Görədil
Goradil — Azərbaycan Respublikasının Abşeron rayonunun inzibati ərazi vahidində kənd.
Görədil | |
---|---|
40°32′55″ şm. e. 49°49′47″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Abşeron rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 39 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1631 (2009) nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Goradil kəndi Novxanı və Fatmayı bağlarının yaxınlığında yerləşir. Bakı şəhərindən 25 kilometr aralıda yerləşən Görədil kəndi Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biridir. Bu ərazidə əhalinin məskunlaşmasının III əsrə aid olduğu bildirilir. Görədil kəndi Abşeron yarımadasının ən dilbər güşələrindəndi. Əsl adı Horadil olub bəzi tədqiqatçılara görə, toponim tat dilindəki oura (qala) və ərəb dilindəki tel (təpə) sözlərindən olub, "qala təpəsi" mənasındadır. Həmin yaşayış məntəqəsinin vaxtı ilə Biləcəri və Masazırdan köçüb gəlmiş ailələr tərəfindən yaylaq yeri üçün salındığı bildirilir.
Bir müşahidəyə görə Goradil Goranboy tayfa adı ilə əlaqədar yaranıb. Digər müşahidəyə görə "goran" sözü monqol-türk dillərindən olub, "düşərgə", "qoşun", "müharibə" edən tərəf deməkdir.
Qədimdə bu kənd yuxarı və aşağı Məhəllədən ibarət olub. Yuxarı məhəllə Əhmədlilər, aşağı məhəllə Səhərbəylilər, kəndin orta hissəsi isə Şanazarlı adlanırdı. Bu kəndin əhalisi əkinçilik, xalçaçılıq, maldarlıq, balıqçılıqla məşğul olub.
Toponimikası
Abşeron rayonunun Fatmayı i.ə.v.-də kənd. Abşeron yarımadasındadır. Yaşayış məntəqəsini vaxtilə Biləcəri və Masazırdan köçüb gəlmiş ailələr yaylaq yerində salmışlar. Oykonim ərazidəki eyniadlı dağın adındandır.
Mədəniyyəti
Görədil kəndi özünün qədim tarixi memarlıq abidələri ilə də zəngindir. Ərazidəki ən qədim qəbirstanlıq, Əbdülrəhman Məscidi (1320) və "Qardaşlıq abidəsi" müasir dövrümüzə qədər qorunub saxlanılmışdır. Amma Qədim obdan (su quyusu), "Ağa Murad" hamamı, "Cannat" Pir ocağı və bir tarixi bilinməyən Kərbəlayi Həşim Məscidi Sovet hakimiyyəti illərində dağıdılıb.
Coğrafiyası və iqlimi
Xəzər dənizi sahilində yerləşən bu kənd bəzən gücü 12 bala çatan xəzri küləkləri ilə üzləşməli olur. Sahil zonasında şaha qalxan dəniz dalğalarının dağıdıcı təsiri və küləyin yaratdığı eol prosesləri ekoloji gərginlik yaradan hallardandır.
Xüsusilə Xəzər dənizinin səviyyəsinin bəzi vaxtlarda qalxması Abşeron yarımadasında ciddi ekoloji problem yaranmasına səbəb olur. Yəni, 1977-ci ilin ortalarından 1996-cı ilin sonuna qədər Xəzər dənizinin səviyyəsi iki metr yarımdan artıq qalxaraq çimərlikəri basıb, həmçinin dik yamaclarda isə abraziya prosesi baş verib. Bununla yanaşı hərdən Xəzər dənizi səviyyəsinin aşağı düşməsi nəticəsində neçə kilometrlərlə akkumulyativ düzənlikər dəniz suyundan azad olub. Amma onun yerində şorlaşmış qumlar, qum təpəcikəri, düyünlər yaranıb. İstər sahil zonasında və istərsə də onun mərkəzində olan balıqqulaqlarının və qumların daşınması, sahilə yaxın evlərin salınması onun təbiətini şikəst edib. Bir sözlə yarmadanın gözəlliyinin itirməsinə və relyefinin təbii mənzərəsinin pozulmasına gətirib çıxarıb.
Samur-Dəvəçi kanalının Abşeron yarımadasına qədər çəkilməsi buranın şirin su ilə təmin olunmasına və kanal boyu torpaqların suvarılmasına əlverişli şərait yaratmışdır. 1954-cü ildə Görədildə kanal suyu istifadəyə verilmişdi. Əkinçilik üçün isə bu sudan istifadə edilir. Bəzən bu suya bağlardan çirkab suları da axıdılır. Bu yolla kanalın suyu ciddi infeksiya mənbəyinə çevrilir.
Özünəməxsus adət-ənənələrə, mənəvi və əxlaqi dəyərlərə malik olan Görədil kəndində sosial-iqtisadi problemlərdə mövcuddur.
Əhalisi
420 hektar ərazisi olan bu kəndin əhalisi 760 nəfərdir. Onun da 190 nəfərinə yaxını qaçqın və köçkünlər təşkil edirlər.
Lakin 2000-ci illərin əvvəlindən başlayaraq Görədil kəndinə məxsus torpaqlarda sürətlə yeni bağ evləri tikilməyə başlanmışdır ki, bu da öz növbəsində ərazidə olan demoqrafik vəziyyəti dəyişmişdir. Belə ki, xüsusən yay aylarında böyük əksəriyyəti Bakı şəhərindən olmaqla mövsümü olaraq insanların gəlişi müşahidə olunur. Bir çox hallarda isə ərazidə daimi yaşayış məqsədilə evlərin tikintisi ərazidə olan daimi əhalinin artmasına səbəb olur. Başqa sözlə desək Görədil ərazisinin Bakı şəhərinə yaxın yerləşməsi, ekoloji durumun nisbətən yaxşı olması və digər səbəblərdən ərazi sürətlə suburbanizasiya(insanların şəhərlərdən şəhərətrafı yerlərə axını)prosesinə məruz qalır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1631 nəfər əhali yaşayır.
İqtisadiyyatı
Görədil kəndində Quşçuluq ferması, Su idarəsi, Ayaqqabı fabriki fəaliyyət göstərir. Kənddə Dəmir yolu xətti, poçt, telefon rabitə xətti istifadəyə verilib. Bununla yanaşı məktəb, Mədəniyyət evi də əhalinin istifadəsindədir. Regional ərazidə "Sərhədçi" sanatoriyası yerləşir. Yollara asfalt çəkilmişdir. Kənddə müasir tələblərə cavab verən tibb, səhiyyə ocağı, aptek hələ də yoxdur. Kəndin sosial-iqtisadi inkişafını yaxşılaşdırmaq və əhalini işlə təmin etmək üçün Kənd Bələdiyyəsi tərəfindən proqram işlənilir. Ən başlıcası son zamanlar regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilə yanaşı Bakı kəndləri və ətraf qəsəbələrin inkişaf proqramı da hazırlanmışdır. Bu proqrama Görədil kəndi də daxil olmaqla Bakı kəndləri və qəsəbələrinin yeni inkişafı mərhələsinin başlanğıcı olacağına əminlik yaradır. Elə bu baxımdan Abşeron kəndlərinin sosial vəziyyəti yaxşılaşdırılması və kənd təsərrüfatının inkişafı proqramı Görədil kəndinin əhalisinin də həyat səviyyəsinin yüksəldilməsində mühüm rol oynayacaq.
Həmçinin bax
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər
- Youtube:Goradil çimərliyi, 21.09.2008
- Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti
- http://www.belediyye.com/goradil/
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |