Müzəffər Abutalıbov
Abutalıbov Müzəffər Heydər oğlu (14 dekabr 1908, Ordubad, Qafqaz canişinliyi – 8 noyabr 1984, Bakı) — bitki fiziologiyası sahəsində Azərbaycanın ilk elmlər doktoru (1944), professor (1950), Azərbaycan Milli Elmlər Akademiyasının akademiki (1968).
Müzəffər Abutalıbov | |
---|---|
Müzəffər Heydər oğlu Abutalıbov | |
Doğum tarixi | |
Doğum yeri | Ordubad |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı | |
Elmi dərəcəsi | biologiya elmləri doktoru |
Üzvlüyü |
Həyatı
Müzəffər Abutalıbov Azərbaycan Politexnik İnstitutunun kənd təsərrüfatı fakultəsini bitirmişdir (1930). Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun və Azərbaycan Dövlət Universitetinin dosenti, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun baş elmi işçisi, SSRİ EA Azərbaycan Filialı Botanika İnstitutunun şöbə müdiri və direktor müavini (1935-1947), Azərbaycan Dövlət Universiteti bitki fiziologiyası kafedrasının müdiri (1949-1959), Azərbaycan Milli EA Genetika və Seleksiya İnstitutunun (1960-1962), Botanika İnstitutunun (1947-1949; 1962-1978) direktoru vəzifələrində çalışmış, 1978-1984-cü illərdə Botanika İnstitutunda özünün yaratdığı bitki fiziologiyası şöbəsinə rəhbərlik etmişdir.
Elmi fəaliyyəti
Tədqiqatları, əsasən pambıq, kartof və digər kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasına, onların mikroelementlərlə qidalandırılmasının nəzəri və əməli problemlərinin öyrənilməsinə, o cümlədən mikroelementlərin azotobakterin inkişafına və torpağın azotmənimsəyən mikroorqanizmlərinin fəaliyyətinə təsirinə, mineral maddələrin bitkilərə daxil olmasına, orqanizmdə hərəkətinə və hüceyrələrdə paylanmasına və s. həsr olunmuşdur. Bir neçə monoqrafiya və ali məktəb dərsliyinin, 220-dən çox elmi məqalənin müəllifidir. Elmi məclislərdə, o cümlədən beynəlxalq biokimya (1961), botanika (1969), biofizika (1973) konqreslərində məruzələr etmişdir. Bir sıra elmi şura və cəmiyyətlərin üzvü olmuşdur. Elmi kadrlar hazırlanmasında xidməti var.
Mənbə
- Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002. səh.141
- Abutalıbov Müzəffər Heydər oğlu 2010-09-27 at the Wayback Machine