Mirzəağa Əliyev
Mirzəağa Əli oğlu Əliyev (1883, Hövsan – 25 oktyabr 1954, Bakı) — Azərbaycan teatr və kino aktyoru, SSRİ Dövlət mükafatı laureatı (1943, 1948), "Qırmızı Əmək Bayrağı" ordeni laureatı, SSRİ Xalq artisti (1949).
Mirzəağa Əliyev | |
---|---|
Mirzəağa Əli oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Hövsan, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | Rusiya İmperiyası→ SSRİ |
Həyat yoldaşı | Gövhər Qazıyeva |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1901–1954 |
Mükafatları | |
IMDb | ID 1135117 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Mirzəağa Əliyev kəndli ailəsində doğulmuşdur. İlk təhsilini mollaxanada almış, Bakıda rus-müsəlman məktəbini bitirmişdir.
1901-ci ildə Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin" pyesinin tamaşaya qoyulması zamanı Şahmar bəy rolunda ilk dəfə səhnəyə çıxmışdır. Azərbaycan teatr xadimlərindən Nəcəf bəy Vəzirov və Cahangir Zeynalov onun aktyor kimi yetişməsinə təsir göstərmişdir. 1906–1907-ci illərdə "Həmiyyət" teatr truppasının rəhbəri və aktyoru olmuşdur. Bu truppa, əsasən, fəhlə rayonlarında tamaşalar verirdi. 1907–1912-ci illərdə "Nicat" cəmiyyətinin teatr truppasında çıxış etmişdir. 1912-ci ildə mütərəqqi ictimai fəaliyyətinə görə Həştərxana sürgün edilmişdir. 1912–1916-cı illərdə Volqaboyu şəhərlərində, Tbilisidə, İrəvanda, İran və Türkiyənin bir sıra şəhərlərində tamaşalar vermişdi. 1916-cı ildə Bakıda tamaşaya qoyulmuş Cəlil Məmmədquluzadənin "Ölülər" komediyasındakı İsgəndər rolu onun yaratdığı klassik obrazlar silsiləsinə daxildir.
Azərbaycan sovetləşəndən sonra M. Əliyev Bakı Azad Tənqid Təbliğ Teatrının təşkilatçısı olmuş, burada aktual mövzulu kupletlərdə çıxış etmişdir. 1924-cü ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında çalışmış, Azərbaycan səhnə realizmi ənənələrini davam etdirmişdir. Mirzəağa Əliyev fitri komediya istedadına, milli koloritə, ifadəli yumor boyaları və zəngin səhnə nüanslarına malik aktyor idi.
M. Əliyev kino aktyoru kimi də məşhur olmuş, "Bismillah", "Hacı Qara", "Məhəbbət oyunu", "Almaz", "Bakının işıqları" və s. filmlərdə çəkilmişdir.
Xatirəsi
- Anadan olduğu Hövsan qəsəbəsində Mirzəağa Əliyev adına Mədəniyyət evi fəaliyyət göstərir.
- Bakının Yasamal rayonunda küçələrdən biri Mirzəağa Əliyevin adını daşıyır.
Mükafatları
- "SSRİ xalq artisti" fəxri adı — 22 iyul 1949
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 25 aprel 1933
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 26 yanvar 1926
- Stalin mükafatı — 1943, 1948
- "Qırmızı Əmək Bayrağı" ordeni — 1946, 1949
- "Qafqazın müdafiəsinə görə" medalı — 1944
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1946
Filmoqrafiya
- Arşın mal alan (film, 1917) — rol: Süleyman bəy
- Bismillah (film, 1925) — rol: Molla Mirzə Əbdürrəhim
- Müxtəlif sahillərdə (film, 1926) — rol: Amerikan fəhləsi
- Hacı Qara (film, 1929) — rol: Hacı Qara
- Məhəbbət oyunu (film, 1935) — rol: VVAQ müdiri
- Mavi dənizin sahilində (film, 1935)
- Almaz (film, 1936) — rol: məktəb direktoru Səməndər
- Arşın mal alan (film, 1945) — rol: Məşədi İbad
- Bakının işıqları (film, 1950) — rol: Əlibala
İstinadlar
- ↑ Алиев Мирза Ага Али оглы // Большая советская энциклопедия (rus.): [в 30 т.] / под ред. А. М. Прохорова — 3-е изд. — Москва: Советская энциклопедия, 1969.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
Mənbə
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 17.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. Birinci cild. Bakı: Lider, 2004.- səh. 358–359.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 51.
Xarici keçidlər
- Mirzəağa Əliyevin bioqrafiyası www.adam.az[ölü keçid]