Azərbaycan Dövlət Pedaqoji Universiteti
Azərbaycan Dövlət Pedaqoji Universiteti və ya qısaca ADPU — pedaqoji kadrların hazırlığı ilə məşğul olan dövlət ali təhsil müəssisəsi.
Azərbaycan Dövlət Pedaqoji Universiteti ADPU | |
---|---|
Azərbaycan Dövlət Pedaqoji Universiteti | |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin əsas binası | |
40°22′22″ şm. e. 49°50′53″ ş. u. | |
Əvvəlki adları | Ali Kişi Pedaqoji İnstitutu, Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutu, V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji Universiteti, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti |
Şüar | "Ənənələrə sadiq, yeniliklərə açıq universitet!" |
Əsası qoyulub | 1921 |
Rektor | Cəfər Cəfərov |
Tələbə sayı | 18.000 |
Bakalavr sayı | 13.000 |
Magistrant sayı | 650 |
Doktor sayı | 67 |
Professor sayı | 62 |
Müəllim sayı | 1600 |
Şəhər | Bakı |
Ölkə | |
Ünvan | Üzeyir Hacıbəyli küçəsi, 68 |
Metro | Sahil |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Azərbaycan Pedaqoji İnstitutu (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) 26 avqust 1921-ci ildə hökumətin qəbul etdiyi 66 saylı qərarla alitəhsilli müəllim kadrları hazırlamaq üçün təsis edilib. Keçən bir əsrlik dövr ərzində daha da inkişaf edərək 8 fakültəyə malik ölkəmizin ən görkəmli ali məktəblərindən birinə çevrilib. Onun ilk buraxılışı 1923–1924-cü tədris ilində olmuşdur. İlk dövrlərdə Ali Pedaqoji Kişi və Ali Pedaqoji Qadın İnstitutları kimi fəaliyyətə başlasa da, böyük tarixi inkişaf yolu keçən Azərbaycan Pedaqoji İnstitutu XX əsrin 90-cı illərində Azərbaycan Dövlət Pedaqoji Universiteti adını alıb. ADPU-nun tarixinə və keçdiyi yola nəzər salanda görürük ki, Azərbaycan SSR Xalq Komissarları Sovetinin (XKS) sədri Nəriman Nərimanovun imzaladığı 1921-ci il 26 avqust tarixli dekret əsasında 6 nəfər tələbə ilə milli dildə fəaliyyətə başlayan bu ilk ali pedaqoji təhsil ocağı yeni təşkil olunan I və II dərəcəli məktəbləri yüksəkixtisaslı pedaqoji kadrlarla təmin etmək məqsədilə yaradılmışdır. Bununla yanaşı, institut tədris və elmi-pedaqoji fəaliyyəti dövründə müxtəlif çətinliklərə məruz qalmışdır. İki dəfə (1927–1929-cu illər və 1941–1943-cü illərdə) fəaliyyəti dayandırılmış, Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) ilə birləşdirilmişdir. Lakin zamanın bütün çətinliklərindən şərəflə çıxaraq Azərbaycanda milli mədəniyyətin, elm və təhsilin inkişafında xüsusi xidmətləri olan müəllim kadrları yetişdirməklə, millətin mənəvi potensialının formalaşmasında önəmli rolunu qoruyub saxlamışdır.
Abdulla Şaiqin təşəbbüsü ilə yaradılan ilk anadilli məşhur "Nümunə Məktəbi" də ADPU-nun nəzdində fəaliyyət göstərib. Məktəbin direktoru Qafur Əfəndizadə (Qantəmir) idi.
ADPU ölkəmizdə ali pedaqoji məktəblər arasında universitet statusu alan ilk tədris və elm ocağıdır. Belə ki, 1991-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu ali məktəbə universitet statusu verilmişdir. Zəngin elm və təhsil ənənələrinə malik olan ADPU respublikamızda ali pedaqoji təhsilin bayraqdarı hesab edilir.
Qeyd etmək lazımdır ki, institutun ali təhsil ocağı kimi formalaşmasında və inkişafında Azərbaycan hökumətinin başçısı N.Nərimanov, xalq maarif komissarı D.Bünyadzadə, dövrün görkəmli ziyalıları — M.Quliyev, Ü.Hacıbəyli, V.Xuluflu, Ə.Übeydulin, B.Çobanzadə və sair ziyalıların xidməti əvəzsizdir.
100 il əvvəl yaranmış institutun ilk direktoru Odessa Universitetinin məzunu Fətulla bəy Rzabəyli, direktor müavini Tiflis Müəllimlər İnstitutunun məzunu Həbib bəy Mahmudbəyov olmuşdur.
Bu günədək ADPU-nun 160 mindən çox məzunu olub. İnstitut bərqərar olunarkən kadrları arasında bir nəfər də alimi olmayan ADPU bu günə kimi saysız-hesabsız professorlar, dosentlər, elmlər namizədləri, akademiyanın müxbir üzvləri və s. elm xadimləri hazırlayıb. Hazırda ADPU-da filiallar və Pedaqoji Kolleclə birlikdə təxminən 20 minə yaxın tələbə təhsil alır. Universitetdə 70-ə yaxın elmlər doktoru, 60-dan çox professor, 300-ə yaxın dosent, 350-dən çox fəlsəfə doktoru çalışır. ADPU-da ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas, magistratura səviyyəsində isə 20 ixtisas üzrə pedaqoji kadr hazırlanır.
Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulan ən mühüm vəzifələrdən biri də müasir tələblərə cavab verən təhsil infrastrukturunun yaradılması və təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılmasıdır. Dövlət Strategiyasının bu tələblərinə uyğun olaraq, ölkə Prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) ADPU-ya qoşulması və onun filiallarının da ADPU-nun strukturuna daxil olması nəticəsində ADPU ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan vahid ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilmişdir. Bununla yanaşı Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli qərarı ilə Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə (ADPK) birləşdirilməklə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərməyə başlayıb. Qeyd edək ki, dövlət başçımızın 2016-cı il 29 aprel tarixli Sərəncamı ilə ADPU-nun Qazax filialı Bakı Dövlət Universitetinə, Zaqatala filialı isə Azərbaycan Dövlət İqtisad Universitetinə verilib. Hazırda ölkənin 5 müxtəlif regionunda ADPU-nun Şəki, Quba, Ağcabədi, Cəlilabad və Şamaxı filialları fəaliyyət göstərir. Azərbaycan Respublikası Təhsil nazirinin 20 iyul 2016-cı il tarixli əmri ilə Bakı şəhərindəki Məmməd Rahim adına 7 nömrəli tam orta məktəb 2016–2017-ci tədris ilindən etibarən ADPU-nun baza məktəbi kimi müəyyən olunub. Bu əmrin verilməsi ölkəmizdə ardıcıl şəkildə həyata keçirilən təhsil islahatlarının, eləcə də yüksəkixtisaslı pedaqoji kadrların hazırlanması prosesinin tərkib hissəsidir və nəticə etibarilə təhsilin keyfiyyətinin yaxşılaşmasına xidmət edir.
