Xəzər pələngi - (lat.Panthera tigris tigris, əvvəllər lat.P.t.virgata) — Nəsli kəsilmiş pələng yarımnövü. Həmçinin Turan pələngi, Mazandaran pələngi, Hirkan pələngi kimi adları da mövcud olmuşdur. Erkəklərin uzunluğu 224 sm, quyruğunun uzunluğu 100 sm.qədər olur. Rəngi açıqdır çoxsaylı, yaxın yerləşən və ensiz zolaqları var. Zolaqlar qəhvəyi rəngə çalır. Əvvəllər Azərbaycanın qərbinə və cənubuna, şimalda İrtışa, şərqdə isə Əfqanıstana qədər yayılmışdılar. Bütün Xəzər sahəsində yayılmışdılar. 40-cı illərdə areal Transqafqaza qədər, Aral dənizi, Əfqanıstan və Balxaş gölünə qədər kiçildi. 30-cu illərdə Turan pələngini Azərbaycanda Talış dağlarında, Cənubi Türkmənistanda görmüşdülər. İranda o ən çox Mazandaranda, Gilan-Gürganda yaşayıb. Əsasən çayların sahilindəki tuqay meşələrində məskunlaşırlar. Azərbaycanda, Türküstanda əsasən qaban, maral, sayqak, ceyran bəzən ev heyvanlarını ovlayırlar. Bəzən çəyirtkə, xırda məməlilərlə qidalanırlar. 1950-ci ildə ümumi sayı 50-80 idi. Son fərdlərinin 1970-ci illərə kimi sağ çıxdığı düşünülür. Ən son 1971-ci ildə Türkiyənin Şırnak bölgəsində ovlanmış fərd qeydə alınmışdır. Sonrakı illərdə müxtəlif ölkələrdə görüldüyü ilə bağlı məlumatlar olsa da bu məlumatlar öz təsdiqini tapmamışdır.