Sabir Şəfiyev
Sabir Kərbəlayı Əli oğlu Şəfiyev (28 aprel 1930-) — SSRİ və Azərbaycan SSR xalq maarifi əlaçısı, professor.
Sabir Şəfiyev | |
---|---|
Sabir Kərbəlayı Əli oğlu Şəfiyev | |
Xələfi | Yunis Rzayev |
Şəxsi məlumatlar | |
Partiya | Kommunist partiyası |
Doğum tarixi | 28 aprel 1930 (91 yaş) |
Doğum yeri |
|
Milliyyəti | azərbaycanlı |
Həyatı
Sabir Əli oğlu Şəfiyev 1930-cu il aprelin 28-də Azərbaycanın mirvarisi və füsunkar güşələrindən biri - musiqi beşiyi sayılan Şuşada anadan olmuşdur. Həyatın ağrı-acısını çox erkən dadan balaca Sabir lap kiçik yaşlarından hər iki valideynini itirmiş (1932-ci ildə atası, 1936-cı ildə anası dünyalarını dəyişmişlər), ata qayğı və dayağından, ana nəvazişi və şirin nəğmələrindən məhrum olmuşdur. Bu mənada onun taleyi ilə Vətəni Şuşanın taleyində bir oxşarlıq vardır.
Nə yaxşı ki, dünyada həmişə yaxşı adamlar tapılır və köməksizə həyan dururlar. Böyük ürəkli böyük qardaşı bütün qayğıları öz üzərinə götürür, onun gələcək inkişafını istiqamətləndirir və müdrik bir şəxsiyyət kimi yetişməsinə şərait yaradır.
Ailə vəziyyəti ilə əlaqədar S.Şəfiyev bir sıra ümumtəhsil məktəblərində (Bakıda, Şamaxıda və s.) oxuyur və 1946-1947-ci tədris ilində Şamaxı şəhər 1 nömrəli orta məktəbini bitirir. Həmin ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) tarix fakültəsinə daxil olur.
1951-ci ildə institutu bitirmiş gənc müəllimin qarşısında geniş üfüqlər açılır. Ölkənin bir çox fəal və şüurlu gəncləri kimi o da seçim qarşısında qalmır, "Harada çətindir, harada lazımam" şüarı ilə hərəkət edir.
1951-1952-ci dərs ilində Şamaxı rayonunun Göylər kəndində əmək fəaliyyətinə başlayan Sabir Şəfiyev özünün təşkilatçılıq bacarığına, insanlarla çox asanlıqla ünsiyyət yaratdığına, xeyirxahlığına və xoş rəftarına görə komsomol işinə cəlb olunur.
S.Şəfiyev 1952-ci ildən 1953-cü ilə qədər Azərbaycan LKGİ Bakı Vilayət Komitəsinin məktəbli gənclər şöbəsində təlimatçı, 1955-1960-cı illərdə isə Naxçıvan Vilayət Komsomol Komitəsində əvvəlcə ikinci, sonra isə birinci katib vəzifələrində işləyir. Öz işinə məsuliyyətlə yanaşdığına, vəzifəsini ləyaqətlə yerinə yetirdiyinə görə 1960-cı ildə partiya işinə irəli çəkilir və bir sıra məsul vəzifələr tapşırılır.
1960-1965-ci illərdə Azərbaycan KP MK-nın məktəb və elm şöbəsində təlimatçı, 1965-ci ilin yanvarından noyabrına qədər Ağsu, 1965-1970-ci illərdə isə Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi işləyir.
