Neftçi PFK
"Neftçi PFK" — Bakı şəhərini təmsil edən Azərbaycan futbol klubu. Azərbaycan Premyer Liqasında çıxış edir. Klubun müşahidəçilər şurasının sədri Çingiz Abdullayevdir.
Neftçi PFK | |
---|---|
Klubun tam adı | Neftçi Peşəkar Futbol Klubu |
Ölkə | Azərbaycan |
Ləqəb(lər) | "Flaqman" "Neftçilər" "Xalq komandası" |
Rəng(lər) | ağ-qara |
Yaranma tarixi | 18 mart 1937 ) |
Stadionu | Bakcell Arena |
Tutumu | 11.000 |
Prezidenti | Kamran Quliyev |
Baş məşqçisi | Samir Abbasov |
Kapitanı | Emin Mahmudov |
Liqa | Azərbaycan Premyer Liqası |
2020/2021 | 1 |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
"Neftçi" klubu "Qarabağ" klubu ilə yanaşı bütün Azərbaycan çempionatlarında iştirak edən iki komandadan biridir. "Neftçi" komandası ölkə miqyasında bütün yarışlarda rekorda malikdir. Beləki, 9 dəfə Azərbaycan Premyer Liqasına, 7 dəfə Azərbaycan Kubokuna və 2 dəfə Azərbaycan Superkubokuna sahib olmuşdur. Həmçinin, komanda beynəlxalq miqyasda 1 dəfə Birlik Kubokuna sahib olmuşdur; bu Azərbaycan futbol klublarının beynəlxalq səviyyədə qazandığı ilk kubok olmuşdur.
2012-ci ildə, "Neftçi" UEFA Avropa Liqasının play-off mərhələsində Kiprin "APOEL" klubunu iki oyunun nəticəsinə görə 4-2 hesabıyla məğlub edərək yarışın qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan komandası olmuşdur.
Tarixi
Sovet dövrü
1930-cu illər
1922-ci ildən SSRİ birincilikləri şəhərlərin yığma komandalarının iştirakıyla keçirilirdi. 1937-ci ildən isə qərara alındı ki, çempionat klub komandalarının iştirakıyla təşkil edilsin. Həmin vaxt Azərbaycan SSR-də bir neçə sahənin təmsilçisi olsa da, neft sahəsi sanki unudulmuşdu. Halbuki həmin dövrdə Bakı artıq neft şəhəri kimi şöhrət qazanmışdı. Buna görə də "qara qızıl" sahəsində çalışanlar tezliklə 18 mart 1937-ci ildə futbol komandası yaratdılar. Ad üzərində də çox fikirləşmək lazım gəlmədi. Elə öz adlarını da komandaya verdilər. Amma həmin dövrdə rus dili daha işlək olduğundan komanda əvvəlcə "Neftyannik" adlandırıldı. Komandanın geyimində və emblemində də onun neftçilərə məxsus olduğunu bildirən nişanələr əks olundu. Emblemdə neft buruğunun fonunda kiril əlifbasının "H" hərfi - "Neftyannik" sözünün birinci hərfi idi. Təbii ki, "qara qızıl"ın da rəngi formanın əsasını təşkil etdi. Həmin dövrdə neftlə bərabər "ağ qızıl" adlandırılan pambıq da Azərbaycan SSR-in şöhrətlənməsində neftdən az rol oynamadığından qərara alındı ki, pambığın rəngi də formada əks olunsun. O vaxtdan Azərbaycan futbolunun tarixinə çevrilən "Neftçi" ağ-qara rənglərə sadiq qaldı.
"Neftçi" ilk rəsmi matçını 24 may 1937-ci ildə keçirib. Bu həmçinin, komandanın debüt oyunu idi. SSRİ Kubokunun 1/64 finalında o zaman "Neftyannik" adlanan komanda Bakının "Dinamo" stadionunda 5 min azarkeşin izlədiyi matçda İrəvan "Dinamo"sunu 1:0 hesabı ilə məğlub etmişdir. Pavel Ştirlinin 87-ci dəqiqə vurduğu qol "Neftçi"nin tarixində ilk qol idi. Həmin oyunun hakimi Tbilisidən olan Nikolay Larionov olmuşdur. Komandanın baş məşqçisi Aleksandr Qnezdov, kapitanı isə heyətdəki yeganə azərbaycanlı Məmməd-Əli İsmayılov idi.
