Aqrar Tədarük və Təchizat
“Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2018-ci il tarixli 400 nömrəli fərmanı əsasında, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılıb. Cəmiyyət 22 iyul 2019-cu il tarixində isə Azərbaycan Respublikasının Vergilər Nazirliyində dövlət qeydiyyatına alınıb.
Aqrar Tədarük və Təchizat ASC | |
Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədarük və Təchizat ASC | |
Ölkə: | Azərbaycan |
Yaradılıb: | 14 dekabr 2018 |
Tabeçilik: | Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi |
Ünvan: | Zərifə Əliyeva küçəsi, 93, BEGOC Biznes Mərkəzi, 6-cı mərtəbə, AZ1000 |
Rəhbərlik | |
Rəhbər: | Aqil Quliyev Elbrus oğlu |
Sayt | |
att.gov.az |
Cəmiyyətin İdarə Heyəti
"Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədr və iki üzvdən ibarətdir. İdarə Heyətinin üzvləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri tərəfindən təyin olunur. İdarə Heyətinin sədri Aqil Quliyevdir.
Cəmiyyətin fəaliyyət istiqamətləri
"Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyəti öz fəaliyyətini aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirir:
- Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən kənd təsərrüfatı və ərzaq məhsullarının (dövlət taxıl fondu üçün alınan buğda istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasını təşkil edir;
- Büdcə təşkilatlarının verdiyi sifarişlər üzrə Cəmiyyətin elektron portalında göstərilən məhsul istehsalçılarından (satıcılarından) məhsulların birbaşa satın alınmasını həyata keçirir;
- Kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin verdiyi sifarişlər üzrə kənd təsərrüfatı və ərzaq məhsullarının məhsul istehsalçılarından birbaşa satın alınmasını və təchizatını həyata keçirir;
- Yerli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalını və ixracını artırmaq məqsədilə kənd təsərrüfatı və ərzaq məhsullarının xarici ölkələrə ixracını, habelə yerli bazarda satışının təşkili və həyata keçirilməsini təmin edir;
- Kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, təchizatı, ixracı üzrə maarifləndirmə, informasiya və məsləhət xidmətləri göstərir;
- Fövqəladə vəziyyət şəraitində əhalinin ərzaq məhsullarının təmin edilməsi ilə bağlı tapşırıqları icra edir;
- Kənd təsərrüfatı və ərzaq məhsullarının tədarük edilməsini, fiziki və hüquqi şəxslərlə bağlanılmış müqavilə şərtlərinə uyğun olaraq saxlanılmasını və çatdırılmasını həyata keçirir;
- Dövlət proqramlarında nəzərdə tutulmuş Cəmiyyətə aid vəzifələrin yerinə yetirilməsi ilə bağlı tədbirləri həyata keçirir;
- Kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalını, emalını, çeşidlənməsini, qablaşdırılmasını və digər lazımi tədbirləri təşkil etmək;
- Kənd təsərrüfatı və ərzaq məhsullarının satış şəbəkələrini yaratmaq, saxlama və logistika mərkəzlərinin və anbarların yaradılmasını dəstəkləmək;
- Kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı və ixracı zamanı zəruri olan beynəlxalq və yerli sertifikatların təmin edilməsi üçün tədbirlər həyata keçirmək;
- Kənd təsərrüfatı və ərzaq məhsullarının tədarükü və təchizatı sahəsində qabaqcıl təcrübəni öyrənmək, bu sahədə kadr hazırlığını və beynəlxalq əməkdaşlığı həyata keçirmək.
Fermerlər və satınalan qurumlarla əməkdaşlıq
“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti kənd təsərrüfatı və ərzaq məhsullarını istehsalçılardan mərkəzləşdirilmiş qaydada tədarük edərək ixracını, həmçinin satınalan təşkilatların müraciətləri əsasında təchizatını həyata keçirir. ATT-nin yaranmasında əsas məqsəd ölkədə kənd təsərrüfatı məhsullarının istehsalına dəstək göstərmək və dövlət qurumlarının ərzaq tələbatını sistemli şəkildə yerli məhsullarla təmin etməkdir. Bu məqsədlə Cəmiyyətin tedaruk.az elektron portalı fəaliyyət göstərir. Portal həm fermerlərin, həm də satınalan qurumların istifadəsi üçün açıqdır.
