Aqlar silsiləsi — Culfa rayonu ərazisində cənub-şərq yamacı sıldırımlı alçaqdağlıq silsilə. Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin şimal istiqamətli Şahqaraş qolundan şərqə ayrılan eyniadlı şaxəsinin qurtaracağında tirə. Aydaş silsiləsinin şimal-qərb qurtaracağında yerləşərək Qaradərə çayının adsız sağ qolları arasında şimal-şərq istiqamətində uzanır. Ən yüksək zirvəsinin hündürlüyü 1224,0 m, ümumi uzunluğu 2,5 km-ə yaxındır. Alt Eosenin İpr mərtəbəsinə aid Arısu və Gilançay lay dəstələrinin, şimal-qərb yamacında isə həmçinin Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə və qismən vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikinci dərəcəli Aydaş maili sinklinalını eninə kəsir.