Komando
Komando, fiziki və nəzəri hazırlıqları nəticəsində əldə etdikləri qabiliyyətləri sayəsində; qısa bir müddət ərzində hədəfin detalları ilə birlikdə kəşfiyyatını həyata keçirdərək vəziyyəti qiymətləndirib hədəfi məhv edən, təchizat ilə təmin edilməsə belə vəzifəni başa çatdırmağı bacaran əsgərdirlər.
İkinci Dünya müharibəsindən sonra xüsusi şəraitlərdə əməliyyatlar apara bilən, yüksək hazırlıqlı xüsusi təyinatlı qoşunların yaradılmasına böyük diqqət yetirilməyə başlandı. Artıq bu gün xüsusi təyinatlılar demək olar ki, bütün ölkələrdə Silahlı qüvvələrin ən etibarlı və seçmə birləşməsi sayılır.
1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəs imzalandıqdan sonra Azərbaycanda da xüsusi təyinatlı qüvvələrin yaradılmasına başlanıb və rəsmi məlumatlara görə, artıq Azərbaycanın istənilən şəraitdə, hətta cəbhə xəttinin bir neçə yüz kilometr dərinliyində döyüş, diversiya əməliyyatları apara bilən hərbi qüvvələri mövcuddur.
Türkiyədə «Kommando», «Bordo bereli» «SAT-SAS», ABŞ-da «Reyncer», «Delta forçe», Rusiyada «Alfa», «Vımpel», «Delta», İsraildə «Amor», Böyük Britaniyada «Kommandos», «Skorpion», Finlandiyada «Yeger», Gürcüstanda Xüsusi Əməliyyatlar Qrupu (Group «A»), Azərbaycanda «Yarasa», «Qartal», «Şahin», «Vaşaq», «Əqrəb» və s. şərti adlarla tanınan xüsusi təyinatlı dəstələr mövcuddur.
Azərbaycan Xüsusi Təyinatlılar şərti olaraq bu hissələrə bölünürlər
-Azərbaycan Respublikası Müdafiə Nazirliyi tabeliyində olan elit xüsusi təyinatlılar (Turan, Yarasa, Kobra və s.)
-Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin 641saylı Dəniz Əməliyyatları Dəstəsi (NavySEALs)
-Azərbaycan Respublikası Daxili Qoşunlarının hərbi hissələr üzrə xüsusi təyinatlıları. (Pələng, Vaşaq, Kobra, Bəbir, Gürzə və s.)
-Daxili İşlər Nazirliyi Xüsusi təyinatlı polis dəstələri.
-Milli Ordu Kəşfiyyat-Diversiya Dəstələri (hərbi hissə üzərinə)
-Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi “Qartal” xüsusi təyinatlıları.
-Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin xüsusi mühafizə bölükləri
Türk komandoları
Türk komandosunun «cəhənnəm həftəsi»
Dünyanın ən bacarıqlı xüsusi təyinatlılarından sayılan Türkiyənin məşhur Su Altı Savunma (SAS) və Su Altı Taaruz (SAT) xüsusi təyinatlıları istənilən şəraitdə həm su altında, həm də üstündə əməliyyatlar aparmağa qadirdir. Seçimin ilk mərhələsində komandolar boş bir adaya götürülür. Üzərlərində paltardan savayı heç nə olmayan əsgərlər 6 km məsafəni bir saata qət etmək tapşırığı qoyulur. Komandolar gedəndən 10 dəqiqə sonra onların ardınca vəhşi köpəklər buraxılır. Çətin ərazini keçmək tapşırığı alan komandolar eyni zamanda bu itlərlə də mübarizə aparmalıdırlar. Təlimləri izləyən jurnalistlərin yazdığına görə, çox zaman silahsız komandolar həmin köpəkləri yalın əllə və dişləri ilə həmin parçalamalı olurlar. Seçimin sonrakı mərhələsində komandolar dənizin ortasına aparılır və suya buraxılırlar. Onların bir saat sonra başqa bir qayıqla aparılacağı bildirilir. Amma qayıq 3 saat sonra gəlir. Qayıq onların yanında dayanmadan keçir. Komandolar bacarıb qayığa minməlidirlər. Minə bilməyənlər daha 3 saat suda gözləməlidirlər. SAS-SAT komandoları su altında əməliyyatlar aparmaq üçün ən müasir silahlarla təchiz olunublar. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, SAS-SAT komandoları Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının hazırlanmasında, onlara kursların keçirilməsində yaxından iştirak edirlər. Bəzi məlumatlara görə, hər il təlimlərin çətinliyinə dözməyib dünyasını dəyişənlərin sayı onlarladır.
Komandolar kursun sonunda «cəhənnəm həftəsi» deyilən sınaqdan da keçməli olurlar. Əsgərə bir bıçaq verərək kimsəsiz meşəyə buraxırlar. Əsgərlər bir həftə ərzində kimsəsiz meşədə ilan və qurbağaları yeməklə yaşamalı olur. Sonuncu təlimlərin ən ağır mərhələsi sayılır.
