İmanlar (Laçın)
İmanlar — Azərbaycan Respublikasının Laçın rayonu Şəlvə kənd inzibati ərazi dairəsində kənd.
İmanlar | |
---|---|
39°51′18″ şm. e. 46°17′26″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Laçın rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Tarixi
İmanlar kəndi dağətəyi ərazidədir. Kəndin adı orada məskunlaşmış imanlar nəslinin adı ilə bağlıdır.
İmanlar kəndi rayonun şimal hissəsində, rayon mərkəzindən 68 km məsafədə yerləşir. Şəlvə kənd ərazi-inzibati vahidliyinə daxildir. Dəniz səviyyəsindən 1800 m yüksəklikdə salınan kənd Şəlvə, Hacıxanlı, Dambulaq və Oğuldərə kəndləri ilə həmsərhəddir.
İmanlar obası Hacısamlı camaatının Qarabayramlı tayfasına mənsubdur. Obanın əsasını XIX əsrin birinci yarısında yaşayan İman Şahverdi oğlu qoyub. İman Çiçəklə ailə qurmuşdu. Əsəd, Məmmədhəsən, Novruz, Bayramalı, Abbas, Həsən adlı oğlanları, Pəri, Səkinə adlı qızları vardı.
Böyük oğlu Əsəd Qarabağın Qaraçorlu mahalının Hacısamlı cammatına məxsus obada doğulmuşdu. Maldarlıqla, qismən də əkinçiliklə məşğul idi. Əsəd Gülüstanla ailə qurmuşdu. Şahverdi adlı oğlu, Günəş adlı qızı vardı.
Əsəddən şahverdilər, Məmmədhəsəndən məmmədhəsənlər, Novruzdan novruzlar, Məşədi Bayramalıdan bayramlar, Həsəndən isə həsənlər nəsli törəyib. Abbasın övladı olmayıb.
Kəndin ən savadlı adamlarından olan Məşədi Səlim kişi Mustafanın, Mustafa Novruzun, Novruz da İmanın oğludur. Novruzun 3 oğlu olmuşdu: – Cabbar, Nəsib, Mustafa. Bu 3 qardaşın hərəsinin 6 oğlu olur və nəsil böyüyür. Mustafanın oğlanları Kərim, Həmid, Müseyib, Həşim, Rəcəb və Məşədi Səlimdir. Bu 6 qardaşın yalnız biri, – Səlim ilahiyyət elmini öyrənmişdir.
Səlim Laçının Alxaslı kəndindən olan dostu Molla Şükür Məhərrəm oğlu ilə ziyarətə gedir. Səlim İrana – Məşhədə, Molla Şükür isə Həcc ziyarətinə yola düşür. Səlim ziyarətdən sonra Xorasan və Qum şəhərlərində ilahiyyət elmindən 3 il təhsil alır və ruhani molla kimi kəndə dönür. 1920-ci ildə Səlimi dostu, Şuşa məscidinin axundu Hacı Molla Şükür yanına çağırıb deyir ki, get Şəlvə kəndindəki məsciddə dərs ver. Səlim 1920-ci ildən 1930-cu ilə qədər orda dərs vermişdir. Onun tələbələri sonralar Şəlvə dərəsinin sayılıb-seçilən elmli insanları olmuşlar: – İmanlardan Sahverdi müəllim, Zülü müəllim, Şəlvədən Fərəc, Həsən, Astan, Vəlibəylidən Dilən, Talış, Daşlıdan isə Ağəli, Kərimin oğlu Şahmar. Şahmar Hüseynov sonralar Laçın Rayon Partiya Komitəsinin birinci katibi işləyib.
XX əsrin ortalarında qonşu kəndlərin məktəblərində çalışan pedaqoji kadrların əksəriyyəti bu kənddən idi. El-obada böyük nüfuz qazanmış Şahverdi Şahverdiyev, Zülü Bayramov, Cümşüd Şahverdiyev, Bəhrəm Nəsibov və Bayram Bayramov bu gün də ehtiramla xatırlanır. Bir neçə nəslin formalaşmasında əvəzsiz xidmətləri olan Məzahir Mustafayev, Əli Bəndəliyev, Əzim və Baloğlan Əzimovlar, Sabir Novruzov, Rafiq Niftəliyev, Sefi Rəsulov, Eldar Pirəliyev və s. də kəndin sayılıb-seçilən ziyalılarıdır.
O dövrün tələbinə uyğun olaraq peşə seçimində daha çox müəllimliyə üstünlük verən insanlar elmin, təhsilin əhəmiyyətini yaxşı anlayırdılar. Hələ XIX əsrin sonu, XX əsrin əvvəllərində mədrəsə təhsili almış Məşədi Səlim təkcə öz kəndində deyil, ətraf kəndlərdə də dini dərslər keçmişdir.
Bəzi yazarlar qeyd edirlər ki, İman kişi əslən Gəncə şəhərindəndir. Ordan Ağdamın Zəngişalı kəndinə gəlib, Peykər adlı bir qadınla evlənib, sonra köçüblər indiki Budaqdərəsi kəndinin ərazisinə. Həmin yer əvvəl İmanın dərəsi adlanıb. Sonralar Hacıxanlı kəndinin ağsaqqalı Hacıxanın məsləhəti ilə indiki İmanlar kəndinin ərazisində məskunlaşıb. Arxiv sənədləri bu barədə susur. İman kişinin Hacısamlı camaatından olduğunu yazır. Arvadının isə Çiçək olduğunu bildirir. İmanın Mərdanalı adlı qardaşı olub. Mərdanalı Şahvеrdi oğlu Ballı ilə ailə qurub. Nabat adlı qızı varmış.
Əhalisi
Tanınmışları
- Şahverdi Şahverdiyev,
- Alı Rəsulov,
- Arif Məmmədli,
Şəhidləri
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində (PDF). İstifadə tarixi: 2020-04-16.
- İmanlar (Laçın) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: "Şərq-Qərb". 2007. 304. ISBN 978-9952-34-155-3.
- Əliağa Mustafayev. İmanlar iman yeridi. "Laçın yurdu" jurnalı, №2 (2), 2011, Bakı, "Nurlar", 2011, səh.29.
Mənbə
- Əliağa Mustafayev. İmanlar iman yeridi. "Laçın yurdu" jurnalı, №2 (2), 2011, Bakı, "Nurlar", 2011, səh.29.
- İmanlar kəndinin tarixi haqqında
Laçın rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |