əgər Türkiyə öz mövcudluğunu qoruyub-saxlamaq istəyirsə, o elə bir hökumət təşkil etməlidir ki, həmin hökumət nəinki namuslu olub milli marağın qayğısına qalmalıdır, həm də savadlı olmalı, ölkədə ictimai-siyasi inkişafı təmin etmək üçün böyük enerjiyə sahib olmalıdır. Bunlarsız milli istiqlaliyyəti qoruyub saxlamaq qeyri-mümkündür.Bu, Türkiyənin Avropalaşmasıdır. Müəllif həmin prinsipin qaçılmazlığını, labüdlüyünü şərh edərək yazırdı: "Həqiqətən, milli istiqlaliyyətin yükü bizim dövrümüzdə elə ağırlaşıb ki, onu Avropa mədəniyyətinin köməyi olmadan daşımaq mümkün deyil. |
M.Şahtaxtlı M.F.Axundovdan başlayan maarifçilik hərəkatının davamçısı olaraq milli düşüncə, yeni məktəb, yeni əlifba və mətbuatın yaradılmasında əzmlə çalışırdı. Şübhəsiz, M.Şahtaxtlı bütün bunları Zaqafqaziya müsəlmanlarının necə adlandırılmasından başlayırdı və milli düşüncəyə yeni əhval-ruhiyyə gətirirdi. O, bu xüsusda "Kaspi" qəzetinin 1891-ci il 93-cü sayında yazırdı: "Son vaxtlar Zaqafqaziya müsəlmanlarına onların dinlərinə görə yox, xalqlarına görə ad verməyə çalışaraq, Zaqafqaziya islam əhlini Qafqazda rus dilində tatar adlandırmağa başlamışlar. Amma bu yeniliyi heç cür uğurlu hesab etmək olmaz. Ona görə də Zaqafqaziya müsəlmanlarını azərbaycanlı, Zaqafqaziya türk dilini isə tatar dili əvəzinə Azərbaycan dili adlandırmaq məqsədəuyğun olardı". M.Şahtaxtlının "Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı?" məqaləsini azərbaycanşünaslığın ilk bünövrələrindən hesab etmək olar.
İstinadlar
- Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 279.
- . Zeynalzadə Ağarəfi. Azərbaycan mətbuatı və çar senzurası. (1850–1905). Bakı,."Elm", 2006.
- Talıbzadə Kamal. Ədəbi irs və varislər. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı. 1974.
- Hüseynov Şirməmməd. Mətbu irsimizdən səhifələr. Bakı. "Çənlibel", 2007.
- Məmməd Məmmədov. İdeal qardaşları. Bakı, "Azəməşr". 1967.
- Mirzəbala Məhəmmədzadə. Azərbaycan türk mətbuatı (Ərəb əlifbasından çevirmə, tərtib, ön soz, qeydlər və lüğət Alxan Bayramoğlunundur). Bakı Universiteti Nəşriyyatı, 2004.
Həmçinin bax
Xarici keçidlər
- Kəlbizadə E., Hacıyev İ. Naxçıvanlı diplomatlar. Naxçıvan:Əcəmi, 2017, 128 s.[ölü keçid]
- Yafəz Əkrəmoğlu. "«Yeni tarix»dən adı silinən şəxsiyyət - M. Şahtaxtinski" (az.). azadliq.org. 2011-04-11. İstifadə tarixi: 2014-10-20.