Heydər Əliyev və Pedaqoji Universitet
ADPU-nun 100 illik tarixinin bütöv bir mərhələsində (1969–1987-ci illər və 1993–2003-cü illər) qazanılan uğurlar bilavasitə ümummilli liderimiz Heydər Əliyevin unudulmaz adı və çoxşaxəli fəaliyyəti ilə qırılmaz tellərlə bağlıdır. "Təhsil millətin gələcəyidir!" deyən ulu öndər Heydər Əliyev daim ADPU-ya yüksək qiymət vermişdir. Ümummilli lider Heydər Əliyev 5 dəfə ADPU-da olmuş, professor-müəllim və tələbə kollektivinə çox dəyərli tövsiyə və məsləhətlər vermiş, hər bir əməkdaşın arzu və istəkləri ilə maraqlanmışdır. ADPU-nun 50 illik yubileyi ilə bağlı təntənəli yığıncaqda ölkənin ali mükafatı olan "Qırmızı Əmək Bayrağı Ordeni"ni Heydər Əliyev şəxsən universitet kollektivinə təqdim etmişdir.
Ulu öndər Heydər Əliyev elm və təhsil məbədi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim və tələbə kollektivi ilə görüşlərinin birində demişdir:
Azərbaycan Pedaqoji İnstitutu böyük və çətin yol keçmişdir. Onun kollektivi Azərbaycan ümumtəhsil məktəbinin inkişafında böyük xidmət göstərmiş, institut xalq maarifi üçün yüksəkixtisaslı kadrlar ocağına çevrilmişdir. Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır. İndiyə qədər yaranmış təməlin üzərində dayanan Azərbaycan təhsili bundan sonra daha da təkmilləşəcəkdir. Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hislərinə malik olan insanlardır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev |
Ulu öndərin xatirəsinə ehtiram əlaməti olaraq ADPU-nun əsas tədris binasının foyesində abidəsi qoyulmuş, dahi şəxsiyyətə aid nadir eksponatların sərgiləndiyi, professor-müəllimlərin, tələbələrin və universitetin qonaqlarının ziyarət məkanına çevrilən Heydər Əliyev Muzeyi yaradılmışdır. Ulu öndərin zəngin irsinin gənc nəslə çatdırılması məqsədilə "Heydər Əliyev məktəbinin lektoriyası" təşkil edilmiş, ADPU-nun 2 saylı tədris binasında da möhtəşəm Heydər Əliyev Mərkəzi yaradılmışdır. Heydər Əliyevin irsini dərindən öyrənmək məqsədilə universitetin professor-müəllim heyəti, magistr və doktorantları üçün xüsusi kurslar təşkil edilmişdir.
Heydər Əliyevin ADPU-ya səfərləri
Qeyd edildiyi kimi H.Əliyev 70–80-ci illərdə Azərbaycan SSR KP MK-nın I katibi olarkən Pedaqoji Universitetə (o vaxtkı V.İ.Lenin adına ADPİ) xüsusi qayğı ilə yanaşmış və qısa dövrdə 5 dəfə universitetdə olmuşdur:
- H.Əliyevin ADPİ-yə ilk gəlişi 1971-ci ilin dekabrında olub. İnstitutda partiya komitəsinin iclasında iştirak edən H.Əliyev kollektivin yığıncağında böyük və dərin məzmunlu nitq söyləyərək institutun fəaliyyətini təhlil edib professor-müəllim heyəti qarşısında duran vəzifələrdən ətraflı şəkildə danışır.
- Ümummilli liderin ADPİ-yə ikinci gəlişi 1973-cü ilin fevral ayının 28-də institutun 50 illik yubileyi münasibətilə baş tutub. Həmin vaxt Dzerjinski adına Mədəniyyət sarayında (indiki Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi) yubileylə əlaqədar təntənəli yığıncaq keçirildi. H.Əliyev mərasimdə iştirak edir və Pedaqoji İnstitutun yarıməsrlik yubileyi münasibətilə nitq söyləyir. Sonra ADPİ-nin yüksək dövlət mükafatı — "Qırmızı Əmək Bayrağı Ordeni" ilə təltif edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanını elan edərək ordeni institutun bayrağına sancır. Daha sonra institutun bir qrup professor-müəllim heyəti və əməkdaşlarını Azərbaycan Ali Sovetinin fərmanı ilə fəxri adlar almaları münasibətilə təbrik edir.
- Üçüncü dəfə Ulu öndər respublika ali məktəblərində keçirilən qəbul imtahanlarının vəziyyəti ilə tanış olmaq üçün 1978-ci ilin avqust ayında ADPİ-də olub.
- H.Əliyevin dördüncü dəfə ADPİ-yə səfəri növbəti əlamətdar günə — institutun 60 illik yubileyinə təsadüf edir. Ümummilli lider yubiley tədbirində iştirak üçün 1981-ci ilin dekabr ayının 23-də ADPİ-yə gəlir. Təntənəli mərasimdən əvvəl institutu gəzib onun həyatı, tədris və elmi fəaliyyəti ilə tanış olan H.Əliyev sonra Dzerjinski adına Mədəniyyət sarayında (indiki Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi) təşkil olunan təntənəli yığıncaqda nitq söyləyib 60 ildə institutun keçdiyi çətin və şərəfli yolun bəzi məqamlarını xatırlayaraq ali təhsil ocağının respublikanın mədəni və elmi həyatındakı xidmətlərini yüksək qiymətləndirib. Mərasimdə H.Əliyev rektor Afad Qurbanovu Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edir. H.Əliyev burada müəllimlik peşəsini yüksək qiymətləndirir və deyir:
Müəllimlik işi həm şərəfli, həm də çətin işdir. Ali məktəb müəllimi olmaq, müəllimlər hazırlamaq, yəni müəllimlər müəllimi olmaq ikiqat şərəfli və eyni zamanda ikiqat məsuliyyətli işdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev |
- Nəhayət H.Əliyev beşinci dəfə 1982-ci ilin avqust ayının 1-də növbəti dəfə ADPİ-də qəbul imtahanlarının vəziyyəti ilə tanış olmaq üçün instituta səfər edir.
Bunlardan əlavə qeyd etmək lazımdır ki, Heydər Əliev 1979-cu ilin yayında sovet nümayəndə heyətinin başçısı kimi Bolqarıstan və Yuqoslaviyaya rəsmi səfərində Bolqarıstanın paxtaxtı Sofiyada ADPİ-nin 16 nəfərdən ibarət tələbə-inşaat dəstəsinin üzvləri ilə görüş keçirib.
Universitetin adları
- Ali Kişi Pedaqoji İnstitutu (1921–1924-ci illər)
- Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutu (1924–1927-ci illər)
- V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu (19 iyun 1930-cu il — 19 sentyabr 1941-ci il; 01 oktyabr 1943-cü il — 01 aprel 1991-ci il)
- V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji Universiteti (01 aprel 1991-ci il — 26 noyabr 1991-ci il)
- Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti (26 noyabr 1991-ci il — 2000-ci illər)
- Azərbaycan Dövlət Pedaqoji Universiteti (2000-ci ildən indiyədək)
ADPU-nun rektorları
- Fətulla bəy Əziz oğlu Rzabəyli (1921–1924)
- Məmməd Rəşid oğlu Əfəndiyev (1924)
- Həbib bəy İbrahimxəlil oğlu Mahmudbəyov (1925)
- Şarif Əhmədzyanoviç Manatov (1925–1926)
- Cəlil Məmməd oğlu Məmmədzadə (1926–1927)
- Pənah Ələkbər oğlu Qasımov (01.09.1929–10.12.1930)
- Məmməd Abbas oğlu Bayramov (10.12.1930–22.02.1933)
- Bəşir Nurəli oğlu Bünyatov (22.02.1933–21.12.1933)
- Mirzə Süleyman oğlu Məmmədov (21.12.1933–25.05.1936)
- Mirzə Davud Məsim oğlu Rəsulzadə (26.05.1936–31.02.1937)
- Hüseyn Məmməd oğlu Musayev (31.01.1937–07.10.1937)
- Aqil Qasım oğlu Salayev (22.11.1937–27.11.1939)
- Camal Əhməd oğlu Əliyev (22.11.1939–14.03.1940)
- Ələsgər Mahmud oğlu Həşimov (14.03.1940–13.01.1942)
- Ağamməd Səməd oğlu Abdullayev (01.10.1943–18.01.1944)
- Məmməd Həmid oğlu Ələkbərov (01.01.1944–03.06.1944)
- Əhməd Yusif oğlu Seyidov (24.06.1944–07.05.1950)
- Cəfər Xəndan Hacıyev (07.05.1948–16.08.1950)
- Mehdi Məmməd oğlu Mehdizadə (19.08.1950–14.12.1951)
- Həmid Musa oğlu Qədirov (14.12.1951–24.06.1954)
- Cəbrayıl Ağaəli oğlu Ələsgərov (28.06.1954–19.12.1956)
- Mehdixan Yusif oğlu Vəkilov (19.12.1956–17.09.1962)
- Mehdi Sadıq oğlu Əliyev (17.09.1962–03.02.1965)
- Şövqi Süleyman oğlu Ağayev (11.02.1965–14.07.1970)
- Həşim Nizam oğlu Ağayev (14.07.1970–05.08.1981)
- Afad Məhəmməd oğlu Qurbanov (01.07.1981–06.04.1989)
- Səlvər Riza oğlu Aslanov (07.04.1989–09.03.1994)
- Nizami Manaf oğlu Xudiyev (10.03.1994–05.09.1996)
- Bəhlul İsfəndiyar oğlu Ağayev (06.09.1996–21.04.2006(
- Yusif Əbülfət oğlu Məmmədov (21.04.2006–06.05.2016)
- Cəfər Məmməd oğlu Cəfərov (23.07.2016-)
Məşhur müəllim və məzunları
SSRİ PEA-nın həqiqi və müxbir üzvü seçilən azərbaycanlı alimlər — M.Mehdizadə, A.Abbaszadə, H.Əhmədov, S.İmanov məhz ADPU-nun əməkdaşları olmuşlar. 100 il ərzində ADPU ölkəmizə 160 mindən çox yüksək ixtisaslı müəllim kadrları verərək nzəngin ənənələrə malik elm və təhsil müəssisəsi kimi tanınmışdır. Pedaqogika, psixologiya və ayrı-ayrı fənlərin tədrisi metodikası məhz bu ali məktəbdə təşəkkül tapmışdır. Eyni zamanda bir əsrlik fəaliyyəti dövründə ADPU yalnız respublikamız üçün deyil, Gürcüstan, Mərkəzi Asiya respublikaları, Bolqarıstan və digər ölkələr üçün də yüksəkixtisaslı müəllim və elmi kadr hazırlığı prosesini uğurla həyata keçirmişdir.
Pedaqoji Universitet Azərbaycanda elm və təhsilin inkişafına dəyərli töhfələr verən tanınmış alimlər yetişdirmiş, fəaliyyəti ərzində elmi mərkəz kimi formalaşıb inkişaf etmişdir. Yüzlərlə tanınmış alim, yaradıcı ziyalı, ictimai və dövlət xadimi ADPU-da təhsil almışdır. Universitetin məzunlarından Mikayıl Müşfiq, Budaq Budaqov, İsmayıl Şıxlı, Həsən Mirzə, Əli Nağıyev və digər yüzlərlə şəxsiyyətləri göstərmək olar. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 11 prezidentinin 3-ü – Yusif Məmmədəliyev (2 dəfə), Zahid Xəlilov, Həsən Abdullayev, 3 vitse-prezidenti – Heydər Hüseynov, Səməd Vurğun və İsa Həbibbəyli ADPU-nun məzunlarıdır. Sovet İttifaqı Qəhrəmanları — Mehdi Hüseynzadə, Xıdır Mustafayev, Fariz Səfərov, Səlahəddin Kazımov, Sosialist Əməyi Qəhrəmanları — Səfa İmanov, Zərbəli Səmədov, Rüstəm Səfələliyev, Azərbaycanın Milli Qəhrəmanları Mirələkbər İbrahimov, Mətləb Quliyev, "Azərbaycan Bayrağı" ordenli Malik Bayramov, Mürşid Məmmədov igidlik, vətənpərvərlik rəmzi kimi xatırlanır. ADPU-nun məzunları müxtəlif ali məktəblərdə, elmi-tədqiqat institutlarında, dövlət təşkilatlarında uğurla fəaliyyət göstərirlər.
Həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbə və məzunları Vətən müharibəsində yaxından iştirak edib. Universitetin 8 tələbəsi və yüzlərlə məzunu Vətən müharibəsi qazisi, 11 tələbə və məzunu isə Vətən müharibəsi şəhididir.
Universitetin Vətən müharibəsindəki şəhid tələbə və məzunları
- Firdovsi Tahirov — Tarix və coğrafiya fakültəsinin 2019-cu il məzunudur.
- Rəvan Lətifov — Təhsilin təşkili və idarə olunması ixtisasının 2012-ci il məzunudur.
- Ceyhun Nüsrətli — Kimya və Biologiya fakültəsinin 2016-cı il məzunudur.
- Qoşqar Ömərov — Riyaziyyat və İnformatika fakültəsinin 2015-ci il məzunudur.
- Etiram Hüseynli — İncəsənət və fiziki tərbiyə fakültəsi fakültəsinin 1998-ci il məzunudur.
- Orxan Nəbiyev — Şamaxı filialının Azərbaycan dili və ədəbiyyat ixtisası 2016-ci il məzunudur.
- Elgün Əzizov — Şamaxı filialını Azərbaycan dili və ədəbiyyat ixtisası 2011-ci il məzunudur.
- Ağaqardaş Abbasov — Ağcabədi filialının Azərbaycan dili və ədəbiyyat ixtisası 2013-cü il məzunudur.
- Arəstə Baxışova — Vətən müharibəsinin yeganə xanım şəhidi. ADPK-nın İngilis dili ixtisasının 2005-ci il məzunudur.
- İlkin Ağaquliyev — ADPK-nın Fiziki tərbiyə müəllimliyi ixtisasının 2019-cu il məzunudur.
- Cilingir Nəbiyev — ADPK-nın Texnologiya müəllimliyi ixtisasının 2015-ci il məzunudur.
Filialları
Mövcud filialları
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı 13 iyun 2000-ci ildə Ümummilli Lider Heydər Əliyevin 349 saylı fərmanı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının bazasında Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı kimi yaradılmışdır. Fəaliyyətdə olduğu dövr ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında bakalavr pilləsində pedaqoji kadr hazırlığı ilə yanaşı, pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması sahəsində də səmərəli işlər aparılmışdır. Hazırda ADPU-nun Ağcabədi filialında professor-müəllim heyətinin elmi tədqiqat işlərinə cəlb edilməsi sahəsində xeyli uğurlu nəticələr əldə edilmişdir. Təkcə 2016-cı ildə filial əməkdaşları tədrisə zəruri olan 2 dərs vəsaiti, 1 monoqrafiya,1 dərslik, 5 proqram, 40 elmi və elmi metodiki məqalə, 1 metodik vəsait, 5 konfrans tezisi hazırlayaraq nəşr etdirmişdir. Filialın ABŞ, İngiltərə, Fransa, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və s. kimi ölkələrin elmi müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri vardır. Filialda Direktor Şurası, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar Təşkilatı kimi strukturlar fəaliyyət göstərir.
Filial 6,5 hektar ərazidə 3 mərtəbəli binada yerləşir.
İxtisaslar
- "Riyaziyyat və informatika müəllimliyi"
- "Tarix və coğrafiya müəllimliyi"
- "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi"
- "İbtidai sinif müəllimliyi"
- "Məktəbəqədər təlim və tərbiyə"
Hazırda filialda 600 nəfərədək tələbə təhsil alır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı Filial 2000-ci ildə Cəlilabad Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır. Filial əhalisinin sayı 220 mindən çox olan Cəlilabad rayonunda yerləşir və regionda pedaqoji kadr hazırlığı və ömürboyu təhsili reallaşdırmaq məqsədi ilə gələcəyə proqnozlaşdırılmışdır. Cəlilabad filialı qısa bir zamanda əksəriyyətin istinad edəcəyi elm, təhsil, mədəniyyət və ideoloji bir mərkəzə çevrilmişdir. Filial təhsil islahatı ilə bağlı bütün məsələlərin və təhsil innovasiyalarının inteqrasiyası baxımından bölgədə xüsusi əhəmiyyət kəsb edir.
Filialın pedaqoji kollektivi dövlət siyasətinin strateji xətti olan təhsil siyasətinin qlobal dünyanın tələbləri səviyyəsində həyata keçirilməsi istiqamətində hər zaman bütün potensial gücü ilə çalışmış və budan sonra da bu istiqamətdə fəaliyyət dairələrini genişləndirəcəkdir. Müasir tələblərə cavab verən 2 kompüter mərkəzi, 2 Akt zalı, 140 nəfərlik böyük zal, 60 nəfərlik kiçik zal, kitabxana, 4514 nüsxə dərslik, dərs vəsaiti, monoqrafiya, digər elmi və bədii ədəbiyyatlar vardır. Filialda hazırlanan ixtisaslar üzrə tələb olunan dərslik və dərs vəsaitlərinə olan tələbatı təmin etmək üçün kitabxanada İKT imkanarından istifadə edilir.
3 ictimai təkilat fəliyyət göstərir — Tələbə Elmi Cəmiyyəti — Tələbə Gənclər Təşkilatı — Həmkarlar Təşkilatı İttifaqı Komitəsi.
Fəaliyyətdə olduğu 21 ilə yaxın dövr ərzində ADPU-nun Cəlilabad filialında bakalavr pilləsində pedaqoji kadr hazırlığı ilə yanaşı, pedaqoji kadrların ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanması sahəsində də səmərəli işlər aparılmışdır.
Filial 3,2 hektar ərazidə 2 və 3 mərtəbəli yanaşı 2 binada yerləşir.
İxtisaslar
- "Məktəbəqədər təlim və tərbiyə"
- "İbtidai sinif müəllimliyi"
- "Azərbaycan dili və ədəbiyyat müəllimliyi"
- "Tarix və coğrafiya müəllimliyi"
Hazırda filialda 400 nəfərədək tələbə təhsil alır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı bir ali təhsil müəssisəsi kimi ötən 30 illik fəaliyyəti dövründə zəruri ehtiyac olan ixtisaslar üzrə 2 mindən artıq ilkin kadr hazırlığı həyata keçirilmiş, elmi-pedaqoji kadr potensialı formalaşdırmışdır. Respublikamızın Şimal-Şərq bölgəsində yerləşən, tarixi və mədəni mərkəz kimi tanınan qədim Qubada fəaliyyət göstərən bu ali məktəb 1991-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialı adı ilə fəaliyyətə başlamışdır. 1991–1992-ci tədris ilində filiala 4 ixtisas üzrə respublikanın 31 şəhər və rayonundan 120 nəfər tələbə qəbul olunmuş, bölgədə yaşayan 6 nəfər alim, habelə yüksək hazırlıqlı digər mütəxəssislər filialda tədris prosesinə cəlb olunmuşlar. ADPU-nun Quba filialının respublikanın bir sıra ali məktəbləri ilə yanaşı, Türkiyə, Rusiya, Polşa ,Ukrayna və s. kimi ölkələrin elmi müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri də vardır. Filial ötən ilin may ayının 14-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ilinə həsr edilən "Pandemiya şəraitində onlayn təhsil: reallıqlar və perspektivlər" mövzusunda beynəlxalq seminara ev sahibliyi edərək dünyanın və ölkəmizin 14 universitetini bir araya gətirib.
Filialda Elmi Şura, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar İttifaqı Komitəsi kimi strukturlar fəaliyyət göstərir.
Filial 2,5 hektar ərazidə 2 və 3 mərtəbəli 2 binada yerləşir.
İxtisaslar
- "İbtidai sinif müəllimliyi"
- "Azərbaycan dili və ədəbiyyatı"
- "Tarix və coğrafiya"
- "Təhsildə sosial-psixoloji ixidmət"
- "Riyaziyyat və informatika müəllimliyi"
- "Məktəbəqədər təlim və tərbiyə"
Hazırda filialda 900 nəfərədək tələbə təhsil alır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı 13 iyun 2000-ci ildə Ümummilli Lider Heydər Əliyevin 349 saylı fərmanı ilə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının bazasında Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı kimi yaradılmışdır. Fəaliyyətdə olduğu 21 il ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında bakalavr pilləsində pedaqoji kadr hazırlığı ilə yanaşı, pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması sahəsində də səmərəli işlər aparılmışdır.
ADPU-nun Şamaxı filialında professor-müəllim heyəti elmi tədqiqat işlərində xeyli uğurlu nəticələr əldə ediblər. Təkcə 2019-cu ildə filial əməkdaşları tədris üçün zəruri 3 dərs vəsaiti, 1 monoqrafiya, 1 dərslik, 43 elmi və elmi-metodiki məqalə, 1 metodik vəsait, 5 konfrans tezisi hazırlayaraq nəşr etdirmişlər.
ADPU-nun Şamaxı filialının respublikanın bir sıra nüfuzlu ali məktəbləri ilə yanaşı Türkiyə, Makedoniya, Rusiya, İtaliya və Gürcüstan Respublikasının nüfuzlu ali məktəbləri ilə əməkdaşlıq əlaqəsinin nəticəsidir ki, filialda 17–18 may 2017-ci il tarixlərində "III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumu" keçirilib. Növbəti il Turkiyə Respublikasının Amasiya şəhərində həmin simpoziumun davamı olaraq keçirilən tədbirdə filialın əməkdaşları da iştirak ediblər. ADPU-nun təşkilatçılığı ilə Şamaxı filialında 2 iyun 2018-ci il tarixində respublika səviyyəli "Müəllim, məni yaradıcılığa ruhlandır!" mövzüsunda keçirilən "Pedaqoji oxu"da respublikanın 12 rayonundan ümumilikdə 200 nəfər qabaqcıl təhsil işçisi iştirak etmişdir.
Filialda Elmi Şura, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar Təşkilatı kimi strukturlar yüksək fəallıqla fəaliyyət göstərir.
