İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Azərbaycan)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi — Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi | |
Agentliyin loqosu | |
Ölkə: | Azərbaycan |
Yaradılıb: | 27 dekabr 2007 |
Tabeçilik: | Azərbaycan Respublikası Prezidenti |
Ünvan: | Bakı, Lev Tolstoy küçəsi 170, AZ1000 |
Rəhbərlik | |
Rəhbər: | Zaur Əliyev |
Birinci müavin: | Nigar Bayramova |
Sayt | |
its.gov.az |
Tarixi
Yaradılması
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi adı ilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 dekabr tarixli 2592 nömrəli Sərəncamına əsasən yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 765 nömrəli Fərmanına əsasən bu qurum fəaliyyətə başlamış, 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə onun əsasında “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” (bundan sonra – Agentlik) publik hüquqi şəxs yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli Fərmanı ilə Agentliyin Nizamnaməsi təsdiq edilmişdir.
Fəaliyyət istiqamətləri
- İcbari tibbi sığorta sahəsində vahid siyasətin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
- Əhalinin icbari tibbi sığortalanmasını həyata keçirmək və icbari tibbi sığortanın maliyyə dayanıqlığını təmin etmək;
- İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər şərtlər yaradılması, icbari tibbi sığortanın hamı üçün əlçatan olması, əhalinin sağlamlığının qorunması məqsədi ilə tibbi xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində tədbirlər görmək;
- İcbari tibbi sığorta sahəsinin inkişafını təmin etmək.
İcbari tibbi sığorta sistemi
Pilot layihə
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli və 2018-ci il 16 fevral tarixli Fərmanlarına əsasən 2017-ci ildən etibarən icbari tibbi sığortanın pilot layihə şəklində müvafiq olaraq Mingəçevir şəhəri və Yevlax rayonu, 2018-ci ildən isə Ağdaş rayonunun inzibati ərazilərində tətbiqinə başlanılıb. Pilot layihə 2019-cu ilin sonunadək davam edib.
Pilot ərazilərdə dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) layihə başa çatanadək Agentliyin tabeliyinə verilmişdir.
Layihə müddətində əhalidən sığorta haqqı tutulmamış və pilot ərazilərdə rəsmi qeydiyyatda olan 343 min 800 nəfər sığortaolunan baza zərfi (1829 adda tibbi xidmət) çərçivəsində ödənişsiz tibbi xidmətlərdən istifadə etmək hüququ əldə etmişdir. Baza (əsas xidmətlər) zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığorta olunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur. Pilot layihə dövründə baza zərfi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir.
Pilot layihə müddətində səhiyyə xərclərinin maliyyələşməsinə ümumilikdə 101 203, 39 min manat vəsait sərf edilib.
Ölkə üzrə tətbiq
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli Qərarı ilə icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı təsdiq edilib. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-4.1-ci maddəsinə uyğun olaraq, icbari tibbi sığortanın ölkə üzrə 3 mərhələdə tətbiq edilməsi təsdiq edilib.
Birinci mərhələdə, 2020-ci il 1 yanvar tarixindən etibarən icbari tibbi sığorta Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında tətbiq edilir.
İkinci mərhələdə, 2021-ci il 1 yanvar tarixindən 36 şəhər və rayon - Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul sözügedən sistemə qoşulub.
Üçüncü mərhələdə, 2021-ci il 1 aprel tarixindən etibarən isə Bakı, Sumqayıt və Abşeronda icbari tibbi sığorta tətbiq edilir.
İcbari tibbi sığortanın ölkə üzrə tətbiqini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli Fərmanı[1]na əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) yaradılmışdır. TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirməkdir.
“Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 dekabr, 2018-ci il Fərmana əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin TƏBİB-in tabeliyini verilməsi təsdiqlənmişdir. Fərmanın icrası məqsədilə 12 aprel 2019-cu il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti TƏBİB-in tabeliyindəki 3042 dövlət tibb müəssisəsinin siyahısının təsdiq edilməsi barədə qərar qəbul etmişdir.
Ölkə üzrə tətbiqə hazırlıq
İcbari tibbi sığortanın ilkin mərhələdə tətbiqi məqsədilə Agentlik tərəfindən bir sıra tədbirlər görülmüşdür. İcbari tibbi sığortanın tətbiqini təmin edəcək vacib tədbirlərdən biri əhalinin sistem çərçivəsində yararlana biləcəyi xidmətlərin toplusunun (Xidmətlər Zərfi) hazırlanması idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli Qərarı ilə Xidmətlər Zərfi təsdiqlənmişdir. Xidmətlər Zərfi sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur. 02 dekabr 2020-ci il tarixində Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Tibbi xidmətlərin Xidmətlər Zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin Xidmətlər Zərfindən çıxarılması meyarları və qaydası” təsdiqlənmişdir.
