Ağabacı Rzayeva
Ağabacı İsmayıl qızı Rzayeva (15 dekabr 1912, Bakı – 5 iyul 1975, Bakı) — Azərbaycanın ilk qadın bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi (1960).
Ağabacı Rzayeva | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 15 dekabr 1912 |
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 5 iyul 1975 (62 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Təhsili | |
Mükafatları | |
Həyatı
Ağabacı İsmayıl qızı Rzayeva 15 dekabr 1912-ci ildə Bakıda musiqiyə dərin hörmət bəslənilən ziyalı ailəsində anadan olmuşdur. Atası İsmayıl ixtisasca iqtisadçı olsa da, muğamların sirlərinə yiyələnmiş, onları tarda çalmağı öz atası, məşhur tarzən Mirzə Fərəcdən (15 mart 1847 – 26 mart 1927) öyrənmişdi.
Ağabacı babasının vəfatından sonra əvvəlcə Pedaqoji texnikumu bitirib (1929), bir neçə il Saray, Kürdəxanı və Maştağa kəndlərində müəllimlik edir. Lakin o, uşaqlıqdan sevdiyi musiqidən heç cür ayrıla bilmirdi. Yaxşı səsi olan qızları başına yığıb xor yaradır, özü də onları tarda müşayiət edirdi. Maştağada yerli radio qovşağı yaradılarkən gənc müəllimənin təşəbbüsü və yaxından iştirakı ilə xəbərlər arasında musiqi nömrələri də verilərdi. Onu da qeyd etmək lazımdır ki, A. Rzayeva musiqi-maarifçilik işini ömrünün sonuna kimi davam etdirmişdi.
1934-cü ildə əvvəlcə konservatoriyanın nəzdində xalq musiqisi şöbəsi təşkil olunarkən Üzeyir bəy Ağabacı ilə bacısı Ruqiyyəni öz yanına çağırtdırıb, adəti üzrə bığlarını tumarlaya-tumarlaya deyir: "Qoçaq qızlarsız, heç kəs öz qızını tar çalmağa qoymur, özümüzünkülər gəlsə, başqaları da baxıb həvəsə düşərlər".
Ağabacı xanım not çalğısı üzrə ali təhsilli tarzən və bəstəkar Səid Rüstəmovdan, muğam üzrə Mirzə Mənsur Mənsurovdan dərs alır.
Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinifində təhsil almış, onun ən sevimli tələbələrindən biri olmuşdur. Musiqi-nəzəri fənlərdən isə ona Ü.Hacıbəyov, Ə.Bədəlbəyli və C.Hacıyev dərs deyirlər. Bir il sonra o, Üzeyir Hacıbəyovun yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olunur, 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında iştirak edir. O, həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsilini almış ilk qadın-bəstəkardır.
Onun ardınca digər istedadlı qızlar da (Ədilə Hüseynzadə, Hökümə Nəcəfova, Şəfiqə Axundova) bəstəkarlıq sahəsinə gəlirlər.
Onun bəstələdiyi ilk əsər "Gənc vətənpərvərlər marşı" olmuşdur. Mahnı və romans A.Rzayeva yaradıcılığının aparıcı sahəsinə çevrilir. İlk qadın bəstəkarımız klassik və müasir şairlərimizin, aşıqların və digər xalqlara məxsus şer ustalarının yaradıcılığına müraciət etmişdir. Bunlar arasında Nizami, Nəsimi, Füzuli, M.Ş.Vazeh, M.Ə.Sabir, Aşıq Hüseyn, Qaracaoğlan, Əşrəfoğlu, N.Rəfibəyli, İ.Səfərli, Ş.Qurbanov, M.Rahim, Z.Cabbarzadə, Z.Xəlil, M.Dilbazi, T.Elçin, M.Araz, T.Mütəllimov və başqalarının şeirləri onun bəstəkar qəlbini ilhamlandırmışdı. Bundan başqa, bəzən Ağabacı Rzayeva özü də şairliyə meyl etmiş, bəzi mahnıları öz sözlərinə bəstələmişdir – "Durna qatarlı qızlar".
A.Rzayeva başqa həmkarlarından fərqli olaraq, Üzeyir Hacıbəyovun ölümünün ildönümü ilə əlaqədar Hüseyn Abbaszadənin sözlərinə "Sənin xatirən" adlı qəzəl-romans yazır və unudulmaz müəlliminin əziz xatirəsini əməli yaradıcılıq işilə anaraq, ona qarşı bəslədiyi səmimi hisslərini ifadə edir.
Böyük Vətən müharibəsi illərində sənətkarın rübabı susmamış, xalqımızın qəhrəmanlıq şücaətini və vətənpərvərlik hisslərini tərənnüm etmişdir; "Vətən", "Partizan oğlu", "Qəhrəman ananın qəhrəman oğlu", "Sevgilim əsgər gedir", "Gözləyəcəyəm, sevgilim" doğma Vətənə dərin məhəbbət hissləri ilə aşılanmışdır.
Bəstəkarın qəhrəman neftçilərimizin əmək şücaətini tərənnüm edən "Neftçi Qurban", ata-anaların gözlərini sevincdən yaşardan "Evimizə gəlin gəlir", "Oxuma gözəl", "Çoban Qara", balaca qızların gözləri qarşısında şirin və möcüzəli bir aləm açan "Kukla", "Qaranquş", "Ağ göyərçinim", "Sabahın ustaları", "Balaca kapitan", "Qərənfiləm mən" və s. əsərləri milli mədəniyyətimizdə layiqli yer tutur. İlk dəfə Moskvada oxunan "Kukla" mahnısı ona xalqın rəğbətini qazandırmışdır.
Ağabacı Rzayeva bir çox mahnı və romansların, həmçinin "Höcət eləmə" (1965, İsmayıl Quliyevlə birgə) musiqili komediyasının, "Ögey ana" dramı, Xalq Çalğı Alətləri Orkestri, simli kvartet üçün pyeslərin, simfonik əsərlərin,Nəsiminin sözlərinə 7 romansın və s. əsərlərin müəllifidir. İfa olunmamış əsərləri İncəsənət Arxivində saxlanılır.
A.Rzayevanın könül təranələrini ifa etmiş müğənniləri sadalamaqla bitməz – Bülbül, R.Behbudov, Ş.Ələkbərova, R.Muradova, G.Məmmədov, F.Mehrəliyeva, M.Salmanov, T.Əliyeva, T.İsmayılova, L.İmanov və b. O, geniş kütlələrə ünvanlanan bir sıra əsərlərini xor üçün bəstələmişdi ("Çiçəklənən yurdum", "Azərbaycan", "Bəxtiyar ellər", "Dilbərim"). Azərbaycan caz-muğam sənətinin əsasını qoymuş unudulmaz pianoçu Vaqif Mustafazadə də zaman-zaman bəstəkarın mahnılarına müraciət etmiş, məsələn, "Ey pəri" və "Evimizə gəlin gəlir" kimi məşhur mahnılarına bənzərsiz möhür vurmuşdur.
A.Rzayeva öz yaradıcılığının janr diapazonunu genişləndirməyə də can atmışdır. Bu mənada onun musiqili səhnə əsərlərini ("Günəş eşqi", "Höcət eləmə"), variasiyalarını, iki sonatasını, qaboy, tar və kamança alətləri üçün yazdığı pyesləri, xalq çalğı alətləri üçün "Şənlik" süitasını da qeyd etmək olar. Xalq çalğı alətləri orkestrinin tərkibinə klarnet alətinin salınması da Ağabacı Rzayevanın adı ilə bağlıdır.
Ağabacı Rzayeva respublikanın içtimai həyatında da fəal iştirak etmişdir. O, bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, 2 dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, "Şərəf Nişanı" ordeni və müxtəlif medallarla təltif olunmuşdu. 1960-cı ildə ona əməkdar incəsənət xadimi fəxri adı verilmişdir. 5 iyul 1975-ci ildə (63 yaşında) Bakıda vəfat etmiş bəstəkar 2-ci fəxri xiyabanda torpağa tapşırılmışdır.
Mahnıları
- Ad günü - Sözləri : Tofiq Mütəllibov
- Bağçamız - Sözləri : Cahangir Məmmədov
- Balaca kapitan- Sözləri : Cahangir Məmmədov
- Bizim Bakı metrosu - Sözləri : Hikmət Ziya
- Bizim gəmi - Sözləri : Cahangir Məmmədov
- Buzov - Sözləri : Cahangir Məmmədov
- Dostluq qatarı - Sözləri : Cahangir Məmmədov
- Gəl, gəl, a yaz günləri - sözləri: Mirzə Ələkbər Sabir
- İynə - Sözləri : Tofiq Mütəllibov
- Kukla - sözləri: Cahangir Məmmədov
- Qırmızı şar - sözləri: Cahangir Məmmədov
- Mişar - Sözləri : Cahangir Məmmədov
- Naxır gəlir - Sözləri : Cahangir Məmmədov
- Qış mahnısı - Sözləri : Cahangir Məmmədov
- Sarı limon - Sözləri : Tofiq Mütəllibov
- Sənət məktəbi - Sözləri : Tofiq Mütəllibov
- Sülh ordusu - Sözləri : Cahangir Məmmədov
- Sürücü - Sözləri : Cahangir Məmmədov
- Şən yolka - Sözləri : Tofiq Mütəllibov
- Təyyarə - Sözləri : Tofiq Mütəllibov
- Vətənimiz - Sözləri : Hikmət Ziya
- Xoş gəlmisən, təzə il - Sözləri : Hikmət Ziya
- Afəti cansan mənə (romans, M. Füzuli)
- Ağ göyərçinim
- Ay nəğməsi
- Ay yaxası güllü qız
- Bahar oldu (romans, Nəsimi)
- Balaca sürücü
- Çoban qara
- Dəcəl buzovum
- Dilbərim
- Durna qatarlı qızlar
- Dünyanın gözəlliyi
- Evimizə gəlin gəlir
- Eşqin adı
- Ey pəri
- Eyvandan baxan qız
- Əsiriyəm bir dilbərin (romans, M. F. Axundov)
- Fərəhli Bakımız
- Gəl, Nigarım! (romans, Nəsimi)
- Gənc maşinistlər
- Gözlərin
- Gözləyir bizi
- Gözləyirəm, sevgilim!..
- Gül açıldı (romans, Nəsimi)
- Kəklik
- Kimi gözləyirsən?
- Könlüm (romans, N. Gəncəvi)
- Qarabuğdayı qız
- Qaranquş
- Qərənfiləm mən
- Qızıl ulduzlu oğlan
- Lənkəran bağlarında
- Mil düzündə (söz: İ. Səfərli)
- Muğan qızı
- Neftçi Qurban
- Nə lazım (romans, N. Gəncəvi)
- Pambıq ustası (söz: M. Dilbazi)
- Partizan oğlu
- Pioner mahnısı
- Sabahın ustaları
- Sevgilim əsgər gedir
- Sənin xatirən (romans, H. Abbaszadə)
- Sən olacaqsan
- Sülh mahnısı
- Tacik qızı
- Telli sazım
- Təzə arzu, təzə il
- Ulduzlardan ulduzlara
- Zülfü pərişan olmasın (romans, M. Ə. Sabir)
İstinadlar
- Onlarla qürur duyuruq[ölü keçid]
- Fəttah Xalıqzadə - Azərbaycanın ilk qadın bəstəkarı. "Musiqi dünyası" jurnalı.
- Azərbaycan uşaq ədəbiyyatı - "Ad günü" mahnısının sözləri
- Azərbaycan uşaq ədəbiyyatı - "Bağçamız" mahnısının sözləri
- Azərbaycan uşaq ədəbiyyatı - "Balaca kapitan" mahnısının sözləri
- Azərbaycan uşaq ədəbiyyatı - "Bizim Bakı metrosu" mahnısının sözləri
- Azərbaycan uşaq ədəbiyyatı - "Bizim gəmi" mahnısının sözləri
- Azərbaycan uşaq ədəbiyyatı - "Buzov" mahnısının sözləri
- Azərbaycan uşaq ədəbiyyatı - "Dostluq qatarı" mahnısının sözləri
- Azərbaycan uşaq ədəbiyyatı - "İynə" mahnısının sözləri
- Azərbaycan uşaq ədəbiyyatı - "Mişar" mahnısının sözləri
- Azərbaycan uşaq ədəbiyyatı - "Naxır gəlir" mahnısının sözləri
- Azərbaycan uşaq ədəbiyyatı - "Qış mahnısı" mahnısının sözləri
- Azərbaycan uşaq ədəbiyyatı - "Sarı limon" mahnısının sözləri
- Azərbaycan uşaq ədəbiyyatı - "Sənət məktəbi" mahnısının sözləri
- Azərbaycan uşaq ədəbiyyatı - "Sülh ordusu" mahnısının sözləri
- Azərbaycan uşaq ədəbiyyatı - "Sürücü" mahnısının sözləri
- Azərbaycan uşaq ədəbiyyatı - "Şən yolka" mahnısının sözləri
- Azərbaycan uşaq ədəbiyyatı - "Təyyarə" mahnısının sözləri
- Azərbaycan uşaq ədəbiyyatı - "Vətənimiz" mahnısının sözləri
- Azərbaycan uşaq ədəbiyyatı - "Xoş gəlmisən, təzə il" mahnısının sözləri
Mənbə
- Üzeyir Hacıbəyov Ensiklopediyası. Bakı,2007. səh.181.
- Babayeva, H. Nəğmələrdə yaşayan ömur- Ağabacı Rzayeva – 100: //525-ci qəzet.- 2012.- 26 dekabr.- S. 5.
- Əsgərova, Z. Nəğmələrdə “gəlin” köçən arzular: [görkəmli bəstəkar haqqında] //Mədəniyyət.- 2012.- 14 dekabr.- S. 10; Kaspi.- 2012.- 6 dekabr.- S.12.
- Xəlilzadə, F. Sənət xəzinəmizin bəzəyi //Azərbaycan.- 2012.- 13 dekabr.- S.7.
- Osmanova, A. Azərbaycanın ilk qadın bəstəkarının 100 illik yubileyi qeyd olundu //Mərkəz.- 2012.- 13 dekabr.- S.14.
- Təranə. Böyük sənətkarlara ən böyük qiyməti zaman verir: [R.Behbudov adına Dövlət Mahnı Teatrında görkəmli bəstəkarın yubileyinə həsr edilmiş tədbir keçirildi] //Mədəniyyət. - 2012.- 12 dekabr.- S. 7.
- Vahid, T. “Biz səni heç vaxt unutmayacağıq” //Mədəniyyət.- 2012.- 7 dekabr.- S. 12.
Xarici keçidlər
- [https://web.archive.org/web/20160311152152/http://www.xeberle.com/az/view/19775/azerbaycan-tarixinde-iz-qoyan-qadnlar-siyahi/ Arxivləşdirilib 2016-03-11 at the Wayback Machine? Azərbaycan tarixində iz qoyan qadınlar - SİYAHI]