Anzov
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Anzov — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Anzov | |
---|---|
38°52′12″ şm. e. 48°16′10″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Yardımlı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 871 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Anzov Yardımlı rayonunun Hamarkənd inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin yamacındadır. Yerli əhali bu adı Anzo kimi tələffüz edir. Kəndin keçmış adı Zivirs olmuşdur. XIX əsrin ortalarında aparılan araşdırmalara görə, kənddə cəmi beş ailə olmuşdur. Mütəxəssislərin fikrincə, anzol anzol Talış dilində "iki yarğan arasında kicik torpaq sahəsi" deməkdir. Lakin Qafqazda Andzav şəklində qeydə alınmış dağın adı "dar, çətin keçilən; mağara" kimi izah olunur. Tacikistanda, Hissar silsiləsindəki Anzob aşırımının adı da həmin məna ilə bağlıdır.
Tarixi
Kənd ərazisindən yerli insanlar tərəfindən tez-tez maddi mədəniyyət nümunələri aşkar edilsə də hələ ki, arxeoloji qazıntı işləri aparılmamışdır. Qəbir daşları üzərində qədim dövrlərə aid çox maraqlı işləmələr, fiqurlar, simvollar öz əksini tapmışdır. Çox güman ki, bunlar piktoqrafik və idioqrafik yazının mövcud olduğu dövrə aiddir. Kənd ərazisində sənətkarlığın müxtəlif sahələri mövcud olmuşdur. Dulusçuluq, toxuculuq, dəmirçilik-daşyonma kimi sənətkarlıq sahələrinə aid faktlar vardır. Bu şivələrdə şivələrində qədim musiqi aləti mənasında tımbara çalmaq- tımbara//donbur sözü işlənir. Fikrimizcə, tımbara qədim tibira (misgər)- tebir/teber/dəbir/dəmir sözlərinin fonetik variantlarıdır. Q.Kazımov "dəmir" sözünü əsl mənası "döyülə bilən əşya" olduğu üçün şumer dilindəki zabar (tunc) sözü ilə eynikökdən olduğunu qeyd edir. Bu şivələrdə "səs-küy salmaq", "taqqıltı salmaq" mənasında dülüsgərlik eləmək (dulusçu dəzgəhı taqqıltı saldığına görə belə adlandırılıb), qalayçı anlamında qəleyçi, yaxud qəleyçilik eləmək sözləri işlənir. Bu ərazilərdə toxuculuğun müxtəlif sahələri də (xalça, kilim, palaz, cecim, qəyəq və s.) inkişaf etmişdir.
Yaşlı sakinlərin fikrinə görə, indiki Anzov kəndinin əsasını Ərdəbilin Nəmin qəsəbəsindən gəlmiş Məmi adlı şəxs qoyub. Anzo (v) kəndində Kəlbiəlilər (Məhəmmədli, Mirhüseynli, Ağahüseynli və Əhədli) ən böyük tayfa hesab olunur. Anzovdakı tayfaların bir qolundan (Həsən Kərimlilər, Kəlbiəlilər, Seyidəlilər, Səbziəli// Soziəlilər) Yardımlının Solqard və Lerik ərazisindəki Anzolu kəndləri yaranmışdır. Bu barədə "Azərbaycan toponimlərinin ensklopedik lüğəti"ndə də məlumat yer almışdır.
Anzov topniminin mənşəyi barədə yerli əhalinin əsas fikri belədir: "bol su olan yer" (Anz-ov-"ənc" və "ov"). Bəziləri Anzov sözünün "Xansoy"dan yarandığını güman edir. Qeyd edək ki, Yardımlı şivələri konservativ xüsusiyyət daşıyır, nəinki ayrı-ayrı kəndlərin, hətta hər bir tayfanın özünün spesifik şivə xüsusiyyəti mövcuddur. Yardımlınin, o cümlədən Anzovun əksər yaşlı sakinlərinin adı "xan" sonluğu ilə bitir. Məsələn, Dənizxan, Ulduzxan, Tavarxan, Ataxan, Dədəxan, Babaxan, Qaraxan kimi onlarla belə adlar monqollarla bağlı deyil, heç şübhəsiz ki, qədim oğuzlardakı xan sözündən qaynaqlanır. Lakin xan sonluğunun təkcə bu kəndə aid olmaması toponimin mənşəyinin "xansoy"la bağlılığını inkar edir. Xan sözü şəxs adlarının düzəlməsində iştirak etməklə yanaşı türk dillərində qədim dövrlərdən başlayaraq titul kimi işlənmişdir. Səlcuqlar və Azərbaycanda Xanlıqlar dövründə "xan" ən yüksək titul funksiyasında işlənmiş, Səfəvilər dövründə isə şahdan sonra ikinci titul hesab edilmişdir.
Birinci fikrə qayıdaq: Ənc (çox, bol) Yardımlı şivələrinə məxsus sözdür. Ona görə də birinci komponentdəki sözün talış dilində izah olunması yanlışdır. Həmin dildə bu söz (anca) "kəsmək, doğramaq" mənasındadır və bunun da Anzov (Əncov şəklində olsa belə) sözü ilə heç bir əlaqəsi yoxdur. Lerik rayonunun Bürsülüm i.ə.v.-nə məxsus Ancaqov kənd adını bəzi tədqiqatçılar Ancaku şəklində, (əncə- qıpçaq tayfası və iran dillərindəki ku- "dağ, yer, ərazi"), yəni "əncələrə məxsus yer" mənasında izah edir. Bəziləri isə həmin toponimin talış dilində "mal kəsilən yer" anlamında olduğunu qeyd edir.
Toponimin mənşəyi ilə bağlı digər fikirlərə yer ayıraq: Anzo/ Ansu sözü formaca qədim Anzi sözünə çox yaxındır. Tanınmış tədqiqatçı Q.Kazımov bu barədə İ.Əliyevə və E.A.Qrantovskiyə ("Rannyaya istoriya iranskix plemen Peredney Azii, M.,1970, s. 317) istinad edərək yazır: E.ə. 714-cü il siyahısındakı adlardan biri də Anzidir. İ.Əliyev bu adı "yanzi" (başçı, hakim-Ş.M.) sözü ilə müqayisə etmiş, E.A. Qrantovski bununla razılaşaraq həmin sözü (Anzi-Ş.M.) iranmənşəli saymamışdır. Şumercə An (Göy Allahı) və zu, zi "bilmək" sözlərindən olub, kassitlərin yanzi "hakim" sözü ilə bir kökdəndir. Bu fikrə görə Anzi//Anzo qədim dilimizdə "Göy tanrıya sitayiş edənlər"mənasındadır. Anzi sözününə sonralar Ensi şəklində də rast gəlinir. Q.Kazımov yazır: Əvvəllər mağ sənəti kütləvi xarakter daşısa da (maq tayfa üzvləri arasında), sonralar tədricən mağ sehr, cadu və duaları mürəkkəbləşmiş, yalnız kahinlər tərəfindən istifadə olunmuşdur. Kahinlər isə nəsli cəmiyyətin başçısı kimi en adlanmış, sonralar kahin-hökmdara – ensi’yə çevrilmişlər. Deməli, şumerlər hələ Zaqroş (C.Azərbaycan-Ş.M.) dağlarından gəlməmiş, magiyaya bələd olmuş, təsərrüfat inkişaf etdikcə qəbilə başçısı kahinə və hökmdara (en~ensi) çevrilmişdir. Əlaqəni təsdiq edən mühüm cəhət budur ki, şumer başçıları kimi, Azərbaycan ərazisində güclü bir tayfa olan mağların tayfa başçısı da ensi adlanmışdır. (s.62-63). XIX əsrin ortalarında aparılmış araşdırmalara görə Anzov kəndində cəmi 5 ailə olub. Mütəxəssislər adın Anzo variantına üstünlük vermiş və Anzo/Anzol sözünü "iki yarğan arasında yerləşən kiçik torpaq sahəsi" kimi izah etmişlər.
Tədqiqatçılar Qafqazda Andzav şəklində qeydə alınmış dağın adını "dar, çətinkeçilən, mağara" kimi izah edir. Tacikistanda, Hissar silsiləsindəki Anzob aşırımının adı da həmin məna ilə əlaqələndirilir. Mütəxəssislər Lerikin Çayrud sovetliyində yerləşən Anzolu kəndinin əsasını Yardımlı rayonunun Anzov kəndindən çıxmış ailələrin saldığını qeyd edir. Lerikdəki anzolular (Anzoli) hazırda talış dilində danışsalar da özlərini tırk/türk sayırlar. Bu kənd 1917-ci ildə Anzoli, 1933-cü və 1961-ci illərdə Anzolu şəklində qeydə alınmışdır. Anzolu "Anzovdan gəlmələr" kimi göstərilir. Hazırda yerli əhali kəndin adını Anzo şəklində tələffüz edir. Deməli, burada talış dilindəki "ov" komponentindən söhbət gedə bilməz. B.Budaqov "Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti" kitabında Anzov oykoniminin talış dilində "oğlanlar", "igidlər" mənasında olduğunu güman edir. Burada toponimin "an" və "zua" şəklində olması inandırıcı deyildir. Hər halda hər iki toponim eyni şəklidə izah olunmalıdır. Çünki Anzovlu yaşayış məntəqəsi "Anzovdan gəlmələr" kimi qeyd olunur. Bu oykonimlərin İran ərazisindəki Ənzəli toponimi ilə bağlılığı da diqqət çəkir. B.Budaqov Lerik rayonu ərazisindəki Anzovlu oykonimin Ənzəli adının təhrif forması olduğunu və İranın Ənzəli şəhərindən köçüb gəlmiş əhalinin məskunlaşması nəticəsində yarandığını yazır. Tədqiqatçılar Naxçıvan ərazisində Əlincə çayı dərəsində mineral bulaq adı olan Anzor hidronimini Anzol sözünün təhrif forması olduğunu qeyd edirlər. Əlincə qalası yaxınlığında üç eyni adı özündə birləşdirən Anzır yaşayış məntəqəsi vardır. Yerli əhali kəndin adını Anzor və Anzol deyil, Anzır/Ancur şəklində tələffüz edir. Sözün bu şəkildə tələffüzü toponimin mənşəyini düzgün izah etməyə imkan verir: "An" sözünün türk dillərində "çökək, quyu, yeraltı boşluq" mənası