Söyüdyarpaq armud
Elmi adı - Pyrus salicifolia Pall.
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir.
Regional IUCN Statusu: NT
Qısa morfoloji təsviri
10-12 m hündürlüyündə, alçaqgövdəli, tikanlı, dağınıq çətirli ağac və ya koldur. Gövdəsinin qabığı bozumtul, yaşlı budaqlarının qabığı isə qırmızımtıl rəngdə olur. Gümüşü rəngli yarpaqları 6-9 sm uzunluğunda olmaqla söyüd yarpağına oxşayır, tamkənarlı, bəzən uc hissədə iridişlidir, alt və üst hissədən ilk vaxtlar torvari tükcükləri olur, sonra çılpaqlaşır. Çiçəkləri çoxçiçəkli qalxanlarda yerləşir. Meyvələri enli uzunsov və ya yumru olub, 1,5-2 sm uzunluğunda, 1,2-1.8 sm diametrində, yetişdikdə sarımtıl rəng alır, üstü ilk vaxtlar azacıq tükcüklü olur, böyüdükcə tükcüklərdəntəmizlənir və tam çılpaq olur.
Hündürlüyü 8-10 m olan ağac, bəzən koldur. Çətiri qollu-budaqlıdır. Budaqları tikanlı, əvvəlcə boz-kül rəngli, sonra qırmızımtıl qabıqlaörtülmüşdür. Tumurcuqları orta böyüklükdədir, qonurtəhərdir, kirpikciklidir, bundan başqa ağımtıl və ya sarımtıl tüklüdür; tumurcuğun pulcuqları bəzən sivri qurtaracaqlıdır.
Yarpaq
Yarpaqları uzunluğu 6-9 sm və eni 0,5-1 sm olan uzun və ensiz-neştərşəkilli formadan uzunluğu 3-6 sm, eni 1-2 sm olan enli-neştərşəkilli formaya qədər dəyişir. Yarpaqlar demək olar ki, oturaq və ya çox qısa saplaq üzərində yerləşmişdir, tamkənarlı, bəzən qeyri-bərabər və aralı-dişciklidir, orta hissədən yuxarısı daha çox genişlənmiş, gümüşü və ya boz rəngdədir, hörümçək toruna bənzər və ya ipəyəoxşar sıx tüklüdür və qısalmış budaqda dəstə halında toplanmışdır.
Çiçək
Çiçəkləri çoxçiçəkli qalxan çiçək qrupunda yerləşmişdir.
Meyvə
Meyvələri dəyirmi və ya armudşəkilli, sarımtıl-qəhvəyi və ya qızılı rəngli olub, ləkələrlə örtülümüşdür, saplağının uzunluğu 2 sm-ə qədərdir.
Çiçəkləməsi - Aprel
Meyvə verməsi - May-Sentyabr
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
Aprel ayında çiçəkləyir. Meyvələri avqust-sentyabr aylarında yetişir. Tozlanması-entomofildir. Toxumla və kök pöhrələri ilə çoxalır. Quraqlığa davamlı, torpağa az tələbkar, işıqsevər bitkidir. Qiymətli qida bitkisidir. Mədəni sortlar üçün calaqaltı kimi və yaşıllaşdırmada dekorativ ağac kimi istifadə olunur.
Yayılması
Samur-Dəvəçi düzənliyi, Qobustan, Böyük Qafqazın Quba sahəsi; Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu, Biçəək kəndi ətrafı, Culfa rayonu, Milax və Ərəfəsə kəndləri ətrafı).
Samur-Şabran ovalığı Qobustan, Kiçik Qafqazın mərkəzi, Kiçik Qafqazın cənubu
Sayı və tendensiyası
Populyasiyada azalma tendensiyası müşahidə olunur.
Yaşayış mühiti
Quru dağətəyi yerlərdə, bəzən qayalıqlarda, nadir hallarda ovalıqlarda rast gəlinir.
Məhdudlaşdırıcı amillər
Meyvələri yerli əhali tərəfindən toplanır, gəmiricilər və quşlar tərəfindən yetişmədən əvvəl yeyilir.
Mühafizə tədbirləri
Türyançay Dövlət Təbiət Qoruğunda mühafiə olunur.
Mənbə
- Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
http://dendrologiya.az/?page_id=112 2019-11-17 at the Wayback Machine
İstinadlar
- Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
- http://redbook.az/?options=project&id=S%C3%B6y%C3%BCdyarpaq%20armud[ölü keçid]
- ↑ Azərbaycanın ağac və kolları, 1970;
- ↑ Eldar Şükürov. İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı, Bakı 2016
- Səfərov İ.S., Əsədov K.S. 1984;
- Talıbov T.H., İbrahimov Ə.Ş., 2008;
- Tərtibçinin məlumatı.