Aşağı Çayrud
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Çayrud (Çayoru) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Aşağı Çayrud | |
---|---|
Ölkə |
Tarixi
Lerikin yerləşdiyi ərazi amfiteatrı xatırladır. O, arxa tərəfdən qövsvari hündür təpələr və sivri uclu dağlarla əhatə olunmuşdur. Rayon mərkəzi olmazdan əvvəl bu məntəqə dağ silsiləsini ikiyə bölən yaşıl bir vadinin qoynunda yerləşən sadə bir kəndciyəzdən ibarət idi. İnzibati status aldıqdan sonra o, hüdudlarını genişləndirmiş, silsilə təşkil edən dağların sinəsində hər ev Laçın yuvasını xatırladan şəhərə çevrilmişdir. Çayrud sözünün əsli Çayoru sözüdür ki,bu söz də Çayovru sözünün tələffüz şəklidir.Çayovru sözü iki komponentdən ibarətdir.Çayov-su ilə hərəkətə gətirilən və fasonlu ağac yonan qurğu, ru-isə talış dilində çay deməkdir.Bu qurğu kəndin yaşayış yerinə yaxın yerdə axan çayda kəndin ilkin sakinləri olan haşimi seyidləri tərəfindən qurulub.
1829-cu ildə xüsusi möhürlərlə təsdiqlənmiş şəcərədə yazılır ki, kəndin ilk sakinləri haşimi seyidlərdir ki, buraya hələ 4 əsr əvvəl Ərdəbildən ,Ərdəbilə isə Fəxrəbaddan köçmüşlər. Artıq XIX əsrin əvvəllərindən başlayaraq – XX əsrin əvvəllərinə kimi Çayrud kəndində iri patriarxal ailələr mövcud olmuş və onlar isə patronomik prinsiplər əsasında formalaşmışdır. Çayrud kəndinə başqa yerlərdən əhali XIX əsrin əvvəllərində köçməkdə davam etmiş və onlardan biri də Arşah mahalından olan Seydibəy Məhəmmədhəsən oğlu idi. Onun nəslindən olanlar isə Çayrudda "Qıca " patronimiyası ilə tanınır. Kəndin diğər iri patronomyalarından biri də yarımköçmə maldarlıqla məşğul olan Cəfavandış adlanan tayfalar olmuşdur. Onlar kəndin ilk sakinləri olan seyidlərdən birinin-Mir Xancamalın nəslindən idilər.
XIX əsrin 70-80-ci illərində rus müəllifləri tərəfindən verilən məlumatlardan məlum olur ki, həmin dövrdə Çayrud kəndi 54-dən artıq evdən (tüstüdən) ibarət idi.
1890-cı ilin may ayının 28-də Lerik rayonunda arxeoloji tədqiqatlar aparan Fransanın Sen-Jermen muzeyinin əməkdaşı olan fransız arxeoloqu Jak de -Morqan Son tunc və Erkən dəmir dövrünə aid abidələrin tədqiqi məqsədi ilə Çayrud kəndində olmuş və burada Tunc dövrünün III mərhələsinə aid etdiyi abidə qeydə almışdır. Lakin J. de Morqan həmin abidədə nədənsə arxeoloji tədqiqat işləri aparmamışdır.
1902-1925-ci illərdə Lənkəran qəzasında və Lerikdə iki dəfə olan professor Boris Miller dil materialları toplamaq məqsədi ilə rayonun Çayrud və diğər kəndlərinə səfərlər etmiş və buradan maraqlı məlumatlar toplamışdır.
Çayrud kəndi XIX əsrin əvvəllərindən başlayaraq səyyah-alimlərin diqqətindən yayınmamış və onların əsərlərində müəyyən məlumatlara rast gəlinir. 1834-1835-ci illərdə Yelenondorf (indiki Xanlar şəhərindən olan alman botanik alimi F. Qoqonhağer Lerikə dərman bitkiləri kolleksiyası toplamaq məqsədi ilə iki dəfə səfər etmişdir. O, birinci səfərində əsasən rayonun Çayrud, Veri, Rəzgöv, Rvarud, Mastayıl, Əvilə və s. kəndlərin ərazisindən dərman bitkiləri nümunələrini toplamışdır. F. Qoqonhağer Çayrud və digər kəndlərdən topladığı bitki kolleksiyası hazırda Rusiyanın Sankt -Peterburq şəhərinin Botanik bağında və Tiflis şəhərinin Nəbatat muzeyində saxlanılır.
Kəndin mədəniyyətinin yuksəlməsində Çayrud məkəbinin böyuk xidmətləri olmuşdur.
90 il ərzində Çayrud məktəbini 3200 nəfər məzun bitirmiş və Azərbaycan Respublikasında 500 nəfərə qədər, Rusiya şəhərlərində 220 nəfərə qədər ali təhsil və 120-dən artıq məzun orta ixtisas təhsili almışdır. Məktəb məzunları arasında elmin müxtəlif sahələri üzrə 6 elmlər doktoru, 20-dən artıq elmlər namizədi, aspirant və dissertantlar, magistrlər, yüzlərlə müəllim, 20-dən artıq həkim, onlarla hüquqşünas, hakim, jurnalist, mühəndis, iqtisadçı, hərbçi, tanınmış incəsənət xadimləri, yazıçı və şairlər, naşir, kənd təsərrüfatı üzrə mütəxəssislər, müasir dünyanın elmi-texniki nailiyyətlərindən bol-bol bəhrələnən və s. yetişmişdir. Çayrud məktəbinin yetirmələri dövlət orqanlarının bir çox sahələrində, nazirliklərdə, hüquq-mühafizə və hərbi orqanlarda, diasporalarda, elm, təhsil, səhiyyə və mədəniyyət sahələrində, rayonumuzun məsul vəzifələrində onlara tapşırılan işin öhdəsindən layiqincə gəlmiş və gəlməkdədirlər.
Məktəbin keçdiyi şərəfli inkişaf yolunda neçə-neçə müəllimiz ömrünün böyük bir hissəsini, ürəyinin hərarətini və gözlərinin nurunu gənc nəslin vətən üçün gərəkli bir şəxsiyyət kimi yetişməsinə həsr etmişdir. Onların bir çoxu dünyasını dəyişsə də xatirələrdə daim yaşayırlar. Ömrünü şam kimi əridən müəllimlərin ruhuna rəhmət diləyirk. Hər birimiz cəmiyyətdə nə kimi mövqe qazanmışıqsa, ilk növbədə təhsil aldığımız məktəblərə və bizə dərs deyən müəllimlərə borcluyuq. Məktəbimizin 90 illik yübeliyinə ən böyük töhfə isə 220 nəfərlik yeni məktəb binasıdır. Hər bir kəndin mədəni-intelektual səviyyəsi orada fəaliyyət göstərən, maarif və ziya işığı saçan məktəbi ilə sıx surətdə bağlı olur. Böyük bir zaman məsafəsini arxada qoyan Çayrud məktəbi təkcə kəndin özündə deyil, ətraf kəndlərdə belə özünün maarifçilik ənənələri ilə böyük şöhrət qazanmışdır. Çətin və əziyyətli bir zamanda fəaliyyət göstərməyə başlayan Çayrud məktəbi özünü qısa müddətdə bir elm ocağı kimi tanıda bilmişdir.[Mənbə göstərin]
Çayrud məktəbi
20-40-cı illərdə
Həmyerlimiz, dəyərli jurnalist İsaq Əmənullayevin yazdığı kimi pristav İbadulla bəy Nurullabəyov 1911-1913-cu illərdə Bakı qubernatoruna Lerikdə dünyəvi məktəbin açılması xahişi ilə müraciətlər edir və çar idarəsindən birillik rus-tatar məktəbinin açılmasına razılıq alır. Lerikdə rus-tatar məktəbi yalnız 1915-ci ildən Muğandan göndərilən müəllim N. İzimovun fəaliyyəti ilə başlayır. Bu məktəb rayonun tarixində ilk dünyəvi məktəblərindən olur. Lerikdə ilk məktəb açılan kəndlərdən biri də Çayrud kəndi idi. Çayrud məktəbi kənddə və ətraf yerlərdə savadsızlığın ləgv edilməsində mühüm rol oynamışdır. 1925-ci ilin payızında Çayrud ibtidai məktəbi yaradılır və oraya Lənkəran qəzasından olan ibtidai sinif müəllimi Hüseynqulu Abbasov təyin olunur. Hüseynqulu Abbasov Çayrudda dünyəvi təhsil tədris edən ilk müəllim olur. Şagirdlərə hüsnüxətt, ana dili, hesab, sovet cəmiyyətini tərənnüm edən musiqilər, folklor nümunələri və s. tədris olunurdu. Hüseynqulu müəlliminin ilk şağirdlərindən olan, İkinci dünya müharibəsinin veteranı, Novorossiyski, Odessa, Xarkov, Rostov və Mozdok uğrunda gedən qanlı vuruşmalarının iştirakçısı və müharibədən sonra stalinizm repressiyasına məruz qalan Çayrudun qocaman sakini Şirməmməd Hüseynovun yaddaşında xoş xatirələrlərlə qalmışdır. Onun ilk dərs günü haqqında ondan müsahibə alan Q.Kərimov belə yazır: – "Payız günlərinin birində mən və Hüseynov Əbülfəz Məmi oğlu kənd sakini Hüseynov Bağı Məmi oğlunun evində Hüseynqulu müəllimin təşkil etdiyi məktəbin birinci sinfinə getmişəm. O, bizə ilk dərsdə rəqəmləri saymağı öyrətdi. Artıq onun ikinci dərsindən başlayaraq sinifimizdəki şağirdlərin sayı günbəgün artaraq, biz iki nəfər də daxil olmaqla 15 nəfərə çatdı. Sinif yoldaşlarımız isə Çayrud və Rvarud kəndindən olan aşağıdakı şağirdlər idi: Rzayev Qardaş, Tağıyev Miri, Nəciyev Sərdar, Kəlbiyev Məmməd, Mütəllimov Əbufər, Abidov Xəlifə, Əliyev Zahid, Musayev Mahmud, Rüstəmov Naib, Əliyev Feyruz, Əliyev Zahid, Musayev Mahmud, İskəndərov Şamil, Ağayev Yəhya və Ağayev Əzizxan. Hüseynqulu müəllim bizə dördüncü sinfə qədər dərs keçdi. Məktəbi qurtardıqdan sonra sinif yoldaşlarımızdan bəziləri Hüseynqulu müəllimin davamçıları oldular. Digərləri ondan aldığı təhsilin hesabına müxtəlif sənət və peşələrə yiyələndilər. 1927-ci ilə kimi Hüseynqulu Abbasov öz pedaqoji fəaliyyətini Çayrud kəndinin üç sakinin, yəni adını çəkdiyimiz Hüseynov Bağı Məmi oğlu, Quliyev Lətif Süleyman oğlu və Miriyev Zəki Miri oğlunun evində açılmış məktəb siniflərində davam etdirmiş və yüzdən artıq şağirdinə elm və savad öyrətmişdir.
1927-1928-ci illərdə Çayrud kəndində ilk dəfə olaraq kənd sakinlərinin köməyi ilə məktəb binası inşa olunaraq şağirdlərin istifadəsinə verilir. Hüseynqulu Abbasov təxminən Çayrud ibtidai məktəbində 1932-ci ilə kimi pedaqoji fəaliyyətini davam etdirir.
1933-1936- cı illərdə Çayrud ibtidai məktəbində Əlizadə Rəhim direktor vəzifəsində işləmiş və onunla yanaşı 7 müəllim müxtəlif fənnlərdən dərslər keçmişlər. Bu illərdə məktəbdə Həsənov Həbib, Gözəlov Yaqub, Gözəlova Maral, Rzayev Ağahüseyn, Babayev Talıb, Lətifov Abuzər və Veysəlov Müseyib şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmuş və dərs demişlər. Çayrud məktəbində bu dövrdə baş verən fərəhləndirici hallardan biri də odur ki, ilk məktəbdə kişi müəllimlərlə yanaşı qadın müəllimə də işləmişdir. Məktəbin ilk qadın müəlliməsi yuxarıda adını çəkdiyimiz Gözəlova Maral olmuşdur.
1937-ci tədris ilində Çayrud ibtidai məktəbinə yeni müəllim Yaqub Hüseynov direktor təyin edilir və onunla yanaşı məktəbdə Həbib Həsənov, Ağahüseyn Rzayev, Talıb Babayev, Səfər Məmmədov və bu məktəbi bitirən iki orta təhsilli məzun Rəfiyev İslam və sonradan daha yüksək vəzifələrdə çalışan, Çayrudu adına layiq təmsil edən Xosrovov Ramazan müəllim kimi işləməyə başlayırlar. 1937-ci il Azərbaycan tarixində minlərlə ziyalının məhvinə səbəb olan qanlı repressiya ili kimi başlayır. Həmin dövrdə bir çox ziyalılarımız müxtəlif adlarla damğalanaraq Sibirin soyuq çöllərinə və Orta Asiyanın insan yaşamayan ərazilərinə sürgün edilir. Bəziləri isə saxta ittihamlarla güllələnirdilər.
1938-ci ildə ildən isə Çayrud məktəbi öz fəaliyyətini natamam orta məktəb kimi davam etdirir və məktəbə Lənkəran qəzasının Gərmətük kəndindən olan ibtidai sinif müəllimi Babayev Səfərəli direktor və Hümmət Əskərov isə dərs hissə müdiri təyin edilir. Artıq həmin ildən məktəbdə dördillik təhsil sistemindən yeddi illik təhsil sisteminə keçilir. Bu ildə Çayrud məktəbinə dörd məzunu Rzayev Qardaş, Kazımov Ələkbər, Rüstəmov Naib və Mahmudov Ağababa müəllim təyin edilir. 1939-çu ildə Çayrud natamam orta məktəbinin nəzdində direktor Səfərəli Babayevin müdirliyi ilə və Nazxanım Babayevin katibliyi ilə internat yaradılır. İnternat Çayruda ətraf kəndlərdən oxumağa gələn şağirdlər üçün nəzərdə tutulmuşdur. Bu dövrün arxiv sənədlərindən aydın olur ki, iki nəfər Mahmudov Ağababa və İskəndərov Şamil məktəbin təbiət şöbəsini bitirən ilk qiyabi müdavimləri olur. 1939-cu ilin mühasibat sənədlərindən məlum olur ki, məktəbdə Cəfərov Cahil, Qənbərov Şiri, Məlikova Arəstə, Məlikova Nığa və Mötiyeva Həcəfqulu xadimə kimi işləmişlər. 1940-ci ildə məktəbə daha iki müəllim – Teymurov Gülağa və M. Ə. Sabir adına pedaqoji texnikumunu bitirən rus dili müəlliməsi Silvestorova Nadya təyinatla işləmək üçün göndərilir. Nadya Silvestorova məktəbdə tədris müddətində müəllim Xosrovov Ramazanın evində qalır. 1941-ci ildə başlayan Böyük Vətən müharibəsi Çayrud məktəbinə ağır zərbə vurmuş və məktəb direktoru Səfərəli Babayev başda olmaqla məktəbin əksər müəllimləri Rzayev Qardaş, Xosrovov Ramazan, Rəfiyev İslam, Rüstəmov Naib və s. cəhbəyə yollanırlar.