vardır. Toponimin II komponentindəki "cur" qədim dilimizdəki "su" sözünün fonetik variantıdır. Məs. Yardımlı ərazisindəki Bərəncü və İlicur ("İsti su) yer adları buna misaldır. Deməli, Anzır elə "Yeraltı mineral su" mənasındadır. Anzo-v toponimini də qədim dilimizdə Ansu- "an" və zo/so/su, yəni "Yeraltı su" mənasında da izah etmək olar. Kəndin əvvəlki adı olmuş Zivirs ola bilsin ki, sibir/şiber/şivir və su komponentlərindən ibarət olub kalka əsasında (Zivirs-Sivir su- "bataqlıqdakı su") yaranmışdır. XIX əsrə aid mənbələrdə Anzo/Anzov yaşayış məntəqəsinin əvvəlki adının Zivirs olması bizə başqa fikir də söyləməyə imkan verir. Həm Lerik-Yardımlı ərazisindəki Züvüç, Zovin/Zovin, Zövnə/Zövinə, Zivirs , həm Lənkəran rayonunun Separadi i.ə.v.-dəki Zövlə, həm də Kəlbəcər ərazisindəki Zivel kəndlərinin kökü Zuvan/Zuvand etnoniminə çox yaxındır. Cənubi Azərbaycanda Ziviya adlı yaşayış məntəqəsi vardır. Maraqlıdır ki, tədqiqatçılar bu oykonimlərin kökünü həmin bölgədə yaşayan etnik tayfanın dilində izah etməyə çalışmışlar. Hər halda Astanlı i.ə.v.-dəki Zovin/Zevin oykoniminin talış dilindəki "zua" "oğlanlar", "igidlər" sözü ilə əlaqəsi inandırıcı deyildir.Yaxud: Zövlə oykoniminin "zov" və "lə" şəklində ("dar dərə , yarğan" və kiçiltmə bildirən şəkilçi- "balaca yarğan") izah olunması mübahisə doğurur. Belə "qıvraq" izahlara tez-tez rast gəlmək mümkündür. Bizim araşdırmalarımız göstərir ki, -la topoformantı ilə bitən əksər toponimlər "kiçiltmə şəkilçisi" deyil, monqol mənşəli "ula"-dağ sözünün fonetik variantıdır. Müqayisə üçün deyək ki, qədim Ziviya adındakı –iya "yer, məkan" anlayışı ifadə edir və "ziv" sözü qeyd etdiyimiz həmin söz köklərinə uyğundur. Fikrimizcə, bu söz köklərinin dərindən araşdırılmasına ciddi ehtiyac vardır. Bəzi tədqiqatçılar Zivirs sözünün monqol mənşəli sibir/şiber/şivir sözündən yarandığını qeyd edirlər. Belə məlum olur ki, toponim s, ş < z əvəzlənməsi nəticəsində zivirs şəklinə düşmuşdür. Zivirs- monqol dilində "bataqlıq", "cəngəllik" mənasında izah edilmişdir. Lerik ərazisində Sibirdu dağı vardır. Dağ bu ərazidə XX əsrin əvvəllərinədək mövcud olmuş Sibirdu kəndinin adı ilə adlandırılmışdır. Tədqiqatçılar Xaçmaz rayonu ərazisindəki Sibiroba oykonimini də sibir/zivir/şivir/şiberlə bağlamışlar. Türk-monqol tayfaları Yardımlı ərazilərində də mövcud olmuşdur. Cənub bölgəsində monqollarla bağlı digər yer adlarına da rast gəlinir. Araşdırmalar göstərir ki, monqol istilasına qədər (XIII) bu ərazilərdə çox qədimdən yaşayış olmuşdur. İstila Yardımlı ərazisində də böyük süstlüyə səbəb olmuşdur. Bu qənaətə gəlmək olar ki, Ərdəbildə qızılbaşlıq dini və siyasi-ideoloji vasitəyə çevrildiyi ərəfədə indiki Yardımlı ərazilərinə güclü axın və nəzarət olmuşdur. Cənubi Azərbaycan ərazilərindən türkdilli tayfaların indiki Yardımlı bölgəsinə axını XIII əsrdə deyil, əsasən (monqollar yerli oğuz və qıpçaq tayfaları ilə qaynayıb-qarışandan sonra) XIV əsrdən sonra başlanmışdır. Faktlar göstərir ki, indiki yardımlılar gəlmə tayfalardan təşkil olunmayıb. Zivirs sözünün və bu qəbildən olan yer adlarının (Sibiroba, Sibirdu və s.) monqol mənşəli hesab olunması mübahisəlidir. Sibiroba sözünün də "bataqlıqda salınan oba"anlamında olması inandırıcı görünmür. Ola bilər ki, zivir sözü həmin ərazidə geniş yayılmış hunların bir qolu olan suvar tayfasının adıyla bağlıdır.Tarixçilər suvarları müxtəlif adlarla –savar, suvar, sabir, savir və s. qeyd etmişlər.
Q.Kazımov yazır ki, bu cəhətdən hunlarla Albaniyaya qayıdan savarların e.ə. III minillikdə Zaqros ərazilərində, şumerlərdən şimalda yaşayan subir tayfasının bölümlərindən olduğu şübhə doğurmamalıdır. Biz sakların kaslar olduğuna, İtaliya ərazisindəki tursakaların Albaniyadakı turlar və saklarla bir kökdən olduğuna şübhə etmədiyimiz kimi, hunlarla birlikdə eramızın ilk əsrlərindən Albaniyada görünən savarların da 3 min il əvvəl şumerlərin qonşuluğundakı subarlarla eyni kökdən olduğuna şübhə etmirik." Əksər tədqiqatçılar qonşuluqdakı Biləsuvar toponiminin suvar tayfasının adından yarandığını qeyd edir. N.Əsgərov isə bu etnotoponimin bülər və suvar tayfa adlarından yarandığını göstərir. Tarixdən məlumdur ki, güclü Xəzər dövləti əhalisinin əksəriyyətini savirlər təşkil edirdi. Xəzərlərin indiki Yardımlı ərazisində ərəblərə qarşı döyüşü məlumdur. Q.Qeybullayev Yardımlıya bitişik Lerik ərazisindəki Xəzəryaylaq toponimini xəzər etnonimi ilə bağlamışdır.(Q.A.Qeybullayev. K etnoqenezu azerbaycançev.-Baku,"Elm", 1991, s.139). M.İsmayıl yazır ki, Biləsuvar ilk orta əsrlərdə Suvarlar çayının adı ilə adlandırılmışdır. Onların V-VI əsrlərdə, eləcə də qabaq bu yerlərə gəlmələri güman olunur. S.Mollazadə hətta mənbələrə və tədqiqatçıların fikrinə əsaslanaraq qeyd edir ki, Suvarilər (suvarlar) elə güclü idi ki, Sasanilər onların gəlişini özləri üçün təhlükə hesab edirdilər. Q.Kazımova görə, qədim tayfalardan olan sular, subirlər, sabirlər eyniköklü tayfalardır. Şumer-Suber sözlərindəki ş~s keçidindən aydın görünür ki, bunlar (şumerlər və suberlər) eyni tayfanın bölümləri olmuşlar. Suberlər tarixən kutilərdən ayrılmışlar-kutilərin sulu ərazilərdə yaşayan hissəsi belə adlanmışdır. Müəllif daha sonra yazır ki, sonralar tarix səhnəsində görünən, 1-ci minilliyin ortalarında Azərbaycana gələn suvarlar/sabirlər/savarlar subirlərin nəslindəndir.
Aydın olur ki, savarlar hunların tərkibində qərbə hərəkət edərək Azərbaycana gəlməzdən 3 min il əvvəl Azərbaycanda onların əcdadları yaşamışdır. Bu, miqrasiyanın ilkin istiqamətini müəyyənləşdirmək baxımından da faydalıdır.(s.188). Zivirs etnonim mənşəli olub, subirlərin nəslindən olan suvar tayfasının adı ilə də bağlı ola bilər.Toponimin tərkibindəki -s leksemi isə çox güman ki, su sözünün eliziya formasıdır. Bu tayfanın "sulu ərazilərdə yaşayan hissəsinin belə adlanması" fikirlərimizi təsdiq edə bilər.
Viləş çayının sağ sahilində yerləşən yaşayış məntəqələrinin, o cümlədən Anzovun Pornayım adlanması bizə tarixin qaranlıq səhifələrini açmağa imkan verir. Yerli sakinlər bu sözü fars dilində "bol nemətli yer" anlamında izah edirlər. Lakin Pornayım qədim oğuz tayfasınının adı ilə- Pornak//Parnakla əlaqədardır. Parnak etnonimi türkcədə par "var", "var olan" və qədim Alban şəxs adlarında işlənmiş nak (inaq) "dost", "etibarlı adam" mənasındadır. Mağ, alban, kadus, subir, sak, hun, xəzər, bulqar, əncə, sirak, çul// çol, tilə, sal, dulan//dolan, alar, arus, gel, peçeneq, duvannı, keçəl və pornak kimi onlarla tayfa indiki Yardımlı ərazisində- cənub bölgəsinin sakinləri olmuşdur. V.Qukasyan qədim mənbələrə istinad edərək cənub bölgəsində skif, hun, kaspi, alban, kadusi, mard və s. tayfaların mövcud olduğunu göstərmişdir.
