Dilqəm Əhməd
Dilqəm Əhməd (d. 3 dekabr 1985, İrəvan, Ermənistan SSR, SSRİ) — Azərbaycanlı jurnalist, araşdırmaçı yazar və kolleksiyaçı. Azərbaycan Xalq Cümhuriyyəti və mühacirəti tarixi bağlı araşdırmalarına və fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 27 may tarixli 1205 nömrəli sərəncamına əsasən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalına layiq görülmüşdür.
Dilqəm Əhməd | |
---|---|
azərb. Əhmədov Dilqəm Rəhim oğlu | |
| |
İlk adı | Dilqəm Əhmədov |
Doğum tarixi | |
Doğum yeri | İrəvan, Ermənistan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Bakı Dövlət Universiteti |
İxtisası | Politoloq |
Fəaliyyəti | jurnalist |
Fəaliyyət illəri | 2005 - günümüz |
Əsərlərinin dili | azərbaycanca |
Janr | Araşdırmaçı yazar |
İlk əsəri | Bozqırdan uçuruma |
Mükafatları |
Həyatı
Dilqəm Əhməd 3 dekabr 1985-ci ildə Ermənistan Sovet Sosialist Respublikasının paytaxtı İrəvan şəhərində anadan olmuşdur. Sumqayıt şəhər 33 saylı orta məktəbdə və Bakı şəhər Binəqədi rayon 246 saylı məktəb-liseydə orta təhsil alıb. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakultəsində politologiya ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə isə sosial iş ixtisası üzrə magistr təhsili alıb. 2007-2008-ci illərdə Dövlət Sərhəd Xidmətində hərbi xidmət keçib.
Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzi, Sosial Xidmətlər Təşəbbüsü” İctimai Birliyi, Sos Uşaq Kəndləri Azərbaycan Assosiasiyası kimi təşkilatlarda sosial işçi vəzifəsində çalışıb. 2014-cü ilin yayında Amerika Birləşmiş Ştatlarında (ing. International Visitor Leadership Program) təlimində iştirak edib. 2005-ci ildən mətbuatdadır. 2012-2013-cü illərdə Publika.Az, 2013-2016-cı illərdə Gündəlik Teleqraf qəzetində siyasət şöbəsinin redaktoru olub.
2016-2019-cu illərdə Türkiyənin Mərmərə Universitetinin Avropa Araşdırmaları İnstitutunda Avropa İttifaqı Siyasəti və beynəlxalq münasibətlər ixtisası üzrə magistr təhsili alıb. Breksitdən sonra Avropa İttifaqının Cənubi Qafqaz siyasəti. Azərbaycan nümunəsində bir dəyərləndirmə mövzusunda magistr işi müdafiə edib.
Yaradıcılığı
2018-ci ilin dekabrından etibarən Çapar aylıq tarix dərgisinin baş redaktorudur. Azərbaycan Xalq Cümhuriyyəti və mühacirəti tarixi ilə bağlı arxiv materialları toplayır, sərgilər keçirir. Azərbaycan Cümhuriyyətinin yüz illiyində müxtəlif universitetlərdə və təşkilatlarda 23 Cümhuriyyət sərgisi təşkil edib. 2019-cu ildə Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 27 may tarixli 1205 nömrəli sərəncamına əsasən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalına layiq görülüb.
Kitablar
- İmtina (roman, 2012)
- Muza (şeirlər, 2014)
- Kabilden Baküye sevgi metaformozu (şeirlər, 2014, türkcə)
- Tək dahi (məqalələr toplusu, 2014)
- Fərqlilər (məqalələr toplusu, 2015)
- Mühacirlərin dönüşü (məqalələr toplusu, 2017)
- Bir ildən Yüz ilə (məqalələr toplusu, 2018)
Mühacirlərin dönüşü
2017-ci ildə TEAS Press Nəşriyyat evində çap edilmiş Mühacirlərin dönüşü kitabı araşdırmaçı-jurnalist Dilqəm Əhmədin həmin mövzuda qələmə aldığı ikinci əsərdir. Kitabda Azərbaycan mühacirət tarixi ilə bağlı yeni sənədlər, məktublar, fotoşəkillər yer alır, mühacirlərin həyatından maraqlı fraqmentlər, yeni məlumatlar öz əksini tapır. Kitabın oxucular üçün nəzərdə tutulmuş giriş hissəsində yazılıb;
XX əsrin əvvəllərində Azərbaycanın Rusiya tərəfindən işğalı və müstəqil respublikanın süqutu nəticəsində təqiblərdən qurtularaq dünyanın bir çox ölkələrinə səpələnmiş, ömrünü qürbətdə başa vurmağa məhkum edilmiş, həm oxşar, həm də fərqli taleli məşhur azərbaycanlı siyasi xadimlərin, ədiblərin, ziyalıların ictimai-siyasi, ədəbi-bədii irsi hələ də tam aşkarlanmayıb və öyrənilməyib. Bəzilərinin şəxsi arxivləri və ya onlara aid materialların yer aldığı digər arxivlər müxtəlif elmi mərkəzlərə, universitetlərə, muzeylərə verilib, bir çoxlarının zəngin irsi əldən-ələ düşüb, dağılıb, məhv olub, başqalarınınkı isə bu sahənin tədqiqatçılarının üzünə uzun müddət bağlı qalıb. |
Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Abbasqulu Kazımzadə, Əbdülvahab Yurdsevər, Məhəmməd Əli Rəsulzadə, Almas İldırım, Mustafa bəy Vəkilov, Əziz Alpoud, Səməd Ağaoğlu kimi şəxsiyyətlərə aid materiallar müəllifin yeni araşdırmaları nəticəsində əldə edilib və oxuculara ilk dəfə təqdim olunur. Bütün bunlar mühacirlərin şəxsi həyatı ilə birbaşa bağlı olduğuna görə xüsusi maraq doğurur. Kitab Azərbaycan Cümhuriyyəti tarixinin, o dövrün görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığının tədqiqatçıları üçün unikal mənbədir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Bir ildən Yüz ilə
Kitabda Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan siyasi mühacirəti ilə bağlı ilk dəfə üzə çıxarılan materiallar toplanıb. Bu materiallar müəllifin Türkiyənin İstanbul, Ankara, İzmir şəhərlərindəki kitabxanalarda, arxivlərdə çalışması nəticəsində əldə edilib, bəziləri isə ayrı-ayrı kolleksionerlərdən satın alınıb.
Burada oxucular Azərbaycan Cümhuriyyətinin hökumət və parlament üzvlərinin, eləcə də bolşevik işğalı nəticəsində qürbətdə yaşamağa məcbur olan digər ictimai-siyasi xadimlərin mühacirət həyatı ilə bağlı yeni məlumatlarla, Məhəmməd Əmin Rəsulzadə, Məmməd Sadıq Aran, Əhməd Həmdi Qaraağazadə, Xəlil bəy Xasməmmədov, Mir Yaqub Mehdiyev, Abbasqulu Kazımzadə, Mirzə Bala Məmmədzadə, Xosrov bəy Sultanov, Məmməd Altunbay və başqaları haqqında məqalələrə yer verilib.
İstanbulda yerləşən, Cümhuriyyət xadimlərinin əksəriyyətinin dəfn olunduğu Fəriköy İslam məzarlığı haqda məlumatlar, orada dəfn edilən azərbaycanlı mühacirlərin siyahısı, onlar barədə unikal bilgilər ilk dəfə işıq üzü görür. Kitabda müəllifin mühacirlərin ailə üzvlərindən aldığı müsahibələr də yer alır. Təqdim olunan fotoşəkillərin əksəriyyəti Dilqəm Əhmədin şəxsi kolleksiyasındandır.
Mükafatlar
- Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 1205 nömrəli Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı