Çanaqçı (Gədəbəy)
Çanaqçı (əvvəlki adı: Ağamalı) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 oktyabr 2011-ci il tarixli qərarı ilə Ağamalı kəndinin adı dəyişdirilərək Çanaqçı adlandırılmışdır.
Çanaqçı | |
---|---|
40°41′11″ şm. e. 45°45′47″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Gədəbəy rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.587 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1695 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ2111 |
Tarixi
Missuya çayının (Zəyəm çayının sağ qolu) sahilində, Qızılca dağının ətəyində yerləşir. Kəndi 1929-cu ildə Gədəbəy rayonunun çanaqçı yaylağından gələn hacilar, xanqullar, namazlar, səfirzalar, təkərlər, kəsəmənli, möylələr nəsillərinə mənsub ailələr salmışlar. Yaşayış məntəqəsi sovet dövlət xadimi Səməd ağa Ağamalıoğlunun şərəfinə "Ağamalı" adlandırılıb.
Ağamalı kəndi vaxtı ilə Çanaqçı dərəsində məskunlaşmış, qədim türk tayfalarından biri olmuşdur. Çanaqçı dərəsi deyilən ərazi tarixə "Xınna dərəsi" adı ilə düşmüşdür. Xınna dərəsi Tovuz rayonunun Qovlar qəsəbəsindən Gədəbəy rayonunun Qızıltorpaq kəndinə qədər uzanan böyük bir ərazini əhatə edir. Deyilənlərə görə, "xınna" sözünün mənası "xınna" yox, hun tayfalarının adı ilə tarixə düşmüş və sonralar bu söz təhrif olunaraq "hunna", "xınna" kimi işlənmişdir. Tarixi mənbələrdən məlum olur ki, Xınna dərəsində boya-başa çatmış şəxslər istər çar Rusiyası dövründə, istərsə də sovetliklər dövründə öz namusunu, qeyrətini çəkən şəxslər olmuş və hər bir vaxt düşmən önündə igid, mərd və mübariz olaraq dayanmışlar. Bunlara misal olaraq Qaçaq Kərəm, Muqa Namaz hərəkatlarını göstərmək olar. Çar Rusiyasının havadarlığı ilə qondarma Ermənistan vilayəti yarandıqdan sonra ermənilər daha da fəallaşır və azərbaycanlılara qarşı soyqırım hərəkatına başlayırlar. 1918-ci ildə tayqulaq Andronikin başçılığı ilə erməni quldur dəstələri Azərbaycan kəndlərinə hücum edərək dinc əhalini kütləvi surətdə öldürür və süngüdən keçirir. Ermənilərin bu soyqırım siyasəti Göyçə mahalında, Naxçıvan ərazisində, Qarabağda və son nəticə olaraq Xınna dərəsində də həyata keçirilmişdir. Belə ki, Xınna dərəsinə 2000 nəfərdən ibarət silahlı birləşmələrin yeridilməsi və dinc əhaliyə qarşı törədilən vəhşiliklər və işgəncələr bu gün də yaşlı nəslin yaddaşlarından silinmir. Qadınlann saç hörüklərinin kəsilməsi, bärmaqlarından qızıl əşyaların kəsilərək götürülməsi, qulaq tanələrinin qoparılaraq çantalara. doldurulması, uşaqların süngüdən keçirilməsi, qız-gəlinlərin və anaların acı fəryadları qeyrətli Xınna əhalisini bunlara qarşı ayağa qaldırmış, ölüm-dirim savaşı başlanmış və son nəticə olaraq düşmən ordusunun əsgərləri Dəlik daş deyilən dərədə mühasirəyə alınmış və bir nəfər də olsun sağ qalmamışdır. 1920-ci ildə XI Qızıl ordu Azərbaycanı işğal edən zaman yenə də ermənilər öz havadarlarının köməyinə arxalanaraq öz qisaslarını almaq məqsədi ilə ermənilərə qarşı müqavimət göstərən kəndləri öz qara siyahasına alaraq rus ordusunun gücündən istifadə edərək Çanaqçı, Ağbaşlar, Dikdaş və s. Xınna kəndlərini mühasirəyə alır və insanları qara damlara doldurur və həmin evlərə od vururlar. Bu dəhşətli qırğından qurtulub sağ qalanlar isə ayağı yalın, başı açıq halda dağlara, daşlara, meşələrə çəkilərək salamat qalmışlar. Həmin zərbə alan kəndlərdən biri də bu gün Ağamalı kəndi olmuşdur. 1929-cu ildən kəndimiz bu ərazidə məskunlaşdıqdan sonra əhalimiz əsasən kartofçuluq, taxılçılıq və heyvandarlıqla məşğul olub. 1930-cu ildə Gədəbəy rayonunun inzibati ərazi vahidi kimi təsdiq olunduqdan sonra Gədəbəy rayonunun tərkibinə daxil olur və Nərimankənd ilə bir kolxozda birləşib fəaliyyət göstərir. Sonralar bu kənd Nəriman kəndinin tərkibindən ayrılaraq "8 Mart" kolxozu kimi fəaliyyət göstərir, 1963-cü ildə isə kolxozun adı dəyişdirilərək "Moskva" adlandırılır. 2000-ci ildən etibarən Orconikidze kənd sovetliyinin tərkibindən ayrılan Ağamalı kəndi, Ağamalı kənd bələdiyyəsi və Ağamalı kənd İnzibati Ərazi dairəsi kimi fəaliyyət göstərir. Hal-hazırda günü-gündən böyüyən və abadlaşan Ağamalı kəndi Gədəbəy rayonunda ən yaraşıqlı kəndlərdən birinə çevrilmişdir.
Toponimikası
Gədəbəy r-nunun Nərimankənd i.ə.v.-də kənd. Missuyu çayının (Zəyəm çayının sağ qolu) sahilində, Qızılca dağının ətəyindədir. Kəndi 1929-cu ildə Tovuz r-nunun Çanaqçı kəndindən gəlmiş namazlar, səfirzalar nəsillərinə mənsub ailələr salmışlar. Yaşayış məntəqəsi sovet dövlət xadimi Səmədağa Ağamalıoğlunun (1867-1930) şərəfinə adlandırılıb.
Mədəniyyəti
Dağlarla əhatə olunmuş bu mənzərəli kəndin mərkəzi hissəsində İnzibati Ərazi Dairəsinin binası, 200 nəfərlik bir klub, müasir tipli 25 çarpayılıq bir xəstəxana,iki kitabxana, 250 nömrəlik bir ATS, ikinövbəli bir orta məktəb, 20 nəfərlik bir uşaq bağçası,bir rabitə şöbəsi, bir neçə qarışıq mallar mağazası yerləşir.
Coğrafiyası və iqlimi
Gədəbəy rayonunun kiçik bir parçası olan bu kənd şimal tərəfdən Nərimankəndin ərazisi ilə, şərq və cənub tərəfdən Slavyanka kəndinin ərazisi ilə, az da olsa cənub-şərqdən Şəkərbəy kəndinin ərazisi ilə, qərb tərəfdən Tovuz rayonunun Almalıtala və Gədəbəy rayonunun Samanlıq kəndlərinin ərazisi ilə həmsərhəddir.
Ağamalı kəndin ərazisinin ümumi sahəsi 1648 hektardır. Bunun 30 hektarını əkin sahəsi, 653 hektarını biçənək sahəsi, 965 hektarını isə örüşlər, qayalıqlar, yarğanlar, çaylar, dərələr təşkil edir. İqlimi soyuq olan bu yerlərdə yanvarın orta temperaturu – 2°-dən -10°-yə qədər, iyulun orta temperaturu 9°-dən 18°-yə qədərdir. Yağmurun illik miqdarı isə təqribən 500–750 mm- in. Torpaq-bitki örtüyü dağ-meşə xarakteri daşıyır. Kəndin iqtisadiyyatını isə əsasən kartofçuluq, qoyunçuluq və maldarlıq təşkil edi.
Əhalisi
Kənd əhalisi milliyyətcə Oğuz türklərindən ibarətdir. Kənddə yaşayan əhali bir neçə nəsillərə ayrılmışdır:hacilar,bədəlli,təkərlər, namazlar, səfirzalar kəsəmənli, möylələr, novruzlar və s. Kəndin əhalisinin ümumi sayı 1678 nəfərdir. Hal-hazırda Ağamalı kəndində yaşayan və 564 ümumi təsərrüfatdan ibarət olan kənd camaatının əksəriyyəti ikimərtəbəli yaraşıqlı evlərdə yaşayır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1695 nəfər əhali yaşayır.
Kənd əhalisindən Qarabağ müharibəsi zamanı şəhid olanlar:
- Alıyev Xaləddin Mehman oğlu
- Hüseynov Rövşən Nuru oğlu
- Məmmədov Cəmil Ziyadxan oğlu
- Məmmədov Yaşar Talıb oğlu
- Quliyev Mayil Zaman oğlu
İqtisadiyyatı
- Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
Xarici keçidlər
- Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti
Şəkilləri
İstinadlar
- Bələdiyyələr
- Bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında[ölü keçid]
- Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.14.
- Ağamalı kəndinin tarixi[ölü keçid]
- Ağamalı kəndinin iqlimi[ölü keçid]
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- Ağamalı kəndinin şəhidləri[ölü keçid]