Əmək fəaliyyəti dövründə o, V çağırış Naxçıvan MSSR Ali Sovetinin, VII çağırış Azərbaycan SSR Ali Sovetinin, Ağsu, Şamaxı rayon, Naxçıvan şəhər sovetlərinin deputatı olmuşdur. O, Azərbaycan Kommunist Partiyasının XXII, XXIII, XXIV, Azərbaycan LKGİ XXI, XXII və ÜİLKGİ-nin XIII qurultaylarının nümayəndəsi seçilmişdir. "Əmək fəaliyyətinə görə", "V.İ.Leninin anadan olmasının 100 illiyi", "Əmək veteranı" medalları və üç dəfə Azərbaycan və Naxçıvan MSSR Ali Sovetinin, SSRİ "Bilik" cəmiyyətinin, ÜİLKGİ MK-nın "Komsomolda fəal işinə görə" döş nişanı ilə, Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisinin "Qızıl" medalı ilə, dəfələrlə ÜİLKGİ MK-nın, Az. LGİ MK-nın, SSRİ və Respublika Maarif Nazirliyinin, Ümumittifaq "Bilik" cəmiyyətinin fəxri fərmanları ilə təltif olunur.
Ağsu və Şamaxıda işlədiyi müddətdə S. Şəfiyev yerli əhalinin sevimlisinə çevrilmiş, bacarıqlı rəhbər kimi müxtəlif rəsmi yığıncaqlarda və zəhmətkeş insanlar arasında təriflənmiş, onun haqqında xoş sözlər deyilmişdir. Rayon zəhmətkeşlərinin maddi-rifah halının və mədəni-sosial səviyyəsinin yaxşılaşdırılması işində yaxından iştirak edən Sabir müəllim xeyirxahlığı, ədalətliliyi, insanları başa düşməyi ilə, həmçinin yaradıcı, təşkilatçı bir rəhbər kimi ad çıxarmışdır. Uzun illər keçməsinə baxmayaraq, indi də bu yerlərin insanları Sabir müəllimi xoş duyğularla xatırlayır, onun adı çəkiləndə haqqında səmimi sözlər deyir, hörmət və ehtiramla özü və işi haqqında danışır, ona uzun ömür, cansağlığı arzulayırlar.
Komsomol və partiya işində çalışmaqla yanaşı, o, məktəbi də yaddan çıxarmamış, daim təhsil müəssisələri ilə sıx əlaqədə olmuş, komsomolun məktəbdə apardığı tərbiyəvi işlərin əsas istiqamətləri ilə bağlı olan elmi axtarışlar, tədqiqatlar aparmışdır. Özündə bir pedaqoq - tədqiqatçı bacarığı, qabiliyyəti hiss edən Sabir müəllim bu arzularla 1961-ci ildə keçmiş V.İ.Lenin adına APİ-nin Pedaqogika kafedrası üzrə qiyabi aspiranturaya daxil olmuşdur. Apardığı elmi tədqiqatların nəticələri 1965-ci ildə müdafiə etdiyi "Şagirdlərin ideya-siyasi tərbiyəsində komsomol işi" adlı dissertasiyada öz əksini tapmış, elmlər namizədi dərəcəsi almışdır.
1970-ci ilin oktyabrından 1972-ci ilin mayına qədər V.İ.Lenin adına APİ-də müəllim, baş müəllim və sonra 1979-cu ilin noyabrına qədər dosent vəzifəsində işləmişdir. Bu illər ərzində Sabir müəllim yüksəkixtisaslı kadrların hazırlanmasında yaxından iştirak etmiş, işlədiyi kollektivdə dərin hörmətə, məhəbbətə layiq olmuşdur. Xeyirxahlığı, nəvazişi və səmimiyyəti ilə seçilən Sabir müəllim həm də tələbələrinin xatirələrində dərin iz buraxmış, onlara atalıq qayğısı göstərmişdir. Odur ki, indiyə qədər tələbələri onu unutmur, müxtəlif məsul vəzifələrdə çalışsalar da, Sabir müəllimi yaddan çıxarmır, ona məktublar yazır, məsləhətlər alırlar.
1979-cu ilin noyabrında M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun Pedaqogika kafedrasının müdiri vəzifəsinə seçilən professor S.Şəfiyev bu günə kimi Bakı Slavyan Universitetində həmin kafedraya rəhbərlik edir. Kafedranın elmi potensialını yüksəltmək yolunda əməli işlər apararaq qısa müddət ərzində gənc kadrların yetişməsində böyük xidməti olmuşdur. Əgər 1980-cı ilin əvvəllərində kafedrada 3 nəfər elmlər namizədi çalışırdısa, indi kafedrada 2 pedaqoji elmlər doktoru, 15 pedaqoji elmlər namizədi elmi-pedaqoji fəaliyyətlə məşğul olur. Professor Şəfiyevin rəhbərliyi ilə 5 nəfər müdafiə etmiş və pedaqoji elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1988-ci ildə professor elmi adına layiq görülən Sabir müəllim 1995-ci ildən Rusiya Beynəlxalq Pedaqogika və Sosiologiya Akademiyasının həqiqi üzvü seçilmişdir. Sabir Şəfiyev öz əməkdaşlarına qarşı olduqca səmimi, mehriban, qayğıkeşdir. Rəhbərlik etdiyi kafedra Bakı Slavyan Universitetində aparıcı kafedralardan biridir.
Bilik və bacarığını, varlığını və bütün mənalı ömrünü insanlara həsr edən Sabir müəllim 27 monoqrafiya və kitabçanın, 49 metodik vəsaitin, proqramın, 41 jurnal və 100-dən çox qəzet məqaləsinin müəllifidir. Bunların ümumi həcmi 90 çap vərəqi təşkil edir.
S.Şəfiyev SSRİ və Azərbaycan SSR xalq maarifi əlaçısıdır. 1972-1983-cü illərdə SSRİ Maarif Nazirliyinin nəzdində tələbələrin elmi işlər üzrə şurasının, ADRU-nun nəzdində olan, 1999-cu ildən ETPEİ - də (indiki Təhsil Problemləri İnstitutu) fəaliyyət göstərən pedaqogika üzrə müdafiə şurasının, "Azərbaycan məktəbi" jurnalının redaksiya heyətinin, 1964-cü ildən SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur. Respublikada və onun hüdudlarından kənarda tərbiyənin müxtəlif problemlərinə həsr olunmuş elmi konfranslarda çıxış edən Sabir müəllim bir pedaqoq-alim kimi bu problemlərin həlli yollarının əsaslarını elmi surətdə açıb göstərmiş, pedaqoji problemlərin mədəni-ictimai, sosial, siyasi-iqtisadi həyatın ayrılmaz hissəsi olduğunu nəzərə çatdırmışdır.
Opponent olduğu dissertasiya işlərinə dərin və hərtərəfli elmi-pedaqoji təhlil vermiş, gənc aspirantların elmi biliklərə yiyələnmələri və elmin əlçatmaz zirvələrinə yüksəlmələri işində fəal mövqe tutmuşdur.
Mənəvi saflığı, təmənnasız köməyi, xeyirxahlığı, uşaq kimi paklığı sayəsində Sabir Şəfiyev universitetdə "müdrik ağsaqqal" kimi ad çıxarmışdır. Tələbədən tutmuş elmlər doktoruna qədər hamı onun məsləhətinə ehtiyac duyur. Hamıya əl tutmağı bacaran Sabir müəllim bunu həyatının amalı, məramı hesab edir.
Professor S.Şəfiyevin elmi-pedaqoji yaradıcılığının böyük bir hissəsi onun yüksək qiymətləndirdiyi, doğma övladları qədər çox sevdiyi, məhəbbətini heç vaxt əsirgəmədiyi, qayğıları ilə yaşadığı, hər biri üçün qürur duyduğu tələbələridir. O, bütün mənalı ömrünü onlara həsr etdiyini dəfələrlə müxtəlif kürsülərdən etiraf etmişdir.
Ona ünvanlanmış yüzlərlə məktub və avtoqrafda dərin düşüncəsi, geniş erudisiyası, təvazökarlığı, doğruluğu, xeyirxahlığı dolğun və parlaq şəkildə ifadə edilmişdir.
Mənbə
- Ənvər Çingizoğlu, Şəfiyevlər, "Soy" dərgisi, 1 (1), Bakı, 2003.
- "Təmənnasız və xeyirxah insan". Fərrux Rüstəmov. Pedaqoji oçerklər: Sələflərim və müasirlərim. Bakı: Elm və təhsil, 2010. - səh. 66.