Yarandığı ildən SSRİ çempionatının "Q" qrupunda çıxış edən komanda debüt ilində 12 komanda arasında 11-ci yeri tutdu. Həmin il SSRİ kuboku uğrunda yarışlarda isə "Neftçi" 1/64 finalda İrəvanın, 1/32 finalda isə Batuminin "Dinamo" komandalarına qalib gəlsə də, 1/16 finalda "Dinamo Tbilisi" klubuna uduzaraq mübarizəni dayandırdı. 1938-1941-ci illərdə "Neftçi" Azərbaycan və Zaqafqaziya birinciliklərində iştirak etdi. Müharibənin başlaması ilə əlaqədar olaraq, futbolçular da Böyük Vətən müharibəsinə yollandılar. Müharibədə həlak olanlar arasında müharibəyəqədərki dövrdə komandanın şərəfini qorumuş Mirmehdi Ağayev də vardı. 1938-ci ildə SSRİ kubokunda iştirak edən "Neftçi" zona yarışlarındaca yenildi.
1940-1960-cı illər
Müharibə sona yaxınlaşdıqca artıq komanda da fəaliyyətini bərpa edirdi. 1944-cü ildə "Neftçi" yenidən Azərbaycan birinciliyinə qayıtdı və bir il sonra respublika çempionu oldu. 1946-cı ildə SSRİ çempionatının 2-ci Cənub yarımqrupunda çıxış edən "Neftçi" 1947-ci ildə ikinci qrupda 4-cü yerə yüksəldi. Növbəti mövsüm 17 yaşlı Ələkbər Məmmədovun debüt ili oldu.
1949-cu ildə güclülər dəstəsini genişləndirmək qərarı nəticəsində "Neftçi" də A qrupunda debüt etdi. Həmin heyətə sonralar tanınmış hakimə çevrilən Tofiq Bəhramov və məşhur Ələkbər Məmmədov da daxil idi. "Neftçi" A qrupu tarixində ilk oyununu o vaxt Lenininin adını daşıyan indiki "İsmət Qayıbov" stadionunda HHQ (Hərbi Hava Qüvvələri) ilə keçirib. Bu tarixi matçda komanda 1:0 hesabı ilə qalib gəlib. SSRİ çempionatının A qrupunda ilk qolu isə Viktor Anoşkin vurub.
Çempionatın startı sensasion oldu. Beş turdan sonra birinci pilləyə "Neftçi" yüksəlmişdi. Lakin təcrübəsizlik tezliklə özünü göstərdi və yekunda komanda 14-cü oldu. "Neftyanik" sözünün "Neftçi"yə çevrilməsi Mərkəzi Komitədə ideoloji şöbənin katibi Cəfər Cəfərovun təşəbbüsü ilə olmuşdur.
"Neftçi" SSRİ çempionatlarında ən böyük uğurlarından birini 1966-cı ildə qazandı. Klub vaxtilə "kiçik Avropa çempionatı" adlanan SSRİ çempionatının güclülər dəstəsində fəxri kürsüyə yüksələn ilk və yeganə Azərbaycan klubudur. Əhməd Ələsgərovun başçılıq etdiyi "Neftçi" həmin il SSRİ çempionatının bürünc medalına sahib çıxdı.
1970-1980-ci illər
1971
Hələ ötən il mövsüm bitən kimi baş məşqçi Əhməd Ələsgərov, məşqçi Valentin Xlıstov və komandanın rəisi Rauf Adıgözəlov vəzifələrindən azad edildilər. Ələkbər Məmmədov baş məşqçi, 50-ci illərdə komandamızın həkimi olmuş, sonralar isə Futbol Federasiyasına rəhbərlik etmiş Kamal Axundov rəis təyin edildilər. Orconikidze «Spartak»ına rəhbərlik edən Tuayev isə futbolçu kimi heyətə qayıtdı. Əvəzində Markarov komandanı tərk etmişdi. Banişevski də artıq əvvəlki formasını yığmış və Şevçenko ilə birlikdə həm «Neftçi»nin hücum xəttini təşkil edirdi, həm də SSRİ yığmasına cəlb olunurdular. Hazırlıq prosesi də normal keçmiş və futbolçular mövsümə tam hazır idi. Hətta təlim-məşq toplanışları çərçivəsində komandamız Bakıda, Kislovodskda, Daşkənddə, Aşqabadda xeyli yoxlama oyunları keçirmiş və heç birində məğlub olmamışdı.
Banişevski və Şevçenko ilə yanaşı, komandanın əsas yükünü yarımmüdafiədə Tuayev, Hacıyev, Semiqlazov və Smolnikov, müdafiədə Bruxti, Y.Babayev, Quliyev və Lyoqki çiyinlərində daşımalı idi. Rəsmi oyunlara isə ölkə kuboku uğrunda mübarizə ilə start verildi. 1/16 finalda «Lokomotiv» (Moskva) səddini dəf edən (1:0; 0:0) «Neftçi» 1/8 finalda bütün ittifaqa səs saldı. Ötən çempionatın gümüş mükafatçısı və kubokun sahibi Moskva «Dinamo»su ilə Tbilisidə keçirilən ilk oyunda Smolnikov və Şevçenkonun qolları qələbəni (2:0) təmin etsə də, ruslar görəcəkləri günün Bakıda olduğundan xəbərsiz idilər. Cavab oyununda K.Beskov və L.Yaşinin rəhbərlik etdiyi «Dinamo»nun daşı-daş üstə qalmadı və Banişevskinin het-trikinə Smolnikovun daha bir qolu qoşulunca 4:0 hesablı qələbə hamını çaşdırdı. Çempionatın startında da uğurlu oyunlar davam etdi. Bakıda Kiyev «Dinamo»su ilə heç-heçəni «Karpatı» üzərində böyükhesablı qələbə, Moskvada «Torpedo» və OMİK-lə heç-heçələr izlədi. Bunun bir səbəbi də heyətdəki itkilərlə bağlı idi. «Torpedo»yla matçda yarımmüdafiəçi çatışmadığından 3 müdafiəçi orta sahədə oynamağa məcbur olmuşdu. Bununla belə, Bakıda «Spartak» (Moskva), «Dinamo» (Minsk) və «Paxtakor» üzərindəki qələbələr komandamızı çempionatın favoritləri arasına çıxardı. Xüsusilə də «Spartak» üzərində qələbə deyəsən Moskvada oturanlara xoş gəlmədi. Əvvəlki oyunlarda da hücum futbolu göstərən «Neftçi» moskvalıları 5:3 hesabı ilə darmadağın etdi. Belə qollu qarşılaşmalardan sonra 9 turun yekununa görə «Neftçi»dən Şevçenko, Banişevski və Tuayev hərəyə 5 qolla bombardirlər siyahısında idilər. Bakılı hücumçulara artıq SSRİ-nin yığma komandasında da ehtiyac duyulmuşdu. Banişevski ilə Şevçenko yığmanın heyətində Avropa çempionatının seçmə mərhələ oyunlarında çıxış etdilər. Birinci kiprlilərin, ikinci isə ispanların qapısına qol vurdu. Birinci dövrədə hər şey bakılıların istədiyi kimi gedirdi. «Neftçi» lider Kiyev «Dinamo»sundan 5 xal geri qalaraq 4-cü yeri tuturdu. Vurulan topların sayına görə isə komandamız hamını qabaqlayırdı. Baxmayaraq ki, R.Mirzəyev zədələnərək uzun müddətə sıradan çıxmış, Şevçenko, Smolnikov, Kramarenko və Y.Babayev zədə üzündən bəzi oyunları buraxmalı olmuşlar. Cərrahiyyə əməliyyatından yeni qayıtmış M.Zeynalov hələ həmişəki formasından uzaq idi. Ölkə kuboku uğrunda «Spartak»la yarımfinal oyununda 5:0 hesabı ilə məğlub olan «Neftçi» çempionatın ikinci dövrəsini olduqca zəif keçirməsinə rəğmən 9-cu yeri tutdu.
