Yağləvənd oymağı
Yağləvənd oymağı — Cavanşir elinin saylı və sayılan oymaqlarından biri.
Yağləvənd adı ei və elmi yozumda
Yağləvənd adının elmi və xalq etimologiyası mövcuddur. Xalq etmologiyasını öndə verməyi gərəkli bildik.
1-ci variant
Deyilənlərə görə, Əmir Teymur qışlamağa həmişə Qarabağa gəlirmiş. Bir dəfə də düşərgəsini Cavanşir elinin bir obası ilə qonşu salır. Obanın ağsaqqaları, başbilənləri əmirin görüşünə gedirlər. Əmir Teymur gələnləri əbul edib, hal-əhval tutur, keflərini soruşur. Başbilənlərdən biri qayıdır ki, lap xan kefində yaşayırıq. Söz Teymuru tutur, deyir:
- -Əgər, sabah mənim qoşun əhlimi yedirib-içirtməsəniz obanızı başsız, odanızı daşsız qoyacağam, torpağınızı at torbası ilə daşıtdırıb yerinə sarımsaq əkdirəcəyəm. Di, gedin, hazırlıq görün!
Əmir Teymurla görüşməyə gələnlər kor-peşiman, yersiz danışan adamı da danlaya-danlaya geri qayıdırlar. Nələri vardı axı, Əmir Teymura da nə versinlər. Onun qoşunu da bir deyil, iki deyil. Bir ucu burada, o biri ucu hələ Xudafərin körpüsünü keçməyib. Qərəz, ağsaqqallar gənəşiyə toplanıb, bir məsləhətə gəlirlər. Məsləhət bu olur ki, qoşun əhli üçün plov bişirsinlər. Qazanlar asılır. Sabah günorta öynəsinə oturan qoşun əhlindən kim əlini uzadıb plovdan bir pəncə alırsa elə o dəqiqə də "doydum" deyir. Söz gedib Əmirə çatır. Əmir Teymur buyruq verir ki, plovdan bir bulud gətirsinlər. Plovu gətirirlər ortalağa. Əmir Teymur bir tikə ağzına qoyan kimi işi başa düşür. Plov teyxa yağ idi. Əlini-əlinə vurub gülür Teymur:
- -Yaxşı canınınzı qurtardınız, yağlı fənd işlətdiniz!
Elə həmin gündən də Cavanşir elinin bu obasının adı Yağlıfənd (Yağlıvənd) qalır.
2-ci variant
Cavanşir elinin bir obası Arazbar qəzasının Dəlmə yurdunda olurdu. Bu obadan bir nəfər xan qızına vurulur. Ədəb-ərkanla qıza elçi göndərir. Demə xan qızını qonşu kənddən də istəyən varmış. Xan gələn elçiləri hörmət-izzətlə qarşılayıb deyir:
- -Görürəm ki, hər ikiniz, mərd, varlı və ağıllı cavansınız. Siz iki, qızım bir. Nə edim, neyləyim?! Yaxşısı budur ki, hərənizə bir iş tapşırım, kim mənim şərtimi tez yerinə yetirsə qız onundur. Köçəri cavan yurdlarına arx çəksin, kəndli cavan da şenliklərində dəfn olunan ünlü seyidə kümbəz tiksin. Razısınızsa sabahdan sizə qırx gün möhlət verirəm. Qırxıncı günün başında şərti yerinə birinci yetirənlə qızımın toyu olacaq.
Cavanlar şenliklərinə dönüb işə başlayırlar. Köçəri cavan çaydan başlayıb arx qazır. Bir-iki külüng vurub baxır ki, torpaq daş-qayadan da sərtdir. Çətin qazılır. Belə getsə heç bir ilə də qazıb qurtara bilməyəcək. Ona görə də əlini başının altına qoyub yuxulayır. Kəndli cavan çəkic-malasını götürüb hörgüsünü hörür. Bir gün, beş gün, qərəz, ay tamam olur. Köçəri baxır ki, kəndli cavan artıq damdadır. Arx isə yarımçıqdır. Başlayır töklüm tökməyə. Ağlına gələn fikirdən gözü oynayır.
Vaxtın tamamına az qalırdı. Səhər tezdən işinin üstünə gələn kəndli oğlan sevincək dama çıxır ki, tikintisini qurtarsın. Əlini gözünə günlük qoyub köçəri oğlanın arxına tərəf baxır. Nə görsə yazşıdı? Arxla dumduru su axıb, günəşin şövqüylə bərq vururdu. Kəndli "uduzdum" deyib özünü kümbəzin damından atır. Yerə dəyib canını tapşırır.
El-oba əhli, xan tökülüb arxın tamaşasına gəlirlər. Baxırlar ki, arx nə gəzir. Çaydan şenliyəcən xam ipək çəkilib. Axşamdan düşən şeh günün işığıyla parıldayır. Xan köçəri cavanın işinə baxıb deyir:
- -İş görmədin, yağlı fənd işlədin! Qızım sənə halal olsun.O çağdan köçəri cavanın obasının adı Yağlıfənd (Yağlıvənd) qalır.
Yağləvənd adının elmi açımı savaş terminləri ilə bağlıdır. Adının birinci kampanenti olan "yağı" sözü əski Türk dilində "qiyamçı, asi, düşmən və çölçü" anlamlarında açıqlanır. İkinci kampanenti "ləvənd" isə "əsgər, azad, sərbəst, məğrur, cəsur, içkili" anlamlarında işlənir.
Ləvənd hərbi termin olub osmanlılarda dəniz piyadalarına, Azərbaycan dövlət qurumlarında isə savaşcıl tayfalardan toplanan qeyri-nizami hərbi dəstələrə, çeriklərə deyilirdi.
Yağləvənd oymaqları Cavanşir elinin tərkibində Qarabağ bəylərbəyliyinin döyüşçü hissələrinin özəyini təşkil edirdilər. Cəld və çevik manevr edən atlılardan ibarət olan yağləvəndlilər döyüşlərdə əvəzsiz idilər. Qəfil basqınlarda düşmən dəstələrini dağıdıb, ordugahları yağmalayırdılar. Yağləvənd qoşunun qazancı, maaş-məvaşı hərbi qənimət, kisib olduğundan qələbəyədək vuruşmalı olurdu. Yağləvənd atlıları döyüşə gedəndə quş üstünə şığıyan qırğıya, qızılquşa bənzəyirdilər. Bu kimi olaylarla bağlı el içində bir məsəl də dolaşmaqdadır. Yağləvəndlidən soruşublar:
- -Yağmaya gedərsənmi?
- -Alıcı quş kimi!-deyə cavab verib…
Yağləvənd obası Qarabağda "Oğru Yağləvənd" ayaması ilə tanınır. Oba əhli qaraoğruluqda ad çıxarıb. Keçən çağlarda, qaraoğruluğun igidlik olan dönəmində oba oğullarının oğru olması haqqında el içində xeyli əhvalat, gülməcə dolaşmaqdadır.
Əmir Teymur Qarabağa qışlamağa gəlir. Qış sərt keçdiyindən dana-davarının ot-əncəri qurtarır. Bir dəstə atlı götürüb qonşu oymağa gedir. Bələdçidən soruşur:
- -Bu düzün adı nədi?
- -Haramıdı, dövlətlim!
- -Bəs o obanın?
- -Yağıləvənddi, sultanım!
- -Paho, bunlar özləri haramı, yağıdılar, bizə heç nə verməzlər. Sürün, getdik o yana...
Bir söyləməyə görə, I Şah Abbas Qarabağa qonalqaya gəlir. Arazbarda iki qardaş tayfa, havsalılar və külədərlilər qışlayırmışlar. Şah elçilərini göndərir. Baxırlar ki, tayfalardan birinin camaatı yeyib-içir, digəri isə əliqılınclı gələnləri qovur. Elçilər qayıdıb şaha məlumat verirlər. Şah Abbas gülüb qayıdır:
- -Tayfalara bax e, biri yağı, biri ləvənd.
O dönəmdən oymağın adı Yağıləvənd qalır.
Yağləvənd camaatının igidliyi ilə bağlı Arazbarda bir məsəl dolaşır: "Geyimdə Zərgər, igidlikdə Yağləvənd".
