Kompleksin ən qədim tikilisi olan Müqəddəs Tanrı anası kilsəsinin timpanında onun inşa edilmə tarixi və sifarişçisi haqqında məlumat verilmişdir: "çariça, çar Kürikenin qızı…1174-cü il" Ümumilikdə monastır ərazisində səkkiz kitabə oxunmuş və çap edilmişdir ki, onlardan da bəziləri 1174, 1178, 1261-ci illərə aiddir.
Memarlıq xüsusiyyəti
Kompleksə müxtəlif qorunma vəziyyətində olan iyirmidən çox tikili daxildir. Kompleksin ən qədim tikilisi olan Müqəddəs Tanrı anası kilsəsi onun şimal hissəsində yerləşir. Kilsə planda düzbucaqlı formasına malik olmaqla, tağtavanla örtülmüşdür. Qərb tərəfdən kilsə binasına bitişik düzbucaqlı formalı narteks inşa edilmişdir. Onun qərb girişi orta otağa aparır, böyül cənub-qərb qapısı isə həyətə açılır.
Kilsənin qərb tərəfinə bitişik inşa edilmiş ikinci tikili qədim sovməədir. Sovməənin şimal divarı həm də Müqəddəs Tanrı anası kilsəsinin qərb divarıdır.
Kompleksin mərkəzində monastırın əsas kilsəsi yerləşir. Üçnefli bazilika formasına malik tikili maraqlı interyerlərə malik olmaqla, bütün memarlıq xüsusiyyətlərini qoruyaraq dövrümüzə çatmışdır. Kilsənin tağtavanı iki pilon və divarönü yarımpilona söykənir. Kilsənin narteksi kvadrat formalı planda inşa edilməklə iki qapıya malikdir. Onlardan biri həyətə açılır, digəri isə sovməəyə.
Monastırın qərb tərəfində mülki məqsədlər üçün istifadə edilmiş tikililər və onların xarabalıqları qalmışdır. Həmin tikililərdən düzbucaqlı plana və tağtavana malik axır binası daha yaxşı vəziyyətdə saxlanmışdır. Monastırın cənub tərəfində bir sıra yaşayış və kommunal məqsədlər üçün istifadə edilmiş tikililər vardır.
Müqəddəs Tanrı anası monastırına daxil olan bütün tikililərin inşasında yonulmamış kobud çaydaşılarından istifadə edilmiş, yalnız tikililərin yükdaşıyan hissələri və küncləri kobud yonulmuş daşlardan hörülmüşdür.