Dövlət Məşğulluq Agentliyi (Azərbaycan)
Dövlət Məşğulluq Agentliyi — Azərbaycan Respublikasında əhalinin məşğulluğu sahəsində dövlət siyasətini həyata keçirən dövlət qurumu.
Dövlət Məşğulluq Agentliyi | |
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi | |
Ölkə: | Azərbaycan |
Yaradılıb: | 1 avqust 1991 |
Tabeçilik: | Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Ünvan: | Bakı, AZ 1009, Salatın Əsgərova küç., 85, Azərbaycan, XIII-XIV mərtəbələr |
Ştatın sayı: | 56 (aparat) + 852 (rayon (şəhər) məşğulluq orqanları) (24.06.2016) |
Əvvəlki | Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti |
Rəhbərlik | |
Rəhbər: | Mustafa Abbasbəyli |
Sayt | |
https://www.dma.gov.az/ |
Azərbaycan vətəndaşlarının məşğulluğunun təminatı, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi işinin hüquqi tənzimlənməsi sahəsində milli qanunvericilik və normativ bazası sosial iqtisadi inkişaf üzrə Dövlət Proqramlarından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Azərbaycan Respublikasının Konstitusiyasından, "Məşğulluq haqqında", "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası Qanunundan və digər müvafiq normativ huquqi aktlardan ibarətdir.
Haqqında
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi tədbirlərini həyata keçirən icra hakimiyyəti orqanıdır. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsasnaməsini, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti haqqında əsasnaməni rəhbər tutur.
Agentliyin Əsasnaməsində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən bilavasitə və öz səlahiyyətləri daxilində mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqları ilə, mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün işəgötürənlərlə, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Xidmət müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adi həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
Agentlik Azərbaycan Respublikasında qanunvericiliklə müəyyən olunmuş qaydada işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin edilməsi, haqqı ödənilən ictimai işlərə cəlb olunması, peşə hazırlığı və əlavə təhsili məqsədi ilə müvafiq tədbirləri həyata keçirir, qanunvericiliyə uyğun olaraq işsizlik müavinətinin təyin olunmasını və ödənilməsini, müəssisə və təşkilatlarda kvotaya müvafiq olaraq müəyyən edilmiş iş yerləri hesabına sosial müdafiəyə daha çox ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların işlə təmin edilməsi məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir.
Agentlik işəgötürənlərdən boş (vakant) iş yerləri haqqında məlumat toplayır və bu məlumatdan istifadə edərək işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədi ilə aktiv məşğulluq tədbirləri (əmək yarmarkaları, əmək birjaları və s.) həyata keçirir, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
Agentliyin aparatı, şəhər, rayon, məşğulluq orqanları və Naxçıvan Muxtar Respublikasının Məşğulluq Xidməti və Agentliyin fəaliyyətini təmin edən digər qurumlar (tədris mərkəzləri və s.) Agentliyin vahid sistemini təşkil edir.
Agentliyə Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən İdarə Heyətinin sədri rəhbərlik edir.
Tarixi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 1991-ci il tarixli 211 nömrəli Qərarına müvafiq olaraq Azərbaycan Respublikasında 1 avqust 1991-ci il tarixdən Dövlət Məşğulluq Xidməti fəaliyyətə başladı. Eyni zamanda yeni yaradılmış Dövlət Məşğulluq Xidməti fəaliyyətinin Qanuni əsaslarla tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Ali Sovetinin 27 iyun 1991-ci il tarixli 147-XII nömrəli Qərarı ilə "Azərbaycan Respublikasında Əhalinin Məşğulluğu Haqqında" Azərbaycan Respublikasının Qanununu 1 oktyabr 1991-ci il tarixdən qüvvəyə minmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 1991-ci il tarixli 211 nömrəli Qərarı ilə əhalinin məşğulluğu sahəsində dövlət siyasətinin həyata keçirilməsi üzrə tədbirlərin maliyyələşdirməsi üçün Azərbaycan Respublikası Dövlət Məşğulluq Xidmətinin tərkibində respublika səviyyəsində Dövlət Məşğulluğa Kömək Fondu (Məşğulluq fondu) yaradılmışdır.
Azərbaycan Respublikası 1992-ci ildən Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzvüdür və indiyədək bu təşkilatın 57 Konvensiyasını, o cümlədən 7 mühüm Konvensiyasını — "Məcburi əmək haqqında" 29 №-li, "Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında" 111 №-li, "Məşğulluq sahəsində siyasət haqqında" 122 №-li, "Məşğulluq xidmətinin təşkili haqqında" 88 №-li, "Əlillərin peşə reabilitasiyası və məşğulluğu haqqında" 159 №-li Konvensiyalarını bütünlüklə ratifikasiya etmişdir.
1995-ci ilin 12 noyabrında referendum yolu ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyasında Azərbaycan vətəndaşlarının məşğulluğunun təminatı ilə bağlı hüquqi əsaslar təsbit olunmuşdur. Belə ki, Konstitusiyanın ayrı-ayrı müddəalarında vətəndaşların tam, azad və müstəqil surətdə məşğulluq növü seçmək və s. kimi mühüm hüquqlarının geniş əks olunmasını və əmək və məşğulluğa dair Beynəlxalq Əmək Təşkilatının (BƏT) və digər Beynəlxalq Təşkilatların normativ sənədlərinə uyğun olaraq 2001-ci ilin iyulunda yeni variantda qəbul olunan "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanunu və digər normativ hüquqi sənədlər ölkədə əhalisinin məşğulluğu təminatının hüquqi bazasını formalaşdırılmışdır. Həmin qanuna əsasən məşğulluq — Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və bir qayda olaraq onlara qazanc (gəlir) gətirən hər hansı fəaliyyət kimi əks olunmuşdur.
Dövlət Proqramlarının, o cümlədən "Azərbaycanda kiçik və orta sahibkarlığa Dövlət Yardımı Proqramı (1997–2000-ci illər)", "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003 −2006-ci illər)", "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004 −2008-ci illər)"nın xüsusi əhəmiyyəti olmuşdur.
Ölkənin əmək və məşğulluq sahəsində qanunvericiliyi hazırlanarkən və təkmilləşdirilərkən, BƏT-in ratifikasiya olunmuş konvensiyalarından, Azərbaycanın qoşulduğu Avropa Sosial Xartiyasından, Avropa Sosial Təminat Məcəlləsindən, habelə Azərbaycanın üzv olduğu Avropa Şurasının alt komitələri ilə sosial sahədə əməkdaşlıq müstəvisində imzalanan sənədlərdən irəli gələn tələblər, beynəlxalq hüquqi normalar ciddi şəkildə nəzərə alınmışdır.
Azərbaycan Respublikası və Beynəlxalq Əmək Təşkilatı tərəfindən 15 noyabr 2006-cı il tarixdə Cenevrə şəhərində imzalanmış "Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində 2006–2009-cu illər üçün Layiqli Əməyin Təminatı üzrə Ölkə Proqramı" rəhbərlik və icra üçün qəbul edilmişdir.
Əmək ehtiyatlarından daha dolğun istifadə etməklə əhalinin səmərəli məşğulluğunun təmin edilməsi "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı(2007–2010-cu illər)"nda əsas məqsəd olub.
Bu Proqramlar Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005–2009-cu illər)"nın təsdiq edilməsi haqqında Sərəncamının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış Tədbirlər Planında nəzərdə tutulmuş "Azərbaycan Respublikasında gənclərin məşğulluğunun təmin edilməsi sahəsində Milli Fəaliyyət Planının hazırlanması" və "Gənclərin məşğulluğunun təmin edilməsi və sahibkarlıq fəaliyyəti sahəsində inkişaf etmiş xarici ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsi və onun tətbiqi ilə bağlı təkliflərin hazırlanması" bəndinin icrasını və digər vacib məsələləri əhatə edir. Proqramlarda əhalinin bütün kateqoriyalarının, o cümlədən gənclərin məşğulluğunun gələcəkdə daha da gücləndirilməsinə xüsusi yer verilmişdir.
16 fevral 2011-ci ildə ARƏƏSMN yanında Baş Məşğulluq İdarəsinin bazasında ARƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti yaradılıb.
30 dekabr 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin əsasında Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxsi yaradılıb.
13 fevral 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı" təsdiq edilib.
30 iyun 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Dövlət Məşğulluq Agentliyinin Nizamnaməsi" təsdiq edilib.
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- 24 iyun 2016-cı il tarixli 976 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- Dövlət Məşğulluq Xidmətinin rəisi
- ↑ "Dövlət Məşğulluq Agentliyi". sosial.gov.az. İstifadə tarixi: 1 iyun 2021.
- "Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti haqqında ƏSASNAMƏ" (PDF) (azərb.). sosial.gov.az. İstifadə tarixi: 1 iyun 2021. (#invisible_char)
- "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI" (azərb.). e-qanun.az. İstifadə tarixi: 1 iyun 2021. (#invisible_char)
- "Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı" (azərb.). president.az. 30 dekabr 2019. İstifadə tarixi: 1 iyun 2021.
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxslər yaradılıb — FƏRMAN
- ""Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI" (azərb.). e-qanun.az. İstifadə tarixi: 1 iyun 2021. (#invisible_char)
- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Xarici keçidlər
- Dövlət Məşğulluq Agentliyi (Azərbaycan) rəsmi saytı
- Dövlət Məşğulluq Agentliyinin Nizamnaməsi
- Naxçıvan MR Məşğulluq Xidməti