İlkin səhiyyə xidmətinin gücləndirilməsi məqsədi ilə icbari tibbi sığortanın tətbiq edildiyi inzibati ərazilərdə Ailə Sağlamlıq Mərkəzləri yaradılmışdır. Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətini artırılması istiqamətində xəstəxanaların Qəbul şöbələri bazasında Təcili Yardım şöbələri yaradılmış, xəstələrin ağırlıq dərəcəsinə uyğun olaraq çeşidlənməsi üçün “triaj” sisteminin tətbiqinə başlanılmışdır. Xəstəxanalarda ambulator və stasionar xidmətin təşkili, tibb işçiləri və pasiyentlərin hərəkətinin nizamlanması, şöbələrin optimal yerləşdirilməsini təmin etmək məqsədilə xəstəxanalarda rekonstruktiv təmir və tikinti işləri aparılmışdır. Tibbi xidmətin keyfiyyətinin artırılması üçün xəstəxanalarda keyfiyyətə nəzarət komitəsi yaradılmış və keyfiyyət standartlarının tətbiqinə başlanılmışdır.
Xəstəxanalarda proqram təminatı və yeni qeydiyyat sistemi qurulmuş, xəstəxanalar internetə çıxış və kompüter avadanlıqları ilə təchiz olunmuşdur.
Tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə tibb müəssisələri respublikanın inzibati ərazi vahidləri üzrə qruplaşdırılmışdır. Bir tibbi ərazi bölməsinə bir neçə şəhər/rayon üzrə dövlət tibb müəssisəsi daxil edilmişdir. Ümumilikdə 13 sayda tibbi ərazi bölməsi təsdiq edilmişdir
Görülən tədbirlərdən biri də səhiyyə işçilərinin rifah halının yaxşılaşdırılması, tibb işçilərinin həvəsləndirilməsi ilə bağlı olmuşdur. 2020-ci ilin əvvəlində Agentlik tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası” təsdiq edilmişdir. Qaydaya əsasən tibb işçisinin əməkhaqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir. Tibb işçilərinə həvəsləndirici əlavələr vəzifədən və yerinə yetirilən işin xüsusiyyətindən asılı olaraq, sabit və ya xidmətə görə həvəsləndirici əlavə formasında verilir. 2020-ci ilin oktyabr ayında Agentliyin İdarə Heyətinin müvafiq qərarı ilə Qaydaya dəyişikliklər edilmişdir.
Tibb müəssisələrində İKT infrastrukturunun qurulması
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanına əsasən TƏBİB-in tabeliyinə verilmiş dövlət tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun qurulması üzrə bir sıra tədbirlər icra olunmuşdur. Sözügedən fəaliyyət tibb müəssisələrində İKT-nin imkanlarından istifadə etməklə, icbari tibbi sığortanın məlumat bazasının, habelə müvafiq proqram təminatının yaradılması və geniş tətbiqi məqsədini daşıyır. Proqram təminatı xəstəxanalara müraciət edən vətəndaşın onlayn qeydiyyatının aparılmasına, onun sığortaolunan olub-olmamasını müəyyənləşdirilməsinə, pasiyentin müraciət etdiyi şöbələr, ona xidmət göstərən həkimlər, təyin olunan müayinə və müalicə (ambulator və stasionar) haqqında məlumatların sistemə daxil edilməsinə imkan yaradır, həmçinin, vətəndaşların zaman və məkandan asılı olmayaraq diaqnozları və laborator analizlərinin nəticələri haqda məlumatları rahatlıqla əldə etmələrinə xidmət edir.
Agenliyin elektron xidmətləri
Agentliyin "COVID-19 PZR analizi nəticəsinin onlayn qaydada əldə edilməsi”, "COVID-19 vaksin randevu", Şəxsi Kabinetə giriş”, “Laboratoriya analizlərinin nəticələri”, “Tibbi xidmətlərin onlayn ödənişi” və “Sərnişinlər üçün onlayn növbə (COVID-19)” adlı 6 elektron xidməti var.
Xidmətlər Zərfi
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə 3000-ə yaxın müxtəlif tibbi xidmət daxildir. Xidmətlər Zərfi ilə ilkin səhiyyə, təcili və təxirəsalınmaz tibbi yardım, ixtisaslaşdırılmış ambulator və stasionar tibbi yardım üzrə xidmətlər, habelə laboratoriya, fizioterapiya, və invaziv radiologiya xidmətləri təminata alınıb. Ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə medikamentoz və cərrahi müalicəsi icbari tibbi sığorta təminatına alınıb. Hazırda ölkə əhalisinə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər göstərilir.
