Şahtaxtı (arxeoloji abidə)
Şahtaxtı – Şərur rayonunun Şahtaxtı kəndi ərazisində yerləşən arxeoloji abidələr kompleksidir.
Şahtaxtı | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Şərur |
Yerləşir | Şahtaxtı kəndi |
Tikilmə tarixi | e.ə. III – I miniliklər |
Üslubu | arxeoloji abidə |
İstinad nöm. | 1970, 1971, 1973 |
Kateqoriya | Yaşayış yeri |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Şahtaxtı Govurqalası
Şahtaxtı Govurqalası Kəngərli rayonunun eyniadlı kəndindən şimal – qərbdə Tunc – İlk Dəmir dövrlərinə aid şəhər yeridir. Abidənin sahəsi təqribən 2 hektardır.
Abidənin üzərində və ətrafında aşınma nəticəsində dağılmış daş və torpaq yığıntılarından ibarət tikinti qalıqları izlənilməkdədir. 1936 və 1979 – 1990 – cı illərdə abidədə aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmiş mədəni təbədə tikinti qalıqları, əmək alətləri, gil qab sınıqları və çürüntü qarışığından ibarət olub 3 – 4,5 metr qalınlığındadır.
İri daşlardan tikilmiş möhtəşəm qala divarının və yaşayış binalarının qalıqları xüsusi maraq doğurur. Qala divarının eni 2,2 – 2,6 metr, dövrümüzə çatan hündürlüyü 1,2 – 2,45 metrdir. Qala divarlarının inşa edildiyi dövrdə Şahtaxtı qala – şəhər tipli yaşayış yerinə çevirilmiş, Naxçıvanın iri tayfa ittifaqlarından birinin mərkəzi olmuşdur. Şahtaxtında dulusçuluq, metalişləmə, zərgərlik və sair peşələr yüksək inkişaf etmişdir.
Buradan tapılmış zəngin boyalı keramika nümunələri, silindrik möhürlər (e.ə. XV – XIV əsrlər), nəfis bəzək nümunələri Şahtaxtının Yaxın Şərqin qədim mədəniyyət mərkəzləri ilə sız əlaqələr saxladığını sübut etmişdir. Şahtaxtından çəhrayı, boz və qara rəngli gil qablar, bəzək əşyaları, daş alətlər və dəyərli osteoloji qalıqlar əldə edilmişdir. Tapıntılara əsasən Şahtaxtı yaşayış yeri e.ə. III – I minilliklərə aid edilir.
Şahtaxtı yaşayış yeri
Şahtaxtı yaşayış yeri Kəngərli rayonunun Şahtaxtı kəndi yaxınlığında yerləşən orta əsrlərə aid yaşayış yeridir. Təbii – coğrafi cəhətdən əlverişli mövqedə yerləşir. Yaşayış yerinin qərb hissəsində qazıntı işləri nəticəsində (5x5 m sahədə) dairəvi planlı dulus kürəsi qalığı, şirsiz (qazan, küpə, küp, çölmək, çıraq və sair) və şirli (kasa və boşqab) qablar, gil fiqurlar, iki ədəd şiş uclu bıçaq tiyəsinin müxtəlif hissələri və digər maddi mədəniyyət nümunələri aşkar olunmuşdur.
Yaşayış yerindən əldə edilmiş materiallar Şahtaxtı əhalisinin əkinçilik və maldarlıqla yanaşı, sənətkarlıq və ticarətlə də məşğul olduğunu göstərmişdir. Tapıntılara əsasən yaşayış yerinin VII – XIII əsrlərə aid olduğu güman edilir. Abidədə yalnız kəşfiyyat xarakterli tədqiqatlar aparılmışdır.
I Şahtaxtı nekropolu
I Şahtaxtı nekropolu, Şahtaxtı Govurqalasından şimal – şərqdə yerləşən, orta, son Tunc, ilk Dəmir dövrlərinə aid arxeoloji abidədir. Abidənin sahəsi 5 hektardan çoxdur. Qəbirlərin əksəriyyəti daş qutulardan ibarət olub, üzəri torpaq qarışıq daş kurqanlarla örtülmüşdür.
Arxeoloji qazıntılar nəticəsində kromlexlə əhatələnmiş daş qutu qəbirlərin birində bütöv at skeleti, polixrom boyalı küpə, yüksək sənətkarlıq nümunələri olan boz, qara rəngli gil qablar, qızıl təbəqə ilə örtülmüş bəzək əşyaları, tunc məmulatı və sair aşkarlanmışdır. Polixrom boyalı küpənin üzəri qara, qırmızı rənglərlə quş, at, keçi, vəhşi heyvan təsvirləri, eləcə də həndəsi rəsmlərlə maraqlı kompozisiya şəklində bəzədilmişdir. Tapıntılar əsasən e.ə. II – I minilliklərə aid olunur.
II Şahtaxtı nekropolu
II Şahtaxtı nekropolu, Şahtaxtı Govurqalasından cənub – qərbdə yerləşən son Tunc, ilk Dəmir dövrlərinə aid arxeoloji abidədir. 1971 – ci ildə abidə ərazisində aparılan tikinti işləri zamanı, bişlmədən bir neçə daş qutu qəbir dağıdılmış, çəhrayı və boz rəngli gil qablar, bəzək əşyaları, silindrik möhür tapılmışdır. 1979 – 1980 – ci illərdə torpaq işləri görülərkən dağıdılmış xeyli daş qutu qəbirlərdə küpə, kasa, çaydan, vaza, badya tipli gil qablar, silah və daş alətlər aşkar olunmuşdur. Gil qabların bəzisi cızma və yonma ornamentlərlə bəzədilmişdir.
Boyalı Qablar mədəniyyətinin əsas ocaqlarından olan Şahtaxtı Govurqalası və nekropollarından tapılan polixrom boyalı qablar öz bədii tərtibatına görə nadir incəsənət nümunələri kimi dəyərləndirilməkdədir.
Tanınmış arxeoloq Qəhrəman Ağayev 1979-1987-ci illərdə Şahtaxtı arxeoloji abidələr kompleksində tədqiqatlar aparmış, bu abidənin daha qədim dövrlərə aid olması qənaətinə gəlmişdir. 2007-ci ildən sonra başlayan arxeoloji qazıntılarla onun bu fikri təsdiqləndi.
İstinadlar
- V. H. Əliyev – Tarixin izləri ilə, Bakı, 1975
- A. Q. Seyidov – Naxçıvan Tunc dövründə, Bakı, 2000
- В. Г. Алийев – Культура эпохи средней бронзы Азербайджана, Баку, 1992
- О. А. Абибуллайев – Энеолит и Бронза на территории Нахичеванской АССР, Баку, 1982
- А. К. Алекперов – Исследования по археологии и этнографии Азербайджана, Баку, 1960
- Агаев Г. Шахтахты в эпохе поздней бронзы и раннего железа. Баку-Москва, Ağrıdağ, 2002, 200 с.
- Ağayev Q.H. Şahtaxtının orta tunc dövrü. Bakı, Çaşıoğlu, 2010, 150 s.
- Ağayev Q.H. Nuh tufanından sonrakı yaşayış məskənləri – Şahtaxtı // Nuh Peyğəmbər, dünya tufanı və Naxçıvan. 24-25 aprel 2009-cu il, Beynəlxalq simpoziumun materialları. Naxçıvan: 2010.
- Ağayev Q.H. Şahtaxtıda arxeoloji ekspedisiyasının 2009-cu il qazıntılarına həsr olunmuş hesabat // Azərbaycanda arxeoloji tədqiqatlar - 2010
- Ağayev Q.H. Şahtaxtı arxeoloji kompleksində 2010-cu il tədqiqatları // Azərbaycanda arxeoloji tədqiqatlar. - 2011
- Ağayev Q.H. Şahtaxtı abidələrində arxeoloji tədqiqatlar // Azərbaycanda arxeoloji tədqiqatlar. - 2011
- Ağayev Q.H. Şahtaxtıda arxeoloji araşdırmalar // Azərbaycanda arxeoloji tədqiqatlar - 2012
- Ağayev Q.H. Şahtaxtı arxeoloji kompleksinin orta tunc dövrü // Azərbaycan arxeologiyası, 2010 cild 13, N1
- Ağayev Q.H. Şahtaxtıda aşkar olunmuş fauna qalıqları və zoomorf tapıntılar // AMEA Naxçıvan bölməsi, Xəbərlər, cild 7, N3, Naxçıvan, 2011
- Ağayev Q.H. Qədim Şərq Şirli saxsı nümunələrinin yayılma istiqamətləri // Qloballaşma və Azərbaycan. Beynəlxalq konfrans. AMEA Fəlsəfə və Hüquq institutu. Bakı, 2012