Cəhbədən yaralanaraq qayıdan Rzayev Qardaş yenidən məktəbdə müəllim işləyir. Onunla yanaşı məktəbə daha iki müəllim – Əliyev Mirzağa və Babayev Ənam ğöndərilir. 1943-cü ildə Çayrud natamam orta məktəbinin tarixində ilk dəfə olaraq məktəb məzunlarından orta təhsilli iki qadın – Miriyeva Güllü və Miriyeva Müşki müəllim kimi işləməyə başlayırlar. Onların hər ikisini Çayrudun ilk qadın müəllimləri hesab etmək olar. 1944-cü ildə Lerik Xalq Maarif şöbəsi tərəfindən Çayrud natamam orta məktəbin bitirən şagirdlərdən yeddi nəfərinə yol xərci verilməklə Astarxanbazar Pedaqoji məktəbinə oxumaq üçün göndərilir. Onlar Cavadov Mirzəkişi, Rzayev Səfər, Seyfullayev Baxşəli, Abdullayev Dadaş, Yüzbaşov Gülağa, İsmayılov Əlmusa və Kərimov Hidayət idilər. 1945-ci ildə Çayrud natamam orta məktəbi tarixində məktəbə ilk qadın direktor Ağayeva Məhbubə (1923-cü il təvəllüdlü) təyin edilir. Bundan başqa dərs hissə müdiri vəzifəsində məktəb məzunu Əliyev Nemət işləməyə başlayır.
1949-cü ildə Cayrud orta məktəbinə Bakı şəhərindən olan ali təhsilli dil-ədəbiyyat müəllimi Nağıyev Nağı direktor təyin edilir və onun arvadı Nağıyeva Nadejda Evtsavina isə məktəbə rus dili müəlliməsi kimi göndərilir.
1947-1949-cü illərdə Çayrud məktəbində Abbasova Məhbubə dərs hissə müdiri, Nağıyeva Nadejda Evtsavina (1925-ci il təvəllüdlü) rus dili müəlliməsi, Xosrovov Ramazan (1923-cü il təvəllüdlü) riyaziyyat müəllimi, Rzayev Qardaş(1915-ci il təvəllüdlü) coğrafiya müəllimi, Rüstəmov Gülağa (1928-ci il təvəllüdlü) tarix müəllimi və Cavadov Mirzəkişi (1928-ci il təvəllüdlü) dil-ədəbiyyat müəllimi kimi işləmişlər.
Keçən əsrin 50-ci illərinə kimi Çayrud məktəbi sovetlikdə yeganə orta məktəb olduğu üçün buraya ətraf kəndlərdən olan Mondigah, Barzavu, Andurma, Rvarud, Anzulu, Təngəbın, Rəzgöv, Tikəband, Veri-Əliabad, Küsəkəran, Dico və s. kəndlərdə ibtidai təhsil alan şağirdlər orta təhsilini bu məktəbdə alırdılar. 1949- cü ildə xalq şairi Süleyman Rüstəm, yazıçı Əbülhəsən və İsmayıl Dağıstanlı Çayrudda olmuş və onlar kəndin mədəni səviyyəsini yüksək qimətləndirmişlər. Çayrud məktəbinin şagirdlərinin onlar qarşısındakı çıxışlarından heyrətlənmişlər. Onlar kəndə atla gəlsələr də, kənddə olan klub və bir çox mədəni-maarif işləri onları heyrətə gətirmişdir.
== 50-80-ci illərdə
1950-ci ilə kimi məktəbdə direktor vəzifəsində işləyən Nağıyev Nağı həmin ildə yaxşı işlədiynə görə Lerik rayonu Xalq Maarif şöbəsinin əmri ilə Lerik orta məktəbinə direktor təyin edildiyindən onun yerinə Çayrud məktəbinin ilk ali təhsilli məzunlarından olan Əliyev Nemət Əbülhəsən oğlu direktor göndərilir. Məktəbdə dərs hissə müdiri vəzifəsinə isə Lənkəran rayonun Boladı kəndindən olan Axundov Sənan Ağaməmməd oğlu təyin edilir. Bundan başqa məktəbə, Bakının Əmircan kəndində olan Övsət Əli oğlu riyaziyyat fənnindən və Niftullayev İsmayıl isə dil-ədəbiyyat fənnindən müəllim göndərilirlər. 1950-ci ilin məktəblə bağlı arxiv sənədlərindən məktəbdə 243 şağirdin təhsil alması və onlardan 13 nəfərinin isə məktəbi bitirməsi məlum olur. Bu ilki məktəb məzunlarından Abdullayev Bəfa Həmzə oğlu Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinə, Seyfullayev Baxşəli Şirəli oğlu, Cavadov Mirzəkişi Ağakişi oğlu, Rzayev Mirzə Əziz oğlu, Miriyev Nəci Sadıx oğlu, Dənziyev Möhtəmən Məmmədəli oğlu, Rzayev Mirzə Əziz oğlu və Əliyev Sahib Qasım oğlu ikiillik Quba Müəllimlər İnsitutuna daxil olurlar. Həmin ildə məktəbi bitirən 13 nəfər məzundan 8 nəfərinin ali məktəblərə və digərlərinin isə orta-ixtisas məktəblərinə daxil olması məktəbin qazandığı uğurlardan idi. 1951-ci ildə Çayrud məktəbini bitirən məzunlardan – Əlirzayev Şiri Həsrət oğlu, Həmidov Güləsən Ağaşirin oğlu və Məmiyev Fəttah Bəymirzə oğlu Gəncə Kənd Təsərrüfatı İnstitutuna daxil olurlar. İldən-ilə məktəb yeni uğurlara imza atır. 1952-ci ildə Çayrud orta məktəbinin nəzdində kəndli-gənclər məktəbi təşkil olunur və həmin məktəbə Axundov Sənan və Xosrovov Ramazan müəllim təyin olunurlar. Bu məktəbin açılmasında əsas məqsəd isə gənclər arasında mövcud olan kütləvi savadsızlığın aradan qaldırılması idi. 1954-1955-ci tədris ilində Çayrud məktəbini 740 nəfərə yaxın məzun bitirmiş və onlardan 30 nəfəri isə ali təhsil almışdır. Məktəb məzunları müxtəlif ixtisaslar üzrə ali təhsilə yiyələnmişlər. 1955-ci ildə Çayrud orta məktəbinə Masallıdan olan ali təhsilli tarix müəllimi 1953-cü ildə Çayrud orta məktəbinə tədris işləri üzrə direktor müavini Əsədullayev Rza direktor və Lerikdən olan ali təhsilli çoğrafiaya müəllimi Bəşirov Bəşir isə tədris işləri üzrə direktor vəzifəsinə təyin olunurlar.
1955-ci ildən etibarən 15 müəllim dərs demiş və onlardan Mustafayev Şayar riyaziyyatdan, Məmmədov Rafiq xarici dildən, Dənziyev Möhtəmən riyaziyyatdan, Yakimova Valentina rus dilindən, Rzayev Qardaş coğrafiyadan, Rzayev Mirzə tarixdən, Seyfullayev Baxşəli təbiət fənnlərindən, Bəşirov Bağı hərbdən, Babayeva Səmayə rus dilindən və Məcidov İldırım isə riyaziyyatdan dərs demişlər. Tədris ilində məktəbi bitirən məzunlardan 14 nəfəri isə müxtəlif ali məktəblərə daxil olmuşlar. 1957-ci ildən Çayrud məktəbinə tədris işləri üzrə direktor müavini olan Bəşirov Bəşir direktor vəzifəsinə və məktəbin ali təhsilli məzunlarından olan Rüstəmov Gülağa isə tədris işləri üzrə direktor müavini təyin olunur. Həmin tədris ilində Çayrud məktəbini bitirən 36 nəfər məzundan 18 nəfəri isə ali məktəblərə daxil olmuşdur.
