Vaçar — Qafqaz Albaniyasında şəhər tipli yaşayış məntəqəsi. Xarabalıqları Kəlbəcər rayonununBazarkənd kəndi yaxınlığında yerləşir. Yaşayış məntəqəsi ərazisində müxtəlif dövrlərə aid tarix-memarlıq abidələri dövrümüzə çatmışdır.
Vaçarın xarabalıqları Gəncəsərdən şərqdə, Bazarkənd kəndinin girişində, eyni adlı çayın sahilində yerləşir. Xarabalıqlar arasında çoxlu sayda yaşayış, ustehsalat və ticarət tikililərinin qalıqları, həmçinin bir neçə kilsə binasını görmək mümkündür. Bütün bunlar ərazidə şəhər tipli yaşayış məntəqəsinin olmasını söyləməyə imkan verir.
Yaşayış məntəqəsinin əsasının nə vaxt qoyulması dəqiq bilinməsə də, XII-XIII əsrlərdə, xüsusilə Həsən Cəlalın hakimiyyəti dövründə Vaçarın çiçəklənmə dövrünü yaşadığı ehtimal edilir. Onun inşaat fəaliyyəti ilə bağlı ilk kitabədə də məhz burada – Cəlalyanlar sülaləsinə məxsus Vaçar ərazisində aşkar edilmişdir.
Mən, Vaxtanq və Xorişənin oğlu Həsən, Xaçın hakimi, 678-ci ildə (1229) bu müqəddəs kilsəni inşa etdim.
Hakimiyyəti dövründə Həsən Cəlal tərəfindən Vaçarda dünyəvi xarakter daşıdığına görə fövqəladə əhəmiyyətə malik zərif təsviri xüsusiyyətə malik xaçdaşlar da ucaldılmışdır.
Vaçar ərazisində çoxlu sayda məzar daşları və kilsə saxlanılmış böyük orta əsrlər qəbirsanlığı saxlanmışdır. Yaxşı yonulmuş bazalt daşlarından inşa edilmiş kilsənin cənub divarına bitişik kiçik ölçülü, iki mərtəbəli sovməə də bazalt daşlardan inşa edilmişdir.
Planda düzbucaqlı formaya malik olan bu kilsə tağtavanlı damla örtülmüşdür. Vaçar kilsəsi iki inşaat kitabəsinə malikdir: onlardan biri portalın timpanında, digəri isə qərb fasadında yerləşir.
Xaçın knyaginyası Mamakanın sifarişi ilə inşa edilmiş birnefli kilsə planda düzbucaqlı formaya malik olmaqla tağtavanla örtülmüşdür. Bazilika formasına malik olan kilsənin ibadət zalı və altarı eyni hündürlükdədir. Kilsənin yeganə girişi qərb divarında yerləşir.
Vaçar ərazisində yerləşən birnefli bazilika olan Müqəddəs Stepanos kilsəsinin tağtavanı tağlı kəmərlə möhkəmləndirilmişdir. Relyefin qeyri-hamar olması səbəbiylə giriş qapısı cənub tərəfdə yerləşdirilmişdir.
Kilsənin altarı döşəmə səviyyəsindən yüksəkdə, yarımdairəvi dərinlikdə yerləşdirilmiş, iki tərəfində isə kvadrat formalı nişlər yaradılmışdır. Tikilinin ikiqatlı binəsi yaxşı yonulmuş daşlarla üzlənmişdir.