Zemfira Məhərrəmli
Məhərrəmli Zemfira İsmail qızı (1955, Bakı şəhəri, Azərbaycan Respublikası) — jurnalist, publisist, pedaqogika üzrə fəlsəfə doktoru.
Zemfira Məhərrəmli | |
---|---|
Zemfira İsmail qızı Məhərrəmli | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | jurnalistika |
Elmi dərəcəsi | pedaqogika üzrə fəlsəfə doktoru |
Təhsili | BDU Jurnalistika |
Mükafatları |
Həyatı
Zemfira Məhərrəmli 11 dekabr 1955-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhəri, Cəfər Cabbarlı adına 187 saylı orta məktəbdə alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Universitet auditoriyasında müəllimi olmuş ustad jurnalist Nəsir İmanquliyevin yaratdığı "Bakı" və "Баку" şəhər qəzetlərində 1978-ci ildən əmək fəaliyyətinə başlayaraq müxbir işləmiş, elm, təhsil və mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışmışdır (1990-2003).
Z.Məhərrəmli insan hüquqlarına, o cümlədən mənəvi problemlərə dair çoxsaylı publisistik yazıların müəllifidir. Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvüdür.
1991-ci ildən mətbuatda həm də hərbi mövzuda yazılarla çıxış edib. Dəfələrlə “qaynar” nöqtələrdə olmuş, Qarabağ müharibəsinin dəhşətləri, torpaqlarımızın bölünməzliyi uğrunda çarpışan oğul və qızlarımızın hünərini əks etdirən silsilə cəbhə reportajları yazaraq dərc etdirmişdir. Z.Məhərrəmli “Döyüşə qızlar gedir” (1997), “Qarabağda savaş var” (İstanbul, “Turan” yayın evi, 1999), “Ötür durna qatarı” (2000), “Qırx qız dastanı” (2003) kitablarının müəllifidir.
Ailəlidir, iki övladı, üç nəvəsi var.
Mükafatları
2003-cü ildən Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Fəxri üzvüdür. Müharibədə iştirak etmiş qadınların döyüş şücaətini işıqlandırdığına görə Veteran Qadınlar Təşkilatının və Şəhid Anaları Xeyriyyə Mərkəzinin Fəxri Fərmanları ilə mükafatlandırılmışdır.
İngilis dilində nəşr olunan “Garabagh war witnessed by women” (“Qarabağ müharibəsi qadınların şahidliyi ilə”) (2005) və Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində çapdan çıxmış “Карабахская война: сражались и женщины” (2005) kitablarına görə Beynəlxalq Avrasiya Mətbuat Fondunun “Qarabağ” Ali mükafatını almışdır.
Yaradıcılıq uğurlarına görə AJB-nin Həsən bəy Zərdabi (1997), Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqının (AzərKİVİHİ) “Qızıl qələm” (1998) mükafatlarına layiq görülmüşdür. Milli mətbuatımızın inkişafında səmərəli xidmətlərinə görə Zemfira Məhərrəmli Azərbaycan Mətbuat Fondunun «Dan ulduzu» Diplomu, Lider Qadınlar Birliyinin Milli Qəhrəman, jurnalist Salatın Əsgərova adına Fəxri Fərmanı, “Qafqaz-Media” İctimai Birliyinin “Müqəddəs qələm”, habelə Sara xatun Diplomları ilə mükafatlandırılmışdır.
O, publisistik yaradıcılıq uğurlarına görə AzərKİVİHİ-nin “Vətən” diplomu (2000) və “Araz” Ali ədəbi mükafatı (2001) ilə təltif olunmuşdur.
Zemfira Məhərrəmli ölkə Prezidentinin 21 iyul 2010-cu il tarixli Sərəncamı ilə «Tərəqqi» medalına layiq görülmüşdür.
AYB-nin Beynəlxalq Rəsul Rza mükafatına (2018) layiq görülmüşdür. 2018-2019-cu illərdə IX və X "The first" ödüllərinin sahibidir.
Prezident mükafatçısıdır (2019).
Elmi fəaliyyəti
Zemfira Məhərrəmli 2003-cü ildə “İbtidai məktəb və məktəbəqədər tərbiyə” jurnalında tərbiyə problemi” mövzusunda dissertasiya müdafiə edərək, pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Pedaqogika nəzəriyyəsinə və jurnalistikaya nəzəri yenilik gətirən elmi əsərdə bu problem şəxsiyyətin formalaşdırılması kontekstində öyrənilmiş, kiçikyaşlı uşaqların ahəngdar inkişafına təsir edən amillər araşdırılmışdır. Onun “İbtidai məktəb və məktəbəqədər tərbiyə” məcmuəsində tərbiyə problemi” adlı monoqrafiyası 2004-cü ildə “Nurlan” nəşriyyatında çap edilmişdir. 2007-ci ildə “Bir ömürdə üç həyat” (S.Gəncəli ilə birlikdə) kitabı işıq üzü görmüşdür.
Z.Məhərrəmlinin əsərləri Azərbaycan, rus, ingilis və türk dillərində çap edilmişdir.
2015-ci ildə onun jurnalistin yol qeydləri kimi qələmə alınmış “Ömür bitər, yol bitməz...” kitabı, habelə povest, hekayə, mənsur şeirlər və esseləridən seçmələrin toplandığı “Oyuncaq” adlı əsəri “RS Poliqraf” nəşriyyatında nəşr olunmuşdur. Qələm sahibinin yol kitabında soydaşlarımızla görüşlərdən, onların tarixi vətənə − Azərbaycana bağlılığından, bitib-tükənməyən Qarabağ dərdimizdən, ümid və arzularımızdan söz açılmışdır. Bədii nümunələrin yer aldığı nəsr əsərində isə müəllif ənənəsinə sadiq qalaraq, həyatın burulğanlarına, ağrılı mövzulara baş vuraraq, gerçək dünyamızın əzəli-əbədi dəyərlərindən, insan talelərindən söz açmış, xarakterlərin toqquşmasını fərqli ədəbi prizmadan təqdim etmiş, maraqlı, bədii situasiyalarda əks etdirdiyi hadisələrlə bağlı hiss və duyğularını bölüşmüşdür.
1990-1992-ci iliərdə Azərbaycan televiziyasında müntəzəm efirə çıxan populyar “Ana sözü” qadınlar üçün ictimai-siyasi proqramın ssenari müəllifi və aparıcısı olmuşdur.
Fəaliyyəti ilə bağlı 30-dək xarici ölkəyə səfər etmiş, çoxsaylı beynəlxalq konfransların və seminarların iştirakçısı olmuşdur. Haaqa I Sülh konfransı (1999), Avropa ombudsmanlarının Norveçdə (2003) və Danimarkada (2004) keçirilmiş beynəlxalq “dəyirmi masa”larına, habelə Qara dəniz ölkələri ombudsmanlarının İstanbulda (2005) təşkil olunmuş beynəlxalq seminarına qatılmışdır.
Media problemlərinə həsr edilmiş nüfuzlu beynəlxalq toplantılarda, forumlarda dəfələrlə Azərbaycan jurnalistikasını, həmçinin ölkəmizdə formalaşmış mətbuat xidməti institutunu təmsil etmişdir. 2012-ci ildə Türkiyədə və 2014-cü ildə Dubayda düzənlənmiş News media konfranslarında iştirak və çıxış etmişdir.
Z.Məhərrəmli 2003-cü ilin aprelindən 2016-cı ilin yanvar ayına qədər Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində çalışmış, Mətbuat xidmətinin rəhbəri olmuşdur.
Mətbuatda müntəzəm olaraq publisistik yazılar və bədii nümunələrlə çıxış edir.
Qələmə aldığı povest və hekayələri, esseləri və mənsur şeirləri “Azərbaycan”, “Ulduz” jurnallarında, “Məhsəti”, “Yazıçı qadınlar”, “Söz” dərgilərində, “Bakı” və “Баку”, “525-ci qəzet”, “Ədəbiyyat” və “Мир литературы” qəzetlərində dərc olunur.
Z.Məhərrəmli türk dövlətlərini əhatə edən Türkiye İlim ve Edebiyat Eseri Sahipleri Meslek Birliği (İLESAM) kimi nüfuzlu beynəlxalq yaradıcılıq qurumunun üzvüdür. Müəllifin «Sonbaharın Ilgımları» («Payız ilğımları») adlı kitabı (2017) həmin qurumun Azərbaycan təmsilçiliyi ilə birgə layihə çərçivəsində, Türkiyə türkcəsində işıq üzü görmüşdür.
Bədii nəsr nümunələri toplanmış yeni kitabında yazıçı ənənəsinə sadiq qalaraq, yaradıcılığının əsas mövzusundan yan keçməmış, Qarabağ müharibəsinin həyatımıza gətirdiyi fəlakətləri əks etdirən, barıt qoxulu, təməli yurdsevərlik olan hekayətləri kitabına daxil etmişdir. Müəllifin povest və hekayələrinin, mənsur şeir və esselərinin də yer aldığı kitabda çağdaş dünyamızın əzəli-əbədi dəyərləri, müxtəlif insan taleləri fərqli ədəbi prizmalardan təsvir edilmişdir.
Təbrizin «Yaşar qələm» nəşriyyatında müəllifin povest və hekayələrindən ibarət «Analıq haqqı» kitabı (2018) işıq üzü görmüşdür.