Daha ciddi tədqiqatçılar onları gəlmə türk tayfaları kimi göstərməyə ehtiyat etmişlər. Z.Bünyadaov bu barədə yazır: "Bir sıra tədqiqatçıların etdiyi kimi, türkləşmənin XI-XII əsrlərdə baş verdiyini qəbul etmək səhv olardı. Azərbaycan ərazisinə türklərin gəlmə, yad xalq hesab etmək də inandırıcı deyil, çünki bu halda böyük kompakt yerli türk tayfa təşkilatları inkar edilmiş olur". Bu məsələyə "Azərbaycan dilinin tarixi" əsərində belə aydınlıq gətirilir: "Əksər tarixçilərin fikrinə görə, skiflər, saklar, kimmerlər Mada ərazisində e.ə. VIII əsrdən görünməyə başlamışlar. Lakin T.Sulimirski Volqaboyu, Şimali Qafqaz və Azərbaycan arxeoloji materiallarını nəzərdən keçirərək, kərtmə qəbirlər mədəniyyətini skiflərə aid etmiş və onların Ön Asiyada azı e.ə. IX əsrdən mövcud olduğu qənaətinə gəlmişdir." Tanınmış tədqiqatçı Q.Kazımovun fikrincə, bunlar Azərbaycan ərazisində sonralar "skiflər" adı ilə tanınan qədim yerli tayfaların mədəniyyət qalıqlarıdır. (s. 305) XIX əsrin II yarısında Yardımlı Zuvand nahiyəsi tərkibində Lənkəran qəzasının tabeliyində olmuşdur. Rayonun ərazisində rast gəlinən bəzi talışdilli mikrotoponimlər Talış xanlığının (1736-1826) yaranmasından sonrakı dövrə təsadüf edir. Bu bir tərəfdən siyahıyaalma, sənədləşmə, vergi məsələləri ilə izah edilirsə, digər tərəfdən Kərim xan Zəndin köməyi ilə Gilan hakimi Hidayət xanın Lənkərana hücumu zamanı əhalinin bir hissəsinin dağlıq və dağətəyi ərazilərə çəkilməsi ilə bağlı idi. Lənkəran və ətraf ərazilərdə qarşıdurmalar səngidikdən sonra (gilanlılarla Talış xanlığı, qacarlarla Talış xanlığı, Rusiya-İran müharibələri və s.) onlar əvvəlki yerlərinə qayıtdılar. Lakin talışların Azərbaycan bölgələrinə yayılması prosesi siyasi hadisələrlə əlaqədar hələ XV-XVI əsrlərdə-Səfəvilər zamanında başlamışdı. Bunun əsas səbəbi talışların o zaman türkdilli qızılbaşların tərkibində Azərbaycanın digər ərazilərinə yayılması ilə əlaqədardır. Bu fikirdə olan Q.Qeybullayev yazır ki, hazırkı talış adları Azərbaycanın altı rayonunda (əhalisi türkdilli Ağsu, Quba, İsmayıllı,Goranboy, Sabirabad və Şamxor) öz əksini tapmışdır.
Kənd ərazisində "Piyə Piruzə" adlanan ocaq vardır. Qeyd edək ki, M.Nəzərlinin qeyd olunan əsərində bu ocaq barədə heç bir məlumata rast gəlmirik. Piyə Yardımlı şivələrində xüsusi torpaqdan hazırlanan palçıq növüdür. Vaxtilə bundan təndir, ocaq yerlərində çox geniş istifadə olunmuşdur. Ola bilər ki, "Piruzə" ocağının mühafizə hissəsi vaxtilə piyədən qoyulduğu üçün belə adlandırılıb. "böyük" mənasında talış dilində piyə sözü vardır. Astara ərazisindəki Piyanənarud çayı var. Bu söz Piyə (böyük), nəna (ana) və rud (çay), yəni "böyük ana çay" anlamındadır. Lerikin Çayrud sovetliyində Piyəküçə oykonimindəki piyə sözü də bu qəbildəndir. Ocağı sonralar Ağasən // Agahəsən adlı şəxş mühafizə etdiyi üçün "Ağasən ocağı" da adlanır. Ocaq son dövrlərdə yeni memarlıq üslubu ilə inşa edilmişdir. Bu Ocaqda kimin dəfn olunması barədə məlumat yoxdur. Pirə aid kitabənin olmaması qəti fikir söyləməyə imkan vermir. Məlumdur ki, pir sözü ilə yaranan şəxs adları nəslin əsasən kişi xətti ilə getdiyini göstərir. Lakin bu ocağın sufi bir qadının adı ilə bağlı olduğunu göstərir. Piruzə sözü ilə yaxından səsləşən Ağdaş ərazisində Pirəzə yaşayış məntəqəsi vardır. Yerli məlumata görə, bu kənd öz adını yaxınlıqdakı Pirəzə pirinin adından götürmüşdür. Tədqiqatçılar bu sözü pir və əzə ("vadi", "dərə") şəklində, yəni "pir dərəsi" mənasında izah edirlər.
Mədəniyyəti
Anzov Yardımılı rayonunun böyük kəndlərindən biridir. Əhalsi 1000 nəfərdən artıqdır. Anzov kəndini tarixi 400 ildən artıqdır, yəni ilk məskunlaşma 400 il bundan əvvələ təsadüf edir. Kənddə İlk məskunlaşan QILINCXAN olmuşdur. O, buraya İranın KƏLƏNSURA kəndindən gəlmişdir. İlk məskunlaşma Həsən Kərimim adıyla əlaqələndirilsə də, Həsən Kərim Qılıncxanın oğlu olmuşdur. Görünür, Qılıncxanın yaşı cox olduğundan o, burada çox ömür sürə bilməmiş və sonradan kənddə məskunlaşanlar Həsən Kərimi burada görmüş və onu buranın ilk insanı sanmışlar.
Kəndin ümumi ərazisi genişddir. Anzov sözünün mənasını talış dilinin sözü hesab edənlər olsa da, belə burada tarix boyu talış yaşamamıdır. Əslində ANZOV sözü Türk dilindən tərcümədə XANSOYLU, XANNƏSİLLİ deməkdir.
Kənd haqqında geniş məlumatları Malik Balaşovla Şirəli İsayevin yazdıqları "OĞUZ ELİ ANZOV" kitabından almaq olar.[Mənbə göstərin]
Coğrafiyası və iqlimi
Anzov kəndi Talış silsilə dağlarının qərb qurtaracağında, maili dağ yamaclarının ətəyində yerləşir. Kənd ərazisi şimal tərəfdən Qaraçay, cənubdan təxminən 3 km uzunluğunda gədiklə əhatə olunub. Şərqdən Hamarkənd kəndi, qərbdən isə Seyidlər və Osnaqaran kəndi ilə həmsərhəddir.