Yağləvənd oymağı Səfəvilər dönəmində
Yağləvəndlilər Cavanşir elinin içində osmanlılara, Krım tatarlarına, özbəklərə qarşı vuruşmalarda iştirak etmişdilər. Səfəvi şahlarının, sərkərdələrinin Gürcüstan yürüşlərində seçilən tayfalardan biri də Yağləvənd idi.
Yağləvənd oymağı yüzlük kimi Cavanşir elindən düzəlmiş minliyə, bu minlik isə həm Qarabağ qoşununa, həm də Qacar qoşununa qoşulurdu.
XVIII əsrin əvvəllərində
Yağləvənd oymağı XVIII əsrdə Cavanşir elinin aparıcı və nəcib oymağı olub. Elin tərkibinə 6 müstəqil oymaqla qatılmışdı. Bu oymaqlardan dördü Yağləvənd, biri Gecəgözlü, biri isə Seyidəhmədli adlanırdı. Gecəgölü və Seyidəhmədli oymaqları sonradan Yağləvənddən ayrılsa da XVIII yüzildə bir icmada birləşirdilər.
XVIII əsrin önlərində Yağləvənd oymaqlarına Məhəmməd bəy Bərxudar bəy oğlu, Ocaqqulu ağa Lətif xan oğlu, Zeynal xan Səfi xan oğlu və Şərif ağa Yarəli ağa oğlu başçılıq edirdilər.
Yağləvənd oymağı sürgündə
1737-ci ildə Yağləvənd oymaqları Cavanşir elinin tərkibində Xorasan əyalətinin Sərəxs bölgəsinə sürgün edilmişdilər. Sürgündə olsalar da şahın hərbi hayına ilk cavab verənlər arasındaydılar. Avşar dövlətinin nizami ordusunun tərkibində bir çox yürüşlərdə iştirak etmişdilər.
Yağləvənd tayfası Nadir şah Qırxlı-Avşarın Hindistan səfərində seçilmişdi. Şah Əmir sultan Yağləvənd-Cavanşirə xan ünvanı verib Kəşmirə hakim təyin etmişdi. 1747-ci ildə Cavanşirlər Qarabağa dönəndə Əmir xanın başçılığı altında olan iki Yağləvənd oymağı Kəşmirdə qaldı.
1773-cü ildə Əfqanıstan şahı Teymur şah Dürrani Əmir xana tabe olmağı təklif etdi. Əmir xan rədd cavabı verdi. Teymur şah ən adlı sərkərdələrindən olan Hacı Kərimdad xan Köhəndil xan oğlu Popalzayı Əmir xanın üstünə göndərdi. Savaş başlandı. Əmir xan birinci döyüşdə əfqanları yendi. Ikinci vuruşda idarəsində olan bəlluclar və əfqanlar dönük çıxıb Teymur şahın tərəfinə keçdilər. Əmir xan məğlub oldu. 1776-cı ildə Teymur şah Kəşmirə Hacı Kərimdad xanı hakim təyin edib, yağləvəndliləri bir qismini Kabil şəhəri ətrafına, bir qismini isə Qəznə bölgəsindəki Qarabağa yerləşdirdi.
Yağləvənd oymağı xanlıq dönəmində
1747-ci ildə Aran Qarabağına qayıdan Yağləvənd oymaqlarının bir hissəsi kələntər Səfi xanın başçılığı altında əski yurdlarında, Arazbarda məskunlaşdılar.
Xanlıq quran Pənahəli xan Sarıcalı-Cavanşir və Otuziki ellərini dövlətinə şərik etmədi. Vəzifələri oymaqdaşları Sarıcalılara və qayınları Kəbirlilərə payladı. Xanın bu hərəkətindən inciyən Cavanşir və Otuziki elləri Xəmsə məlikləri ilə birləşib Şəki hakimi Hacı Çələbi xanı Qarabağa dəvət etdilər. Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği bu barədə yazır: "Sonra, palçıqları kin və həsəd suyu ilə yoğrulmuş olan Cavanşir və Otuziki əhalisinin ürəklərində ədavət alovu şölələndi və beyinlərinə kin havası hücum etdi. Onlar həmişə bu dövlətin yox olması uğrunda son dərəcədə səy və qeyrət edirdilər. Onlar Xəmsə məliklərini də özlərinə həmməslək və müttəfiq etmişdilər. O zaman bütün Şirvanatda əbədi ixtiyar sahibi və hökmran olan Hacı Çələbiyə ərizələr yazdılar. Ona bildirdilər ki, Pənah xan burda taxta çıxmış, qala və səngər tikdirmişdir. Əgər dəfində bir qədər təxir edilsə, sonra onun qarşısına durmaq mümkün olmayacaqdır."
Bu cür, odlu-alovlu naməni alan Hacı Çələbi 1748-ci ildə qarabağlıların köməyinə tələsdi. Bayat civarında baş verən savaşda şəkililər və birləşmiş Qarabağ qüvvələri məğlub oldular.
Qalib gəlmiş Pənahəli xan Cavanşir elini parçaladı. Yarısını Arazbarda, yarısını Tərtərdə yerləşdirdi. Arazbarı Cavanşir-Dizaq mahalı, Tərtər yörəsini isə Cavanşir mahalı adlandırdı. Yağləvənd oymağı Cavanşir-Dizaq mahalının tərkibinə qatıldı.
Pənahəli xan içi zadəgan və zəngin dolu Yağləvənd tayfasına etibar etmirdi. Əski çağlardan el böyükləri bu tayfadan çıxdığına görə tez-tez yağılığa qurşanıb, qiyam qaldırırdılar. Ona görə də Arazbar Cavanşirlərinə minbaşını və Dizaq-Cavanşir mahalına naibi Hacılı icmasından, Gecəgözlü oymağından təyin etdi.
Yağləvənd oymağı Qarabağ qoşununu tərkibində, Pənahəli xanın başçılığı altında bir çox savaşlarda iştirak etdi. Ətraf mahalların xanlığa birləşməsində xüsusi səy göstərdi. Oymağın gözdən düşmüş igidləri xanın nəzər-diqqətini çəkmək üçün qəhrəmanlıq etdilər.
1751-ci ildə Astrabad hakimi Məhəmmədhəsən xan Qovanlı-Qacar Gəncə hakimi Şahverdi xan Ziyadoğlu-Qacarın qisasını almaq üçün Qarabağa yürüş etdi. Xırdapara-Dizaq mahalında, Xatun arxının yaxasında düşərgə salan Məhəmmədhəsən xanın qoşunu gecə basqınına məruz qaldı. Yağləvənd oymağı Qacar ordusunu qorsuz-qidasız qoydu. Tarixçi Mirzə Adıgözəl bəy yazır: "Qarabağın igidləri onun qoşununa çox zərər yetirdilər. Azuqə gətirən adamlarını, qoşun əhlinin heyvan və mal-qarasını qarət edib apardılar".
1762-ci ildə Qarabağa yürüş edən Urmiya hakimi Fətəli xan Avşar Xaçın mahalı ərazisində düşərgə qurdu. Xandan gecə basqını buyruğunu alan Cavanşir eli içində Yağləvənd oymağı fərqləndi.
Pənahəli xanın vəfatından sonra Qarabağa ikinci oğlu Mehrəli bəy Sarıcalı-Cavanşir başçılıq etdi. Böyük qardaşı Ibrahimxəlil ağa Urmiyadan, girovluqdan dönəndən sonra xanlıq taxtı uğrunda mübarizəyə başladı. Yağləvənd oymağının da qatıldığı Arazbar cavanşirləri böyük qardaşın tərəfini tutdular. Ibrahimxəlil ağa qalib gəlib xanlıq taxtına əyləşdi.
Yağləvənd oymağı Ibrahimxəlil xanın başçılığı altında qonşu xanlara qarşı savaşlarda iştirak etdi. Qaradağ xanlığına edilən yürüşdə yağləvəndlilər savaşcıl olduqlarını bir daha sübut etdilər.
Oymağın başçısı Şirin kələntər Qarabağın genişlənməsində, müdəfiəsində önəmli rol oynamışdı.
Mənbə
- Ənvər Çingizoğlu, Cavanşir eli: Yağləvəndlilər, Bakı: Mütərcim, 2016.
Həmçinin bax
- Qarabağ xanlığı
- Cavanşir eli
- Havsallı tayfası