Müstəqillik dövrü
1990-cı illər
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da futbol həvəskarları "Neftçi"nin timsalında parlaq oyununun şahidi oldular. Təsadüfi deyil ki, 1992-ci ildə futbol üzrə ilk milli Azərbaycan çempionatında qızıl medallar məhz "Neftçi"yə qismət oldu. Paytaxt komandasına çempion titulunu Əhməd Ələsgərov qazandırdı. Növbəti nailiyyət bundan 3 il sonra əldə edildi. "Neftçi" 1995-ci ildə Vaqif Sadıqovun rəhbərliyi altında ölkə kuboku uğrunda yarışda bütün rəqiblərini üstələdi. 1995/1996 mövsümünü isə "Neftçi" üçün unudulmaz çempionatlardan biri kimi xarakterizə etmək mümkündür. Çünki klub həmin mövsümü həm ölkə çempionu, həm də ölkə kubokunun qalibi kimi "qızıl dubl"la başa vurdular. Çempionluqla yanaşı, ölkə kubokunun qazanılmasında 3 məşqçi - Vaqif Sadıqov, Asif Əliyev və Kazbek Tuayevin əməyi keçdi.
Vaqif Sadıqov həmçinin "Neftçi" klubuna 1993 və 1995-ci illərdə Azərbaycan Superkubokunu da qazandırmışdır.
"Neftçi" 3-cü dəfə 1997-ci ildə çempion adına layiq görüldü. Lakin AFFA yekunda əsas və yeniyetmə komandaların topladığı xalların cəmini əsas götürərək, qızıl medalları "Qarabağ"a verdi. Hər halda, ədalət öz yerini tapdı. UEFA çempion qismində "Neftçi"ni tanıdı və Çempionlar Liqasında iştirak hüququna da flaqman yiyələndi.
1999-cu ildə növbəti dəfə "Neftçi" klubu ölkə kubokunu Kazbek Tuayevin sayəsində qazandı.
2000-ci illər
2004-cü ildə ağ-qaralar ikinci dəfə “qızıl dubl”a imza atdılar. Kazbek Tuayevin yetirmələri 2004-cü ildə həm milli çempionatda, həm də ölkə kubokunda hamıdan güclü oldular.
2005-ci ildə Ağasəlim Mircavadovlu "Neftçi" çempionatın sonunda "Xəzər Lənkəran" klubu ilə eyni xal yığdığı üçün çempionu müəyyənləşdirmək üçün "Qızıl oyun" keçirildi. Gəncə şəhər stadionunda keçirilən oyunda ağ-qaralar "Xəzər-Lənkəran"ı 2:1 hesabı ilə üstələyərək, ardıcıl ikinci dəfə çempionluğu bayram etdi.
Bundan başqa, flaqman beynəlxalq turnirlərdə də ölkəmizi layiqincə təmsil edib. "Neftçi" avrokuboklarda ilk dəfə qələbə qazanıb (1996-cı ildə Bakıda Bolqarıstan "Lokomotiv"i üzərində 2:1 hesablı qələbə), Çempionlar Liqasında 2 il ardıcıl mərhələ adlayıb (2004/05 və 2005/06 mövsümlərində), avrokuboklarda ilk səfər qələbəsinə nail olub (2005-ci ildə İslandiyada “Hafnarfyordur” üzərində 2:1 hesablı qələbə), avrokuboklarda iki mərhələ adlayan ilk komanda olub (2008-ci ildə İntertoto Kubokunda).
Flaqman, həmçinin “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” uğrunda yarışda ilk dəfə finala yüksələn (2005-ci il) və ilk dəfə baş mükafata sahib çıxan (2006-cı il) Azərbaycan klubudur.
2010-cu illər
APOEL 1-3 Neftçi (UEFA Avropa Liqası Pley-of mərhələsi 30-08-2012). |
2011-ci ildə flaqman Arif Əsədovun rəhbərliyi altında 6 ildən sonra sona 3 tur qalmış 6-cı dəfə Azərbaycan çempionu oldu. 2012-ci ildə ardıcıl ikinci mövsüm çempion olan "Neftçi" bu dəfə bunu Böyükağa Hacıyevin başçılığı ilə əldə etdi.
2011-12-ci il mövsümünün qalibi kimi Çempionlar Liqasına vəsiqə qazanmış "Neftçi" mübarizəyə ikinci mərhələdən başladı. Flaqman bu mərhələdə Gürcüstan çempionu "Zestafoni"ni iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırdı. Bakıda keçirilmiş ilk matçda rəqibini 3-0 hesabı ilə məğlub etmiş komandamız səfərdə rəqibi ilə heç-heçə etdi. 2-2. Növbəti mərhələdə Flaqman İsrailin "Kiryat Şmona" klubuna uduzsa da, Avropa Liqasının pley-off mərhələsində çıxış etmək imkanı əldə etdi. Pley-off mərhələsində Kiprin "APOEL" klubunu iki oyunun nəticəsinə görə 4-2 (1-1,3-1) məğlub etmiş Flaqman Azərbaycan futbolu tarixində avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmış ilk klub oldu.
