Çöl qartalı (lat.Aquila nipalensis) — qartal cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.
Status. Azərbaycanda sayı azalan nadir, köçəri növdür.
Yayılması. Köçmə zamanı Xəzərin sahilində və respublikanın başqa aran rayonlarında təsadüf edilir. Dunay çayının aşağı axarında, Qazaxıstanın şimalında və Sibirin cənub-qərbində yuvalayır. Afrikada və başqa isti ölkələrdə qışlayır.
Yaşayış yeri. Açıq sahələrdə yaşayır. Xam torpaqların istifadə edilməsi çöl qartalının yaşayış yerlərini azaldır.
Təbiətdə sayı. Dəqiq məlumat yoxdur. Adətən 250 – 300 km məsafədə 2 - 3 çöl qartalına təsadüf olunur.
Çoxalması. Azərbaycanda yuvalamır.
Rəqibi, düşməni, xəstəliyi. Məlum deyil.
Sayının dəyişilmə səbəbləri. Uzun müddət insan tərəfindən təqib edilməsi, xam torpaqların əkin sahələrinə çevrilməsi, gəmiricilərə qarşı kimyəvi mübarizə üsulunun tətbiq edilməsi çöl qartalının sayını azaldır.
Qorunması üçün zəruri tədbirlər. Növün qorunmasını daha geniş təbliğ etmək, köçmə zamanı gəmiricilərə qarşı kimyəvi mübarizəni məhdudlaşdırmaq lazımdır.