Elektron portal
Satınalan təşkilatlar növbəti il üzrə ərzaq məhsullarına tələbatları barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi formaya uyğun məlumatları hər il iyulun 1-dək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edirlər. Satınalan təşkilatlar tərəfindən növbəti il üzrə ərzaq məhsullarına tələbatlar həmin satınalan təşkilatlara bu məqsədlər üçün dövlət büdcəsindən ayrılmış vəsaitlər nəzərə alınmaqla müəyyən edilir.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə elanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi formada hər il avqustun 1-dək elektron portalda yerləşdirir.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi hər il sentyabrın 1-dək satın alınması nəzərdə tutulan ərzaq məhsullarının hər növü üzrə yerli istehsalçıların istehsal potensialı və onlar barədə məlumatları özünün dövlət aqrar inkişaf mərkəzləri vasitəsilə toplayır və elektron portalda yerləşdirir.
Tədarük və təchizat agenti ilə ərzaq məhsullarının istehsalçıları və satıcıları hər il oktyabrın 1-dək növbəti il üçün müqavilə bağlanır.
Növbəti il üçün ərzaq məhsullarına dair tələbat müəyyən olunduqdan sonra satınalan təşkilatlar üzrə həmin məhsulların dəyərinin 25 faizindən az olmamaqla satınalan təşkilatlara avans məbləğinin ayrılması barədə oktyabrın 5-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin müəyyən etdiyi formada “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məlumat verir.
Satınalan təşkilatlar imzalanmış müqavilənin bir nüsxəsini və avans məbləğinin ödəniş tapşırığını dövlət xəzinədarlıq orqanlarına hər il oktyabr ayının 5-dək təqdim edirlər. Qeyd olunan sənədlər dövlət xəzinədarlıq orqanlarına elektron qaydada da təqdim oluna bilər. Dövlət xəzinədarlıq orqanları hər il oktyabrın 10-dək avans məbləği satınalan təşkilatların hesabına köçürürlər.
Satınalan təşkilatlar növbəti ildə alınacaq ərzaq məhsulları üçün ayrılmış vəsaitləri cari ilin oktyabrın 20-dək tədarük və təchizat agentinin hesabına köçürürlər.
İxrac
“Aqrar Tədarük və Təchizat” ASC nizamnaməsindən və Strateji Yol Xəritəsindən irəli gələn tələblərə uyğun olaraq ixracyönümlü və xarici bazara çıxarıla biləcək məhsul istehsal edən sahibkarlarla sıx əməkdaşlıq edir. Qurum mütəmadi olaraq yerli kiçik və orta fermer təsərrüfatı sahiblərini və qida məhsulları istehsalçılarını ixrac bazarları haqqında məlumatlandırır və onları istehsal etdikləri məhsulları bu bazarlara çıxarmağa təşviq edir. İxrac coğrafiyasını genişləndirmək məqsədilə qurum əməkdaşları Rusiya, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Fransa kimi ölkələrdə təşkil edilən sərgilərdə iştirak edir, yeni əməkdaşlıqlar qurur. ATT yerli fermerlərə yalnız ənənəvi ixrac ölkələrinə deyil, həm də qeyri-ənənəvi ölkələrə məhsul ixrac etməkdə dəstək göstərir. Nigeriya bu ölkələrdən biridir. Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, Ukrayna isə ASC-nin köməyi sayəsində yerli fermerlərimizin kənd təsərrüfatı və qida məhsulları ixrac etdikləri digər ölkələrdəndir. Hazırda digər Afrika ölkələrinə, eyni zamanda, ərəb ölkələrinə Azərbaycan məhsullarının ixracı üçün danışıqlar aparılır.
Fermer Kartı
"Aqrar Tədarük və Təchizat" ASC tərəfindən məhsulu tədarük olunan, həmçinin “Kənddən Şəhərə” yarmarkaları və satış mərkəzində məhsul satışı həyata keçirən fermerlər “Kapital Bank” ASC ilə birlikdə yaradılmış və istifadəyə verilmiş “Fermer kartı” sayəsində ödənişləri elektron pul köçürmələri ilə daha rahat formada qəbul edirlər.
Layihələr
Ölkədə kənd təsərrüfatının inkişafı, kənd təsərüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişaf etdirilməsi, aqrar sahibkarlığın stimullaşdırılması, fermerlər üçün alternativ satış kanalları və gəlir mənbələrinin yaradılması, kənd təsərrüfatı sahəsində gender balansının təmin olunması və qorunması, gənclərin aqrar sahədə maarifləndirilməsi istiqamətləri üzrə "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyəti tərəfindən bir sıra layihələr həyata keçirilir. Bu layihələrin əsas hədəfi beynəlxalq təcrübədən istifadə etməklə yerli bazar üçün real həllər yaratmaqdır.
"Kənddən Şəhərə" satış mərkəzi
Layihənin əsas məqsədi kənd təsərrüfatı məhsulları üzrə ticarətin təşkili, kiçik və orta fermer təsərrüfatı sahibi olan kəndli-fermerlərin bazara çıxışının asanlaşdırılması, yeni satış kanallarının yaradılması, yerli kənd təsərrüfatı məhsullarının qablaşdırılması və brendinqinin təşkilindən ibarətdir.
Hazırda Bakıda “Kənddən Şəhərə” brend adı altında bir satış mərkəzi fəaliyyət göstərir. Bu satış mərkəzində müxtəlif regionlarda fəaliyyət göstərən kəndli-fermerlərimiz tərəfindən yetişdirilən təbii kənd məhsullarının, “Kənddən Şəhərə” brend adı altında qablaşdırılan ərzaq məhsullarının (Zaqalata çayı, bal, düyü, noxud, düyü unu) və yerli isethsal olan digər qida məhsullarının satışı həyata keçirilir. “Kənddən Şəhərə” brend adı altında qablaşdırılaraq satışa çıxarılan məhsullar müxtəlif ölkələrdə təşkil olunan qida sərgilərində tanıdılır.
Bu günə qədər "Kənddən Şəhərə" satış mərkəzinin fəaliyyəti çərçivəsində 200-dən artıq fermerlə əmədaşlıq edilib və bu say hər ötən gün artmaqdadır.
Paytaxt sakinlərinə daha üstün xidmət göstərmək, vətəndaşların qida məhsullarına olan tələblərini daha sürətli və rahat şəkildə qarşılamaları məqsədi ilə “Kənddən Şəhərə” Elektron Satış Platforması da yaradılıb. Onlayn sifariş və çatdırılma xidməti sayəsində evinizi və ya ofisinizi tərk etmədən sağlam və yerli qida məhsullarını ala bilərsiniz. Onlayn sifarişlər kendden.az 2020-08-08 at the Wayback Machine saytı üzərindən həyata keçirilir.
“Kənddən Şəhərə” satış mərkəzi aşağıda qeyd edilən ünvanda fəaliyyət göstərir:
• Səbail rayonu, Nizami küçəsi 154B
"Kənddən Şəhərə" yarmarkaları
“Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti mütəmadi olaraq Bakı və Abşeron ərazisində tematik və həftəsonu yarmarkaları təşkil edir. Bu günə qədər qurum tərəfindən Novruz yarmarkası, Ramazan bayramı yarmarkası, Qurban bayramı yarmarkası, Bal yarmarkası və yeni il münasibəti ilə Qış yarmarkası keçirilib. “Kənddən Şəhərə” yarmarkalarında fermerlər heç bir ödəniş etmədən iştirak edirlər. Fermerlər bu yarmarkalarda yetişdirdikləri məhsulları alıcılara birbaşa və münasib qiymətlərlə satırlar. Yarmarka zamanı satıcı-fermerlər geyim, tərəzi və digər lazımi avadanlıq və ləvazimatlarla təchiz olunur. “Kənddən Şəhərə” yarmarkalarının keçirilməsinin əsas məqsədi fermerlər üçün alternativ satış kanalı yaratmaq, həmçinin vətəndaşların kənd təsərrüfatı məhsullarına olan tələbatını sağlam və təbii məhsullarla ödəməkdir.
Hazırda “Kənddən Şəhərə” yarmarkaları aşağıdakı 5 fərqli ünvanda təşkil olunur:
• Nərimanov rayonu, Gənclik metro stansiyasının yanı
• Yasamal rayonu, H.Cavid prospekti ilə S.Dağlı küçəsinin kəsişməsində (Space TV-nin yanı)
• Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev və Etibar Bəkirli küçələrinin kəsişməsində (Neftçilər parkının yanı)
• Xırdalan şəhəri Heydər Əliyev prospekti 41A
• Binəqədi rayonu, S.S.Axundov küçəsi 5B (İnqilab kinoteatrının yanı)
Şəhərdən Kəndə
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin əsas məqsədi fermerə istehsal etdiyi kənd təsərrüfatı məhsulları üçün alternativ satış kanalları yaratmaq, bununla da kəndlərdə sosial-iqtisadi rifah halının artırılmasına, ölkədə kənd təsərrüfatının, kiçik və orta sahibkarlığın inkişafına dəstək olmaqdır. Bu məqsədlə həyata keçirilən layihələrdən biri də "Şəhərdən Kəndə" aqroekoturizm layihəsidir.
Layihə çərçivəsində ölkəmizin rayon və kəndlərində olan fermer təsərrüfatlarında qonaqlama üçün zəruri şərait yaradılır, arıçılıq, atçılıq, üzümçülük, heyvandarlıq və digər kənd təsərrüfatı sahələrinə, o cümlədən Azərbaycanın müxtəlif səfalı yerlərinə turlar təşkil olunur. Təcrübəli bələdçilər tərəfindən idarə olunan turların iştirakçıları ölkədə olan müxtəlif kənd təsərrüfatı sahələri ilə, o cümlədən Azərbaycanın təbiəti ilə yaxından tanış olurlar.
Bu günə qədər layihəyə 200-ə yaxın müraciət daxil olub. Müraciət edən 78 fermerin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə aparılıb. Həmçinin layihə çərçivəsində 2019-cu il 21-28 noyabr tarixlərində 10 regiona səfər edilib, ümumilikdə 183 fermerlə görüş keçirilib.
Layihə çərçivəsində ötən müddət ərzində İsmayıllı, Zaqatala, Şamaxı, Göyçay, Lənkəran, Quba, Balakən, Şəki və Hacıqabul istiqamətlərində 40-dan artıq aqroekotur həyata keçirilib. Bu turlara 800-dən çox turist qoşulub, onların 100-dən çoxu əcnəbi turist olub.
AFAQ
AFAQ (Aqrar Fəaliyyətli Azərbaycan Qadınları) layihəsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən “Aqrar tədarük və təchizat” ASC ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə layihəsidir.
Layihənin əsas məqsədi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan qadınların bu sahədə bilik və bacarıqlarının artırılması, resurs və bazarlara çıxış imkanlarının yaxşılaşdırılmasıdır.
Layihə çərçivəsində 2019-cu il 18-28 noyabr tarixlərində 15 regiona səfər edilib, 200-ə yaxın aqrar fəaliyyətli qadınla görüş keçirilib. Müraciət anketini dolduran 148 fermer qadının təsərrüfatlarında ilkin qiymətləndirmə aparılıb. Ümumilikdə, bu günə qədər layihəyə 400-ə yaxın müraciət daxil olub.
Fermerlərin Maarifləndirilməsi
Layihənin əsas məqsədi fermerlərin maliyyə savadlılığının və marketinq biliklərinin artırılması, istehsal etdikləri məhsulların sertifikatlaşdırılması ilə onların dünya bazarına maneəsiz şəkildə çıxışının təmin olunması, “Yaşıl dəhliz” buraxılış sistemi və sadələşdirilmiş ixrac prosedurları mövzularında fermerləri məlumatlandırmaqdan ibarətdir.
“Fermerlərin maarifləndirilməsi” layihəsi çərçivəsində təlimlər müvafiq olaraq aşağıda qeyd edilən qurumlarla əməkdaşlıq əsasında baş tutub:
• Maliyyə savadlılığı – Paşa Bank, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası
• Global GAP, məhsulların sertifikatlaşdırılması – Baku Management and Consulting Services
• “Yaşıl dəhliz” buraxılış sistemi – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
• Aqrobiznesdə marketinqin rolu – “Aqrar Tədarük və Təchizat” ASC
Regional mərkəzlər və dayaq məntəqələri
Mərkəzi və regional idarələrin adı | Regional anbar və dayaq məntəqələrinin ünvanları | |
---|---|---|
1 | Bakı Mərkəzi İdarə | Bakı Mərkəzi Ofis Səbail rayonu, Zərifə Əliyeva küçəsi, bina 93, 6-cı mərtəbə |
2 | Xaçmaz Regional İdarəsi | Xaçmaz rayonu |
Quba rayonu | ||
Xudat rayonu | ||
Qusar rayonu | ||
Şabran rayonu | ||
Siyəzən rayonu | ||
3 | Salyan Regional İdarəsi | Biləsuvar rayonu |
Hacıqabul rayonu | ||
Şirvan rayonu | ||
Neftçala rayonu | ||
Salyan rayonu | ||
4 | Yevlax Regional İdarəsi | Yevlax rayonu |
Ağdaş rayonu | ||
Ucar rayonu | ||
Mingəçevir rayonu | ||
Göyçay rayonu | ||
5 |
| Kürdəmir rayonu |
İmişli rayonu | ||
Saatlı rayonu | ||
Sabirabad rayonu | ||
Zərdab rayonu | ||
6 | Zaqatala Regional İdarəsi | Balakən rayonu |
Qax rayonu | ||
Zaqatala rayonu | ||
Şəki rayonu | ||
Oğuz rayonu | ||
7 | Tovuz Regional İdarəsi | Tovuz rayonu |
Şəmkir rayonu | ||
Qazax rayonu | ||
Ağstafa rayonu | ||
Gədəbəy rayonu | ||
8 | Gəncə Regional İdarəsi | Gəncə şəhəri |
Göygöl rayonu | ||
Samux rayonu | ||
Daşkəsən rayonu | ||
9 | Bərdə Regional İdarəsi | Bərdə rayonu |
Tərtər rayonu | ||
Goranboy rayonu | ||
Naftalan rayonu | ||
Xocalı rayonu | ||
10 | Ağcabədi Regional İdarəsi | Ağdam rayonu |
Beylaqan rayonu | ||
Füzuli rayonu | ||
Ağcabədi rayonu | ||
11 | Şamaxı Regional İdarəsi | Şamaxı rayonu |
Ağsu rayonu | ||
İsmayıllı rayonu | ||
Qəbələ rayonu | ||
Qobustan rayonu | ||
12 | Masallı Regional İdarəsi | Masallı rayonu |
Lənkəran rayonu | ||
Astara rayonu | ||
Lerik rayonu | ||
Yardımlı rayonu | ||
Cəlilabad rayonu |
Tədbirlər, konfranslar, sərgilər
“Aqrar tədarük və təchizat” ASC davamlı olaraq dünya ölkələrinə ixrac imkanlarının qiymətləndirilməsi və təşkili, potensial alıcıların axtarılması və yerli məhsulların dünya bazarında tanıdılması məqsədi ilə müxtəlif xarici ölkələrdə təşkil olunan qida sərgilərində və tədbirlərdə iştirak edir. Paytaxtımızda keçirilən “Organic Food Festival”, Moskvada keçirilən Beynəlxalq Qida Sərgisi (“World Food Moscow”), Parisdə təşkil olunan Dad festivalı (“Planete de Gout”), Afinada təşkil olunan “Azərbaycanın kəşfi: biznes imkanlarının yunan ictimaiyyətinə tanıdılması” adlı biznes forum bu cür tədbirlərdəndir.
Xarici Əlaqələr
“Aqrar tədarük və təchizat” ASC hədəflərinə nail olmaq üçün müxtəlif ölkələrin təcrübələrindən yararlanır. Xarici əlaqələrə xüsusi önəm verən qurum müxtəlif ölkələrin səfirlikləri, dövlət və özəl sektor nümayəndələri, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) , Polşa, Litva, Çin, BƏƏ və digər ölkələrdə yerləşən Azərbaycan Ticarət evləri ilə sıx əməkdaşlıq edir.
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ""Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı". İstifadə tarixi: 2019-07-15.
- ""Aqrar Ticarət və Təchizat" ASC-nin İdarə Heyəti formalaşdırılıb - EKSKLÜZİV". 2019-07-23 tarixində . İstifadə tarixi: 2019-07-23.
- "Ötən ilin sonunda Azərbaycan Nigeriyaya nar ixrac edib".
- ""Kənddən Şəhərə" mağazası istifadəyə verilib - FOTO".
- "Ötən il "Şəhərdən Kəndə" aqroekoturizm turlarına 800-dən çox turist qoşulub".
- "Εκδήλωση για τις επιχειρηματικές ευκαιρίες στην αγορά του Αζερμπαϊτζάν".
- "경기농식품유통원, 아제르바이잔 식품조달공사에서 벤치마킹".
- "معرض المنتجات الزراعية الأذربيجانية في دبي يستهدف التصدير للأسواق الإماراتية والخليجية".
Xarici keçidlər
- “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı
- “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi
- “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyəti formalaşdırılıb - EKSKLÜZİV
- 아제르바이잔 식품조달공급공사, 경기농식품유통진흥원 벤치마킹
- 경기농식품유통원, 아제르바이잔 식품조달공사에서 벤치마킹
- 농산물 구매원가 공개로 신뢰↑ 道 친환경급식 시스템 벤치마킹
- معرض المنتجات الزراعية الأذربيجانية في دبي يستهدف التصدير للأسواق الإماراتية والخليجية
- Εκδήλωση για τις επιχειρηματικές ευκαιρίες στην αγορά του Αζερμπαϊτζάν