"Neftçi" Avropa Liqasının qrup mərhələsində, qitənin ən güclü 10 klubundan biri hesab edilən İtaliya "İnter"i, eləcə də Rusiyanın "Rubin" və Serbiyanın "Partizan" klubları ilə qarşılaşdı. "Partizan"la hər iki oyunda heç-heçə etmiş "Neftçi", "İnter"lə "Cüzeppe Meazza" stadionunda sülh bağladı. 2-2
2012/2013 mövsümündə Böyükağa Hacıyevin ardıcıl 2-ci çempionluğu, komandanın isə ardıcıl 3 mövsüm çempion olması, bununla yanaşı, həm də ölkə kubokunu qazanması "Neftçi"nin Azərbaycan futbol tarixi ərzində 3-cü dəfə "Qızıl dubl" edən ilk komanda olmasına səbəb olmuşdur.
UEFA Çempionlar Liqasının 2013-2014 mövsümündə 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayan "Neftçi" Albaniyanın "Skenderbeu" komandasına iki oyunun nəticəsinə görə ümumi hesabda 0-1 hesabıyla məğlub olaraq yarışı erkən tərk etməli oldu. Məhz bu uğursuzluqdan sonra Böyükağa Hacıyev istefa verdi və komanda müvəqqəti olaraq Tərlan Əhmədovun başçılıq etdiyi məşqçilər korpusuna həvalə edildi.
2013-cü ildə Azərbaycan Superkubokunda əzəli rəqibi "Xəzər Lənkəran"-a minimal hesabla məğlub olan "Neftçi" Tərlan Əhmədovu istefaya göndərdi. 2013-cü il oktyabrın 26-da "Neftçi" klubu Nazim Süleymanovu klubun baş məşqçisi təyin etdi. 2014-cü ilin yanvarın 8-də Nazim Süleymanov istefa verdi.
2014-cü il yanvarın 11-də yarım illik fasilədən sonra Böyükağa Hacıyev yenidən baş məşqçi təyin olundu. 2014-cü il mayın 22-də "Neftçi" klubu 6-cı dəfə Azərbaycan Kubokununa sahib oldu. Beləki, Böyükağa Hacıyevin yetirmələri ardıcıl olaraq 2-ci dəfə kuboku başı üzərinə qaldırdı.
2013-2014-cü il mövsümündə Kubokun qalibi olan komanda UEFA Avropa Liqasının II təsnifat mərhələsindən yarışa başladı. Neftçi ilk öncə Sloveniyanın Koper komandasını iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırdı. Bakıdakı ilk matçda rəqibinə 1-2 hesabıyla məğlub olan komandamız səfərdə bunun əvəzini çıxdı. 2-0. Növbəti mərhələdə komandamız Gürcüstanın Çikura komandası ilə mübarizəyə davam etdi. Bakıdakı ilk oyunda qolsuz bərabərlik olsada komandamız səfərdə 3-2 hesabıyla layiqli qələbə qazandı və tarixində ikinci dəfə UEFA Avropa Liqasının Pley-Of mərhələsinə adladı. Bu dəfə komandamızın bəxtinə 2 il öncə qrup mərhələsindən bizə tanış olan Serbiyanın Partizan klubu düşdü. İlk oyun səfərdə keçirildi. Səfərdəki oyunda komandamız 2 erkən qol vursada sonrada 3 qol buraxdı və qələbəni əldən verdi. Cavab qarşılaşması da uğurlu alınmadı və komandamız 1-2 hesabı ilə məğlub olub Avropa macərasını Pley-Of mərhələsində başa vurdu. İkinci dəfə qrupa vəsiqə qazana bilməyən Böyükağa Hacıyev bundan sonra istefa verdi.
2014-cü il sentyabrın 4-də 3 illik fasilədən sonra Arif Əsədov yenidən baş məşqçi təyin edildi.
Klubun rəngləri və loqosu
1949-cu il "Neftçi"nin tarixində yaranış ili qədər böyük yer tutur. O zaman "Neftyanik" adı altında çıxış edən komanda məhz bu il ilk dəfə olaraq SSRİ-nin güclüləri ilə bir qrupa daxil oldu. Azərbaycanın futbol tarixində düz 11 il əvvəl 1-ci qrupda cəmi bir il çıxış etmiş "Temp"dən sonra komanda respublikasının bu səviyyədə ikinci təmsilçisi oldu. SSRİ Futbol Federasiyasının apardığı islahat nəticəsində hər respublikadan ən azı bir komandanın 1-ci qrupa buraxılmasına qərar verildi. Azərbaycan SSR-in iqtisadiyyatında həmin dövrdə neft aparıcı yer tutduğundan məhz Neftçilərin Həmkarlar İttifaqının komandasının bu şərəfə layiq görülməsi qərara alındı. Qərarın verilməsində bilavasitə Respublika rəhbərliyi əsas rol oynadı. "Neftçi"nin futbol elitasında zəif təsir bağışlamaması üçün heyətdə köklü dəyişikliklər edildi. Üstəlik, komandanın loqosu tərtib edildi. İlk loqoda üzərində kiril əlifbası ilə yazılmış "H" hərfinin arxa planında neft buruğu əks olunub. Bundan sonra "Neftçi"nin loqosu üç dəfə – 1977, 1997 və 2004-cü ildə dəyişdirilib. 2005-ci ildə klubun loqosuna ulduz əlavə edilib. Buna səbəb Neftçinin 5-ci çempionluğu qazanması idi.
Neftçi klubun doğma rəngləri ağ-qara hesab olunur. Klub yarandığı 1937-ci ildən etibarən əsas forma rəngi kimi qara rəngdən istifadə edirdi. Amma 50-ci illərdə klubun formasına ağ rəng də əlavə edildi. Bu da səbəbsiz deyildi. Azərbaycan bütün ittifaqda neft qədər pambıq bitkisi ilə də tanınırdı. Bu səbəbdən həm "qara qızıl", həm də "ağ qızıl"ın rəngləri klubun formasında əks olunurdu.
Forma sponsorları və istehsalçıları
"Neftçi"nin ənənəvi forması qara köynək, ağ şort və eyni rəngli corabdan ibarət idi. Lakin illər ərzində qara köynək ağ və qara zolaqlarla əvəz olunmuşdur. Klubun forması müxtəlif illərdə müxtəlif idman firmaları tərəfindən hazırlanıb. Hal-hazırda klubun formaları Nike tərəfindən istehsal olunur.2004-2006-cı illərdə klubun titul sponsoru Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (Klub formasında BNEZ olaraq qeyd edilmişdi), 2006-2015-ci illərdə SOCAR, 2015-2017-ci illərdə Asan Xidmət olmuşdur. 2017-2019-cu illərdə klubun forması üzərində heç bir sponsorun adı olmamışdır. 2019/2020-ci illər mövsümündən etibarən isə Türk Hava Yolları şirkəti klubun forma sponsoruna çevrilmişdir.
Ləqəbləri
Klub əsas "neftçilər" ləqəbindən başqa, "flaqman" və "xalq komandası" kimi də tanınır.
Stadionu
"Neftçi" Premyer Liqanın ev oyunlarını Bakcell Arenada keçirir. Son illər klub bəzi seçmə və hazırlıq matçlarını İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, Bayıl stadionu və Tofiq Bəhramov adına Respublika Stadionunda keçirir.
Azarkeşləri
"Neftçi" Azərbaycanda ən çox dəstəklənən klublardan biridir. Ölkənin ən çılğın azarkeşləri Neftçi azarkeşləri hesab olunur. Neftçi azarkeşləri Azərbaycana ilk dəfə Ultras Mədəniyyətini gətirmiş azarkeşlərdir. Müxtəlif illərdə Neftçinin bir sıra azarkeş qrupları olmuşdur. Onlar arasında "Flaqman" , "Ultra Neftçi" , "Neftçimania" və Forza Neftçini qeyd edə bilərik. Hal-hazırda klubun ən böyük azarkeş qrupu Forza Neftçidir. Forza Neftçi 2009-cu ildə yaranmışdır və Azərbaycan ən güclü və ən çılğın azad azarkeş qrupu hesab olunur. Forza Neftçi Bakcell Arenada kluba dəstəyini 1A sektorundan verir. Neftçini dəstəkləyən digər azarkeş qrupu isə "Neftçimania" adlanır. Neftçimania 2011-ci ildə yaranmışdır və ilk fəaliyyəti 2015-ə qədər olmuşdur. Sonradan bir müddət tribunalardan uzaqlaşdığını bildirən qrup "Köhnə 13" adı ilə 2017-də tribunaya qayıtsa da, 2019-cu ildə yenidən köhnə adı ilə tribunaya qayıtmışdır. Hal-hazırda Bakcell Arenada 4A sektorundan Neftçiyə dəstək olurlar. Klubun azarkeşləri ABŞ, Böyük Britaniya, Türkiyə, Rusiya, Almaniya, Hollandiya və digər böyük azərbaycanlı icması olan ölkərdə var. Lakin 2010-ci illərdə Neftçi öz mövqeyini təkmilləşdirilmişsəni baxmayaraq, klubun orta tamaşaçı sayısı aşağı səviyyəyə düşmüşdür.
Klubun ən məşhur tərəfdarlarına aktyorlar Bəhram Bağırzadə, Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, bəstəkarlar Qara Qarayev, Fikrət Əmirov və Niyazi, cüdoçu İlham Zəkiyev, repçi Anar Nağılbaz və alim Mirəli Qaşqay daxildir.
Rəqabətləri
Neftçi - Kəpəz rəqabəti
Azərbaycan futbol tarixinin ən köklü və ən rəqabətli derbisi olaraq bilinən bu derbi Bakı və Gəncə kimi Azərbaycanın ən böyük iki şəhərindən çıxan və ölkənin ən müvəffəqiyyətli və təsirli iki futbol klubu arasında oynanılmaqdadır.Həmçinin bu iki komandanın qarşılaşmaları ölkənin ilk paytaxtı ilə hazırki paytaxtı olan Bakı və Gəncə şəhərləri arasındakı tarixi rəqabət xüsusiyyətini də özlüyündə əks etdirməktədir.Neftçi'nin tərəfdarları ümumiliktə paytaxt Bakı və Abşeron yarımadasından olan insanlardan ibarətdirsə,Kəpəz'in tərəfdar kütləsi daha böyük bir xəritəyə sahibdir.Klub Gəncə şəhərini təmsil etsə də , Azərbaycanın bütün Qərb bölgəsi , Aran bölgəsi və bir çox rayon və əyalət şəhərlərindəki insanlarda Neftçi - Kəpəz qarşılaşmalarında Kəpəz'ə tərəfdarlıq edir.Hələ Sovet dövründəykən də Kəpəz'in tərəfdar kütləsi böyük əksəriyyətlə xalqın işçi təbəqəsindən ibarət idi.Buna görə də Qərblilər hər zaman Azərbaycanda və Qafqazda ən çox tərəfdara sahib futbol klubu olmuşdur. Rəqabətin kökü SSSR zamanlarına dayanır.Beləki Kəpəz azarkeşləri hər zaman bildirirlər ki,Kəpəzin SSSR dönəmində Neftçi qədər uğurlu olmamasının ən böyük səbəbi məhz Neftçinin paytaxt təmsilçisi olduğu üçün,ölkənin əsas komandası hesab edilərək,Azərbaycanın ən istedadlı futbolçularını ənəlxüsus Gəncə futbolunun yetirmələrini hər zaman Kəpəz'dən "qopararaq" Neftçi'yə aparılmaları olubki buda Kəpəzin uğurlarına əngəl olub.Azərbaycan futbol ictimaiyyəti tərəfindən "Tarixi Derbi" olaraq adlandırılan bu rəqabət 20-ci əsrin 90-cı illərində MDB ölkələri arasında ən rəqabətli derbilər sırasında belə adı çəkilmişdir. İlk qarşılaşma 1962-cı il 26 iyunda SSSR kubokunun 1/8 mərhələsinə təsadüf edir.Klubların o zaman ki adları ilə "Dinamo Kirovabad"-"Neftyanik Baku" qarşılaşması 1-0 hesabı ilə gəncəlilərin qələbəsi ilə nəticələnib.Ümumilikdə isə o zamandan indiyədək bu komandalar 45 dəfə üz-üzə gəliblərki bu görüşlərdə paytaxt təmsilçisinin üstünlüyü nəzərə çarpır.Belə ki,bakılıların aktivində 20,gəncəlilərin aktivində isə 18 qələbə vardır.
Yarış | Oyun | Neftçi Bakı | Heç-heçə | Kəpəz Gəncə | Top fərqi |
---|---|---|---|---|---|
Azərbaycan Premyer Liqası | 44 | 21 | 7 | 16 | 69-41 |
Azərbaycan Kuboku | 14 | 8 | 2 | 4 | 18-11 |
SSRİ Çempionatı | 2 | 1 | 0 | 1 | 2-3 |
SSRİ Kuboku | 1 | 0 | 0 | 1 | 0-1 |
Cəmi | 61 | 30 | 9 | 22 | 89-56 |
Neftçi - Xəzər Lənkəran rəqabəti
Azərbaycan futbolunun ən maraqlı oyunlarından biri olan "Neftçi - Xəzər Lənkəran" rəqabəti ilk dəfə 8 dekabr 2004-cü ildə Lənkəran şəhər stadionunda başladı. Bu oyundan tərəflər 1-1 hesablı bərabərliklə ayrıldı. Bu matçlarda ilk qələbəni 11 may 2005-ci ildə Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda "Neftçi" komandası 2-1 hesablı qələbəylə əldə etdi. "Xəzər Lənkəran" isə əzəli rəqibi üzərində ilk qələbəsini 11 avqust 2006-cı ildə rəqibini 2-1 hesabıyla məğlub etməklə qazandı. Azərbaycan futbolunda ən böyük azərkeş marağına səbəb olan bu rəqabət "Böyük Oyun" adlanır. Böyük oyunlarda ən böyük hesablı qələbə "Neftçi" komandasına məxsusdur. Beləki, 6 noyabr 2011-ci ildə "İsmət Qayıbov" adına stadionda keçirilən çempionat oyununda "Neftçi" rəqibini 5-0 hesabıyla darmadağın etmişdir. "Neftçi - Xəzər Lənkəran" oyunlarında ən çox rəqib qapısına qol vurmuş oyunçu, "Neftçi" klubunun futbolçusu Flavinyodur. O rəqib komandanın qapısından 7 qol keçirtmişdir.
Neftçi - Qarabağ rəqabəti
Əsas məqalə Qarabağ - Neftçi rəqabəti
Azərbaycan futbolunda digər vacib oyunlardan biri də "Neftçi - Qarabağ" rəqabətidir. Bu matçları prinspial edən səbəblərdən ən başlıcası hər iki komandanın 1992-ci ildən indiyədək təşkil olunan bütün çempionatlarda iştirak etməsidir. "Neftçi - Qarabağ" rəqabəti ilk dəfə 26 sentyabr 1992-ci ildə Tofiq Bəhramov adına Respublika Stadionunda başladı. Bu oyundan tərəflər 1-1 hesablı bərabərliklə ayrıldı. Bu oyunlarda ilk qələbəni 20 oktyabr 1992-ci ildə Ağdamın "İmarət" stadionunda keçirilən oyunda "Qarabağ" komandası 2-1 hesablı qələbəylə əldə etdi. Bu tərəflərin çempionatda "İmarət" stadionunda baş tutdan yeganə oyunu oldu. "Neftçi" komandası isə əzəli rəqibi üzərində ilk qələbəsini 1994/1995 mövsümündə evdə 3:2-lik qələbəylə əldə etdi. Azərbaycan futbolunda böyük marağa səbəb olan bu rəqabət "Azərbaycan derbisi" olaraq tanınır. Bu derbilərdə ən böyük hesablı qalibiyyət "Qarabağ" komandasına məxsusdur. Beləki, 8 noyabr 2020-ci ildə "Bakcell Arena''da baş tutan oyunda "Qarabağ" rəqibini 0:6 hesabıyla məğlub etmişdir. Neftçinin ən böyükhesablı qələbəsi isə 4 noyabr 2000-ci ildə qeydə alınıb - 0:4.
Jurnalı
2009-cu ilin aprelindən etibarən "Neftçi"nin klub jurnalı nəşr olunur. Jurnalın ilk sayında "Tamaşaçısız teatr olmaz", "Əvəzedilməz simalar", "Bir ömrün nəğməsi" və s. başlıqlı yazıları dərc olunub.
Komandanın heyəti
Mənbə: “Neftçi” Peşəkar Futbol Klubu 2019-12-06 at the Wayback Machine
Son yenilənmə: 9 sentyabr 2021
|
|