Mustafa Topçubaşov
Mustafa Ağabəy oğlu Topçubaşov (5 [17] avqust 1895, İrəvan, Qafqaz canişinliyi – 20 noyabr 1981, Bakı) — Azərbaycan sovet cərrahı, ictimai və dövlət xadimi. Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri. Azərbaycan SSR EA akademiki (1945), Bolqarıstan Xalq Respublikası EA-nın müxbir üzvü (1951), SSRİ Tibb Elmləri Akademiyasının akademiki (1960), "Stalin" mükafatı laureatı (1943), Sosialist Əməyi Qəhrəmanı (1975), Azərbaycan SSR əməkdar elm xadimi (1940), Azərbaycan SSR EA vitse-prezidenti (1951–1956 və 1969–1981). Azərbaycan SSR Ali Sovetinin sədri (1955–59 və 1967–71), Azərbaycan SSR Ali Sovetinə (1–10-cu çağırış) deputat.
Mustafa Topçubaşov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Göykümbət, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | (86 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | |
Vətəndaşlığı | Rusiya İmperiyası→ AXC→ SSRİ |
Həyat yoldaşı | |
Uşağı | |
Elm sahəsi | Tibb |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Elmi adı | Akademik |
İş yeri | N. Nərimanov adına Azərbaycan Tibb İnstitutu |
Təhsili | İrəvan kişi gimnaziyası, Kiyev Müqəddəs Vladimir Universiteti , tibb fakültəsi(1919) |
Tanınır | Cərrah |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Mustafa Topçubaşov 1895-ci ildə Qərbi Azərbaycanda (İndiki Ermənistan Respublikası) Göykümbət kəndində anadan olmuşdur.Akademik Mustafa bəy Topçubaşov qədim İrəvanın əsilli-köklü nəsillərindən birinin nümayəndəsi idi. 1895-ci il avqustun 17-də qoynunda dünyaya göz açdığı Göykümbət kəndi elə Topçubaşovların ata-baba malikanəsi imiş. Onların İrəvan şəhərində də mülkü olub. Atası Ağabəy, anası Fatimə xanım, Mustafa və üç qardaşı burada yaşayıblar. Ailənin ikinci oğlu Mustafa tanınmış Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun açdığı ibtidai məktəbdə oxuyub.
1904-cü ildə ibtidai təhsilini başa vurub gimnaziyaya daxil olub. 1914-cü ildə gimnaziyanı bitirib. Valideynlərinin onu uzağa buraxmağa ürəkləri gəlməsə də, Mustafa Kiyevə gedib və orada universitetin tibb fakültəsinə qəbul olunub. Gələcəkdə necə mükəmməl bir insan olacağı isə bu gəncin hələ təhsil aldığı illərdə özünü büruzə verib. Onun tələbəliyi siyasi mübarizələrin kəskinləşdiyi illərə təsadüf edib. Üçüncü kursda oxuyanda Oktyabr inqilabı baş verib. Rusiyanın digər şəhərləri kimi, o zaman Kiyevdə də qalmaq təhlükəli imiş. Onunla birlikdə oxumağa gedənlərin çoxu evlərinə dönüb. Bir neçə tələbə təhsilini davam etdirib. Onlardan biri də Mustafa bəy olub. Çətinliklərə dözüb, səylə dövlət imtahanlarına hazırlaşıb. Nə aclıq, nə də ölüm qorxusu onu yolundan döndərə bilib. Mustafa ata-anasının ona göndərdiyi cib xərcliyini tətilə gələndə geriyə qaytarırmış ki, mən orada təkəm, aldığım təqaüdlə dolana bilirəm. Nəhayət, dövlət imtahanlarını verib diplom alıb. Vətənə geri dönmək üçün qan-qadanın baş alıb getdiyi böyük məmləkətin neçə-neçə şəhərlərindən keçib, gah qatarla, gah da gəmi ilə yol gəlib. Yollarda isə səfalət, xəstəlik içərisində çırpınan, can verən insanları görüb. Axır ki, Vətəninə yetişib, onu gözləyən doğmaları ilə görüşüb.