Kəndin iqlimi Yardımlıya və cənub bölgəsinin dağlıq hissəsinə məxsus sərt kontinental iqlimə uyğundur. Ərazi üçün demək olar ki,bütün fəsillər xarakterikdir. Burada payız və qış fəsillərinin iqlimi Naxçıvanın quru və sərt iqliminə oxşayır. Bu iqlimsə Türkiyənin, hətta Yunanıstanın cənubundakı ərazilərin iqliminə bənzəyir. Burada yayda orta temperatur 20-24 dərəcə Selsi, qış aylarında isə orta temperatur 3-5 dərəcə Selsidir. İllik yağıntının miqdarı 300– 700 mm-dir.
Ərazi region üçün xarakterik olan Talış seysmik zonasına daxildir. Tez-tez qeyd olunan xırda təkanlarla bərabər ərazidə dağıdıcı gücə malik zəlzələlər də özünü göstərmişdir. Belə zəlzələlərdən biri ümumilikdə rayon ərazisi daxil olmaqla 1998-ci ilin iyul ayının 9-da, saat 19_23-də Bakıdan 240 km cənubda, Talış dağlarında 6,5 bal gücündə özünü göstərmişdir. Bu, Yardımlı tarixində misli görünməmiş hadisə olmuşdur. Bütün kəndlər də daxil olmaqla rayon üzrə 10 şəxsi ev tamam uçmuş, 265 ev qəza vəziyyətinə düşmüş, 1100 ev ciddi, 1500 ev isə qismən zədə almışdır. Sosial obyektlərə də külli miqdarda ziyan dəymişdir. 62 təhsil, 10 səhiyyə obyekti, 9 mədəniyyət müəssisəsi, digər ictimai binalar zədələnmişdir.
İlk əvvəllər kəndin torpaq ehtiyatı geniş əraziləri əhatə etmişdir. Əhaliyə məxsus olan torpaq sahəsi təxminən 400 hektara yaxın olmuş, kolxozlaşma dövründə isə bu ərazi 360 hektar civarında qalmışdır. Coğrafi şəraitə görə kəndin mərkəzi hissəsi ərazinin quzey hissəsində yerləşmişdir. Təxminən 250-300 il bundan qabaq kənd əhalisinin əksəriyyətinin maldarlıqla, o cümlədən qoyunçuluqla məşğul olduğdnu nəzərə alsaq görərik ki, kəndin geniş otlaq sahələrinin olması, ərazinin iki çayın arasındakı ərazidə yerləşməsi (şimaldan Qaraçay, cənubdan Zenqaran çayı), ərazinin təbii-coğrafi şəraiti, eyni zamanda əkinçilik üçün münbit torpaqların, bol sulu bulaqların olması kənd əhalisinin məhz bu ərazidə məskunlaşmasında əsas stimul rolunu oynamışdır. Otlaq sahələrinin əksər hissəsi güney hissədə yerləşir. Burada ilk sakinlərin çoxillik təcrübələrinə əsaslanan əməli iş – qoyun yatağının, yəni Qışlaq adlı sahədə qış qoyun yatağının salınması çox diqqətə layiqdir. Belə ki, həm şərqdən, həm də qərbdən bu sahə yüksələn təpə yamacları ilə əhatə olnub.Təpələr yatağı soyuq küləklərdən qoruyur. Yatağın ətrafında suvarma şəbəkəsi üçün 2 bol sulu bulaq, meşə sahəsi və geniş otlaq sahəsi vardır.
Kəndin digər torpaqları ərazinin şərq hissəsində güneybasarda yerləşən piramida şəkilli ərazidən, Ban diki, Pojalar, Yaz yurdu, Percon, Tülcon, Gənci yatağı, İmam yeri, Yol Əli, Söyüdbulaq, Gədik, kənd ərazisindəki Xırdalar, Çolakəş, Ləjon, Mkomon, Əyri ulas, Əliməmməd ölən poja sahələrindən ibarətdir. Bu torpaqlar müvafiq olaraq Osnaqaran, Bozayran, Bürzünbül, Hamarkənd və Zenqaran kəndləri ilə həmsərhəddir.
Kəndin yay otlaqları – yəni elat heyvandarlıq sahələri isə daha böyük əraziləri əhatə edir. Bu yaylaqların hamısı kəndin cənubundadır. Tarixlər şahidi Haça yurd, Halavar daşı, Dib yurd, Vənəköç, Soyuqbulaq, Balaxan yurdu, Güney və Quzey üstə kolat, Sarıbulaq, Əmbüs, Tiy daş, Aslan yurdu, Çəktə, Xuaxıl (Şahbazəli bəyin payız oturacağı), Ağasən yurdu, Bəbir yurdu, Qoyunyatan dərə, Çur-çur və Yuvagah yaylaqlarıdır. Haça yurd yaylağındakı Xoca Döngə dəniz səviyyəsindən 2230 metr hündürlükdə yerləşir.