İxtisaslar
- "İbtidai sinif müəllimliyi"
- "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi"
- "Tarix və coğrafiya müəllimliyi"
- "Riyaziyyat və informatika müəllimliyi"
- "Məktəbəqədər təlim və tərbiyə"
Hazırda filialda 500 nəfərdən çox tələbə təhsil alır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı bölgədə mədəni həyatın inişafında müstəsna əhəmiyyəti olan ali təhsil ocağıdır. Şəki filialı bir ali təhsil müəssisəsi kimi ötən 30 illik fəaliyyəti dövründə zəruri ehtiyac olan ixtisaslar üzrə 4 mindən artıq ilkin kadr hazırlığı həyata keçirmiş, bölgə ali məktəbi üçün qaneedici elmi-pedaqoji kadr potensialı formalaşdırmışdır. Respublikamızın Şimal-Qərb bölgəsində, qədim Şəkidə fəaliyyət göstərən bu ali məktəb 1991-ci ildə Bakı Dövlət Universitetinin Şəki filialı adı altında fəaliyyətə başlamışdır. 1992–1993-cü tədris ilində filiala 8 ixtisas üzrə respublikanın 40 şəhər və rayonundan 87 nəfər tələbə qəbul olunmuş, bölgədə yaşayan 25 nəfər alim, habelə tanınmış, yüksək hazırlıqlı digər mütəxəssislər filialda tədris prosesinə cəlb olunmuşlar. Bəzi elm sahələri üzrə ixtisaslı mütəxəssislərin azlığına görə Bakıdakı ali məktəblərdən, xüsusən Bakı Dövlət Universitetindən də alimlər dəvət edilmişdir. Fəaliyyəti dövründə bu bölgə ali məktəbində 1200 nəfərdən artıq alitəhsilli pedaqoji kadr hazırlanmışdır.
Hal-hazırda bu təhsil ocağında professor-müəllim heyəti tərkibində 100 nəfərədək çalışır ki, onlardan da 10 nəfərə qədəri elmlər doktoru, professor, 2o nəfərdən çoxu fəlsəfə doktoru, dosent, 30 nəfərdən çoxu baş müəllim, 15 nəfərədək magistr, 20 nəfərədək doktorant və dissertantdır. Son 5 ildə filial əməkdaşlarından 2 nəfəri elmlər doktoru, 3 nəfəri isə fəlsəfə doktoru proqramı üzrə dissertasiya müdafiə edərək alimlik dərəcələri almışlar. Filial əməkdaşlarından 60 nəfərə yaxını respublikada, həmçinin ABŞ və Fransada müxtəlif təlim kurslarından keçərək sertifikatlar almışlar. Hazırda ADPU-nun Şəki filialında professor-müəllim heyətinin elmi tədqiqat işlərinə cəlb edilməsi sahəsində xeyli uğurlu nəticələr əldə edilmişdir. ADPU-nun Şəki filialının respublikanın bir sıra ali məktəbləri ilə yanaşı, Türkiyə, Rusiya, Fransa, Gürcüstan, Ukrayna və s. kimi ölkələrin elmi müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri vardır. Filialda Elmi Şura, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar İttifaqı Komitəsi kimi strukturlar fəaliyyət göstərir.
Filial 3,2 hektar ərazidə 2 və 3 mərtəbəli yanaşı 2 binada yerləşir.
İxtisaslar
- "Məktəbəqədər təhsil"
- "İbtidai sinif müəllimliyi"
- "Tarix və coğrafiya müəllimliyi"
- "Təhsildə sosial-psixoloji xidmət"
- "İngilis dili müəllimliyi"
- "Fransız dili müəllimliyi"
- "Riyaziyyat və informatika müəllimliyi"
- "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi"
Hazırda filialda 900 nəfərədək tələbə təhsil alır.
Ləğv edilən filialları
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin Gəncə filialı
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin Salyan filialı
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin Mingəçevir filialı
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin Sumqayıt filialı
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialı
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin Naxçıvan filialı
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xankəndi filialı
Kolleci
ADPU nəzdində Azərbaycan Dövlət Pedoqoji Kolleci
Kollec 1919-cu ildə yaranmışdır.
Bundan əvvəlki adı M.Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu olmuş və 23 dekabr 1999-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən M.Ə.Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılmışdır. 13 iyun 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən müəssisənin adından şəxs adı götürülmüşdür.
Kollec 1919-cu ildən indiyə kimi müxtəlif adlarla fəaliyyət göstərmişdir:
- 1919–1920-ci illərdə — Bakı Kişi Müəllimləri Seminariyası;
- 1920–1925-ci illərdə — Bakı Qadın Müəllimləri Seminariyası;
- 1925–1926-cı illərdə — Bakı Müttəhid (Birləşmiş) Müəllimlər Seminariyası;
- 1926–1930-cu illərdə — Azərbaycan Mərkəzi Beynəlmiləl Pedaqoji Texnikumu;
- 1936–1938-ci illərdə — M.Ə.Sabir adina Mərkəzi Beynəlmiləl Texnikumu;
- 1938–1963-cü illərdə — M.Ə.Sabir adına Rus Pedaqoji Məktəbi;
- 1968-ci ildən — M.Ə.Sabir adına Bakı Pedaqoji Məktəbi;
- 1991-ci ilin dekabrından — M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumu;
- 23 dekabr 1999-cu ildən — M.Ə.Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kolleci;
- 13 iyun 2000-ci ildən — Azərbaycan Dövlət Pedaqoji Kolleci
Maddi-texniki bazası
Səbail (Əsas) kampusu
Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 68 ünvanındakı kampusda ADPU-nun əsas tədris binası yerləşir. Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 68 ünvanında yerləşir. Kampusda Filologiya fakültəsi, Riyaziyyat fakültəsi, Fizika fakültəsi, Kimya və biologiya fakültəsi və SABAH mərkəzi yerləşir. Həmçinin universitetin böyük akt zalı, iclas salonu, Heydər Əliyev Mərkəzi (muzey və lektoriya), Karyera Mərkəzi, Kitabxana-informasiya Mərkəzi, universitet nəşriyyatı, kimya və fizika labarotoriyaları, zooloji muzey, böyük idman zalları və SABAH auditoriyaları da bu kampusdadır.
Gənclik kampusu
Bakı şəhəri, Akademik Həsən Əkiyev küçəsi, 104 ünvanındakı kampusda ADPU-nun II tədris binası yerləşir. Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi, 104 ünvanında yerləşir. Kampusda Tarix və coğrafiya fakültəsi, Magistratura və Doktorantura şöbəsi, Davamlı təhsil və innovasiyalar şöbəsi yerləşir. Həmçinin kampusda Heydər Əliyev Mərkəzi (muzey və iclas salonu), xarici tələbələr qız tələbələr üçün geniş və şəraitli yataqxana, kitabxana-informasiya mərkəzi, müasir amfiteatr tipli auditoriyalar, böyük akt zalı və tam təchizatlı idman zalı, ən müasir inklüziv tədris labarotoriyaları da fəaliyyət göstərir.
Nəsimi kampusu
Bakı şəhəri, Nəsib bəy Yusifbəyli küçəsi, 41A ünvanındakı kampusda ADPU-nun III tədris binası bu kampusdadır. Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, 60 ünvanında yerləşir. Kampusda İncəsənət və fiziki tərbiyə və İbtidsi təhsil fakültələri yerləşir. Burada 29 saylı şəhər poliklinikası, idman zalı, musiqi, rəsm, heykəltaraşlıq otaqları və kitabxana fəaliyyət göstərir.
Təbriz kampusu
Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi, 13 ünvanında yerləşən ADPU-nun IV tədris binası bu kampusda yerləşir. Bakı şəhəri, Nəsimi rayonu, Koroğlu Rəhimov küçəsi, 13 ünvanında yerləşir. Kampusda Məktəbəqədər təhsil fakültəsi yerləşir. Burada fakültənin inküziv tədris labarotoriyaları və kitabxana da fəaliyyət göstərir.
ADPU-nun tərkibində Bakı şəhəri M.Rahim adına 7№-li baza məktəbi
Bakı şəhərində yerləşən Məmməd Rahim adına 7№-li tam orta məktəb ADPU-nun baza məktəbi kimi fəaliyyət göstərir. Məktəbdə universitet tərəfindən qabaqcıl yerli və beynəlxalq pedaqoji təcrübə və innovativ pilot layihələr uğurla tətbiq olunur. M.Rahim adına 7 nömrəli tam orta məktəb 2009-cu ildə "Microsoft Azərbaycan" tərəfindən "Novator Məktəblər Proqramı"na təqdim olunmuş məktəblər içərisindən seçilmişdir. Məktəb "Dünya İnnovativ Məktəblər şəbəkəsi"nə qoşulub və dünyanın bir sıra məktəblərinin qabaqcıl təcrübələrini öyrənir.
M.Rahim adına 7 nömrəli tam orta məktəb zəngin tarixi olan və bu gün müasirliyin önündə gedən qabaqcıl təhsil ocaqlarındandır. Məktəb ötən əsrin əvvələrində, 1928-ci ildə ibtidai orta məktəb (I–VII siniflər) kimi fəaliyyətə başlayıb və Paris Kommunasının adını daşıyıb. Dərslər rus dilində keçirilib. 1940–1946-cı illərdə məktəbin binasından hərbi hospital kimi istifadə olunub. 1950-ci ildən başlayaraq 7 nömrəli məktəb Azərbaycan dilində tədrisə başlayıb. 1977-ci ildə xalq şairi M.Rahimin 70 illik yubileyində məktəbə onun adı verilib. Məktəb "2008–2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən "Elektron məktəb" pilot layihəsinə daxil edilmişdir. Layihənin həyata keçirildiyi müddətdə tədris prosesinin təşkili və idarə olunmasında bir sıra müsbət dəyişikliklər baş vermişdir. Elektron jurnalların tətbiqi müəllimlərin valideynlərlə əlaqəsi, şagird nailiyyətlərinin valideynlər tərəfindən əldə edilməsi asanlaşmışdır. SMS vasitəsilə şagirdlərin qiymətləri haqqında valideynlərin məlumatlandırılması, elektron tədris resurslarının istifadəsi mövcuddur. Məktəbdə Dövlət Proqramı çərçivəsində "1 şagird, 1 kompüter" layihəsi tətbiq olunur.
Strukturu
ADPU-da idarəetmə
ADPU-da idarəetmə prosesini 8 fakültə, 33 kafedra, Tədris Departamenti (3 şöbə və 4 bölmədən ibarət), 14 şöbə və 5 mərkəz həyata keçirir. Həmçinin ADPU nəzdində Bakıda Azərbaycan Dövlət Pedaqoji Kolleci və Şəki, Quba, Şamaxı, Ağcabədi və Cəlilabadda ADPU-nun 5 filialı fəaliyyət göstərir. İdarəetmə prosesi 5 prorektorluqda birləşməklə universitet müvafiq olaraq qəbul edilmiş əsasnamə və təlimatlarla idarə olunur. ADPU-da tədris prosesinin idarəçiliyi departament sisteminin tədricən tətbiqinə əsaslandığından, kadr hazırlığı ixtisaslar üzrə ilk bakalavr təhsilində fakültələrə və uyğun kafedralara, magistratura və doktorantura səviyyələrində Magistratura və doktorantura şöbəsinə və kafedralara, əlavə təhsil və təkrar ali təhsildə Davamlı təhsil və innovasiyalar şöbəsi vasitəsilə dekanlıqlara və kafedralara, yenidənhazırlanma təhsilində isə Davamlı təhsil və innovasiyalar şöbəsi və kafedralara təhkim olunmuşdur. Hazırda ADPU-da tədris prosesi Tədris Departamentinin əlaqələndirməsi ilə 8 fakültə, Magistratura və doktorantura şöbəsi, Davamlı təhsil və innovasiyalar şöbəsi və 33 kafedra tərəfindən idarə olunur. Bakalavriatura təhsili üzrə ümumi əlaqələndirmə Tədris işləri üzrə prorektorluq, magistratura və doktorantura səviyyəsində isə Elm və innovasiyalar üzrə prorektorluq tərəfindən həyata keçirilir. Hər tədris ilinin başlanğıcında təsdiq edilən ADPU-nun Akademik Təqviminə əsasən bütün tədris prosesi idarə olunur.
Universitetdə 5 prorektorluq fəaliyyət göstərir:
- Tədris işləri üzrə prorektorluq
- Sosial və humanitar məsələlər üzrə prorektorluq
- Elm və innovasiyalar üzrə prorektorluq
- Beynəlxalq əlaqələr üzrə prorektorluq
- Ümumi işlər üzrə prorektorluq
Fakültələr
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsi
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya Fakültəsi
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat Fakültəsi
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və Biologiya Fakültəsi
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil Fakültəsi
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil Fakültəsi
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika Fakültəsi
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin İncəsənət və fiziki tərbiyə Fakültəsi
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin SABAH Mərkəzi
Elmi tədqiqat strukturları
ADPU-da elmi və elmi-təşkilati fəaliyyət 8 fakültə üzrə 33 kafedrada, o cümlədən Azərbaycanda ilk dəfə 2017-ci ildə yaradılmış Türksoy kafedrasında, Elmi Tədqiqat Mərkəzində, Elmi-təşkilati şöbə və Magistratura və doktorantura şöbələrində həyata keçirilir. Son dövrlərdə universitetdə təsdiq edilən mövzu planı əsasında 741 nəfərdən ibarət professor-müəllim heyəti 67 istiqamətdə, 106 problem üzrə 386 mövzuda elmi tədqiqat işlərini davam etdirib. Tətbiqi və innovasiya xarakterli ən əhəmiyyətli 164 iş tədris prosesində praktik tətbiq hüququ qazanmışdır.
Elm və təhsil sahəsində beynəlxalq əlaqələr çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti dünyanın 52 nüfuzlu universiteti ilə əməkdaşlıq müqaviləsi imzalamışdır.
Elmi fəaliyyət
ADPU-da təhsil proqramları üzrə pedaqoji kadr hazırlığı subbakavavriatura (ADPU-nun nəzdində Azərbaycan Dövlət pedaqoji Kolleci) bakalavriatura, magistratura, doktorantura səviyyələrində, həmçinin əlavə təhsil proqramları üzrə Azərbaycan Respublikasının təhsil qanunvericiliyinin tələbələrinə uyğun aparılır. Göründüyü kimi universitetdə pedaqoji ali təhsilin bütün pillə və səviyyələri üzrə kadr hazırlığı həyata keçirilir.
ADPU ilə Neyron Şirkəti arasında bağlanmış müqaviləyə əsasən tədris prosesinin elektronlaşdırılması prosesi aparılmış, E-Tədris portalı yaradılmışdır.
ADPU-nun dövri elmi nəşrləri
Professor-müəllim heyətinin elmi tədqiqat işlərinin informasiya təminatını reallaşdırmaq üçün ADPU "Clarivate Analytics (Thomson Reuters)" Agentliyi tərəfindən "Web of Science" Məlumat Platformasına qoşulub. ADPU-da Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması üçün tövsiyə edilən dövri elmi nəşrlərin sırasına daxil edilmiş 6 (altı) dövri elmi jurnal nəşr edilir. Bu jurnallarda universitet əməkdaşları ilə yanaşı, respublikamızın, eləcə də xarici ölkə mütəxəssislərinin də məqalələri çap olunur.
Nəşr olunan dövri elmi jurnallar:
- "Pedaqoji Universitetin Xəbərləri" ( Riyaziyyat və təbiət elmləri seriyası )
- "Pedaqoji Universitetin Xəbərləri" ( Humanitar, ictimai və pedaqoji-psixoloji elmlər seriyası )
- "Tarix, insan və cəmiyyət"
- "Fizika, riyaziyyat və informatika tədrisi"
- "Musiqi elmi, mədəniyyəti və təhsilinin aktual problemləri"
- "Təhsildə İKT"
Kitabxana və nəşriyyat
ADPU-nun Əsaslı Kitabxanası
Universitetin kitabxanasının fondu 755.715 nüsxə ədəbiyyat təşkil edir. Bunlar içərisində 686.632 nüsxə kitab və kitabçalar, 3106 nüsxə jurnal, 1179 ədəd dissertasiya, 17.514 ədəd avtoreferat, 4085 ədəd magistr dissertasiyaları, 1016 nüsxə referativ jurnallar və 2270 nüsxə universitet müəllimlərinin elmi tədqiqat işləri yer alır. Eyni zamanda fondda 1000 nüsxə nadir kitablar mühafizə olunur. 2013-cü ildə 5 cildən ibarət “Azərbaycan Dövlət Pedaqoji Universitetininprofessor-müəllim heyətinin 1921-2011-ci illərdə nəşr olunmuş əsərlərininbiblioqrafiyası” kitabxana əməkdaşları tərəfindən tərtib edilmişdir. Kitabxananın fondunda hal-hazırda kiril əlifbası ilə 640 adda 47360 nüsxə, latın əlifbası ilə 9451 adda 75154 nüsxə dərslik və dərs vəsaiti mövcuddur. Fondun həcminə görə universitetin kitabxanası respublika universitet kitabxanaları arasında ikinci yerdədir. Kitabxana hazırda 4 şöbəsi, 27 əməkdaşı ilə oxuculara xidmət edir. 2019-cu ilin iyul ayından Kitabxana İnformasiya Mərkəzinin rəsmi saytı fəaliyyətə başlamışdır. Burada tələbələr elektron kitabxana xidmətindən istifadə edə bilərlər.
ADPU-nun nəşriyyatı
ADPU-da nəşriyyat və mətbəə 1948-ci ildə yaradılıb və bu günə qədər yüksək səviyyədə fəaliyyət göstərir. Universitetin daxili nəşriyyatında son 5 ildə bakalavr təhsil pilləsinə uyğun 2125 adda dərs vəsaiti, metodik vəsait və metodik göstərişlər çap olunmuşdur. Azərbaycan Respublikasının Təhsil Qanununa uyğun olaraq, təhsildə baş verən ciddi dəyişikliklər nəşriyyat şöbəsini işini bakalavr və magistr təhsil pilləsinə uyğun qurmağa yönəltmişdir. Bakalavr pilləsi üçün 18 ixtisas üzrə 508 fənn proqramı Təhsil Nazirliyinin qrifi ilə çap olunaraq istifadəyə verilmişdir. Magistr pilləsi üzrə yeni tədris planlarına uyğun olaraq fənn proqram və dərsliklərinin hazırlanması işi də daim diqqət mərkəzində durur. Hazırda magistr səviyyəsi üzrə 28 fənnin proqramı işlənıniş və çap olunmuşdur. Bütövlükdə son bir ildə 250 ç.v. həcmində dərs vəsaiti, metodik göstəriş, proqram çap olunmuşdur ki, bu da tələbələrin tədris ədəbiyyatına olan tələbatını ödəməyə xidmət edir.
ADPU-nun "Gənc Müəllim" qəzeti
Beynəlxalq Əlaqələr
Universitetin Beynəlxalq Əlaqələr Şöbəsi ADPU-nun və struktur bölmələrinin beynəlxalq fəaliyyətinin idarə olunması və inkişaf etdirilməsinə görə məsuliyyət daşıyır, beynəlxalq istiqamətlər üzrə maraqlarının və hüquqlarının qorunmasını, onların beynəlxalq əlaqələr üzrə fəaliyyətinin təkmilləşdirilməsi və ona nəzarəti təmin edir. ADPU 34 xarici universitet ilə əməkdaşlıq edir, tələbə mübadiləsi həyata keçirir. Türkiyənin 11 universitetində "Mövlanə" mübadilə proqramı çərçivəsində tələbələr üçün təhsil şəraiti yaradır. Partnyor universitetlərdən olan tələbə və müəllimlər qarşılıqlı olaraq bu proqramdan yararlana bilir. Ümumilikdə Türkiyə (11), Rusiya (8), Ukrayna (2), Rumıniya (1), ABŞ (1), Qazaxıstan (4), Litva (2), İndoneziya (1), BƏƏ (1), İsveçrə (1), Özbəkistan (1), və Moldova (1) universitetləri ilə əməkdaşlıq edilir.
ABŞ-ın Corc Vaşinqton Universiteti ilə Beynəlxalq İkili Diplom Proqramı
ADPU və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında "Təhsil" ixtisası üzrə Magistratura səviyyəsində Beynəlxalq İkili Diplom Proqramı. "2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində ADPU və ABŞ-ın Vaşinqton şəhərində yerləşən Corc Vaşinqton Universiteti (CVU) ilə 31 yanvar 2020-ci il tarixində ikili diplom proqramı üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən universitetin "Menecment (təhsilin təşkili və idarəolunması)" ixtisası üzrə magistratura pilləsini bitirən tələbələr hər iki universitetin diplomunu əldə edə biləcək (proqramın məzunları müvafiq olaraq CVU-nun "Təhsil və insan inkişafı: Təhsil siyasəti və liderlik" magistr ixtisasına da yiyələnəcək).
Erasmus+ mübadilə proqramı
Erasmus+ tərəfdaş universitetləri arasında tələbə, akademik və inzibati heyətin mübadiləsini həyata keçirir. Erasmus+ proqramı ilə xarici ölkələrdə təhsil almaqla, tələbələr ünsiyyət və dil bacarıqlarını inkişaf etdirə və gələcək fəaliyyətləri üçün vacib olan bir sıra bacarıqlara yiyələnə bilərlər. Proqram çərçivəsində bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələr, eləcə də akademik və inzibati heyət mübadilədə iştirak edə bilərlər. Mübadilə müddəti 1 semestrdən 2 semestrə qədər davam edə bilər. ADPU ERASMUS+ çərçivəsində Kopenhagen Universitet Kolleci – UCC(Kopenhagen, Danimarka) ilə əməkdaşlıq edir.
Mövlanə Mübadilə Proqramı (MMP)
Türkiyə daxilində təhsil verən ali təhsil müəssisələri ilə ölkə xaricində təhsil verən ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsini həyata keçirmək məqsədi daşıyır. Partnyor universitetlərdən olan tələbə və müəllimlər qarşılıqlı olaraq bu proqramdan yararlana bilərlər. Mübadilə proqramında iştirak etmək istəyən tələbələr ən azı bir, ən çoxu iki semestr təhsil üçün, pedaqoqlar isə ən azı 2 həftə, ən çoxu 3 ay müddətində Türkiyədəki ali təhsil müəssisələrində dərs deməklə proqramdan faydalana bilərlər.
ADPU-nun üzv olduğu beynəlxalq təşkilatlar
- ETEN — Avropa Müəllim Hazırlığı Şəbəkəsi – 2009-cu ildən
- İAUP — Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyası – 2017-ci ildən
Universitet Avrasiya Universitetlər Birliyi (EURAS), Kafkasya Universitetlər Birliyi (KÜNİB) kimi beynəlxalq assosiasiyalarla yaxından əməkdaşlıq edilir.
Tərəfdaş universitetlər
- Ukrayna Təhsil Elmləri Milli Akademiyasının Təhsilin İdarəedilməsi Universiteti (Ukrayna, Kiyev)
- Rusiya Dövlət Peşə Pedaqoji Universiteti (Rusiya, Ekaterinburq)
- Arad Aurel Vlaicu Universiteti (Rumıniya, Arad)
- Corc Vaşinqton Universitetinin Təhsil və insan inkişafı məktəbi (ABŞ, Vaşinqton)
- Qazax Milli Pedaqoji Qızlar Universiteti (Qazaxıstan, Almata)
- Vytatus Magnus Universiteti (Litva)
- Əhməd Dahlan Universiteti (İndoneziya, Yogyakarta)
- İstanbul Kültür Universiteti (Türkiyə, İstanbul)
- Moskva Dövlət Humanitar Universiteti (Rusiya, Moskva)
- Wollongong Universiteti (BƏƏ, Dubay)
- Atatürk Universiteti (Türkiyə, Ərzurum)
- M.X.Dulati adına Taraz Dövlət Universiteti (Qazaxıstan, Taraz)
- Van Yüzüncü İl Universiteti (Türkiyə, Van )
- Yevseveva adına Moldova Dövlət Pedaqoji İnstitutu (Moldova)
- Hacettepe Universiteti (Türkiyə, Ankara)
- Yessenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universiteti (Qazaxıstan, Aktau)
- Naberejnye Çelnıy Dövlət Pedaqoji Universiteti (Rusiya, Tatarıstan)
- Selçuk Universiteti (Türkiyə, Konya)
- Kopenhagen Universitet Kolleci –UCC (Danimarka, Kopenhagen)
- Final Beynəlxalq Universiteti (Şimali Kipr Türk Respublikası)
- Kotelnikov adına Radiotexnika və Elektronika İnstitutu (Rusiya, Moskva)
- Cənubi Qazaxıstan Pedaqoji Universiteti (Qazaxıstan, Şimkent)
- Akmulla adına Başqırdstan Dövlət Pedaqoji Universiteti (Rusiya, Ufa)
- Kazan Federal Universitetinin Elabuj İnstitutu (Rusiya, Tatarıstan)
- Cenevrə Akademik Mərkəzi (İsveçrə, Cenevrə)
- Bihac Universiteti ( Bosniya və Herseqoviniya)
- Litva Təhsil Emləri Universiteti (Litva, Vilnüs)
- Penza Dövlət Pedaqoji Universiteti (Rusiya, Penza)
- Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti (Özbəkistan, Daşkənd)
- Draqomonov adına Milli Pedaqoji Universiteti (Ukrayna, Kiyev)
- İON Kreanga Dövlət Pedaqoji Universiteti (Moldova)
ADPU tələbələri və müəllim heyəti qeyd olunmuş tərəfdaş ali təhsil müəssisələrində mübadilə proqramı çərçivəsində təhsil alır və təcrübələrini bölüşürlər.
Tələbə təşkilatları
- Tələbə Elmi Cəmiyyəti
- Tələbə Gənclər Təşkilatı
- Tələbə Həmkarlar İttifaqları Komitəsi
- ADPU Təhsil Könüllüləri İctimai Birliyi
- ADPU Türk Öğrenci Yönetim Konseyi
Filmoqrafiya
- Azərbaycan Pedaqoji İnstitutu-50 (film, 1973, Azərbaycanfilm Kinostudiyası)
- Ziya ocağı (film, 1991, Salnamə Sənədli Filmlər Kinostudiyası)
- ADPU Tanıtım Filmi — (məlumat filmi, 2021, ADPU TV)
Fotoqalereya
ADPU-nun Vətən müharibəsində şəhid olan tələbə və məzunları (2020)
İstinadlar
- ↑ "Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə" Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamı. e-qanun.az, (azərb.)
- http://www.e-qanun.az/framework/32081
- http://www.e-qanun.az/framework/32673
- Rüstəmov F.A. "Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları". Bakı, "Elm və təhsil", 2019, 304 səh.
- Rüstəmov F.A. "Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları". Bakı, "Elm və təhsil", 2019, 304 səh.
- "Kommunist" qəzeti, 24 dekabr, 1971-ci il
- Rüstəmov F.A. "Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları". Bakı, "Elm və təhsil", 2019, 304 səh.
- Y.Məmmədov. "Azərbaycan Dövlət Pedaqoji Universiteti — 90", Bakı, 2012
- Rüstəmov F.A. "Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları". Bakı, "Elm və təhsil", 2019, 304 səh.
- Rüstəmov F.A. "Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları". Bakı, "Elm və təhsil", 2019, 304 səh.
- Rüstəmov F.A. "Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları". Bakı, "Elm və təhsil", 2019, 304 səh.
- https://www.muallim.edu.az/news.php?id=8521
- https://azertag.az/xeber/1666901
- https://adpu.edu.az/az/t-dris/filiallar/a-dzab-di-filial
- https://adpu.edu.az/az/t-dris/filiallar/dz-lilabad-filial
- https://adpuquba.edu.az/
- https://shamakhi-adpu.az/
- https://www.sheki-adpu.az/
- "Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax və Zaqatala filialları barədə" Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2016-cı il tarixli Sərəncamı. president.az, (azərb.)
- "Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax və Zaqatala filialları barədə" Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2016-cı il tarixli Sərəncamı. president.az, (azərb.)
- https://adpk.edu.az/
- https://filologiya.az/
- https://adpu.edu.az/az/t-dris/fak-lt-l-r/tarikh-v-dzo-rafiya-fak-lt-si
- https://adpu.edu.az/az/t-dris/fak-lt-l-r/riyaziyyat-v-fak-lt-si
- https://adpu.edu.az/az/t-dris/fak-lt-l-r/kimya-v-biolozhiya-fak-lt-si
- https://adpu.edu.az/az/t-dris/fak-lt-l-r/ibtidai-t-hsil-fak-lt-si
- https://adpu.edu.az/az/t-dris/fak-lt-l-r/maektaebaezhaedaer-taehsil-fakultaesi
- https://adpu.edu.az/az/t-dris/fak-lt-l-r/fizika-v-tekhnolozhiya-fak-lt-si
- https://adpu.edu.az/az/t-dris/fak-lt-l-r/indzaesaenaet-vae-fiziki-taerbiyae-fakultaesi
- https://adpu.edu.az/az/t-dris/fak-lt-l-r/sabah-zhruplar-koordinatorlu-u
- https://adpu.edu.az/az/elm/t-rksoy-kafedras
- https://adpu.edu.az/az/elmi-taeshkilati-shoebae
- https://adpu.edu.az/az/mazhistratura-v-doktorantura-b-si
- https://adpu.edu.az/az/elm/doevri-elmi-naeshrlaer
- https://kitabxana.adpu.edu.az
- https://adpu.edu.az/az/universitet/idar-etm/m-rk-zl-r/kitabxana-informasiya-m-rk-zi
- https://adpu.edu.az/az/n-riyyat-b-si
- ttps://www.muallim.edu.az/news.php?id=9577
- https://www.kunib.com/?id=10&lang=tr#NavContentHeader
- https://www.youtube.com/watch?v=muAsMJVa-FI