1956-1957-ci tədris ilində Çayrud orta məktəbini bitirən 42 nəfər məzundan 13 nəfəri ali məktəblərə daxil olmuşdur. Bu tədris ilindən etibarən Çayrud məktəbi tam onillik təhsil verən məktəbə çevrilmişdir.
1958-1959-cü tədris ilində Çayrud məktəbinin pedaqoji kollektivi Bəşirov Bəşir direktor, Rüstəmov Gülağa direktor müavini, Həsənov Zülfüqar, Dənziyev Möhtəmən və Kərimov Vəliağa riyaziyyat müəllimləri, SeyfullayevBaxşəli kimya müəllimi, Cahangirov Arif və Miriyev Güləli dil -ədəbiyyat müəllimi, Baxtizin Vladimir, Yakimova Valentina və Petrovna Nadejda rus dili müəllimləri, Rzayev Mirzə tarix müəllimi, Bəşirov Bağı hərbi müəllim və Rəfiyev İslam sinif müəllimindən ibarət idi. Bu tədris ilində isə məktəbi 37 nəfər bitirmiş və onlardan 10 nəfər isə müxtəlif ali məktəblərə qəbul olunmuşdur.
1959-cü ilə aid Lerik Xalq Maarif şöbəsində saxlanan arxiv sənədlərindən aydın olur ki, həmin ildə Çayrud məktəbinin nəzdində 70 nəfəri savadlandırmaq üçün Rüstəmov Gülağa (müdir), Rzayev Qardaş, Rzayev Mirzə, Seyfullayev Baxşəli, Dənziyev Möhtəmən və Miriyev Güləli müəllim təyin ediməklə birillik savad kursu açılır. Savad kursu müəyyən səbəblərə görə təhsil ala bilməyən insanların təhsilə cəlb edilməsi məqsədini güdürdü.
1959-1960-cı tədris ilində Çayrud məktəbində direktor müavini vəzifəsində işləyən məktəbin məzunlarından olan Rüstəmov Gülağa direktor vəzifəsinə irəli çəkilir. Məktəbin digər müəllimi Məmmədov Rafiq isə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilir və məktəbə iki yeni müəllim – Bayramov Faiq və Əliyev Sahib təyinatla göndərilir. Çayrud orta məktəbini həmin ildə 16 nəfər məzun bitirir və onlardan 8 nəfər isə ali məktəblərə daxil olur. Onu da deyək ki, 1960-cı ilə kimi məktəb məzunlarından 160 nəfəri ali məktəblərə daxil olmuş və onlar müxtəlif ixtisaslara yiyələnmişlər.
1960-1961-ci tədris ilində Çayrud məktəbi onbirillik məktəb kimi fəaliyyət göstərməyə başlayır. Tədris ilində məktəbə Lənkərandan olan yeni direktor müavini Heydərov Arus Xanəli oğlu təyin olunur və bundan başqa məktəbə Füzulidən olan Məmmədov Əşrəf Səməd oğlu fizika, Qulamov İbadulla dil-ədəbiyyat və Cahangirov Mirzəməmməd isə kənd təsərrüfatı üzrə təyinatla müəllim göndərilirlər. Məktəbi bitirən 17 məzundan 8 nəfəri isə ali məktəblərə imtahan verərək daxil olurlar. 1961-1962-ci tədris ilində məktəbdə fizika müəllimi Məmmədov Əşrəf direktor müavini vəzifəsinə irəli çəkilir. Çayrud məktəbinə təyinatla Zülfüqarova Suğra, Jukova Vera, Babayev Əskər, Rüstəmov Əhmədağa, Cavadov Mirzəkişi və Rəfiyev Eldar müəllim göndərilirlər. 1962-1963-cü tədris ili Çayrud onbirillik məktəbinin tarixində ən unudulmaz və uğurlu səhifələrdən biri olmuşdur. Həmin tədris ilində Möhtəmən Dənziyevin sinif rəhbəri olduğu, məktəbi bitirən 15 məzunun hamısı ali məktəblərə daxil olmuşdur. Çayrud məktəbi respulikanın ən qabaqçıl məktəblərindən birinə çevrilir. Məktəbi bitirən məzunlardan Abdullayev Yunis İsa oğlu ADNKİ-na, Abdullayev Əvəz Cahangir oğlu N. Nərimanov adına ADTİ-na, Kazımov Cabir Ziyad oğlu S.M.Kirov adına ADU-nə, Kəlbiyeva Balanaz N.Nərimanov adına ADTİ-na, Kərimov Çıraq İsi oğlu M.F.Axundov adına ADPDİ-na, Məmmədov Cabir Eyni oğlu N.Nərimanov adına ADTİ-na, Məlikov Sabir Həsrət oğlu V.İ.Lenin adına APİ-yə, Mirzəyev Yaşar Qələmirzə oğlu M.F.Axundov adıına ADPDİ-na, Əliyev Xanlar Zayid oğlu S.M.Kirov adına ADU-nə, Əmirov Əvəz Əliabbas oğlu V.İ.Lenin adına APİ-na, Siyabov Əlihüseyn Bilal oğlu M. F.Axundov adına ADPDİ-na, Hüseynov Cəncəli Sənan oğlu V.İ.Lenin adına APİ-na, Cahangirov Daşdəmir Həsrət oğlu ADNKİ-na, Cəbrayılov Nadir Bəhlul oğlu V.İ.Lenin adına APİ-na və Qulıiyev Əmirxan Əşrəf oğlu V.İ.Lenin adına APİ-na daxil olurlar. Məktəbi həmin ildə bitirən məzunlardan iki nəfər – Kəlbiyeva Balanaz və Abdullayev Əvəz tibb elmləri namizədi alimlik dərəcəsini almışlar. Çayrud məktəbinin uğurları Maarif Nazirliyi tərəfindən yüksək səviyyədə qiymətləndirilmişdir. Bu tədris ilindəki məktəbin uğurları sonrakı illər üçün stimul olmuşdur.
1963-1964-ci tədris ilində Çayrud orta məktəbinə məktəbin gənc müəllimlərindən olan Dənziyev Möhtəmən direktor, Seyfullayev Baxşəli tədris işləri və Kazımov Murtuz Ziyad oğlu isə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin olunur.
Həmin tədris ilində məktəbə Hüseynov Xanbala Polad oğlu fransız dili (məktəbin xarici dil üzrə ilk ali təhsilli məzunu), Hüseynov Bəyiş Xanış oğlu rus dili, Rəfiyev Nəriman Şahab oğlu fizika və Əsədov Faiq İsrafil oğlu bədən tərbiyəsi ixtisasları üzrə müəllim göndərilirlər. Sonrakı illərdə Şəmistan müəllim, Baxşəli Seyfullayev, Sücaəddin Abdullayev, Bəyiş Hüseynov, Ənvər Rzayev, Əlihüseyn Siyabov, Xanlar Həmid və Elxan Qulamov Çayrud kənd orta məktəbinə rəhbərlik etmişlər.[Mənbə göstərin]
Əhalisi
Əhalisi talışlardan ibarətdir.[Mənbə göstərin]
İstinadlar
Qədir Kərimov "Elm ocağının işığında" ,Bakı, "Adiloğlu "nəşriyyatı,2005.
Lerik rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |