Taleh Kazımov
Taleh Tahir oğlu Kazımov (11 Sentyabr 1983) — "PAŞA Bank" ASC-nin İdarə heyətinin sədri, Baş icraçı direktor.
Taleh Kazımov | |
---|---|
Taleh Tahir oğlu Kazımov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | Kompüter mühəndisliyi; Maliyyə |
Təhsili | Azərbaycan Texniki Universiteti; Azərbaycan Dövlət Neft Akademiyası; London Biznes Məktəbi; Harvard Biznes Məktəbi |
Fəaliyyəti | bankir, biznesmen[d] |
Həyatı
Taleh Kazımov 11.09.1983-cü il tarixində Bakıda anadan olub. Ali təhsilini 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və kompüter mühəndisliyi" fakültəsində alıb. 2004–2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın "Georgia State University" universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr dərəcəsinə yiyələnib. Bundan başqa, T.Kazımov 2012-ci ildə "London Biznes Məktəbi"nin (Böyük Britaniya) və 2014-cü ildə "Harvard Biznes Məktəbi"nin (ABŞ) yüksək ixtisas proqramlarını ("Senior Executive Programme") müvəffəqiyyətlə bitirib.
Ailəlidir, iki övladı var.
Peşəkar fəaliyyəti
Taleh Kazımov ənənəvi və rəqəmsal bankçılıq sahəsində kommersiya və investisiya bankçılığı, kredit və risklərin idarə olunması üzrə geniş təcrübəyə malikdir.
O, karyerasını qurmağa gənc yaşlarında başlayıb və təhsil aldığı dövrdə "ATTAS PR", "European Tobacco" şirkətlərində ofis köməkçisi və İnformasiya texnologiyaları üzrə operator kimi işləyib. Maliyyə sektorunda peşəkar fəaliyyətə isə 2004-cü ildən başlayıb. Belə ki, 02.2004-cü ildən 09.2006-cı ilədək davam edən dövrdə Taleh Kazımov "Bank Standard" QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Maliyyə və mühasibat uçotu idarəsinin Xəzinədarlıq və fondlar şöbəsində mütəxəssis, Maliyyə nəzarəti departamentinin İdarəetmə və büdcə planlaşması şöbəsində, daha sonra isə Kredit siyasəti departamentinin Korporativ müştərilərin kreditləşmə şöbəsində aparıcı mütəxəssis vəzifələrində işləyib.
09.2006-cı ildən 01.2007-ci ilədək Taleh Kazımov "Ernst & Young" şirkətində auditor vəzifəsini tutub. 01.2007-ci ildən 07.2007-ci ilədək isə "Fineko Analitika və İnformasiya Agentliyi" ASC-nin Baş direktoru vəzifəsində çalışıb.
Taleh Kazımovun "PAŞA Bank"da fəaliyyəti 07.2007-ci ildən başlayıb. Həmin dövrdə o, Risklərin idarəedilməsi departamentinin meneceri vəzifəsində işləyib, 08.2009-cu ildən isə Bankın Xəzinədarlıq və pul bazarı departamentinin direktoru vəzifəsini tutub.
07.12.2011-ci ildən Taleh Kazımov "PAŞA Bank"ın İdarə heyətinin üzvü seçilib. Korporativ və biznes-bankinq istiqamətləri, investisiya bloku, ticarət maliyyələşdirməsi, maliyyə institutları və kredit menecmenti sahələri onun kurasiyasında olub.
1 iyul 2015-ci il tarixində Taleh Kazımov "PAŞA Bank"ın İdarə heyətinin sədri və Baş icraçı direktoru vəzifəsinə təyin olunub və hazırda həmin vəzifələri icra etməkdədir.
Rəhbərlik etdiyi illərdə "PAŞA Bank"ın uğurları
"PAŞA Bank"a sədrlik etdiyi dövrdə Taleh Kazımov bankın aktivləri və kredit portfelini artırmağa, kredit portfelinin yüksək keyfiyyətini təmin etməyə nail olub, həmçinin innovativ həllər təqdim edən "Rəqəmsal laboratoriya"nın əsasını qoyub.
2015–2020-ci illər ərzində "PAŞA Bank"ın bir sıra göstəriciləri müsbət yöndə dəyişib:
- Bank öz portfelini 287% (3.9 dəfə) böyüdərək ümumi bazar payını 14,3% -ə, korporativ biznes portfelinin bazar payını isə 21%-ə çatdırıb.
- Qeyri-işlək portfelin faiz dərəcəsi dəfələrlə azalaraq 16%-dən 2,8 %-ə endirilib (hazırki göstərici ilə bazarda mövcud olan qeyri-işlək portfel əmsalından 2.9 dəfə az).
- Kapital gəlirliliyi −0.3 %-dən 30%-dək qalxıb.
- Bankın xalis gəliri 382 mln AZN təşkil edir (bu rəqəm bank yarandığı tarixdən 2015-ci ilədək olan göstəricidən 4.5 dəfə çoxdur).
- Əməliyyat xərcləri hazırda ümumi əməliyyat gəlirləri arasında cəmi 35% yer tutur (bu rəqəm 2014-cü ildə 45,7% idi);
- İşçi sayının 2.9 dəfə artmasına baxmayaraq, işçi üzrə marjinal gəlirlilik əmsalı 1,5%-dən 0,9%-ə endirilib.
- Bütün növ müştəri müraciətlərinin 2015-ci ildə 28%-i rəqəmsal kanallar üzərindən keçərkən, 2020-ci ildə bu rəqəm Kiçik-orta sahibkarlıq (KOS) bankçılıq üzrə 95%-ə, Korporativ Bankçılıq üzrə isə 83%-ə çatıb. 2020-ci ildə müştəri müraciətlərinin həcmi 2015-ci ilə nəzərən 6 dəfə artıb.
Taleh Kazımovun rəhbərliyi altında "PAŞA Bank" bir sıra nüfuzlu mükafatlarla təltif edilib. Bunların arasında "Azərbaycanın ən yaxşı bankı" , "Ən yaxşı bank qrupu" və "Ən yaxşı kommersiya bankı" , "Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə korporativ sosial cavabdehlik", "Azərbaycanın ən yaxşı investisiya bankı" , "Təmassız POS terminal infrastrukturu üzrə lider bank", "Ən yaxşı özəl bankçılıq", "Azərbaycanın ən yaxşı kommersiya bankı" kimi mükafatları qeyd etmək olar.
Üzvlükləri
Taleh Kazımov 2015 – 2018-ci illərdə "PAŞA Bank Gürcüstan" ASC-nin Müşahidə şurasının üzvü, 2015–2019 illərdə isə Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) Direktorlar şurasının üzvü və vitse-prezidenti olub. Eyni zamanda 2015–2019-cu illərdə o, "PAŞA Yatırım Bankası" A.Ş.-də Direktorlar şurasının üzvü olub. 2019-cu ildən etibarən ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) Direktorlar şurasının üzvüdür.
Təltif və mükafatları
Taleh Kazımov 2019-cu ildə "EMEA Finance" tərəfindən Şərqi Avropa və post-sovet ölkələri üzrə "Ən yaxşı baş icraçı direktor (The Best CEO)" mükafatı ilə təltif olunub.
İstinadlar
- "PAŞA Bank İdarəetmə". pashabank.az.
- "PAŞA Bank İdarəetmə". pashabank.az.
- "Paşa Bankın gənc sədri Taleh Kazımov kimdir?". banker.az.
- "Paşa Bankın gənc sədri Taleh Kazımov kimdir?". banker.az.
- "Paşa Bankın gənc sədri Taleh Kazımov kimdir?". banker.az.
- "PAŞA Bank İdarəetmə". pashabank.az.
- ""Paşa Bank"ın bazar payı artıb". aqreqator.az.
- "Maliyyə hesabatları". pashabank.az.
- . emeafinance.com. 2021-09-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-09-09.
- "World Finance Banking Awards 2016". worldfinance.com.
- . emeafinance.com. 9 September 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 September 2021.
- "Banking Awards 2017". worldfinance.com.
- "RBI STP Quality Awards 2019". rbinternational.com.
- . emeafinance.com. 9 September 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 September 2021.
- "Banking Awards 2018". worldfinance.com.
- "AMCHAM Annual Report 2014-2015" (PDF). amcham.az.
- "United States - Azerbaijan Chamber of Commerce Board of Directors". usacc.org.
- ""PAŞA Bank"ın sədri "Ən Yaxşı CEO" adına layiq görüldü". marja.az.