Komandoların komandosu Türkiyə Silahlı Qüvvələrinin «Bordo berelilər» adlanan məşhur xüsusi təyinatlıları da mövcuddur. Türkiyədə təhsil almış Azərbaycan hərbçilərinin «komandoların komandosu» adlandırdıqları «Bordo berelilər» digər komando birliklərindən hazırlıqları, təlim və bacarıqları ilə fərqlənirlər. Bu komando birlikləri tamamilə kiçik zabitlərdən və gizirlərdən formalaşdırılır. Könüllülük əsasında seçilən xüsusi təyinatlılar üç il ərzində çox ağır təlimlərdən keçməlidirlər. Onlar ölkə daxilində 72 həftəlik təməl kursu, daha sonra ixtisaslarına uyğun olaraq Türkiyədə və xarici ölkələrdə 10-52 həftə arası ixtisas təlimləri alırlar. «Bordo berelilər»in adı Milli İstihbarat Təşkilatı (MİT) tərəfindən qorunur.
Kurslarda «bordo bereli» olmaq istəyən namizədlərə hərbi təlimlər, əlbəyaxa döyüş, uzaqdan kəşfiyyat, düşmən arxasına keçmə, tanıma, həyatda qalma, qaçış, atəş hazırlığı, psixoloji hazırlıq, paraşüt, amfibiya, qeyri-nizami döyüş və s. aşılanır. İxtisasartırma kurslarında isə onlara istehkam, ilkin yardım, partlayıcıların və minaların zərərsizləşdirilməsi, yüngül və ağır silahların öyrədilməsi, kəşfiyyat və s. öyrədilir. Xaricdə isə onlar əsasən reyncer, hava desant, mülki işlər, ictimaiyyətlə əlaqələr, psixoloji hazırlıq və s. kursların iştirakçısı olurlar. «Bordo berelilər»in hamısı yaxşı paraşütçü sayılır, həmçinin müxtəlif xarici dillərdə mükəmməl danışmağı bacarırlar.
Qeyd edək ki, müxtəlif dövrlərdə xüsusi təyinatlı qüvvələr arasında keçirilən yarışmalarda türk «Bordo berelilər»i «Amor» və «Delta Forçe»dən üstün nəticələr nümayiş etdiriblər. Almaniya, Fransa və s. Avropa dövlətlərinin xüsusi təyinatlıları «Bordo berelilər»in təlim məşqlərinin 30%-ə qədərini keçirlər. Türkiyə «Bordo berelilər»i 2004-cü ildə Almaniyada keçirilən Dünya Xüsusi Təyinatlı Qüvvələri çempionatında 26 ölkənin xüsusi təyinatlıları arasında birinci yerə çıxıb. «K.loca» adlı qıfılı «Delta Forçe»də daxil olmaqla əksər ölkələrin xüsusi təyinatlıları 10,13 saniyəyə açdıqları halda, «Bordo berelilər» bunu 7 saniyəyə açaraq dünya rekordunu özlərində saxlayıblar.
«Bordo berelilər»in özəl xüsusiyyətlərindən biri də lazım gələrsə, öz yaxınlarını belə öldürə bilmələridir. Onlar hətta komandirləri belə «məni vurun!» desə bunu sözsüz yerinə yetirirlər.
PKK sığınacaqlarının birinin divarında türk xüsusi təyinatlıları ilə bağlı belə bir yazılara rast gəlinir: «Əgər bir əsgər sizə dayanmadan atəş açırsa, bilin ki, o gənc və təcrübəsizdir. Gözləyin gülləsi bitsin və gedib qafasına sıxın! Əgər biri sizi gördüyü zaman atəş açır, daldalandığınız zaman durursa, o bir komandodur. Qaçıb canınızı qurtarın! Əgər sizi gördüyü zaman ortadan qeyd olmuşsa və ətraf səssizsə bilin ki o, «Bordo bereli»dir. Narahat olmayın o, sizi tapacaq».
Türkiyə ordu xüsusi təyinatlıları Foçada və Eğirdir Dağ Komando Məktəbində təlim alırlar. Təlimlərin 90%-i çətin şəraitdə və 60%-i gecə şəraitində keçirilir. Türkiyə komandolarının əməliyyat zamanı daşıdığı yükün çəkisi 40 kq-dan çoxdur. Bunun 30 kq-nı yatacaq, yemək və sursat, 10-kq-nı isə silahları təşkil edir. NATO standartlarında hər biri ən azı 40 kq yük daşyıan komando saatda 4 km məsafə qət etdiyi halda, türk komandoları 7 km məsafə hərəkət edir. Türk komandosunun gündəlik qidalanma rasionu 5 min kilokaloridir. Şəxsi heyəti 27 nəfərdən ibarət olan bir komando tağımı gün ərzində 30-40 kq yüklə orta hesabla 30 km məsafə qət edə bilir.
Türk Silahlı Qüvvələrində komando birlikləri G3, G41, HK33, M16 tüfəngləri, Browning, Colt, Astra tapançaları, HK MP5 tapança pulemyotu, M4A1 Carabine, M4A1 Commando, karabinləri, Kanasa, Accuray qumbaraları, Mc.Millan snayperi, 60 mm çaplı Komando minaatanı, RPQ-7 qumbaraatanı, PKMS, HK23, MG-3, M-60 pulemyotları, SAW, M240 yüngül pulemyotlar, Browning ağır pulemyotları və 40 mm-lik qumbaraatanlarla təchiz olunur. Komando birlikləri qarşılarına qoyulmuş vəzifələrə görə, lazer tuşlayıcı, gecə görmə gözlüyü, gecəgörmə durbini, termal kamera, «Nikon» əl durbini, işarə tapançası, duman şaşkaları, əl radiostansiyaları, GPS və s. istifadə edirlər.