Əmək fəaliyyəti
1919-cu ildə təhsilini başa vuran gənc həkim Naxçıvan və Bakı xəstəxanalarında cərrahlıq edir. 1920–1923-cü illərdə ADU-nun (Azərbaycan Dövlət Universiteti) tibb fakültəsinin fakültə cərrahlığı klinikasında ordinator, 1923–1930-cu illərdə fakültə cərrahlığı klinikasında assisent işləmişdir. 1930-cu ildə "Malyariya mənşəli splenomeqaliyanın klinikası, patologiyası və cərrahi müalicəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bu işin əhəmiyyətinə görə M.Topçubaşova professor adı verilir və o, Azərbaycan Tibb Universitetinin cərrahiyyə kafedrasının (indi — III cərrahi xəstəliklər kafedrası) müdiri seçilərək ömrünün sonuna qədər həmin vəzifəni şərəflə yerinə yetirir.
Elmi fəaliyyəti
Uzunmüddətli elmi axtarışlar, səylə aparılan tədqiqatlar nəticəsiz qalmır. Odur ki, dünya tibb elmində bir sıra yeniliklər də məhz bu Azərbaycan aliminin adı ilə bağlıdır.
M.Topçubaşov 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu — inyeksion efir-yağ narkozunu — analgeziya üsulunu kəşf etdi. Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların (dərin narkoz yuxusu, qanda narkotik maddələrin yüksək konsentrasiyada toplanması və s.) aradan qaldırılmasına imkan verdiyinə görə geniş tətbiq edilməyə başlandı. Efir-yağ qarışığı inyeksiyaları həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok, tetanus, qıcolma hallarında, müalicə və doğuş zamanı ağrısızlaşdırma vasitəsi kimi istifadə edilirdi. 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığı Elmi Tibbi Şurası tərəfindən Farmakologiya Komitəsinin iclasında efir-yağ qarışığının "Analgezin" adı altında istehsal edilməsinə icazə verildi.
Topçubaşov müharibə illərində Azərbaycan Xalq Səhiyyə Komissarlığı Hərbi Xəstəxanalar İdarəsinin baş cərrahı vəzifəsində çalışıb. Görkəmli alim SSRİ-də ilk dəfə olaraq təxliyə hospitallarının yaradılmasının təşəbbüskarı olub və bu təklif hərbi cərrahlıq işinin təşkilində uğurla istifadə edilib.
Həmin illərdə Mustafa bəy bir-birinin ardınca ağır cərrahiyyə əməliyyatları aparıb və yüzlərlə, minlərlə yaralı döyüşçünü ölümün pəncəsindən xilas edərək yenidən həyata qaytarıb. Onun başçılıq etdiyi klinikada müasir cərrahlıq problemləri — öd yolları xəstəliklərinin, xərçəngin cərrahi müalicəsi, travmatologiya məsələləri, bərpa cərrahlığı və s. xəstəliklər üzrə daimi axtarışlar aparılıb, yeni təkliflər irəli sürülüb.
Mustafa bəyin tutduğu vəzifələri və qazandığı titulları saymaqla qurtarmaz. Maraqlıdır ki, onun keçdiyi həyat yolundan bəhs edən sənədlərin özündə də təltifləri və fəxri adları sadalanarkən ardıcıllıq pozulur.
Müharibədən sonra professor M.Topçubaşov 1945–1950 illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı olmuşdur. 1945-ci ildə Azərbaycan SSR EA-nın həqiqi üzvü (akademik) seçilir. 1945–1948-ci illərdə Azərbaycan SSR EA Eksperimental Tibb İnstitutunda direktor vəzifəsində çalışır. Müxtəlif dövrlərdə iki dəfə (1951–1956 və 1969–1981) Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini daşıyır.
1954-cü ildə özü işlədiyi kafedrada operasion-auditoriya təşkil edir.
Əməkdar elm xadimi adını Mustafa bəy Topçubaşov 1940-cı ildə alır. 1960-cı ildə SSRİ Tibb Elmləri Akademiyasının akademiki seçilir. O, 1943-cü ildə Stalin mükafatı laureatı olur və 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı yüksək adına layiq görülür.
1981-ci il noyabrın 20-də Bakı şəhərində vəfat etmişdir.
Haqqında
Yazıçı Anar çıxışlarının birində deyib:
"Sovet dövründən əvvəl hörmətli adamlara müxtəlif cür xitab edirdilər, bəy, mirzə və ya əfəndi çağırırdılar. Məsələn, Əlimərdan bəy, Əbdürrəhim bəy, Üzeyir bəy, yaxud Mirzə Ələkbər Sabir, Mirzə Cəlil, Cavid əfəndi, Şaiq əfəndi və s. Sovet dövründə bu adlar get-gedə unuduldu, aradan qaldırıldı. Mənim xatirimdə yalnız iki adam qalıb ki, onlara "bəy" deyirdilər: Mustafa bəy Topçubaşov, bir də Üzeyir bəy Hacıbəyli".
Topçubaşovun musiqiyə olan sonsuz marağı onu Üzeyir bəy Hacıbəyli ilə yaxın dost etmişdi. Üzeyir bəy onu "təbabətin filosofu və bəstəkarı" adlandırırdı. Məclislərin birində dahi bəstəkar deyib:
"Əgər təbabəti musiqi kimi səsləndirmək mümkün olsaydı, bizim Mustafa bəy təbabət musiqisinin ən böyük bəstəkarlarından biri olardı".
Akademik Heydər Hüseynov ona etiraz edib:
"Təbabətin filosofu adı Mustafa bəyə daha çox yaraşır".
Xatirəsi
Azərbaycanda tibb elminin inkişafında xüsusi xidmətlərini nəzərə alaraq akademik Mustafa Topçubaşovun anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında 31 iyul 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev sərəncam vermişdir.
Rejissor Yalçın Əfəndiyev "Mustafa Topçubaşov. Əsrin fonunda portret" adlı sənədli filmi çəkmişdir.
Həmçinin bax
- Reyhan Topçubaşovanın həyat yoldaşıdır.
- İbrahim Topçubaşovun atasıdır.
Mənbə
- Əsgər Zeynalov. "İrəvan ziyalıları". Bakı. "Oğuz eli", 1999. səh.154
İstinadlar
- [1]
- Топчибашев Мустафа Агабек оглы // Большая советская энциклопедия: [в 30 т.] / под ред. А. М. Прохорова — 3-е изд. — М.: Советская энциклопедия, 1969.
- CBC (21.04.2016). "Музей медицины Азербайджана" (rus). Youtube.com. İstifadə tarixi: 2016-04-21.
- Топчибашев Мустафа Агабек оглы
- ↑ Azərbaycan Sovet Ensiklopediyası, IX cild, Bakı-1986, səh. 317
- ↑ http://anl.az/down/meqale/azerbaycan/2010/avqust/131076.htm
- Azərbaycan Tibb Universiteti — 80. Bakı, 2010. səh. 24
- http://salamnews.org/az/news/read/87191
- http://big.az/25038-Dunyada_ilk_defe_anelgeziyani_kesf_eden_-_Topcubasov.html
- . 2014-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-21.
- М. А. Топчибашев. Библиография. Баky-1965, səh. 16
- Ermənistan Azərbaycanlılarının tarixi coğrafiyası // Tərtib edəni: S.Əsədov; Elmi red. B.Budaqov, Q.Qeybullayev. Bakı: "Gənclik", 1995. ISBN 5-8020-0852-0
- http://nizami.libmks.az/1305-mustafa-topgubaeov.html[ölü keçid]
- Azərbaycan Respublikasının Prezidentinin 31 iyul 1995-ci il tarixli, 200 nömrəli Sərəncamı[ölü keçid]
- Akadеmik Mustafa Ağabəy oğlu Topçubaşovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 31 iyul 1995-ci il tarixli Sərəncamı — anl.az saytı
- Akademik Topçubaşov haqqında sənədli film çəkilib: [rejissor Yalçın Əfəndiyevin "Mustafa Topçubaşov. Əsrin fonunda portret." filmi haqqında] //Ayna.- 2011.- 19 noyabr.- S.20.