Kənddə ta qədimdən bir neçə bol sulu bulaq olmuşdur. Bu bulaqlardan biri kəndin şərq hissəsini su ilə təmin edən Böyük bulaqdır. Kəndin bu his – səsi mal-qaranın suvarilmasında, qab-qacaq və pal-paltarın yuylmasında, eyni zamanda indiki qlobal istiləşmədə içməli su ehtiyacının ödənilməsində bu bulaqdan istifadə edir.Ta qədimdən nənələrimiz – Anaxanım nənə, Söhbi nənə , Qərib nənə, Güllü nənə, Nəsi nənə, Əfruz, Sona, Gülsümə nənə nehrəyə atmaq üçün suyu Böyük bulaqdan götürüblər.
Kəndin mərkəzi hissəsi isə içməli suya olan tələbatını Musa bulağının hesabına ödəyiblər. Sifay nənə, Meyxanım nənə, Balanaz nənə, Sitay nənə, Teyiş, Balqız, Vəsi nənə, Bibixanım nənə, Zərnişan nənə, Xurma nənə nehrə suyunu bu bulaqdan götürüblər.
Kəndin qərb hissəsi isə daha çox Yolçu bulağı və Ləjon bulağından istifadə ediblər. Söhbi nənə, Həlimə nənə, Qərəqız nənə, Gülqız nənə, Narıngül nənə içməli su, nehrə suyunu bu bulaqdan götürüblər.
Kəndin bir hissısi isə Drosun bulağından istifadə ediblər. Paki, Xanbacı, Sanay nənə, Bəstigül nənə, İstifa nənə bu bulaqdan nehrə suyu, içməli su və qab-qacağın yuyulmasında istifadə ediblər. Sadalanan insanların demək olar ki, hamısı haqq dünyasına qovuşublar. Behiştlik olsunlar!
Sadalanan bulaqlardan başqa kəndin örüş-otlaq və biçənək sahələrində Daşbulaq, Söyüdbulaq, Percon bulağı, Liməpoja bulağı, Xosu lingi bulaqlarından yayda dəryaz çalınarkən, ot yığılarkən əhali içir, yuyunur, ətrafında dincəlirlər.
Kəndətrafı meşə zolağında Qarabulaq (kükürdlü su), Kəndəlaşbulaq, Batdaq bulaq (Batdaqlı göl də deyirlər), İsti su (müalicəvi əhəmiyyətlidir), Çinarbulaq, Şahverdi bulağı, yaylaqlardakı büllur kimi şəffaf, diş göynədən Soyuqbulaq, Çur-çur bilağı, Daş bulaq dillər əzbəri olmuşdur. İsti yay günlərində isti hava nəfəsləri təngidəndə kənd camaatı, kəndə gələn qonaqlar bu bulaqlardan içib sərinlənir, üstündə dincəlirlər.
Bundan başqa ərazi müalicəvi əhəmiyyətli suları (kükürdlü su) ilə də zəngindir. Ümumiyyətlə, ərazi bol sulu olması ilə fərqlənir. Belə ki, kənddə xırda və böyük bulaqlarla yanaşı 25-dən artıq, ətraf ərazilərdə isə 20-yə yaxın bulaq (şirin sulu ) vardır.
Son vaxtlarda isə əhali kəndin təxminən 3 km, cənub hissəsindən keçən Zenqaran çayından rezin borular vasitəsilə su çəkib. İndi demək olar ki,hər qapıda diş göynədən çay suyu axır.
Anzov əhalsinin əsas məşğuliyyəti üçün oturaq maldarlıq xarakterik olmuşdur. Əhalinin bir qismi oturaq (əkinçilik, sənətkar - lıq), başqa bir qismi isə heyvandarlıq, əsasən də qoyunçuluqla məşğul olmuşdur. Havalar istiləşəndə, yazın gəlişi ilə kənd camaatının yaylağa köçü başlanır, yenə yurd yerləri – Sarıbulaq, Əmbüs, Haça yurd, Qoyunyatan dərə, Tiy daş, Vənəköç, Çəktə alaçıqlarla bəzənərdi. Yenə də obadakılar mal-qaranı, qoyun-quzunu otlaqlara haraylar, dağların səsli-küylü cah-cəlalı başlar, yastı- yastı qayalar çobanların “yastığına” çevrilərdi. Yaylaq maldarlıgı əvvəlki gümrahlığı ilə olmasa da indinin özündə yenə də davam edir.
Anzov ərazisi flora və faunası ilə zəngin bir areala malikdir. Flora və faunası rayonun bütün əraziləri üçün xarakterikdir. Torpaq örtüyü kənd ətra- fındakı ərazilərdə əsasən boz-qonur və gilli torpaqlar, yaylaq və meşələrdəki torpaqlar isə çəmən, meşə-qonur və qara torpaqlardan ibarətdir. Kənd ərazisi bitki örtüyü ilə çox zəngindir. Kənd arası və meşə-yaylaq torpaqlarında min bir dərdin dərmanı olan müxtəlif bitkilər vardır. Bu gün əczaçılqd, həm də müasir xalq təbiətində geniş istifadə olnan gülxətmi, çaytikanı, batbat, dəvədabanı, bulaqotu, yarpız, bağayarpağı, gicitkən, quşəppəyi, cincilim, dağ keşnişi,(istiot), yabanı sogan ( aybə, vəcələ), baldırğan, kəkotu, sancıgülü, sarıçiçək,( romaşka), ayıdöşəyi, turşəng və başqaları, kol bitkilərindən itburnu, ardıc, zəriş, yemişan, əzgil, cır armud, alma və onlarla digər dərman bitkiləri bu ərazinin florasının bəzəyidir. Uzun müddət yaylağa köç edən adamlar, qoyunçuluq və maldarlıqla məşğul olanlar elə bitkilər tanıyırdılar ki, bu bitkilər vasitəsilə südü qıcqırdıb qatığa və ya maya əvəzində südü pendirə çevirmək mümkün idi.
Meşələr üçün yuxarıda sadalanan bitkilərdən başqa endemik və relikt bitkilər xarakterikdir. Endemik bitkilərdən şabalıdıyarpaq palıd (dialektdə uruq), Qarağac, Göyrüş( vən), Azat (nil ), həmişəyaşıl, Zərgent adıyla xalq arasında tanınan kol bitkisi və yarpaqlarının uc hissısi tikanlı burket, Vələs, qızılağac, dağdağan, məxməryarpaqlı ağcaqayın, xan çinarı, cökə, həmişəyaşıl iynəyar -paqlı ardıc, gəvən, iynəyarpaqlı qaraçöhrə, amburçəy və başqa ağaclar meşələrin göz oxşayan bəzəyi, elin qiymətsiz sərvətidir.
Ərazinin faunası da çox zəngindir.Belə ki, ərazidə keçmişdə ceyran, pələng, ayı, dağ keçisi Tura təsadüf olunmuşdur. Sonralar təbii istifadə ilə əlaqədar olaraq meşələr seyrəldikcə bunların nəsli kəsilmişdir.İndinin özün də isə heyvanlar aləmi rayonun bütün ərazisi üçün xas olan səciyyədədir. Çöllərdə və meşə zolaqlarında canavar, tülkü, dovşan, çaqqal, oxlu çaqqal, dələ, sincab, yenot, kirpi, qonur ayı (nəsli kəsilmək üzrədir ), porsuq, vaşaq, ayaqlı və ayaqsız kərtənkələ, ilanlardan yelmar, gürzə, amfibilərdən (suda-quruda yaşa – yanlardan) adi triton, ağac və su qurbağası, su hövzələrində zəli, xərçəng (qırxayaq), qaya və daşlıq, ərazilərdə əqrəblər, quşlardan “Qırmızı kitab”a adı düşən kəklik, qırqovul, alabaxta, bildirçin, alacəhrə, qaratoyuq, sığırçın, qara və ala qarğa, sağsağan, yarasa, bayquş və başqa heyvanlar yaşamaqdadır.
Kəndin qərbindəki Çinarbulaq adlı ərazidəki çinar ağacı özünəməx –susluğu ilə seçlir. Belə çinar ağacına eyni bir düz xətt boyunca rayonun ətraf ərazilərində, o cümlədən Ökü kəndində, Urakəran, Zenqaran, Solqard ərazilərində rast gəlinir. Maraqlı burasıdır ki, bu çinarlar çoxalmır, başqa yerlərdə təsadüf olunmur. Hamısı da bol sulu bulaqların üstündədir. Çinarların ətrafında qədim yaşayış məskəni olmuşdur. Belə ki, Çinarbulağın ətraf ərazisi böyük bir qədim qəbristanlıqdır. Xalq arasında bu çinarlar haqqında ikili fikir dolaşmaqdadır: Bəziləri deyir ki, bu çinarlar ərazidən keçən mühüm tranzit ticarət və karvan yolunun göstəricisidir. Başqa bir qisim isə bu çinarların Səfəvilər dövründə (daha dəqiq I Şah Abbas dövründə(1587-1629)) dövlət sərhəddini bildirmək üçün əkildiyini iddia edir. Və bu çinarlara Xan çinarı deyirlər. Hər halda bizə elə gəlir ki, ikinci versiya həqiqətə daha çox uyğundur. Bu ağaca əhali arasında müqəddəs ağac kimi baxırlar. Onun qorunmasına xüsusi fikir verirlər. Son vaxtlar ətrafı qırıldığıdan bu çinar ağacı daha da əzəmətli görünür. Kölgəsində yerləşən, rişələrindən süzülüb çıxan su isə içməliliyi, şirinliyi və özünəməxsusluğu ilə seçilir.
Göründüyü kimi bölgənin özünəməxsus flora və faunası vardır.[Mənbə göstərin]
Həmçinin bax
- Ağasən ocağı və ya Piyə Piruzə piri
Mənbə
- M.Balaşov, Ş.İsayev, "Oğuz eli Anzov" kitabı.
İstinadlar
- ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 55
- Azərbaycan dilinin tarixi.s.138
- Verdiyeva Z. Köməkçi ad kateqoriyaları. Bakı: Maarif, 1990, s.179
- ATEL, I c. s.40-41
- Azərbaycan dilinin tarixi. s. 285
- Qafqaz Albaniyası. Bakı:Öyrətmən, 1993, 83
- "Azərbaycan VII-IX əsrlərdə." Bakı ,1994, s.179
- Топонимия Азербайджана. Баку,1986. s.105
Xarici keçidlər
- Fotoslaydlarda Anzov kəndi
Yardımlı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |