15-30 sm hündürlükdə, 15-25 sm diametrində çətir əmələ gətirən, yarpağını tökən xırda koldur. Budaqları 4 sm uzunluqda, 1 mm enində, darçını rəngdə, az və ya çox əyilmiş, xırda tikanlı, boz tüklərlə örtülmüşdür. Yarpaqlarının əsası enli, yumurtaşəkilli, neştərvari, qısa, ucu şiş, üzəri tüklüdür. Yarpaqları 4 (8) cüt, ağ tüklü yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqların uzunluğu 15 mm, eni 5 mm, ellipsvari olub, yuxarı hissəsi qısa tikanlıdır. Çiçəkləri yarpaqların qoltuğunda yerləşərək adətən başcığaoxşar, 3 sm uzunluğunda salxım çiçək qrupu əmələ gətirir. Çiçəkaltlıqları 6-7 mm uzunluqda, 1 mm enində, xətvari, qayığaoxşar, aşağı hissəsi çılpaq, yuxarısı keçəvari tüklüdür. Kasacığı 6-9 mm uzunluqda, xətvari, ağ, keçətüklü, dilimlidir. Tacı tutqun kül rəngli, kasacıqdan 2 dəfə uzundur. İyunda çiçəkləyir, meyvəsi iyul və avqustda yetişir. Boz gəvən əsasən toxumlarla çoxaldılır. Vegetativ yollada çoxalması mümkündür.
Ekologiyası
Orta dağ qurşaqlarında, əsasən cənub güneylərində, quru, daşlı yerlərdə bitir.
Azərbaycanda yayılması
Naxçıvanda təbii halda yayılmışdır.
İstifadəsi
Gövdəsində qətran vardır. Yaşıllaşdırmada istifadə olunmur.