İcbari tibbi sığorta haqqı
“Tibbi sığorta haqqında” Qanuna uyğun olaraq ölkə əhalisinin, habelə Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin icbari tibbi sığorta üzrə ödənişləri dövlət büdcəsinin vəsaiti hesabına tam təqvim ili üçün adambaşına ödənilir.
İcbari tibbi sığorta haqqının adambaşına illik məbləği icbari tibbi sığortanın 2020-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat, 2021-ci ilin yanvar ayından etibarən tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat + 90 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi, 2021-ci ilin aprel ayından etibarən tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat + 67,5 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi müəyyən edilib.
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlar, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 1 yanvar 2021-ci il tarixindən etibarən icbari tibbi sığorta haqqı toplanılır. Əmək və ya mülki-hüquqi müqavilə əsasında işləyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün icbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsi qaydaları “Tibbi sığorta haqqında” Qanun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənir.
Tibbi Ərazi Bölmələri (TƏB)
Agentliyin 21 yanvar 2020-ci il tarixli Qərarına əsasən “Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri”i təsdiq edilib. Tibbi ərazi bölməsi TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin inzibati ərazi vahidləri üzrə qruplaşdırılmasıdır.
Agentlik tərəfindən ümumilikdə 14 tibbi ərazi bölməsi müəyyənləşdirilib: Cəlilabad - Salyan TƏB, İmişli - Sabirabad TƏB, Göyçay - Kürdəmir TƏB, Bakı şəhəri TƏB, Sumqayıt şəhəri TƏB, Quba – Xaçmaz TƏB, Şəki – Zaqatala TƏB, Dağlıq Şirvan TƏB, Şəmkir - Tovuz TƏB, Bərdə – Yevlax TƏB, Ağdam - Ağcabədi TƏB, Gəncə TƏB, Lənkəran TƏB və Qarabağ TƏB. Bir tibbi ərazi bölməsinə bir neçə şəhər/rayon üzrə dövlət tibb müəssisələri daxil edilib.
Filiallar
Agentliklə bölgələrdə fəaliyyət göstərən tibb müəssisələri arasında səmərəli əlaqələndirməni təmin etmək məqsədi ilə Agentliyin strukturuna daxil olan 11 filialı təsdiq edilib: Şəmkir, Gəncə, Şəki, Lənkəran, Cəlilabad, Quba, Göyçay, Şirvan, Ağcabədi, Mingəçevir, Şamaxı. Hazırda 8 filial fəaliyyət göstərir: Gəncə, Quba, Lənkəran, Şəki, Şirvan, Şamaxı, Mingəçevir və Ağcəbədi.
Beynəlxalq əməkdaşlıq
Agentliyin bir sıra beynəlxalq təşkilatlarla - BMT-nin ixtisaslaşmış təşkilatları, Ümumdünya Səhiyyə Təşkilatı, Dünya Bankı, Qlobal Fond, Türkiyə Respublikası Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyi və Sosial Müdafiə Qurumu (SGK), Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), Koreya Səfirliyi, Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA), Yaponiya Səfirliyi, Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA), Asiya İnkişaf Bankı, Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA), Avropa İttifaqı və beynəlxalq şirkətlərlə müxtəlif istiqamətlərdə birgə layihələr və tədbirlər həyata keçirir.
Tabeliyindəki qurum
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)
TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlərin yaradılması, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırılması istiqamətində fəaliyyət icra edir. Tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət edir.
Qanunvericilik
- “Tibbi sığorta haqqında” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
- “Əhalinin sağlamlığının qorunması haqqında” AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
Həmçinin bax
- Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
- Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
- İctimai Səhiyyə və İslahatlar Mərkəzi
- Ümumdünya Səhiyyə Təşkilatı
- Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi
- Azərbaycan Tibb Universiteti
- Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
İstinadlar
- "Z.R.Əliyevin Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 2015-ci il tarixli, 1474 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- "Z.R.Əliyevin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2017-ci il tarixli, 3222 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- "N.Y.Bayramovanın Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi direktorunun müavini təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 26 may 2016-cı il tarixli, 2070 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- "N.Y. Bayramovanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 2017-ci il tarixli, 3304 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2007-ci il tarixli, 2592 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin NİZAMNAMƏSİ Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli Fərmanı
- Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
- İcbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin genişləndirilməsi və “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
- “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi və “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 504 nömrəli Qərarının ləğv edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
- Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Xarici keçidlər
- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Azərbaycan) rəsmi saytı
- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Facebook səhifəsi
- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Instagram səhifəsi
- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Twitter səhifəsi
- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin LinkedIn səhifəsi
- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin YouTube səhifəsi
- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Teleqram kanalı