Qəza namazı
Gündəlik namazını, namazın bütün vaxtı ərzində hətta yuxuda olmaq və ya hər hansı bir səbəbindən olsa belə, vaxtında qıla bilməyən şəxs, qəza etməlidir. Öz vaxtında qılınmamış olan digər hər vacib namaz da eyni hökmü daşıyır. Hətta lazım ehtiyata əsasən, nəzir etməklə müəyyən bir vaxtda vacib olan namaz da eyni hökmdədir. Amma Fitr və Qurban bayramı namazlarının qəzası yoxdur. Habelə, istər gündəlik namaz olsun, istərsə də başqa bir namaz olsun, qadının heyz və nifas halında qılmadığı namazların da qəzası yoxdur. Ayət namazının qəzasının hökmü sonradan deyiləcək.
Əgər namazın vaxtından sonra, qıldığı namazın batil olduğunu başa düşsə, gərək onun qəzasını qılsın.
Boynunda qəza namazı olan bir şəxs, onu qılmaqda səhlənkarlıq etməməlidir. Amma dərhal yerinə yetirməsi də vacib deyildir.
Qəza namazı olan şəxs müstəhəbb namazı qıla bilər.
Boynunda qəza namazı olduğuna və ya qıldığı namazların səhih olmadığına ehtimal verən bir insanın, ehtiyata əsasən onları qəza etməsi müstəhəbbdir.
Bir günün zöhr və əsr namazları ilə, bir gecənin şam və xiftən namazları kimi, tərtiblə yerinə yetirilməsi vacib olan namazlardan başqa, gündəlik namazların qəzasını tərtibə əsasən yerinə yetirmək vacib deyildir.
Ayət namazı kimi gündəlik olmayan bir neçə namazı və ya bir gündəlik və bir neçə gündəlik olmayan namazları qəza etmək istəyən şəxsin, onları tərtib üzrə qılması lazım deyildir.
Bir dörd rük`ətli namazı qılmadığını, amma onun zöhr, yoxsa xiftən namazı olduğunu bilməyən bir şəxs, qılmamış olduğu namazın qəzası niyyəti ilə bir dörd rük`ətli namaz qılarsa, kifayətdir. Belə ki, namazı ucadan və ya alçaqdan oxuması xüsusunda isə ixtiyar sahibidir.
Əgər bir şəxsdən, məsələn; bir neçə sübh namazı və ya bir neçə zöhr namazı qəza olarsa və onların sayını bilməzsə və ya unutmuş olarsa, məsələn; üç, dörd, ya beş namaz olduğunu bilməzsə, az miqdarı yerinə yetirərsə, kifayətdir. Amma hamısını qıldığına əmin oluncaya qədər namaz qılması daha yaxşıdır. Məsələn; əgər özündən bir neçə sübh namazının qəzaya qaldığını unutmuş olsa və eyni zamanda on namazdan artıq olmadığına əmindirsə, ehtiyata əsasən on sübh namazı qılar.
Keçmiş günlərdən yalnız bir qəza namazı boynunda olan şəxsin, əgər o günün namazının fəzilət vaxtı keçmirsə, əvvəl qəza edib, sonra o günün namazına başlaması daha yaxşıdır. Həmçinin əgər keçmiş günlərdən qəza namazı olmadığı halda, ondan həmin günə aid bir namaz və ya daha çox namaz qəzaya qalmışdırsa, əgər o günün namazının fəzilət vaxtı keçmirsə, o günün qəza namazını əda namazından əvvəl qılması daha yaxşıdır.
Əgər namaz qılarkən həmin gündən bir və ya daha çox namazının qəzaya qaldığını və ya keçmiş günlərdən yalnız bir qəza namazının boynunda olduğunu xatırlayarsa, vaxt genişdirsə və niyyətini qəza namazına çevirməsi mümkündürsə, o günün namazının fəzilət vaxtı keçmədiyi təqdirdə, niyyətini qəza namazına çevirməsi daha yaxşıdır. Məsələn; zöhr namazını qılarkən, üçüncü rük`ətin rükusundan qabaq, həmin günün sübh namazının qəzaya qaldığını xatırlayarsa, zöhr namazının fəzilət vaxtı daralmamışdırsa, niyyəti sübh namazına çevirib o namazı iki rük`ət olaraq tamamlaması və sonra zöhr namazını qılması daha yaxşıdır. Amma əgər fəzilət vaxtı dar olsa və ya niyyətini qəza namazına çevirməsi mümkün olmazsa, məsələn; üçüncü rük`ətin rükusunda sübh namazını qılmadığını xatırlayarsa, niyyətini sübh namazına çevirdiyi təqdirdə, rükn hesab edilən bir rüku artıqlığı meydana gəldiyinə görə, niyyətini sübh namazının qəzasına çevirə bilməz.
Əgər keçmiş günlərdən qəza namazları vardırsa və bir və ya daha çox namaz həmin gündən qəza olmuşdursa, belə ki, onların hamısını qəza etməyə vaxtı olmasa və ya hamısını o gündə qılmaq istəmirsə, müstəhəbbdir ki, o günün qəza namazını əda namazından əvvəl qılsın.
İnsan həyatda ikən öz qəza namazlarını qılmaqdan aciz olsa belə, başqası onun namazlarının qəzasını qıla bilməz.
İstər imamın namazı əda olsun, istərsə qəza olsun, qəza namazını camaatla qılmaq mümkündür. Hər ikisinin eyni namazları qılmaları da lazım deyildir. Məsələn; sübh namazının qəzasını, imamın zöhr və ya əsr namazı ilə qılmasının bir eybi yoxdur.
Müməyyiz olan, yə`ni yaxşını və pisi anlayan uşağı namaz qılmağa və digər ibadətlər etməyə adət etdirmək müstəhəbbdir. Hətta onu, qılmadığı namazları qəza etməyə vadar etmək belə, müstəhəbbdir.
ATANIN BÖYÜK OĞULA VACİB OLAN QƏZA NAMAZI
Əgər ata öz namazını qılmamış olsa, və qəza edə bilərmişsə, bu Allahın əmrinə itaətsizlik ucbatından deyilmişsə, onun ölümündən sonra böyük oğul vacib ehtiyata əsasən bunları yerinə yetirməli və ya onun üçün əcir tutmalıdır. Ananın namazlarının qəzasını yerinə yetirmək daha yaxşı olduğuna baxmayaraq ona vacib deyildir.
Əgər böyük oğul, atasının namazının qəzaya qalıb-qalmadığında şəkk edərsə, onun boynuna vacib deyildir.
Əgər böyük oğul atasının qəza namazları olduğunu bilib, onları yerinə yetirib-yetirmədiyində şəkk edərsə, ehtiyata əsasən onları qəza etməsi vacibdir.
Əgər oğullardan hansının böyük oğul olduğu mə`lum olmasa, atanın namazını qəza etmək oğullardan heç birinə vacib deyildir. Amma onun namazlarını öz aralarında bölüşdürmələri, yaxud da onları yerinə yetirəni tə`yin etmək üçün, aralarında qür`ə çəkmələri (püşk atmaları) ehtiyat-müstəhəbbdir.
Əgər meyyit, namazlarının qəzası üçün əcir tutulmasını vəsiyyət etmişdirsə, əgər onun vəsiyyəti nüfuzludursa, (qanuni, keçərlidirsə) onların qəzası böyük oğula vacib olmaz.
Əgər böyük oğul anasının qəza namazlarını qılmaq istəyərsə, namazı ucadan və ya alçaqdan oxumaq xüsusunda öz təklifinə əməl etməlidir. Belə ki, anasının sübh, şam və xiftən namazlarının qəzasını ucadan qılması lazımdır.
Özünün də qəza namazı olan şəxs, əgər ata-anasının da namazlarını qəza etmək istəyərsə, hansını əvvəl yerinə yetirsə səhihdir.
Əgər böyük oğul atası ölən vaxt nabaliğ (yə`ni həddi-büluğa çatmamış), ya dəli olsa, baliğ ya ağıllı olandan sonra, atanın qəza namazı ona vacib deyildir.
Əgər böyük oğul atasının namazını qəza etməmişdən qabaq ölsə, ikinci oğula heç nə vacib deyil.