Müəllifin «Qarabağ müharibəsi: zərif talelər» kitabı (Bakı, CBS, 2018) Azərbycan Xalq Cümhuriyyətinin və Milli Ordumuzun 100 illiyinə həsr olunub. Bu kitabın Bakıda, Tbilisidə və Ankarada təqdimat mərasimləri keçirilib.
Zemfira Məhərrəmli, «Aranfilm»in istehsalı olan «Döyüşə qızlar gedir» filminin (2019) ideya və ssenari müəllifidir.
Çap olunmuş kitablarının ümumi siyahısı
Elmi araşdırmalar (monoqrafik əsərlər)
- «Döyüşə qızlar gedir». Bakı: «Dünya», 1997.
- «Qarabağda savaş var». İstanbul: «Turan» yayın evi, 1999.
- «Ötür durna qatarı». Bakı: «Nurlan», 2000.
- «Qırx qız dastanı». Bakı «Nurlan», 2003.
- «Garabagh war witnessed by women». Baku: «Publishing House», 2005.
- «Карабахская война: сражались и женщины». Санкт-Петербург, 2005.
- «İbtidai məktəb və məktəbəqədər tərbiyə» məcmuəsində tərbiyə problemi. «Nurlan»: 2007 (monoqrafiya).
- «Bir ömürdə üç həyat». Bakı: «Nurlan», 2007 (S.Gəncəli ilə).
- «Ömür bitər, yol bitməz... ». Bakı: «RS Poliqraf», 2015.
- «Oyuncaq». Bakı: «RS Poliqraf», 2015.
- «Söz adamı». Bakı: 2015.
- «Sonbaharın Ilgımları», Bakü, «Mütərcim», 2017.
- «Qarabağ müharibəsi: zərif talelər», Bakı, «CBS», 2018.
- «Analıq haqqı», Təbriz, «Yaşar qələm», 2018.
Filmoqrafiya
- Azərbaycan televiziyasında efirə getmiş, qadınlar üçün ictimai-siyasi proqram olan “Ana sözü” verilişi (1990-1992) (müəllif və aparıcı)
- «Döyüşə qızlar gedir». Aranfilmin istehsalı, 2019. (ideya və ssnenari müəllifi)
Elmi məqalələr
- Qaçqın uşaqlar bağçasında əmək tərbiyəsi. “İbtidai məktəb və məktəbəqədər tərbiyə”, 1988, № 4, s. 36-39
- Mənəvi dəyərlərimiz tərbiyə vasitəsidir. “İbtidai məktəb və məktəbəqədər tərbiyə”. 1999, № 1, s. 69-70
- Kiçikyaşlı məktəblilərin estetik tərbiyəsi problemləri. “İbtidai məktəb və məktəbəqədər tərbiyə”, 2000, № 4, s. 53-59
- Məktəbəqədər tərbiyə ilə əlaqədar materialların proqram tələblərinə uyğunluğu. “Azərbaycan məktəbi” jurnalı, 2001, №1, s. 113-119
- Uşaqların əxlaq tərbiyəsi məsələləri. “İbtidai məktəb və məktəbəqədər tərbiyə”, 2001, № 4, s. 27-33
- Uşaqların əmək tərbiyəsinə dair. “Azərbaycan məktəbi” jurnalı, 2001, № 4, s. 109-114
- İbtidai siniflərdə fiziki tərbiyə məsələləri. “Təhsil, mədəniyyət, incəsənət” jurnalı, 2001, s. 23-28
- Tərbiyə işinə kompleks yanaşmanın əksi. “Tədqiqlər-1”, Bakı, “Elm”, 2001, s. 106-115
- Məktəblilərin fiziki tərbiyəsinin aktual problemləri. Azərbaycan Pedaqoji Universitetinin 62-ci elmi konfransının materialları, III buraxılış, s. 236-238
- Образование в гендерной перспективе. Информационный бюллетень “Коалиция 1325”, 2004, № 2 (11), с.14-15.
İstinadlar
- Zemfira Məhərrəmli: “Ombudsman Elmira Süleymanova Qənimət Zahidin həbsindən təəssüflənib”[ölü keçid]
- Zemfira Məhərrəmlinin yeni kitabı
- Zemfira Məhərrəmli vəzifəsindən azad edildi
- Zemfira Məhərrəmli — Folklor nümunələri tərbiyə məktəbi, xalq pedaqogikası qaynaqları kimi
Xarici keçidlər
- – Ombudsmanın nümayəndələri milli-mənəvi dəyərlərin qorunması və İKT mövzusunda dəyirmi masada iştirak etmişlər 2016-03-04 at the Wayback Machine